Məhkəmə qərarları › İş №2(103)-6043/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6043/2022

31.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6043/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı X. Razaxanova tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Məhəmməd qızına qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmməd qızının hərəkətləri nəticəsində dəymiş 5.000 manat maddi və 5.000 manat məbləğində mənəvi zərərin ondan tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar öz tələbini belə əsaslandırmışdır ki, o, keçmiş əri X2 birgə nikahda olduğu dövrdə Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsi tərəfindən 081499 saylı 21 iyun 1988-ci il tarixli order əsasında ünvan 1 ünvanında yerləşən mənzil ailənin istifadəsinə verilmiş, 28 avqust 1995-ci il tarixli qətnaməsi ilə X2 aralarındakı nikah ləğv edilmiş, lakin buna baxmayaraq həmin mənzildə birlikdə yaşamışlar. Bundan sonra keçmiş əri Ş.Rzaxanova ölüm cəzası təyin edilmiş, lakin sonradan ölüm cəzası ömürlük azadlıqdan mərhumetmə cəzası ilə əvəz olunmuşdur. 2005-ci ildə keçmiş qaynanası ona müraciət edərək mübahisəli mənzilə formal qeydiyyata düşmək istədiyini bildirmiş, o da buna razılaşmış, qanyınası onların mənzilinə qeydiyyata düşsə də qızı ilə yaşamış, sonradan 2014-cü ildə qaynanası qızı ilə yola getmədiyini, bu səbədən onların mənzilinə köçmək istədiyini bildirmiş, onlar raı olmamış, nəhayət məhkəməyə müraciət edərək mənzilə köçürülməsini tələb etmiş və Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-1178/2014 saylı mülki iş üzrə 04 iyun 2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh Məhəmməd qızının mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş və icra olunmuşdur. O zamandan Cavabdeh Məhəmməd qızı onlara bir an belə sakit normal yaşamağa imkan verməmişdir. Onların üstünə hər dəfə bir bəhanə ilə gəlmiş, əsassız dava salmış, nəticədə onun qızının hamiləliyinin 6-cı ayında olduğundan onun bu hərəkətlərindən gərgin psixoloji sarsıntı keçirərərək xəstəxanaya düşmüş və hamiləliyi məcburən yarımçıq kəsilmiş, qızının uşağı vaxtından əvvəl doğulduğuna görə uşağın həyatda qalması üçün çəkilən xərclər 30.000 manat məbləğindən çox təşkil edir. Digər tərəfdən, cavabdehin belə hərəkətləri nəticəsində İddiaçı1 da səhətində kəskin çatışmazlıqlar əmələ gəlmiş, əsəbdən bir gözü tamamilə görmə qabiliyyətini itirmişdir. Əməliyyat olunaraq görmə qabiliyyətini bərpa etdirmək məcburiyyətində qalmış, bunun üçün külli miqdrda təqribən 5.000 manat məbləğində pul vəsaiti sərf etmişdir.

3. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir.

4. Rayon Məhkəməsi öz mövqeyini Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:

5. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları araşdırılmamış, sübutlara düzgün qiymət verilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2 və İddiaçı3 ayırılıqda apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər İddiaçı1 və cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmiş, yalnız cavabdeh məhkəməyə göndərdiyi ərizədə bildirmişdir ki, iddia tələbi əsassızdır, belə ki, üç ildir ki, onun gözü görmür, 81 yaşı var, belə bir vəziyyətdə onun iddiaçıların evinə gedib mübahisə yaratması da mümkün də deyil. Bu səbəbdən apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. AZ-İ seriyalı 397007 saylı xx.xx.2021-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X2 X1 arasındakı nikah xx.xx.1995-ci il tarixdə pozulmuşdur.

9. X4 Mərkəzinin xx.xx.2021-ci il tarixli 2963/21 saylı arayışandan görünür ki, xx.xx.1986-ci il təvəllüdlü İddiaçı2 Şakir qızı xx.xx.2021-ci il tarixində X5 klinikasında keysərriyə əməliyyatı nəticəsində diri qız uşağı dünyaya gətirmişdir. Boyu-30sm,çəki- 800qr. Yeni doğulmuşun müalicəsi halhazırda reanimasiuya şöbəsində davam edir. Diaqnoz: Vaxtından əvvəl doğulmuş uşaq- 26 həftə.Respirator distress sindromu.

10. Qəbzlərin surətindən görünür ki, İddiaçı2 X4 Mərkəzinə müxtəlif faxtlarda 30.840 manat ödəniş etmişdir.

11. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1420/2021-ci il tarixli xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Məhəmməd qızı cavabdehlər İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı maddi və mənəvi ziyanın tutulması tələbinə dair iddia qismən təmin edilərək, сavabdeh İddiaçı1 iddiaçıya dəymiş mənəvi ziyana görə 1000 manat və vəkillə bağladığı müqaviləyə görə ödədiyi 130 manat pul alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İddia qalan hissədə və cavabdehlər İddiaçı3 və İddiaçı2ya qarşı rədd edilmişdir. Ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdeh İddiaçı1 iddiaçının xeyrinə tutulması qət edilmişdr Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

17. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

18. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

19. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

20. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

25. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

26. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

27. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı1 şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 oktyabr 2008-ci il tarixli 07 saylı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Qərarına əsasən «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

32. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, İddiaçılarnın fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

34. Məhkəmə Kollegiyası maddi zərərin cavabdehdən tutulub iddiaçılara ödənilməsi barədə qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. İddiaçılar cavabdehin təqsirli qanunsuz hərəkəti ilə onlara maddi zərərin dəyməsi ilə arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri ilə bağlı hər hansı sübut təqdim etməmişdir.

36. Kollegiya belə qənaətə gəlir ki, iddiaçılar tərəfindən cavabdehin təqsirli hərəkətlərinin təsirindən fiziki və mənəvi sarsıntılar keçirməsi, sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmadığından, cavabdehdən mənəvi zərərin əvəzinin tutulması üzrə iddia tələbi də əsassız olmuşdur.

37. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. İddiaçı1 tərəfindən apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir sübut təqdim edilmədiyindən, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

39. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

40. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1457/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar