Məhkəmə qərarları › İş №2(103)-6052/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6052/2023

23.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6052/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-2976/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Tərəflər arasında iddiaçıya məxsus obyektin sənədləşmə işlərinin həyata keçirilməsi ilə bağlı tapşırıq münasibətlərindən irəli gələn razılaşma olmuş, iddiaçı cavabdehə 6.700 manat pul vermişdir. Sonradan cavabdeh sənədləşmə ilə bağlı işləri razılaşdırılmış şəkildə başa vura bilməmişdir.

2. Yasamal RPİ 28-ci PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarının təsviri-əsaslandırıcı hissəsinə əsasən müəyyən edilir ki, İddiaçı şikayət ərizəsi əsasında aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh 6700 manat pulu İddiaçı aldığını etiraf etmiş, lakin həmin pulun 700 manat hissəsinin ona çatdığını, qalan hissəsinin isə sənədləşmə işlərinə xərcləndiyini bildirmiş, 4.200 manat pulu İddiaçı qaytaracağına söz vermişdir.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər iddiaçıya məxsus olan obyektin sənədləşmə işlərinin həyata keçirilməsi ilə bağlı razılaşmışlar. Cavabdeh sözügedən işlərin görülməsi üçün iddiaçıdan 6.700 manat pul almış, lakin üzərinə düşən öhdəlikləri icra etməmişdir. Cavabdeh tərəfindən 6.700 manat pulun 2.000 manat hissəsi iddiaçıya qaytarılmış, qalan 4.700 manat isə geri qaytarılmamışdır. İddiaçı 4.700 manat puldan cavabdehin özünün etiraf etdiyi 4200 manat hissəsini tələb edir.

5. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 2976/2023 nömrəli qətnaməsi ilə (hakim F.A.Əlizadə) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 2.200 manat pul və 31 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, sübutetmə yükü iddiaçının üzərinə olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) tam sübut edilməsi təmin edilməmişdir.

7. Həmçinin, cavabdeh iddiaçı ilə aralarında bağlanmış şifahi müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etdiyini bildirsə də, sübutların məhkəməyə təqdim ediləcəyi əsas ilə məhkəmə hazırlıq iclasının təxirə salınmasına baxmayaraq bu barədə məhkəməyə hər hansı sənəd, sübut və ya material təqdim etməmişdir. Məhkəmə sözügedən hissədə sübutetmə yükünün cavabdehin üzərinə düşdüyünü qeyd etmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, Yasamal RPİ 28-ci PB-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında qeyd olunan xüsusatlar və məhkəmə iclasında aparılan araşdırma zamanı iddiaçı tərəfindən müvafiq pul məbləğinin və məbləğin bir hissəsinin cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması işin mübahisəsiz halları olsa da, iddiaçı tərəfindən ödənilmiş pul və cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmış məbləğlər barədə ziddiyyətlər mövcud olduğundan konkret nəticəyə gəlmək mümkün deyil. Bu səbəbdən, məhkəmə cavabdehin məhkəmə iclasında bildirdiklərini sübut qismində üstün hesab etmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1, 779.2, 779.2.1, 779.2.2, 777.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 191.1, 191.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə onun razılığı belə olmuşdur ki, xx.xx.2021-ci il tarixdə cavabdehin adına verdiyi etibarnaməyə əsasən o, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış evinin 1-ci mərtəbəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən qeyriyaşayış sahəsinə aid dövlət reyestrindən Çıxarış almalı idi. Bu məqsədlə də o, cavabdehə 6.700 manat pul vermişdir. Lakin cavabdeh üzərinə düşən öhdəliyini icra etməmişdir. Cavabdeh ümumilikdə ondan aldığı 6.700 manat puldan 2.000 manatı ona qaytarmış, 4.700 manat isə borclu qalmışdır. İddiaçının şikayəti Bakı şəhəri, Yasamal Rayon Polis İdarəsinin 28-ci PB-nin baş təhqiqatçısı Faiq Süleymanov tərəfindən araşdırılarkən Cavabdeh ona hal-hazırda 4.200 manat borclu qaldığını etiraf etmişdir. Cavabdehlə mübahisəni çox uzatmaq istəmədiyindən cavabdehin özünün etiraf etdiyi 4.200 manatın ona geri qaytarılmasına razıdır. İşə Yasamal Rayon Məhkəməsində baxılarkən cavabdeh məhkəməyə cəmi 2.000 manat pulun qaytarılması barəsində olan bankomat çeklərini təqdim etmişdir, lakin Yasamal Rayon Məhkəməsi qətnamədə cavabdehin ona 2.300 manat qaytarması barədə heç bir sübutla əsaslandırılmamış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərini pozmuş, işdə olan qeyd olunmuş sübutlara obyektiv, qərəzsiz yanaşmamış, işdəki sübutlara əsasən iddia tam təmin edilməli olduğu halda həmin sübutlara qeyri-obyektiv yanaşmaqla iddianı qismən təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə müraciət edərək, iddiaçının məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycana Respublikasının Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

17. Hazırkı işdə iddiaçı apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.

19. Belə ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət versə də, sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı yanlış nəticəyə gəlmişdir.

20. İşdən görünən odur ki, cavabdehin iddiaçıdan 6.700 manat pulu sənədləşmə işlərinin görülməsi müqabilində alması və pulun 2000 manat hissəsini qaytarması işin mübahisəsiz halıdır. Tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur.

21. Kollegiya qeyd edir ki, cavabdeh xx.xx.2022-ci il tarixində polis şöbəsində verdiyi izahatında iddiaçıdan 6.700 manat pulu aldığını və bu puldan 4.200 manat qaytarılmadığını etiraf etmişdir. Lakin cavabdeh həmin məbləğin qaytarılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə həmin məbləğdə vəsaitin iddiaçıya qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşür.

22. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh 4.200 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır.

23. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

24. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 2976/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4.200 manat məbləğində pul, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 62 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar