Məhkəmə qərarları › İş №2(103)-6046/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6046/2022

21.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6046/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Pirallahı Rayon Məhkəməsinin 2(094)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6492 manat avtomobilə dəymiş zərər, 599 manat “Honor 8X” markalı telefona vurulmuş zərər, 2500 manat sarsıntı keçirilməsi nəticəsində dəymiş zərər, ümumilikdə 9591,71 manat və 115,91 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia ərizəsinə əlavə verərək, Cavabdeh yol - nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyana görə 9102 manat əsas borcun və 115.91 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, **-RC-*** dövlət nömrə nişanlı “Hundai İX35” markalı avtomobil etibarnamə ilə ona məxsusdur. 04 sentyabr 2021-ci il tarixdə saat 16:00 radələrində o, idarə etdiyi "Hundai İX35” markalı **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilə E.Mehdiyev küçəsi tərəfindən Sabunçu rayonu Bakıxanov qəsəbəsi B.Bünyatov küçəsi ilə “Koroğlu” metrostansiyası istiqamətində soldan birinci hərəkət zolağı ilə hərəkət edərkən "Çinarlı" restoranının qarşısından keçən hissəsində qarşısındakı avtomobil piyadalara yol verdiyi üçün avtomobili dayandırmışdır. Təxminən 5-6 saniyə keçdikdən sonra onunla eyni istiqamətdə arxadan gələn "Renault" markalı **-JO-*** qeydiyyat nişanlı furqon tipli avtomobil arxadan onun avtomobilini vurmuş və zərbənin təsirindən avtomobili qarşıya atılaraq əks istiqamətli yolu keçib "Çinarlı" restoranının qarşısındakı dayanacaq dayanmış vəziyyətdə olan "Hundai Sonata" markalı **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsinə dəymişdir. Hadisə yerinə Sabunçu rayon DYPŞ YNH üzrə inspektoru polis kapitanı X1 və Sabunşu rayon Pİ-nin TŞ-nın təhqiqatçısı X3 gəlmişlər. Hadisə zamanı o və avtomobildə sərnişin kimi əyləşmiş yetkinlik yaşına çatmayan qızı Nəzrin xəsarət almışlar. Müayinədən keçmək üçün 3 saylı ŞKX-na müraciət etmişlər. Bundan başqa, hadisə zamanı avtomobilinə ciddi ziyan dəymişdir. Həmçinin 599 manat dəyərindəki "Honor 8x" markalı telefonu, yük hissəsində olan bir yeşik əncir və 8 kq şəkər yararsız hala düşmüşdür. Göstərilən yol-nəqliyyat hadisəsi "xxxx" MMC-ya məxsus **-JO-*** dövlət nömrə nişanlı avtomaşını etibarnamə ilə idarə edən sürücü Cavabdeh İXMnin 327.8-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Sonradan aydın olmuşdur ki, Cavabdeh "xxxx" MMC-nin əməkdaşıdır. Hal-hazırda "xxxx" MMC-də işləyir. Qeyd olunan inzibati xəta ilə yolnəqliyyat hadisəsi arasında əlaqənin olması təsdiq olunmuşdur. Yol-hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Sabunçu rayon DYPŞ YNH üzrə inspektoru X1 tərəfindən tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair ******* nömrəli, 22 sentyabr 2021-ci il tarixli qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilin arxa hissəsinə və qabaq hissəsinin sağ tərəfinə ciddi şəkildə ziyan dəymişdir. “Auto Azərbaycan” şirkətinin tərtib etdiyi kalkulyasiyaya uyğun olaraq onun avtomobilinin təmiri üçün 9672,71 manat müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC-nin zərərlərin tənzimlənməsi departamenti avtomobilinə dəymiş zərərin 3180 manatını ödəmişdir. Avtomaşında təmir işlərinin aparılmasının dəyəri 9672,71 manat, onun avtomobilinin qiymətinin 30% miqdarında əmtəəlik görünüşünün itirilməsinə görə avtomobilin təmirdən sonra da artıq əvvəlki dəyərini itirmiş və satış qiyməti aşağı düşmüşdür. Hadisəni törədən Cavabdeh ona həm maddi, həm də mənəvi zərər vuraraq psixoloji sarsıntı vermişdir. Qızı Nəzrində hadisədən sonra qorxu hissi yaranmış və qızında baş ağrıları boyun ağrıları və temperatur yüksəlməsi baş vermişdir. Bu günə kimi də həkim nəzarətindədir. “Stimul” hospital, 3 saylı ŞKX, “Bakı sağlamlıq mərkəzi” və “Neftçilər” xəstəxanasında müayinələrdə olmuşdur. Hər birinin ayrılıqda ödəniş qəbzləri var. Təxminən 500-600 manatlıq dərmanlar alınmış və sistem vurulmuşdur. O, sağ gözündən zədələndiyi üçün estetik görünüşünü itirmiş, buna görə evdə qalmalı olmuş və əsəb keçirmişdir. Avtomobili yararsız halda olduğu üçün evakuator xidmətindən istifadə etmiş, təmir üçün “Auto Azərbaycan” şirkətinə aparmaq üçün 30 manat ödəniş etmişdir. Daha sonra “Uber” taksi xidmətindən istifadə etmişdir ki, bu da ona baha başa gəlmişdir. Mahmud adlı şəxs bir dəfə də olsun zəng edib onunla və qızının sağlamlığıyla maraqlanmamasını özünə qarşı hörmətsizlik və saymamzlıq hesab edir və hadisə zamanı onun ona “heç nə yoxumdu, get, hara istəyirsən de” deməsi ona çox əsəb və gərginlik vermişdir. Pirallahı Rayon Məhkəməsinin 2(094)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 9102 manat dəymiş ziyan və 115,91 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, Cavabdeh məhkəmə ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manatın tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (sədrlik edən: Tərlan Əkbərov). Həmin qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılan zaman İddiaçı və Cavabdeh mülki işə aşağıdakı məzmunda barışıq sazişi əsasında xitam verilməsini xahiş etdilər: «1. İddiaçı 2(103)-6046/2022 saylı ülki iş üzrə iddia tələbindən imtina edir. 2. 15 gün müddətində Cavabdeh Yəhya oğlu İddiaçı 3500 (üç min beş yüz) manat ödəməyi öhdəsinə götürür. ». Məhkəmə iclasında iştirak edən İddiaçı və Cavabdeh barışıq sazişinin təsdiq olunmasının nəticələrinin onlara aydın olduğunu, buna görə də barışıq sazişini təsdiq edərək iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunur. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Pirallahı Rayon Məhkəməsinin 2(094)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın Mülki Prosessual Məcəllənin digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən iddiaçının iddiadan imtina edilməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin halları məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, iddiadan imtina etmə əsası ilə icraata xitam verilməsinə dair hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: «1. İddiaçı 2(103)-6046/2022 saylı ülki iş üzrə iddia tələbindən imtina edir.

2. 15 gün müddətində Cavabdeh Yəhya oğlu İddiaçı 3500 (üç min beş yüz) manat ödəməyi öhdəsinə götürür.». Pirallahı Rayon Məhkəməsinin 2(094)-27/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar