Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6061/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1062/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Fərid Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 160.000 ABŞ dolları məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi, Cavabdeh əməlində cinayət tərkibi olduğundan, onun barəsində xüsusi qərardad çıxarıb prokurorluğa göndərilməsi məhkəmədən xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə xx xxxxxx 2017-ci il tarixdə 160.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Bakı şəhəri 54 saylı notariat kontorunda iddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2017-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən Cavabdeh xx xxxxxx 2018-ci il tarixədək 160.000 ABŞ dolları pulu qaytarmasını öhdəsinə götürmüşdür. Həmin pula cavabdeh Amerikadan “Ayfon” markalı telefonların gətirəcəyi üçün iddiaçıdan borc istəmişdir, iddiaçı da onunla dost münasibətində olduğundan ona inanaraq həmin pulu vermişdir. Lakin notarial təsdiq olunmuş müqavilədə cavabdeh iddiaçıdan götürdüyü 160.000 ABŞ dollar məbləğində pulu xx xxxxxx 2018-ci il tarixədək qaytarmasına dair öhdəlik götürməsinə baxmayaraq, bu günədək borcu qaytarmamışdır. Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində zabit heyətində (leytenant) olaraq maliyyə şöbəsində işləyir. İddiaçı dəfələrlə pulun qaytarılması ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət etmiş, lakin buna baxmayaraq, cavabdeh yenə də pulu qaytarmamışdır. Notarial təsdiq olunmuş xx.xx.2017-ci il tarixli müqavilənin 8-ci bəndində göstərilmişdir ki, “borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Həmin müqavilənin 9-cü bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Hazırda tərəflər arasında heç bir razılıq yoxdur, iddiaçının cavabdehdən pulun dəfələrlə qaytarılmasını tələb etməyinə baxmayaraq, qaytarmaq istəmir. İddiaçının bildiyi şifahi məlumata görə cavabdeh Amerikadan heç bir “Ayfon” markalı telefonlar gətirməmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 160.000 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında biznes münasibətləri mövcud olmuşdur. Buna görə də iddiaçı ən başda biznes üçün istifadə məqsədilə 15.000 ABŞ dolları pul vermiş, o da pul qoyaraq birgə mobil telefon biznesi ilə məşğul olmağa başlamışlar. Bu puldan biznesdə istifafə nəticəsində əldə edilmiş gəlir (yəni ilkin məbləğ dövriyyəyə buraxılmışdır) də birgə biznes təşəbbüsü kimi yenə biznesə yönləndirilmişdir. Əgər tərəf həmin vaxt biznes münasibətlərinin davam etməsini istəməsəydi, öz pulunu geri götürə və biznesdən kənarlaşa bilərdi. Lakin onun belə bir istəyi olmadı, çünki biznes davam edir, gələn gəlirlər aralarında bölünürdü. Bir müddət biznes normal olmuş, sonradan problemlər yaranmışdır, nəticədə iddiaçı ilə ümumi biznes dövriyyəsini əks etdirən pulu göstərən formal kredit müqaviləsi bağlanmışdır. Bu müqavilə iddiaçının istəyi ilə olmuşdur, lakin həmin vaxt, yəni müqavilə bağlanan vaxt o cavabdehə 160.000 ABŞ dolları məbləğində pul verməmişdir, heç ondan əvvəl də verməmişdir. Sadəcə ümumi xərc və gəliri hesablayaraq məbləği bu müqavilə ilə müəyyən etdik və o biznesi idarə etdiyi üçün biznesdə olan ümumi pul məbləği barədə müqavilə bağladılar, bunun da belə müqavilə formasında bağlanmasını iddiaçı istədi, o da razılaşdı. Əgər o iddiaçıdan borc almışdırsa da, 15000 ABŞ dollarını qaytarmamış niyə yenidən 160000 ABŞ dolları məbləğində pul verirdi?! Tərəflər arasında heç vaxt borc münasibətləri olmamışdır. Müqavilədə qeyd edilən məbləğ iddiaçı ilə cavabdeh arasındakı biznesdən əldə edilmiş ümumi dövriyyəni əks etdirir. Yəni hər dəfə qazanılan gəlir yenidən biznesə yatırıldığından hər sonrakı partiyada gəlir də artmışdır. Formal müqavilə bağlanan zaman da iddiaçı belə bir hesablama aparmaqla rəqəm çıxarmış və onu müqavilədə qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, iddiaçının nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsiunin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış Bakı şəhəri 54 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx xxxxxx 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 160.000 ABŞ dolları borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2018-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Eyni müqavilənin 3-cü bəndinə əsasən tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehəqarşı tələbi tərəflər arasında bağlanılmış müqavilədən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh İddiaçı qarşısında 160.000 ABŞ dolları məbləğində borc pulu qaytaracağı öhdəliyini götürməsi, onların arasında bununla bağlı xx.xx.2017-ci il tarixdə müqavilənin bağlandığı, Cavabdeh həmin müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və onun apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Belə ki, Cavabdeh apellyasiya şikayəti əslində borc almadığı və iddiaçı ilə birlikdə gördükləri biznes fəaliyyətinə görə formal olaraq müqaviləni imzalamış olduğu ilə əsaslandırılmışdır. Kollegiya hesab edir ki, tərəflər arasındakı müqavilənin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamış və ümumiyyətlə belə bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2cimaddəsinəəsasən isə, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1062/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6061/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6061/2020
19.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver