Məhkəmə qərarları › İş №2(103)-6043/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6043/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6043/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı «pul» tələbinə dair 2(006)-1044/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və X4 qarşı «pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh2 ilə təxminən 5 il bundan əvvəl tanış olmuşdur. 2017-ci ilin axırlarında Kamran iddiaçıya bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 ünvanındakı binanı yaxın dostu Anar Həsənzadə tikdirir, lazım gələrsə həmin binadan o da ev ala bilər. İddiaçı bu təkliflə razılaşdı və müəyyən müddət sonra Cavabdeh2 və Anar Həsənzadə ilə görüşdülər. Görüşüb danışdıqdan sonra belə razılığa gəldilər ki, Anar Həsənzadə tərəfindən inşa edildiyi bildirilən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 55 ünvanındakı binanın 7-ci mərtəbəsindəki, sahəsi 59 kv.m olan 1 otaqlı mənzili, hər kv.mnin qiyməti 1200 manat olmaqla iddiaçıya satırlar, iddiaçı isə pulu hissə-hissə ödəyir. Beləliklə, ilkin olaraq iddiaçı tərəfindən Kamranın kirayədə yaşadığı Xətai RPİ-nin yaxınlığındakı evində Kamran və Anara 17000 manat pul ödənildi. Sonradan bir neçə dəfəyə 7000 (yeddi min) manat da ödədi və Anar Həsənzadə iddiaçıya 24000 (iyirmi dörd min) manat məbləğində pul ödədiyi barədə "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş 05 fevral 2018-ci il tarixli çek təqdim etdi. X7 tərəfindən iddiaçıya aldığı mənzilə dair alqı-satqı müqaviləsi təqdim edilmədi. Bu onunla izah edildi ki, mənzilə dair müqavilə yalnız ödənilməli olan məbləğ tam şəkildə ödənildikdə, yaxud da ödəniləcək məbləğ Banka ödənildikdə verilir. Cavabdeh2 iddiaçıya narahat olmamağı, Anarın onun vaxın dostu olduğunu, özünün də bu məsələdə zamin olduğunu bildirdiyindən, mənzilə görə ödənilməli olan məbləği tam şəkildə ödədikdən sonra müqavilənin ona təqdim ediləcəyi şərti ilə razılaşdı. Daha sonra iddiaçı aldığı mənzilə görə bir neçə dəfəyə ümumillikdə 10000 (on min) manat pulu da Anar Həsənzadəyə ödədi və Anar tərəfindən 10000 (on min) manatın ödənilməsinə dair ona 10 iyul 2018-ci il tarixli müvafiq çek verildi. Bundan sonra, əlavə olaraq iddiaçı tərəfindən 3000 (üç min) manat məbləğində pul ödənildi. Bir müddət sonra iddiaçı işdən çıxdığı üçün qalan məbləği ödəyə bilmədi. İddiaçının Cavabdeh2 və Anar Həsənzadə ilə belə söhbəti oldu ki, ona aldığı mənzilə dair müqaviləni versinlər və müqavilədə ödədiyi məbləği qeyd etsinlər, iddiaçı da ödəməli olduğu qalıq məbləği tapıb onlara ödəsin. Lakin onlar razılaşmadıqları üçün iddiaçı qalan məbləği ödəmədi və ödədiyi 37000 (otuz yeddi min) manatın ona qaytarmalarını tələb etdi. Müəyyən müddət sonra Cavabdeh2 iddiaçıya 5000 (beş min) manat məbləğində pul verərək, həmin pulun ona Anar tərəfindən qaytarılması üçün verildiyini bildirdi. Həm Kamran, həm də Anar iddiaçıya ödəməli olduqları qalan 32000 (otuz iki min) manat məbləğində pulu ona qaytaracaqlarına söz versələr də, hər hansı bir məbləğdə pul ödəmədilər. İlk vaxtlar zənglərinə cavab versələr də, daha sonra Anar ümumiyyətlə zənglərə cavab verməməyə başladı. Son vaxtlar isə Kamran da demək olar ki, zənglərə cavab verməməyə başladı. Adıçəkilən şəxslərin iddiaçıya məxsus 32000 (otuz iki min) manat məbləğində pulu mənimsəmələri sayəsində ağır maddi duruma düşmüşdür. Halhazırda 5 aydır ki, kirayə qaldığı mənzilin kirayə haqqısını ödəyə bilmir. Özü də şəkər xəstəsidir. Bu azmış kimi bir müddət əvvəl iddiaçı və 2 övladı koronavirusa yoluxmuşdular. Şəkər xəstəsi olduğundan xəstəliyi ağır olaraq keçirtdi. Həmçinin evdə müalicə olunmağı üçün təxminən 1500 manat borc almışlar. Həm Kamran, həm də Anar iddiaçıya ödəməli olduqları qalan 32000 (otuz iki min) manat pulu qaytaracaqlarına söz versələr də, indiyədək bu məbləğdən heç nə ödənilməmişdir. İddiaçı 29 aprel 2020-ci ildə Xətai rayon Polis İdarəsinə və 05 avqust 2020-ci ildə isə Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə və Xətai rayon prokuroru cənab Sərdar İmanova şikayət ərizələri yazmışdır. Xətai rayon Polis İdarəsinin Təhqiqat şöbəsində müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılaraq işin mülki xarakterli olması göstərilmişdir. Cavabdehlər iddiaçıya verəcəkləri 37.000 manat puldan, yalnız 15.200 manat pulu qaytarılmışlar. Yerdə qalan 21.800 manat pul isə bu günədək qaytarılmamışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 və X1 müştərək qaydada 21800 (iyirmi bir min səkkiz yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 21830 (iyirmi bir min səkkiz yüz otuz) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh A.Həsənzadə apellyasiya şikayəti verərək qətnamədə dəyişiklik edilməsi, cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulan borc məbləğinin 16000 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onun arasında olan mübahisə ilə bağlı polis idarəsində şikayətə baxılan vaxt cəmi 24000 manat borc olmuş, daha sonra həmin borcun 8000 manatı avtoyuma aparatlarının yerləşdiyi ərazinin icarədarı olan tanışı Fuad adlı şəxs tərəfindən ödənilmişdir. Bununla da, onun iddiaçıya cəmi borcu 16000 manat qalmışdır. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmuş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, araşdırma zamanı Cavabdeh1 tərəfindən İddiaçı 7200 manat pul ödənilmiş və bu barədə sonuncu tərəfindən qəbz yazılaraq materiala əlavə olunmuşdur. Cavabdeh1 rəhbərlik etdiyi «Evian» şirkəti «Ziyəddinoğlu» şirkəti ilə aralarında bağlanmış podrat müqaviləsi əsasında hündürmərtəbəli binanın inşası işlərini görmüşdür. Gördüyü kimi işlərin müqabilində «Ziyəddin oğlu» şirkəti tərəfindən ona mənzil verilmişdir. Həmin mənzillərin birini İddiaçı satmış və hissə-hissə 37.000 manat pul almış, qalan pulu isə sonuncu hissəhissə ödəməliymiş. Yaranmış maddi çətinliklə əlaqədar Elvira X2q pulu ödəyə bilməmiş və verdiyi pulları geri tələb etmişdir. Anar Həsənzadə pulun bir hissəsini qaytarmış, maddi durumunun çətin olduğundan 29.300 manat pulu qaytara bilməmişdir. Araşdırma zamanı İddiaçı əlavə 7200 manat pul ödəmişdir. Cavabdehlər Cavabdeh2 və X5 İddiaçı verəcəkləri 29500 manat puldan 7200 manat, daha sonra 500 manat qaytarmışlar, lakin qalan 21800 manat pulu isə bu günədək qaytarmamışlar. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. [692] 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; [693] 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. [694] Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, cavabdeh iddiaçıya olan borcunun 8000 manat hissəsinin avtoyuma aparatlarının yerləşdiyi ərazinin icarədarı olan tanışı Fuad adlı şəxs tərəfindən ödənilməsini, onun iddiaçıya cəmi 16000 manat borcunun olduğunu iddia etsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 2(006)-6043/2021 saylı qətnaməsi mübahisələndirilən-“cavabdehlərdən müştərək qaydada 21800 manat pulun tutulması” hissəsində cavabdeh X4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar