Məhkəmə qərarları › İş №2(103)-605/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-605/2020

04.02.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-605/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X4, vəkili X5, Cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi X1, Cavabdeh “X2 Mərkəzi” MMC-nin direktoru X3 iştirakı ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, “X2 Mərkəzi” MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçının mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsi 85 V ünvanında yerləşən mənzilə dair tələbkar “xxxxxxxxxxxxxx” (Cavabdeh1) ASC ilə hərrac təşkilatçısı “X2 Mərkəzi” MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli Y-412 saylı protokol və eyni tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, həmin mənzil üzərində Cavabdeh1 ASC-nin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, mənzil üzərində iddiaçının mülkiyyət hüququnun bərpa edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində bu barədə müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən Binəqədi rayon İcra şöbəsi tərəfindən İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85V ünvanında yerləşən mənzil ilkin satış qiyməti 65000 manat məbləğində olmaqla “X2 Mərkəzi” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. Binəqədi rayon İcra Şöbəsi tərəfindən hərraca sifariş verilməsindən iddiaçının məlumatı olmamışdır. Həmçinin hərrac təşkilatçısı tərəfindən keçirilmiş hərraclar barədə ona məlumat verilməmişdir. Hərrac mərkəzinə edilmiş müraciətə cavab olaraq hərracın keçirilməsinə dair sənədlərin surətləri iddiaçıya təqdim edilmişdir. Hərrac təşkilatçısının xx.xx.2014-cü il tarixli bildirişindən müəyyən edilir ki, mənzilin açıq hərracda satılması məqsədi ilə ilkin satış qiyməti 65000 manat olmaqla xx.xx.2014-cü il tarixdə saat 11:00-da birinci hərrac keçirilmişdir. Hərrac təşkilatçısının xx.xx.2014-cü il tarixli bildirişindən müəyyən edilir ki, mənzilin təkrar hərracdan satılması məqsədi ilə satış qiyməti 55250 manat olmaqla xx.xx.2014-cü il tarixdə saat 11:00-da hərrac keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Hilal Ekspress” kuryer şirkətinin 040797 saylı qaiməsindən müəyyən edilir ki, İddiaçı çatdırılmalı olan bildiriş ünvan 1 ünvanına aparılmışdır. Bildirişdə ünvanın düzgün olmadığı qeyd edilmişdir. Halbuki mənzilin nömrəsi 50 deyil, 5C-dir. Bu səbəbdən həmin bildiriş İddiaçı çatmamışdır. Həmçinin “xxxxxxxxxxxx” kuryer şirkətinin xx.xx.2014cü il tarixli aktından müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr, 1-ci küçə, 3/26 ev 5c ünvanında İddiaçı aid olan zərf “xxxxxxxxxxxx” MMC-nin kuryeri tərəfindən götürülmüş və həmin ünvana bir dəfə aparmışdır. Ünvan tam olmadığına görə məktub hərrac iştirakçısına geri qaytarılmışdır. Beləliklə, hərrac təşkilatçısı tərəfindən qanunvericiliyin birbaşa tələbləri pozularaq hərracın keçirilməsi barədə ipoteka qoyan İddiaçı heç bir məlumat verilməmişdir. İddiaçı məxsus olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85V ünvanında yerləşən mənzilə dair tələbkar Cavabdeh1 ASC ilə hərrac təşkilatçısı “X2 Mərkəzi” MMC arasında xx.xx.2014-cü il tarixli Y-412 saylı protokol imzalanmış və eyni tarixli hərracın yekunları barədə əmlakın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 1800/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh1 ASC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-1083/2014 saylı qətnaməsinə əsasən “xxxxxx” MMC-dən ümumilikdə 349484,74 manat məbləğində kredit borcu bankın xeyrinə tutulmalı, tələb üzrə tutma İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85 V ünvanında yerləşən əmlaka yönəlməli, həmin əmlakın ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə açıq hərracdan satılaraq banka olan borc ödənilməli və əmlak 1 ay ərzində boşaldılmalıdır. Binəqədi rayon İcra Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə “X2 Mərkəzi” MMC-yə qeyd olunan əmlakın ilkin satış dəyəri 65000 manat olmaqla satılması üçün hərracın təşkil edilməsi sifariş olunmuşdur. xx.xx.2014-cü il tarixli sifariş Binəqədi rayon İcra Şöbəsi tərəfindən məlumat üçün “xxxxxx” MMC-yə və İddiaçı göndərilmişdir. “X2 Mərkəzi” MMC tərəfindən qeyd olunan mənzil 41438 manat qiymətə ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif edilmiş və Cavabdeh1 ASC tərəfindən əmlak əldə edilmişdir. Məhkəmə bütün sübutları araşdırmamış, hərrac bildirişlərinin Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi İldırım küçəsi 85 V ünvanında yerləşən əmlaka poçt vasitəsilə çatdırılmasını araşdırmamış, yalnız iddiaçının verdiyi izahata əsasən qətnamə qəbul etmiş və qətnamədə səhv nəticəyə gəlmişdir. Tələbkar "Cavabdeh1" ASC tərəfindən əmlak 41438 manat qiymətə tam qanuni əsaslarla əldə edilmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin əmlakın ilkin satış qiymətinə aid olan hissəsindən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Göründüyü kimi, iddiaçı Bakı Apelyasiya Məhkəməsinin qətnaməsindən və hərracların keçirilməsindən kifayət qədər məlumatlı olmuşdur ki, bunun nəticəsi olaraq əmlakın ilkin satış qiymətini mübahisələndirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, iddiaçı icra hərəkətlərindən xəbərdar olmuş və 3 ildən sonra hərracın etibarsız hesab edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəni də nəzərə almamış, bütün sübutları araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh LPO Cavabdeh1 ASC-nin nümayəndəsi Fərid Cabbarov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Fərid Cabbarov izahatında bildirdi ki, hərrac keçirilərkən ipoteka qoyan İddiaçı Banka məlum olan bütün ünvanlarına, yəni Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 1-cü küçə ev 5c-yə, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85v-yə və Bakı şəhəri Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 35 mənzil 46-ya bildirişlər göndərilmişdir. Həmin ünvanlardan ipoteka predmeti olan mənzilin yerləşdiyi ünvanda, yəni Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85v-də bildirişlər ünvan sahibi tərəfindən qəbul edilmişdir. İddiaçı isə Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon 1-cü küçə ev 5c ünvanına göndərilmiş bildirişlərin həmin ünvanda səhvən 5c əvəzinə 50 saylı evə göndərilməsini əldə bayraq tutaraq hərracın nəticələrini mübahisələndirmişdir. Əslinə qalanda o, mənzilin açıq hərraca çıxarılmasını yaxşı bilirdi. Lakin o, qətnamənin icrasında maraqlı olmamış və bu gün də maraqlı deyil. Təmsil etdiyi Cavabdeh1 ASC ləğv prosesindədir və 2014-cü ildə qəbul olunmuş qətnamənin icrasını uzun müddət gözləyə bilməzdi. Hesab edir ki, hərrac tam qanuni əsaslarla keçirilmişdir. Hərracın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də məhkəmədən apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi İlqar Şükürov və vəkili İlkin Ağazadə apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. İlqar Şükürov izahatında həmçinin bildirdi ki, ipotekaya qoyulmuş mənzil onun oğlu Ramilin mülkiyyətində olmuşdur. O, 2007-ci ildə “xxxxxx” MMC ilə birgə fəaliyyət göstərmək istəmiş, bu məqsədlə oğlu Ramilin mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85v ünvanında yerləşən fərdi yaşayış evini “xxxxxx” MMC-nin Cavabdeh1 ASC-dən götürdüyü kreditin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin MMC Bank qarşısında öhdəliklərini yerinə yetirmir. Bu barədə MMC-nin səlahiyyətli şəxslərinə müraciət etdikdə, onlar bildirmişlər ki, bu məsələ Bankla “xxxxxx” MMC-nin problemidir və ona aidiyyəti yoxdur. Onun özü 2014-cü ildən 2017-ci ilin mart ayına qədər həbsdə olmuşdur. Yəni mənzilə tutma yönəldilməsi barədə məhkəmə qətnaməsinin çıxdığı və hərracın keçirildiyi dövr onun həbsdə olduğu dövrə təsadüf edir. Hərracın keçirilməsindən və mənzilin bankın mülkiyyətinə keçməsindən 2019-cu ildə məlumatlı olmuş və dərhal məhkəməyə müraciət etmişlər. Cavabdeh “X2 Mərkəzi” MMC-nin direktoru Zahir Bədəlov izahatında bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçının hərrac barədə məlumatı olmuş, buna dair bildirişlər onun ünvanına göndərilmişdir. Buna görə də apelyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 1800/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli 2(103)-1083/2014 saylı qətnaməsinə əsasən iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin apelyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2013cü il tarixli 2(001)-2771/2013 saylı qətnaməsi, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 85V nömrəli mənzilin ilkin satış qiymətinin 400000 manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilmiş, cavabdeh İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 85 V nömrəli mənzilin ilkin satış qiyməti 65000 manat məbləğində müəyyən edilmişdir. Həmin iş üzrə icra vərəqəsinə əsasən cavabdeh “xxxxxx” MMC-dən iddiaçı “xxxxxxxxxxxxxx” ASCnin xeyrinə xx xxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 241490,29 manat əsas, 84521,60 manat faiz, 23472,85 manat dəbbə pulu, cəmi 349484,74 manat borc tutulmalı, tutma cavabdeh İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 85V nömrəli mənzilə yönəldilməli və həmin mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməli, mənzil hərracda satıldıqdan sonra 1 ay ərzində cavabdeh mənzili boşaltmadıqda Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Almas İldırım küçəsində yerləşən 85V nömrəli mənzildən çıxarılmalı, iddiaçı “xxxxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 78%-i, yəni 23,4 manatı cavabdehlərdən tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(102)-2535/16 saylı qərarına əsasən cavabdeh İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli 1944 nömrəli bildirişdə Binəqədi rayon İcra şöbəsinin 25.07.14-cü il tarixli 17/68 №10654-3 saylı sifariş məktubuna əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85 V saylı mənzilin açıq hərraca çıxarıldığı, mənzilin ilkin satış qiymətinin 65000 manat müəyyən edildiyi, hərracın xx.xx.2014-cü il tarixdə saat 11:00-da keçiriləcəyi göstərilmişdir. xx xxxxxxx 2014-cü il tarixli 2200 nömrəli bildirişdə Binəqədi rayon İcra şöbəsinin 25.07.14-cü il tarixli 17/68 №10654-3 saylı sifariş məktubuna əsasən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85 V saylı mənzilin açıq hərraca çıxarıldığı, mənzilin satış qiymətinin 55250 manat müəyyən edildiyi, hərracın xx.xx.2014-cü il tarixdə saat 11:00-da keçiriləcəyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Y-412 nömrəli hərracın nəticələri haqqında yekun protokolda sifarişçi Binəqədi rayon İcra şöbəsi, hərracın təşkilatçısı kimi “X2 Mərkəzi” MMC, alıcı kimi isə xxxxxxxxxxxxxx ASC göstərilmişdir. Əmlakın ilkin satış qiymətinin 65000 manat, əmlakın satılmış son qiymətinin isə 41438 manat olduğu qeyd edilir. xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Xəzər rayonu Almas İldırım küçəsi ev 85V ünvanında yerləşən fərdi yaşayış evi ləğv prosesində olan Cavabdeh1 ASC-nin xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 040797 nömrəli qaimədən ünvan 3 ünvanına “X2 Mərkəzinin” göndərdiyi bildirişin İddiaçı çatmadığı aydın olur. Səbəb kimi isə ünvanın düzgün olmaması göstərilir. xx.xx.2014-cü il tarixli 016590 nömrəli qaimədən “X2 Mərkəzinin” ünvanladığı bildirişin İddiaçı çatmadığı aydın olur. Səbəb kimi isə ünvanın tam olmaması göstərilir. “xxxxxxxxxxx” tərəfindən tərtib edilmiş xx.xx.2014-cü il tarixli akta əsasən xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr 1-ci küçəsi 3/26 ev 5C ünvanına “xxxxxxxxxxx” MMC-nin kuryeri tərəfindən İddiaçı aid olan zərfin göstərilən ünvana aparıldığı, lakin ünvanın tam olmaması səbəbi ilə geri qaytarıldığı qeyd edilir. Apelyasiya icraatı zamanı cavabdeh “X2 Mərkəzi” MMC-nin direktoru Zahir Bədəlovun təqdim etdiyi bildirişlər və xəbərnamələrdən görünür ki, İddiaçı adına Bakı şəhəri Binəqədi rayonu 7-ci mkr 1-ci küçəsi 3/26 ev 5C ünvanına göndərilmiş hərrac barədə bildiriş xx.xx.2014-cü il tarixdə, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85 V saylı ünvanda isə xx.xx.2014 və xx.xx.2014-cü il tarixlərdə ünvan sahibi tərəfindən qəbul edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Tutma yönəldilən ipoteka predmetinin satış üsullarından biri olan hərracların keçirilmə qaydaları, hərracın baş tutmamış elan edilməsi, bu halda təkrar hərracın keçirilməsi qaydaları və nəticələri “İpoteka haqqında” Qanunun 42 və 43-cü maddələri ilə tənzimlənir. Həmin Qanunun 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata sifariş verir. Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Hərrac açıq auksion formasında keçirilir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Qanunun 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçı və onun əməkdaşları istisna omaqla hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 43.1-ci maddəsinə görə hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir. Həmin Qanunun 43.3-43.5-ci maddələrinə əsasən hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hərrac digər səbəblər görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bilməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirildiyinə görə onun ləğvi üçün əsas yoxdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “xxxxxx” MMC xx xxxx 2007-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxxxxxxxxxxx” ASC-dən 12 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit götürərkən iddiaçı öz mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi A.İldırım küçəsi 85 V saylı mənzili könüllü olaraq ipoteka ilə yüklü etmiş, öhdəliyin icra edilməməsinin mülki məsuliyyətini və onun hüquqi nəticələrini dərk etmişdir. “xxxxxx” MMC bank qarşısında öhdəliklərini yerinə yetirmədiyinə görə məhkəməyə müraciət olunmuş, məhkəmə qətnaməsinə əsasən borcun tutulması, tutmanın ipoteka predmeti olan evə yənəldilməsi və mənzilin boşaldılması qət olunmuşdur. Bu barədə məhkəmə qərarlarından İddiaçı məlumatlı olsa da, məhkəmə qərarının icrası ilə maraqlanmamışdır. Hərrac təşkilatı hərracın keçirilməsi barədə həm ipoteka qoyanı, həm də ipoteka saxlayanı mümkün olan bütün vasitələrlə məlumatlandırmışdır. Hərrac təşkilatının apelyasiya məhkəməsinə təqdim etdiyi bildirişlərdən görünür ki, ipoteka qoyan şəxsə ünvanlanmış bildirişlər ünvanına çatdırılmışdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, həmin bildirişlər ipoteka qoyana çatmasa idi belə, ipoteka qoyan şəxs hərracın keçirilməsi ilə maraqlanmalı idi. Çünki bildirişin hərrac qoyana çatmaması onun hərracın keçirilib-keçirilməməsi ilə maraqlanmaq öhdəliyindən azad etmir. Yuxarıda qeyd edildiyi kimi, ipoteka qoyan mənzilə tutma yönəldilməsi barədə məhkəmə qərarlarından məlumatlı idi və bunun məntiqi nəticəsi olaraq mənzilin hərraca çıxarılacağını bilməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-337.4-cü maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 354.1-ci və 354.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunvericilikdə nəzərdə tutulmuş bütün prosedurlara əməl edilməklə keçirildiyindən, hərracın və onun nəticələrinin etibarsız hesab edilməsinə əsas yoxdur. Buna görə də məhkəmə kollegiyası əqdin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş müddətin keçib-keçməməsini müzakirə etməyə zərurət görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh LPO Cavabdeh1 ASC-nin apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(009)- 1800/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə, “X2 Mərkəzi” MMC-yə və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hərracın nəticələri haqqında protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və iddiaçının mənzil üzərində mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutulub cavabdeh LPO Cavabdeh1 ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar