Məhkəmə qərarları › İş №2(103)-6060/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6060/2024

28.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6060/2024 28.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1003/2006 nömrəli 09 iyun 2006-cı il tarixli qətnaməsinə izah verilməsinə dair DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ərizəyə baxılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1003/2006 nömrəli 15 avqust 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, tikilinin mərtəbəliliyi və daşınmaz əmlakın hansı növünə aid olmağına münasibətdə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230-cu maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1003/2006 saylı qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-1003/2006 saylı qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evin 2-ci mərtəbəsində olan sahəsi 587,7 kv.m tikiliyə İddiaçı mülkiyyət hüququ tanınmış, həmin tikiliyə İddiaçı adına qeydiyyat vəsiqəsi verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılmışdır. Lakin qətnamədə mülkiyyət hüququnun daşınmaz əmlakın hansı növü kimi tanınması göstərilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1003/2006 nömrəli 15 avqust 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Hazırda həmin qərardaddan ərizəçi şikayət vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1003/2006 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsindən görünür ki, ünvan 1 ünvanda yerləşən evin 2-ci mərtəbəsində olan sahəsi 587,7 kv.m tikiliyə İddiaçı mülkiyyət hüququ tanınmış, həmin tikiliyə İddiaçı adına qeydiyyat vəsiqəsi verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə tapşırılması qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). Qeyd edilən maddi və prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, həmin sənədlərdə qeyd edilmiş ifadə və tələblər aydın olmasın. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməyə izah verilməsi barədə ərizəni təmin etməməkdə haqlı olmuşdur. Ərizədə qeyd edilən hal qətnamənin izah edilməsi üçün əsas ola bilməz. Məhkəmə onu da göstərmişdir ki, iddia ərizəsində göstərilən əmlakın hansı növü kimi tanınması barədə tələb olmamış və əmlakın növünun müəyyən edilməsi mülki məhkəmə icraatında müəyyən edilə bilməz. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1003/2006 nömrəli 15 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar