Məhkəmə qərarları › İş №2(103)-6051/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6051/2023

12.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6051/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-yə (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 saylı, 14 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən tutma yönəldilməli olan ipoteka borclu İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan mənzilin satışının təşkil edilməsi "X1 Mərkəzi" MMC-yə sifariş edilmişdir. "X1 Mərkəzi" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair hərracın keçirilməsi 09 dekabr 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışında bununla bağlı müvafiq elan dərc edilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin satış qiyməti 52700 manat müəyyən edilməklə təkrar hərracın keçirilməsi 16 dekabr 2020-ci il tarixə saat 11:00-a təyin edilmişdir. “Market” qəzetinin xx.xx.2020-xx.xx.2020-ci il tarixli buraxılışında Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilə dair keçirilən ilkin hərracın baş tutmaması və təkrar hərracın təyin edilməsi barədə elan dərc edilmişdir. İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri barədə xx.xx.2020-ci il tarixdə nümayəndəsi vasitəsilə, təkrar hərracın vaxtı və yeri barədə xx.xx.2020-ci il tarixdə şəxsən məlumatlandırılmışdır. "X1 Mərkəzi" MMC tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzilin təkrar hərracdakı qiymətindən 25% aşağı qiymətə, yəni 39525 manat qiymətə tələbkar Maraqlı şəxs təklif edilmiş və qeyd edilən qiymətə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs tərəfindən müvafiq əmlak əldə edilmişdir. Bununla bağlı, "X1 Mərkəzi" MMC-nin “İpoteka predimetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 23 dekabr 2020-ci il tarixli protokolu tərtib edilmişdir.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2533/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4133/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4013/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzilə (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri, Nəsimi rayonu, 4cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzildən (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) çıxarılmaları və mənzili boşaldılması qət olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "X1 Mərkəzi" MMC-ya qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) “qiymətləndirmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzil barədə qiymətləndirilmə rəyinin və hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən, ondan 30.654 manat tutularaq Maraqlı şəxs ödənilməli, tutma onun mülkiyyətində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməli, mənzilin açıq hərracdan satışından əldə olunmuş məbləğ ipoteka məbləğinin ödənilməsinə yönəldilməlidir. İcra vərəqi üzrə Nəsimi rayon icra şöbəsi icraata başlamaq haqqında qərar qəbul etmişdir. İcra şöbəsinin tələbi əsasında cavabdeh “X1 Mərkəzi” MMC-nin təşkilatçılığı ilə qiymətləndirilmiş və əmlakın real bazar dəyəri 62.000 manat müəyyən edilmişdir. Daha sonra, icra məmurunun xx.xx.2020-ci il tarixli, 17720-148165/19-5-22 saylı hərracın keçirilməsi haqqında sifariş məktubu əsasında əmlakın həmin qiymətlə hərracının keçirilməsi cavabdeh “X1 Mərkəzi" MMC-yə tapşırılmışdır. Hərracın yekun satış protokoluna əsasən xx.xx.2020-ci il tarixində cavabdehin təşkilatçılığı ilə hərrac keçirilmiş və ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil dəyərindən qat-qat ucuz qiymətdə dəyərləndirilərək 39.525 manata satılmışdır. O, hərracın keçirilməsi barədə məlumatlandırılmamışdır. Bu barədə yalnız tələbkar ona məlumat verdikdən sonra xəbərdar olmuşdur. Hesab edir ki, qiymətləndirmə və hərracın keçirilməsi qanuni həyata keçirilmədiyindən, həm sözügedən qiymətləndirmə rəyi, həm də bu rəydən sonra keçirilmiş hərrac, onların nəticələri etibarsız hesab edilməlidir. Hərraca çıxarılan mənzilin real bazar qiyməti təqribən 90.000 manat təşkil edir. Hansı əsasla mənzilinin faktiki olaraq dəyərindən dəfələrlə ucuz qiymətə hərraca çıxarılması məlum olmadığı kimi ciddi qanun pozuntusudur.

5. Cavabdeh "X1 Mərkəzi" MMC-nin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli, 17770-148165/19-5-22 saylı sifarişi əsasənda açıq hərracda satılmış mübahisəli əmlakın satılmasının “X1 Mərkəzi" MMC-də təşkil edilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericilik normalarına riayət edilməklə təşkil edilmişdir.

6. Mübahisə predimeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili X5 iddia ərizəsinə etiraz təqdim edərək qeyd etmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) ünvan 1 ünvanda yerləşən mənzilə dair qiymətləndirmə rəyinin etibarsızlığı; 2) həmin mənzilə dair hərracın yekunlarına dair protokolun etibarsızlığı. İddiaçı ilə 3-cü şəxs arasında xx.xx.2018-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı 3-cü şəxsdən 30.654 manat (18.000 ABŞ dolları) borc almış, həmin borca görə mübahisəli mənzili ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin 2.3-cü bəndinə görə “İpoteka qoyan”ın və “İpoteka” saxlayanın razılığına əsasən ipotekanın predmetini təşkil edən mübahisəli mənzilin qiyməti 60.000 manat qiymətləndirilmişdir. Nəsimi rayon 3 saylı Notariat kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydinə əsasən həmin tutma ipoteka ilə yüklü edilmiş mübahisəli mənzilə yönəldilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsi "xxxx" MMC-də aparılmış və xx.xx.2019-cu il tarixə həmin mənzilin bazar dəyəri 62.000 manat müəyyən olunması barədə qiymətləndirmə rəyi verilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli, 17720 nömrəli məktubu (sifarişi) əsasında “X2 Mərkəzi” MMC-yə iddiaçıya, maraqlı şəxsə, Bakı şəhəri Nəsimi rayon 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinin notariusuna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə məlumat verilməklə, hərracın keçirilməsi cavabdehə (“X2 Mərkəzi” MMC-yə) həvalə olunmuşdur. Cavadeh tərəfindən “Market” qəzetinin 33(10725) saylı, 20.11.20-ci il tarixli nəşrində, “lot 20/90” mübahisəli mənzilin 09 dekabr 2020-ci il tarixdə saat 11:00-da 62.000 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzillə bağlı hərrac baş tutmadığından, təkrarən “Market” qəzetinin 39(10729) saylı, 17.12.20-ci il tarixli nəşrində, “lot 20/90” mübahisəli mənzilin 16 dekabr 2020-ci il tarixdə saat 11:00-da 52.700 manata açıq hərracda satışa çıxarılması ilə bağlı elan dərc edilmiş, mübahisəli mənzil hərracda satılmadığından, “X2 Mərkəzi” MMC-nin 306 nömrəli, xx.xx.2020-ci il tarixli “İpoteka predmetinin alğı-satqısı üçün müqavilə bağlanması” barədə bildirişi əsasında, mübahisəli mənzil tələbkara, iş üzrə Maraqlı şəxs təklif edilmiş, o həmin gün mübahisəli mənzilin qalıq dəyərini ödəməklə həmin mənzili hərracdan almış və Hərrac Mərkəzinin 23 dekabr 2020-ci il tarixli YP 049 saylı protokoluna əsasən hərracın qalibi Maraqlı şəxs olmuş və həmin mənzillə bağlı DƏDRX-nin 1 saylı Ərazi İdarəsi tərəfindən Çıxarış verilmişdir. İddia ərizəsinin hərrac keçirilərkən iddiaçıya məlumatların verilməməsi ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, iddia ərizəsinə etiraza əlavə edilən “X2 Mərkəzi” MMC tərəfindən Nəsimi rayon İcra və Probasiya Şöbəsinə, İddiaçı və 3-cü şəxs Maraqlı şəxs ünvanlanmış 225 nömrəli, xx.xx.20120-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:00-da mübahisəli mənzilin 62.000 manata açıq hərraca çıxarılması və 272 nömrəli, xx.xx.2020-ci il tarixli bildirişdə isə həmin mənzillə bağlı təkrar hərracın xx.xx.2020-ci il tarixdə saat 11:00-da keçirilməsi və həmin mənzilin 52.700 manata satışa çıxarılması göstərilmişdir. Həmin bildirişlər iddiaçıya sürətli poçt vasitəsi ilə göndərilmişdir. Etiraza əlavə edilən xx.xx.2020-ci il tarixli məktub ünvan düzgün olmadığından geri qaytarılmış, xx.xx.2020-ci il tarixli məktub və xx.xx.2020-ci il tarixli məktublar isə mənzildə yaşayan şəxslər tərəfindən qəbul olunmuşdur. Göründüyü kimi, iddiaçının qeyd edilən dəlili də əsassızdır. Eyni zamanda, etiraza əlavə edilən iddiaçı tərəfindən Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən (həmin qətnamə əsasında iddiaçının və onun oğlunun mübahisəli mənzilə istifadə hüquqları itirilməsi, həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət olunmuşdur) verilmiş xx.xx.2021-ci il tarixli apellyasiya şikayətinin surətindən bəlli olur ki, o mübahisəli mənzilin qiymətləndirilməsindən və hərracda maraqlı şəxsə satılmasından məlumatı olmuş, amma müharibədə olan oğluna bu barədə maraqlı şəxs kimi məlumat verilməmişdir. Bu hal bir daha sübut edir ki, iddiaçı hazırkı iş üzrə cavabdeh tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunun tələbinə uyğun məlumatlandırılmışdır. Etiraza əlavə edilən sənədlərin surətindən göründüyü kimi, mübahisəli mənzilin qiymətləndirilməsi aparılarkən "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası “Qiymətləndirmə fəaliyyəti haqqında” xx.xx.1998-ci il tarixli 510- İQ saylı Qanunun və bu barədə Beynəlxalq standartların tələblərinə riayət edilmişdir. Eyni zamanda mübahisəli mənzil hərracdan satılarkən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun və bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.4-43.8 və 48-ci maddəsinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarında göstərilən bütün tələbləri pozulmamışdır. Ona görə də iddia təmin oluna bilməz.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 nömrəli, 14 mart 2023cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, bu barədə tələbkar tərəfindən ona məlumat verildikdən sonra xəbərdar olduğunu qeyd etsə də, iş materiallarında olan sənədlərdlə həm ilkin, həm də təkrar hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərilməsi, həmçinin hər iki hərracın keçirilməsi barədə iddiaçıya ünvanlanmış bildirişin ona təqdim edilməsi təsdiq edilir.

9. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, mənzilin ilkin satış qiyməti 62.000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən iki hərrac baş tutmadığına görə əmlakın ilkin satış qiyməti 62.000 manatın enmiş faizləri: “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən 25 % aşağı salınmaqla, əmlakın son satış qiyməti 39.525 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 nömrəli mənzili 39.525 manata almışdır. Odur ki, "X1 Mərkəzi" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.

10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qiymətləndirilmə aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında iddiaçı qiymətləndirilmə barədə rəyinin etibarsız hesab olmasını təsdiq edən hər hansı sübutu təqdim etməmişdir.

11. Məhkəmə öz mövqeyini “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7, 8, 10-cu maddələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli, 107 nömrəli qərarı ilə təsdiq edilmiş “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydalarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

13. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə tam və obyektiv baxmamış, iş üzrə hərtərəfli araşdırma aparmamış və bu səbəbdən həmin qətnamə ləğv edilməlidir. Ona heç bir məlumat verilmədən evinin qiymətləndirilməsi və dəyərindən qatqat aşağı qiymətə üçüncü şəxsə satılması onun əsassız olaraq əmlakından məhrum olmağı ilə nəticələnmişdir. Evinin aşağı qiymətə üçüncü şəxsə satılması burada cavabdehlərin hər-hansı marağının olmasının göstəricisidir. Məhkəmə müvafiq araşdırma aparmış olsa idi, cavabdehin qanun pozuntusunu etdiyini müəyyən etmiş olardı. Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanununun 8-ci maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qiymətləndirici qiymətləndirilən obyektin real bazar qiymətini düzgün qiymətləndirilməli idi. İpoteka müqaviləsində qiymət müəyyən edilsə də, hərrac həmin qiymət əsasında keçirilməmişdir. Məhkəməyə təqdim etdiyimiz sübutlardan da görünür ki, ona məxsus evə oxşar həmin ərazidə başqa evlərin satış qiyməti 85.000-95.000 manat arasındadır. Mənzilə dair müəyyən edilmiş ilkin satış qiyməti isə mənzilin bazar qiymətinə uyğun deyildir və real bazar qiymətikimi qiymətləndirilə bilməz. Buna baxmayaraq mənzilim ilkin satış qiymətindən də aşağı qiymətə satılmışdır. Belə olduğu halda hesab edir ki, qiymətləndirmənin düzgün keçirilməməsi və əmlaka qoyulmuş qiymətin həmin mənzilin real bazar qiymətinin olmaması ilə bağlı iş üzrə çıxarılan qətnamə həqiqəti əks etdirmir. Hazırki icra işində “İpoteka haqqında” qanunun 41.2-ci maddəsinin tələbləri pozulmuş və ipoteka qoyana hərrac təşkilatının seçilməsi üçün ipoteka saxlayanla qarşılıqlı razılığın əldə edilməsi üçün müraciət edilməmişdir. “İcra haqqında” Qanunun 53.2-ci maddəsinin xx.xx.2021-ci ilə qədər qüvvədə olan məzmununa görə, borclunun əmlakı AR qanunvericiliyində nəzərdə tutulan qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satıla bilər. İşin faktiki halları ondan ibarətdir ki, “X3 Mərkəzi”MMC-nin əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisə olması müəyyən olunmur. “İcra haqnda” Qanunun tələbləri hazırki iş üzrə pozulmuşdur. Göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmış olsa idi, məhkəmə yekun nəticədə iddianı təmin etmiş olardı. Həmin normalara məhkəmə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. Digər pozuntu halı isə hərracın keçirilməsinə dair elan və bildiriş hərracın keçirilməsinə 20 gün qalmış deyil, 18 gün qalmış verilmişdir. Məhkəməyə təqdim olunan satış ptorokolundan göründüyü kimi, birinci hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Cavabdeh “İpoteka haqqında” Qanunun bu tələbini də pozaraq hərracın baş tutmaması barədə elan dərc etdirməmişdir. Müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günü ərzində təkrar hərrac keçirilə bilər. Yəni hazırki iş üzrə təkrar hərrac 22 dekabr 2020-ci il tarixindən sonra keçirilməli idi, lakin hərrac 16 dekabr 2020-ci il tarixinə təyin edilmiş və keçirilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı qeyd edilən normanın tələbləri birmənalı olaraq pozulmuşdur. Cavabdeh “X1 Mərkəzi” MMC qanunun bu tələbini də sərt şəkildə pozmuş, bununla da onu külli miqdarda ziyana salmışdır.

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15.Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsində ərizə verilmişdir, məhkəmə isə iddia tamamilə əsassız olduğundan ümumiyyətlə həmin iddia müddətini tətbiq etməmişdir. Qarşı tərəf hərracın keçirilməsi ilə bağlı məlumatlı olmuşdur, iş materiallarında bununla bağlı qəbzlər mövcuddur. Onlar mənzilin boşaldılması ilə məhkəməyə müraciət etmiş, həmin şəxs də məhkəmə prosesində iştirak etmişdir, bundan sonrada kəsici müddət ötürülmüşdür. Hesab edilsə ki, tərəf hərrac proseslərindən məlumatsızdır, lakin tərəf özü məhkəmə tərəfindən bildirişlər göndərilmiş, özü məhkəmə prosesində iştirak etmiş, apellyasiya və kassasiya şikayətləri vermişdir. Bu baxımdan hesab edir ki, əqdlərin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməlidir. 16.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 18.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 19.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 20.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 22.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 23.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 24.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

25. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 26.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

27. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

28. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanunun

29.26.1.7-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, ipoteka predmetinə tutmanı notariusun icra qeydi əsasında yönəltmək ipoteka saxlayanın aşağıdakı hüququdur. 30.38-ci maddəsinə əsasən, bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır. 31.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 32.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 33.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 34.44-cü maddəsinə əsasən, Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin

35.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 36.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

37.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2, ünvanında yerləşən ümumi sahəsi 41,4 kv.m olan 1 saylı mənzilə tutmanın yönəldilməsi ipoteka saxlayanın xx.xx.2018-ci ipoteka müqaviləsinə əsaslanan tələbi üzrə Nəsimi rayon 3 saylı Notariat Kontorunun xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydi əsasında həyata keçirilmişdir. Mənzilin açıq hərracda satışının təşkil edilməsi "X1 Mərkəzi" MMC-yə sifariş verilmiş, ilkin satış qiyməti 62.000 manat məbləğində müəyyən edilmişdir (ipoteka müqaviləsində müəyyən edildiyindən yüksək).

39. Məhkəmə iş üzrə sübutları tədqiq edərək belə nəticəyə gəlir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən (xx.xx.2020-ci il) 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada elan dərc etdirmiş, bu barədə ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq (xx.xx.2020-ci il) keçirilmişdir. Hərracın təşkilatçısı xx.xx.2020-ci il tarixli hərracı, iştirakçısı olmadığına görə baş tutmamış elan etmiş, bu səbəbə görə isə ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca xx.xx.2022-ci il çıxarmış, bu barədə mediada elan dərc etdirmiş, ipoteka saxlayana və ipoteka qoyana (rəsmi qeydiyyatda olduğu yerə) sifarişli poçt göndərişi (məktubu) ilə hərracın keçirilməsinə dair bildiriş göndərmişdir.

40. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün 30 gün müddətində ipoteka predmeti ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, bundan sonra ipoteka saxlayan və hərracın təşkilatçısı arasında 30 təqvim günü ərzində müqavilə qüvvəsinə malik olan xx.xx.2020-ci il tarixli protokol imzalanmış, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, ev 188, M2 ünvanında yerləşən 1 saylı mənzil 39.525 manata “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Maraqlı şəxs tərəfindən əldə edilmişdir. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas olmuşdur.

41. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4013/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə Maraqlı şəxs iddiası təmin edilmiş, cavabdehlər İddiaçı və X7 Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 188, M2, M1 saylı mənzilə (köhnə qaydada Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 26A, mənzil 4) istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları və mənzili boşaldılması qət olunmuşdur.

42. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində sifariş məktublarının rəsmi qaydada ona göndərilmədiyinə, hərracın qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirildiyinə, mənzilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığına dair eyni məzmunlu dəlillərə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin və qiymətləndirmə rəyinin etibarsız hesab edilməsini tələb edir.

43. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etməyi zəruri sayır ki, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

44. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

45. Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. İş materiallarından da göründüyü kimi, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmişdir.

46. Bundan başqa iddiaçı apellyasiya şikayətində sözügedən mənzilin ilkin satış qiymətinin real bazar dəyərinə uyğun olmadığını göstərsə də, tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. İddiaçı tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatətə əlavə edilmiş “X11” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatını birinci instansiya məhkəməsinə deyil, apelyasiya baxışı zamanı məhkəməyə təqdim etmiş, həmçinin hesabatda ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın mövcud bazar dəyəri müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, mübahisləndirilən qiymətləndirmə rəyinin xx.xx.2019-cu il tarixdə tərtib edildiyi nəzərə alınsa əmlakın dəyərinin əhəmiyyətli qaydada artması baxımından iddiaçı tərəfindən təqdim olunmuş bu hesabat mötəbər sübut hesab edilə bilməz. Çünki bu hesabat qiymətləndirmə rəyi ilə əsassızlığına görə məhkəmənin razılaşmamasına əsas verən hal da deyildir.

47. Belə olan halda kollegiya xx.xx.2019-cu il tarixli 8i-48378 saylı icra qeydi ilə əlaqədar verilmiş sifarişə əsasən “X1 Mərkəzi" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. Hərracın keçirildiyi zaman “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş bəzi müddətlərə hərrac təşkilatçısı tərəfindən riayət edilməməsi ümumilikdə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun formada keçirilmiş hərracın, ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmadığına görə, etibarsızlığına səbəb ola bilməz.

48. Bundan başqa məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin kəsici müddətin tətbiq edilməsinə dair qənaəti ilə razılaşıraraq, həmçinin qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyini, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq qeyd edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən (ötürülübötürülmədiyini araşdırılmasından) məhkəmə tərəfindən imtina edilməlidir. 49.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-346/2023 nömrəli, 14 mart 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar