Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6054/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aylıq ödəmələrin, gecikdirilən günlər üçün faizlərin və mənəvi ziyanın əvəzinin xeyrinə tutulması” tələbinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.02.1987-ci il tarixdə ASC-də işlədiyi zaman əmək xəsarəti aldığını, 2001-ci ildən 2011ci ilədək hər il müalicə olunaraq Zona Tibbi Sosial Ekspert Komissiyasından keçdiyini, 28.10.201 -ci il tarixdə 2135 saylı müayinə aktına əsasən ona 2-ci qrup əlillik təyin edildiyini, həmin vaxtdan etibarən 9 ildir 2-ci qrup əlil kimi müddətsiz əmək qabiliyyətsiz olduğunu, buna baxmayaraq 2020-ci ilin iyul ayından sonra ASC tərəfindən ona ödənilməli olan ödənclərin dayandırıldığını, dayandırılmanın səbəbi kimi ondan müayinədən keçməsinin tələb edildiyini, halbuki bu bu tələbin qanunsuz olduğunu, cavabdehin bu hərəkəti nəticəsində maddi çətinliyə düşdüyünü, cavabdehin qanunsuz tələb və təhdidləri nəticəsində 5 saylı xəstəxananın nevroloji şöbəsində müalicə aldığını və mənəvə zərərə məruz qaldığını irəli sürmüş, buna görə də 2020-ci ilin iyul ayından başlayaraq məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək aylıq ödəmələrin, hər gecikdirilən günlər üçün hesablanmış faizlərin, habelə ödəmələrin həyata keçirilməməsi ilə bağlı vurulmuş mənəvi ziyana görə 5000 manat məbləğində pulun “xxxx” ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmasını xahiş edən iddiaçı şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin işi birtərəfli araşdırdığını, sübutlara düzgün qiymət vermədiyini, hüququn tətbiq edilməsində səhv buraxdığını irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, iddiaçıya ödəncin ödənilməsinin gecikdirilməsi ASC-nin təqsirindən baş verməmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 01.07.2020-ci il tarxili məktubla 178 nəfər əmək zədəsi və yaxud peşə xəstəliyi səbəbi ilə əlilliyi olan şəxslərin əlillik vəziyyətinin araşdırılması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün əyani müayinə olunmalarının zəruri olduğu bildirildiyindən həmin şəxslər Xidmət tərəfindən əyani müayinəyə dəvət olunmuş, lakin iddiaçı müayinədən keçmədiyi üçün onun müayinəsinin aparılması mümkün olmamışdır. İddiaçıya müayinədən keşməsi ilə bağlı məlumat üçün məktub göndərilsə də bu tələbə riayət etməmiş və həmin müayinə ilə yoxlamadan keçmədiyi üçün onun əlillik qiymətləndirilməsi aparılmamışdır. Bu müayinələr nəticəsində istehsalat qəzasında xəsarət alanlar arasında əlillik dərəcəsi azalan, artan və eyni qalan işçilər olmuş, iddiaçı müayinəyə getməkdən imtina etdiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə ona müavinət ödənişi dayandırılmış, lakin sonradan İddiaçı ödənilməli olan müavinət ASC tərəfindən ödənilmişdir. Hazırda ASC-nin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yoxdur. Məhkəmə kollegiyası izahatları dinləyib, şikаyətin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, iddiaçı, “xxxx” ASC-nin işçisi olmuş, 13.02.1987-ci il tarixdə kran maşınının pilləkənindən düşərkən sürüşməsi nəticəsində burun və alın nahiyyəsindən zədə almış, 28.10.2011-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müayinə olunaraq ona ikinci dərəcəli əllik təyin olunmuş, əlilliyinin səbəbi kimi istehsalat qəzası, sağlamlıq imkanlarının məhdudluğu “müddətsiz” olaraq göstərilmişdir. İş materiallarından aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “xxxx” ASC-nə 02.08.2019-cu il tarixdə məktub ünvanlanmış, məktubda ASCdə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəblə həlak olmuş işçilərin ailə üzvlərinə aylıq ödənclərin verilməsi üçün həmin vətəndaşların Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və ya “DOST” mərkəzinə müraciət etməli olduqları bildirilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən “xxxx” ASC-nə 01.07.2020-ci il tarixdə məktub ünvanlanmış, məktubda “xxxx” ASC-də əmək zədəsi almış, yaxud peşə xəstəliyi səbəbi ilə əlilliyi olan şəxslərin əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi üçün həmin şəxslərin əyani müayinə olunmalarının zəruri olduğu bildirilmiş, adı çəkilən Xidmətin İddiaçı ünvanladığı məktubda isə tibbi-ekspert sənədləri ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə əyani müayinəyə gəlmədiyi halda ona pensiya ödənişinin dayandırılması məsələsinə baxılacağı nəzərinə çatdırılmışdır. İşin müəyyən olunan halına görə, iddiaçı tələb edilən əyani müayinəyə getmədiyi üçün ona ödənc verilməsi dayandırılmış, bununla belə hazırkı məhkəmə mübahisəsi başladıqdan sonra – 16.02.2021-ci il tarixdə - 2020-ci ilin iyul ayından 2021-ci ilin fevral ayına qədər olan dövr üçün 1400 manat ödəncin ödənişi həyata keçirilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarının 3.5-ci bədinə əsasən, istehsalatda əmək xəsarəti ilə əlaqədar ödənilən zərərə görə aylıq ödənclərin miqdarı qanunvericiliklə müəyyən olunmuş qaydada təqsirkar müəssisədə işçilərin minimum əmək haqqı və yaxud tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı qanunvericiliklə müəyyən olunmuş qaydada təshih edilir və ödənilir. Bu halda aylıq ödənclərin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin həmin təqsirkar müəssisədə işlədiyi peşə vəzifə üzrə tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilir və göstərilən artım günündən başlayaraq ödənilir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən, təqsirkar işəgötürən istehsalatda bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya TSEK-in rəyi əsasında müvəqqəti yüngül işə keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərqi ödəyir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək, əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 8-ci bəndinə görə isə, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, əmək qabiliyyətinin itirildiyi birinci gündən başlayaraq sağalanadək və ya tibbi sosial ekspert komissiyası (TSEK) tərəfindən əlillik müəyyən edilənədək, lakin qanunvericiliklə müəyyən olunmuş müddətdən çox olmayan dövr üçün verilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, iddiaçıya müavinət ödənişi onun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən tələb edilən təkrar müayinəyə getməməsi səbəbilə dayandırılmış, cavabdeh müəssisənin bu hərəkəti səlahiyyətli Dövlət orqanının göstərişi əsasında baş vermiş, buna baxmayaraq sonradan ödənilməli müavinət iddiaçıya ödənilmişdir. Buna görə də kollegiya hesab edir ki, cavabdeh müəssisə iddiaçıya müavinət ödənişinin gecikdirilməsinə görə məsuliyyət daşıya bilməz və iddia tələbi üzrə irəli sürülən faktiki hallar tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Yuxarıda şərh etdiyi qənaətinə uyğun olaraq kollegiya, iddiaçının digər tələbləri üzrə gəlinən nəticəni də əsaslı hesab edir və bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür. Bu zaman həm də nəzərə alınmalıdır ki, iddiaçı həmin tələblərinin araşdırılmasına imkan verəcək hər hansı sübutu ümumiyyətlə məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-789/2021 saylı iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6054/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6054/2021
15.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver