Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6057/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədova Şərafət Adif qızı (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi İddiaçınun (X2) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs qismində göstərildiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, e-2(008)-2862/2022 saylı qətnaməsindən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı (X3) ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçınun Ermənistan Respublikasından Azərbaycan Respublikasına 1988-ci ilin oktyabr ayında qaçqın kimi gəlməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, e-2(008)-2862/2022 saylı qətnaməsi ilə ərizə təmin olunmuşdur. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti, qeyd edilən qətnamədən apelyasiya şikayəti verərək, onun ləğv, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. İş materiallarından göründüyü kimi, ərizəçinin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması barədə məlumatları özündə əks etdirən kifayət qədər sənədlər mövcud deyildir. (qaçqın statusu almış şəxsə və onun ailə üzvlərinə nümunələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş qaçqın vəsiqəsi verilməsi məsələsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, şəxsin 1988-ci ildən Ermənistan SSR-dən deportasiya olunmasını təsdiq edən sənədlər, onun ailə üzvünə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qaçqın vəsiqələri iş materiallarında mövcud deyildir). Sübutların düzgün qiymətləndirilməsi isə qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prossesual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün vacib olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiymətləndirməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Kollegiya, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.5.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası, aşağıdakılara əsasən hesab edir ki, ərizəçi faktiki olaraq dövlət orqanın səlahiyyətlərinə aid olan məsələnin ümumi məhkəmə tərəfindən həll edilməsini xahiş edir. Qaçqın kimi məskunlaşma halı ümumi rayon-şəhər məhkəməsi tərəfindən yox, aidiyyatı orqan tərəfindən müəyyən edilə bilər, əgər həmin orqan bu halı müəyyən etməkdən imtina edərsə orqanın hərəkətindən (hərəkətsizliyindən) inzibati məhkəməyə müraciət edilə bilər. Belə ki, Dövlət orqanının izahtından aydın olur ki, ərizəçinin sadəcə məskunlaşması yox, qaçqın kimi məskunlaşması halı təsdiq edildikdən sonra onun müvafiq müraciətinə baxıla bilər. Qaçqın kimi məskunlaşma halı isə ya müvafiq sənədin təqdim edilməsi yolu ilə, ya da ki, qaçqın kimi məskunlaşma barədə məlumatları özündə əks etdirən və rayon icra hakimiyyətinin aidiyyati qurumu tərəfindən verilən sənədlə müəyyən edilə bilər. Ərizəçinin məqsədi Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin olunmasıdır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının qanunu” nun 5-ci maddəsinin 3-cü bəndinə əsasən 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar Azərbaycan Respublikasının vətəndaşları sayılırlar. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” nın 4.1.2-ci bəndinə görə 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduqda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Göründüyü kimi, etnik azərbaycanlı olan və 1988-1992-ci illərdə Azərbaycan Respublikası ərazisinə qaçqın kimi gəlmiş şəxslər qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsi ilə təmin edilə bilərlər. Bu hal əsasən Ermənistan Azərbaycan Respublikası arasında başlamış münaqişə ilə əlaqədar Ermənistandan qaçqın düşmüş şəxslərə şamil olunur. Mülki-Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsinə görə məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxa bilər. Maddənin məzmunundan da göründüyü kimi, məhkəmə, vətəndaş mənsubiyəti olmayan şəxsin ölkə ərazisində hər hansı bir statusda yaşaması halını yox, sadəcə daimi yaşaması halını təsdiq edə bilər. Hazırkı ərizə isə qeyd edilən maddənin təsir dairəsinə düşmür. Çünki, ərizədə məhz qaçqın kimi məskunlaşma faktının təsdiq edilməsi xahiş edilmişdir. Kollegiya qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti” barədə 10 aprel 2015-ci il tarixli qərarında da ifadə olunmuşdur. Belə ki, həmin qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya yuxarıda qeyd edilənləri nəzərə alaraq və MPM-in 384.0.5.-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 372.7, 384.0, 402 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi İddiaçınun (X2) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin maraqlı şəxs qismində göstərildiyi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, e-2(008)-2862/2022 saylı qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, e-2(008)-2862/2022 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq müvaviq inzibati orqana, inzibati orqanın (və yaxud vəzifəli şəxsin) qərar, hərəkət və yaxud hərəkətsizliyindən narazı qaldıqda isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6057/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6057/2022
17.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver