Məhkəmə qərarları › İş №2(103)-6064/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6064/2020

29.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6064/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, İddiaçı oğlunun və onun nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi olmaqla) ”maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş fiziki və mənəvi ziyana görə 28.800,00 manat (iyirmi səkkiz min səkkiz yüz) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurduğu fiziki və mənəvi ziyana görə qanunvericiliyin tələblərini pozaraq, cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edilməsindən səkkiz ay keçməsinə baxmayaraq, ondan yazılı şəkildə üzr istəmədiyi üçün həmin vəzifənin yəni, ondan üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2017-ci il tarixdə X6 (onun qayını) Nizami rayon Pİ-nin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək göstərmişdir ki, bacısı X1, onun həyat yoldaşı İddiaçı və Teymurun bacısı oğlu Məmmədov Natiqin şahidliyi ilə X2 və onun oğlu X3 özlərinə məxsus olmayan 4.0 sot torpaq sahəsini satmaq adı ilə onu aldadaraq 11.000,00 ABŞ dolları məbləğində pulunu ələ keçirmişlər və bunun sübutu kimi əlyazmasının kserosurəti olan "Alqı-satq müqaviləsi başlıqlı xx xxx 2007-ci il tarixdə Cəmşid və Raufun imzaları olan ksero müqaviləni təqdim etmişdir. O, Svetlana və bacısı oğlu Həsənov(Məmmədov deyil) Natiq 23-cü PB-nin təhqiqatçısı Pərviz Məmmədovun çağırışı ilə onun yanında olarkən, o, Hüseynov İlhamın ərizəsi və əlavə etdiyi ksero müqavililə ilə onları tanış etdikdən sonra, izahat verərək göstərmişdirlər ki, onların bu müqavilədən və torpaq alqısatqısından xəbərləri yoxdur, əgər həqiqətən bu müqavilə onların iştirakı ilə yazılmış olsaydı, orada imzaları olardı və bacısı oğlunun soyadı Məmmədov deyil, Həsənov yazılardı. Şifahi olaraq təhqiqatçıya bildirmişdir ki, İ.Hüseynovun göstərdiyi hadisə həqiqətən baş vermiş olsaydı belə, bu hadisə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2014-cü ildə bitmişdir və ona görə H.İlhama rədd cavabı verilmələdir. Həmçinin təhqiqatda onlara məlum olmuşdur ki, təhqiqatçı İhamın ərizəsinə uyğun və latın əlifbası ilə tətrib etdiyi izahata, kiril əlifbasında belə dürüst yazmağı bacarmayan, bir gözü çıxmış, demək olar ki, kor olan, hər cəhətdən savadsız 80 yaşlı Tanrıverdiyev Cəmşidə imza etdirmişdir. Təhqiqatçının cinayət prosessual qanunvericiliyin tələblərini pozaraq, mütəxəssis cəlb etmədən latınca yazıb-oxumağı bacarmayan Tanırverdiyev Cəmşidə kompyuterdə yazdığı izahatda "Oxudum, ifadə mənim sözlərindən yazılmışdır, doğruluğunu təsdiq edirəm" sözlərindən sonra imza etdirməsi təhqiqatçının qanunsuz hərəkət etməklə bərabər, saxtakarlıq etdiyini də sübut edir. Bundan sonra təhqiqatçı Cinayət Məcəlləsinin 75.1.2-ci və Cinatət Prosessual Məcəlləsinin 135.1 və 135.3-cü maddələrinin tələblərini pozaraq, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə və Hüseynov İlham tərəfindən təqdim olunmuş ksero müqavilənin əslinin olmamasına, həmçinin bu surətin notarial qaydada təsdiq olunmamasına, CPM-nin 125-ci maddəsinin görə isə bu ksero müqavilənin yaranma mənbəyinin, həqiqiliyinin müəyyən olunmamasına baxmayaraq, Hüseynov İlhamın 11.000,00 ABŞ dolları pulunun dələduzluqla ələ keçirilməsi barədə özünün xx xxxx 2017-ci il tarixli qərarı ilə toplanmış materialı Nizami RPİ-nə vermişdir. Nizami RPİ-nin müstəntiqi Nicat Nayibov toplanmış materiallar əsasında eyni qanunsuzluğu təkrar edərək, yuxarıda sadaladığı qanun pozuntularından əlavə CPM-nin 39.1.3-cü maddəsinin də tələblərini kobudcasına pozaraq, Cəmşid və Rauf adlı şəxslərin torpaq satmaq adı ilə Hüseynov İlhamın 11.000,00 ABŞ dolları (9400 manat AZN ekvivalenti) məbləğində pulunu dələduzluqla ələ keçirmələri faktı üzrə xx xxxxx 2017-ci il tarixdə cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə qərar qəbul edərək, qərarın surətini Nizami rayon prokuroruna göndərmişdir. Nizami rayon prokuroru Aqşin Ziyadov isə təhqiqatçı və müstəntiqin qanunsuzluqlarını düzəltmək əvəzinə, özü də əlavə olaraq CPM-nin 41.1-ci maddəsinin tələblərini pozaraq, cinayət təqibi üzrə icraatın aparılmasına göstəriş vermişdir. Təhqiqatçının, müstəntiqin və rayon prokurorunun bu qanunsuz işbirliyi ilə etdikləri qanunsuz hərəkətlər səhv və suiistifadə deyil, bibaşa cinayətdir. xx xxx 2017-ci il tarixdə N.Nayibov daha bir qanunsuzluq edərək CPM-nin 178-ci maddəsinin tələblərini pozaraq, onun məcburi gətirilməsi haqda qərar qəbul etmişdir. Bu qərardan iki dəfə CPM-nin 449-cu və 450-ci maddələri əsasında Nizami rayon məhkəməsinə və Bakı Apellyasiya məhkəməsinə şikayət etsə də, hər iki məhkəmə bu qərarın prosessual deyil, digər prosessual qərar kateqoriyasına aid olduğunu və CPM-də bu kateqoriya üzrə qərarların məhkəmə qaydasında həllinin nəzərdə tutulmadığını bəhanə gətirərək, şikayətini baxilmamış saxlayaraq müstəntiqi cəzalandırmamışlar. Bu isə: Cinayət Prosessual Məcəllənin qeyri-demokratik, qeyrihumanist olmasinin əyani sübutudur. Müstəntiq N.Nayibovun bu qərarından o, iyun ayında xəbər tutmuşdur. Bundan sonra xx xxxx 2017-ci il tarixdə ərizə ilə hüquq-mühafizə orqanlarının başından ayağınadək bütün səviyyələr üzrə dövlət qurumlarına müraciət etmişdir. Lakin qanunun keşiyində durmalı olan dövlət qurumları hərəkətsizlk göstərmiş, qanunçuluğu qorumadıqlarını və bununla da nə dövlətə, nə də millətə xidmət etmədiklərini sübut etdilər. Onun ərizəsindən sonra müstəntiq N.Nayibov və Nizami rayon prokuroru A.Ziyadov şikayətçi ilə əlbir olub daha bir cinayət işləyərək, suni şəkildə cinayət məsuliyyətinə cəlb etmə müddətini uzatmaq üçün, başqa sözlə CM-nin 178.2.4-cü maddəsini 178.3.2-yə çevirmək üçün əlavə pul məbləğlərinin R.Tanırverdiyev tərəfindən ələ keçirilməsi barədə böhtan olan ittihamlar irəli sürdülər. Hüseynov İlham torpağına sənəd düzəltməsi üçün xx.xx.2011-ci il tarixdə saat 15.00-da P.Fərzəliyev küçəsi 15B ünvanda R.Tanırverdiyevə 1.500,00 manat, İ.Hüseynov daha 2 sot torpaq almaq üçün 2014-cü ilin noyabr ayının ortalarında P.Fərzəliyev küçəsi 15B ünvanda R.Tanırverdiyevə 3.500,00 manat pul vermişdir. Hər iki böhtan heç bir sübut, dəlilə söykənməmiş,tərəflər arasında pulun alınıb-verilməsi heç bir yazılı sənədlə - müqavilə, qəbz, iltizam və ya öhdəliklə təsdiq olunmamışdır. xx.xx.2017-ci il tarixədək təhqiqat və ibtidai istintaqda tərtib olunmuş prosessual qərar, izahat və protokollarda sual-cavab yalnız 11.000,00 ABŞ dollarının alınıb-verilməsi ətrafında aparılıb. Hətta 23-cü PB-nin təhqiqatçısı Pərviz Məmmədov xx xxxxxx 2018-ci il tarixdə şahid qismində dindirilərkən də İlham Hüseynovun ərizə ilə 11.000,00 ABŞ dolları verdiyini və ərizəsində ancaq həmin məbləği tələb etdiyini bildirmişdir. xx.xx.2017-ci il tarixdən etibarən, xx xxxx 2018-ci il tarixədək olan müddətdə ibtidai istintaqda tərtib edilmiş prosessual qərar və protokollarda sual-cavab R.Tanırverdiyevə heç bir sübutsuz böhtan atılan 11.000,00 ABŞ dolları, 1.500,00 manat və 3.500,00 manat ətrafında aparılıb. Təhqiqatın başlamasından etibarən xx.xx.2018-ci il tarixədək ibtidai istintaqda o, şahid qismində tanınmışdır. xx xxxxxx 2018-ci il tarixdə müstəntiq Mahir Quliyev CPM-nin 178-ci maddəsinin tələblərini pozaraq, onun məcburi gətirilməsi barədə qərar qəbul etmişdir. xx xxxx 2018-ci il tarixdə o, şübhəli şəxs qismində 48 saat ərzində Nizami RPİ-nin MSY-də polis nəzarətində saxlanılmaqla azadlığı məhdudlaşdırılmışdır. xx xxxx 2018-ci il tarixdə isə müstəntiq Mahir Quliyev xx xxxx 2017ci ildən etibarən bu vaxtadək bütün ibtidai istintaq materiallarında - prosessual qərar və protokollarda qeyd olunmuş "Hüseynov İlhamın torpağa sənəd düzəltməsi üçün xx.xx.2017-ci il tarixdə saat 15:00-da P.Fərzəliyev küçəsi 15B ünvanda Raufa 1.500,00 manat verməsi ilə bağlı müstəntiq N.Nayibovun böhtanını heç bir dəlil, sübut olmadan onun ünvanına yönəltmişdir: -Hüseynov İlham torpağına sənəd düzəltməsi üçün xx.xx.2017-ci il saat 15:00-da, Babək prospektində yerləşən kafedə İddiaçı 1.500,00 manat pul vermişdir. Bu böhtandan sonra isə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul etmişdir. xx xxxx 2018-ci il tarixdə ondan iltizam alaraq, onun barəsində "başqa yerə getməmək haqqında iltizam" qətiimkan tədbirinin seçilməsi haqqında qərar qəbul etmişdir. Müstəntiqin bu qanunsuz hərəkətindən sonra təhqiqatçının, müstəntiqlərin və prokurorun sərhəd bilməyən qanunsuzluqlarından, vəzifə saxtakarlıqlarından dalbadal Cənab Prezidentə teleqramlar vurmağa başlamışdır. Nəhayət bunlardan sonra, Nizami rayonunun yeni təyin edilmiş prokuroru Pərviz İbayev xx xxxx 2018-ci il tarixdə qanunsuz başlanmış cinayət işinə həmin qanunsuz səbəbə görə xitam verilməsi barədə qərar qəbul etmişdir. Cinayət təqibini həyata keçirən orqanlar qanunsuz cinayət işi qaldirmış və sübutları, protokolları, hətta öz qondarma sübutlarını belə təkrarən saxtalaşdırmışlar. Cavabdeh tərəfindən başlanmış cinayət işi onun cənab Prezidentə ünvanladığı teleqramların, ərizələrin və şikayətlərin əsasında tələb edilib, Nizami rayon prokuroru P.İbayev tərəfindən hərtərəfli və dolğun araşdırılmış, müəyyən edilmişdir ki, ibtidai istintaq səthi və keyfiyyətsiz aparılmış, bir sıra zəruri istintaq hərəkətləri icra edilməmiş, işin halları hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilməmiş, ibtidai istintaq üzrə qanuni obyektiv qərar qəbul edilməmiş, təqsirləndirilən şəxslərin hər birinin əməlinə düzgün hüquqi qiymət verilməmişdir (bunlar qərarda qeyd olunmuşdur). Ona görə də cənab prokuror CPM-nin 39.1.2 (cinayət tərkibinin olmadığı) və 39.1.3 (cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyi) maddələrini rəhbər tutaraq, cinayət işinə xitam vermişdir. Cinayət təqibini aparan orqan tərəfindən uydurulmuş cinayət əməlləri İbtidai istintaq zamanı sübuta yetirilmədiyindən, təqsirləndirilən şəxs Rauf Tanırverdiyev barəsində həbs qətiimkan tədbiri seçilməsi haqqında onun verdiyi təqdimat da iki dəfə Nizami rayon məhkəməsi tərəfindən iş materiallarında cinayətin sübut olunmadığı qənaətinə gəlinərək, təmin edilməmişdir. Hər iki halda hökmdən verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsi tərəfindən rədd edilmişdir. Cinayət təqibini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona xeyli miqdarda fiziki və mənəvi ziyan vurulmuşdur. Bu ziyanın vurulmasında birbaşa olmasa da, dolayısı ilə Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin də rolu vardır. Nizami RPİ-də baş verənqanunsuzluqlar barəsində dəfələrlə onlara şikayət etsə də, Qanunun aliliyini təmin etmək üçün heç bir tədbir görməmişlər. CPM-nin 1.2.3-cü maddəsinə əsasən heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə məruz qala bilməz. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar iştirakçı şəxslərin Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməli, prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə əlaqədar şəxsin hüquq və azadlıqlarının müvəqqəti məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda və bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada tətbiq edilə bilər. Həmin Məcəllənin 178ci maddəsinə əsasən məcburi gətirilmə şəxsə yalnız cinayət prosesini həyata keçirən orqarın çağırışına üzürlü səbəb olmadan gəlmədikdə, çağırışı almaqdan boyun qaçırdıqda, gizləndikdə və daimi yaşayış yeri olmadıqda tətbiq edilə bilər. Göstərilən maddələrin tələblərini pozmaqla xx xxx 2017-ci il tarixdə müstəntiq N.Nayibov, xx xxxxxx 2018-ci ildə isə müstəntiq M.Quliyev onun məcburi gətirilməyi barədə qanunsuz qərar cəbul etmişlər. Yaşadığı evin qapısından onu polis maşınına mindirərək evdən götürmək də onun qonşular, tanıyanlar arasındakı hörmət və nüfuzuna çox pis təsir etmişdir. Müstəntiq M.Quliyevin onu şübhəli şəxs kimi xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 48 saat ərzində Nizami RPİ-nin MSY-də həbs etməsi, əlində qandal şəklini çəkdirərək Hüseynov İlhama göndərməsi və Hüseynov İlhamın isə həmin şəkilləri onu tanıyan qohumlara nümayiş etdirərək, bu şəkilin ona 60 min manata başa gəlməsini deyərək qürrələnməsi bir tərəfdən cinayət prosesini aparan orqanın rüşvətxorluğunu və İlhamın əlində bir alət olduğunu sübut etsə də, digər tərəfdən ona sağalmaz, əvəzi ödənilməz fiziki və mənəvi ziyan vurmuşdur. Hüseynov İlham bu gündə onu təhdid edir ki, həmin əli qandallı şəkillərini yaşadığın ərazidə də yayacaqdır, sosial şəbəkələrdə də (internetdə) paylaşacaqdır. O, 2-ci dərəcəli diabet xəstəsidir, arterial təzyiqdən əziyyət çəkir, Respublika Endokrinoloji Mərkəzdə 2014-cü ildən qeydiyyatdadır. Diabet və təzyiq xəstəsi kimi onun gün ərzində 5-6 dəfə qidaya və tez-tez suya olan tələbatı 48 saat həbsdə olarkən təmin olunmadığından və həmçinin həmin vaxt o, qriplə xəstələndiyindən həbsdə olduğu 2 gün ərzində çox ağır şəraitdə fiziki və mənəvi iztirab çəkmişdir. Cinayət prosesini aparan orqanın göstərişi ilə həbsdə ona diabet və təzyiq dərmanlarının verilməsi belə qadağan olunmuşdu. Heç faşist konslagerlərində də əsirə bu cür münasibət göstərilməmişdir. Həbsdə keçirdiyi 48 saat ömrü boyu yadından çıxmayacaq ən dəhşətli işgəncə idi. xx xxxx 2018-ci il tarixdə saat 18:00 radələrində Nizami rayon prokurorunun göstərişi ilə sərbəst buraxılmışdır. Təxminən iki ay ərzində sağlamlığını bərpa etmək üçün evdə xüsusi həkimdən müalicə almışdır. Qohumlar dəfələrlə zəng edərək, Hüseynov İlhamın nümayiş etdirdiyi əli qandallı şəkili ilə bağlı kimi istehza və rişxəndlə, kimi də dostcasına cavab istəyiblər və bu sorğu bu gün də davam edir. Mahir Quliyevin şəkil paylaşması səbəbindən onun ömrümün sonuna kmi bu sıxıntı, iztirab və mənəvi sarsıntı dayanmayacaq. Nəticədə cinayət prosesini həyata keçirən orqanların vəzifə borclarına xəyanəti, səhvi və sui-istifadəsi üzündən, onun sağlamlığı çəkdiyi mənəvi-psixolaji sarsıntılar səbəbindən bir daha bərpa oluna bilməyəcək, cəhənnəmdə aclıq və susuzluqda keçirdiyi iki günün əvəzini heç bir pul məbləği ödəyə bilməz. Həmin vaxt o, qanında şəkərin səviyyəsinin düşməsi nəticəsində komaya düşüb ölə bilərdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Mülkii Məcəllənin 21 və 23-cü maddələrinin şərhinə dair xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı sair qeyri əmlak hüquqları) hüquqları pozulmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyayasəbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi,eləcədə cavabdehin təqsiri,əmlak vəziyyəti və s.vacib halların nəzərə alınması zəruridir. Lakin Cavabdeh qanunsuz hərəkətləri nə səhv kimi, nə də sui-istifadə kimi deyil, birbaşa cinayət əməli kimi qimətləndirilməlidir. Çünki, qanunvericiliyin əleyhinə qərarlar qəbul etməklə, vətəndaşın Konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqlarına təcavüz etmək, dövlətin ictimai təhlükəsizliyinə qarşı yönəlmiş cinayətdir. Şəxsə vurulmuş ziyan dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olduğu üçün cavabdehin - Nizami RPİ-nin əmlak vəziyyəti müzakirə predmeti ola bilməz. Həmçinin o, bildirmişdir ki, bu hadisədən sonra səhhətində olan problemlər və xəstəliyi kəskinləşmiş, böyük bir sarsıntı keçirmişdir. Onun barəsində aparılan istintaq geri-obyektiv keçirilmişdir, əlavə ittihamlar qoşmuşdur, bütün sənədləri saxtalaşdırmışdılar onun ifadəsini dəyişmişdilər. Qanunsuz olaraq barəsində bir ildən çoxdur ki, cinayət işi açmışdılar. Ondan 14.400,00 manat tələb edirdilər. Ona görə də o onun iki qatını tələb edir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(007)- 1612/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilmiş dəlillərə istinad edilməklə əsaslandırılmışdır. İddiaçı məhkəmənin əvvəlki iclaslarında iştirak etsə də, sonuncu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Bakı şəhər Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyi səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx xxxxxxx 2020-ci il tarixdə məhkəmə iclasında iştirak edən İddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşdə olan Cavabdeh İstintaq şöbəsinin müstəntiqi Nicat Nayıbovun xx.xx.2017-ci il tarixli “Cinayət işini başlanılması və icraata qəbul edilməsi barədə” qərarın surətindən görünür ki, fakta görə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işinin başlanılması və işin icraata qəbul edilərək istintaq aparılması qərara alınmışdır. İş materiallarında olan Cavabdeh, İstintaq şöbəsinin müstəntiqi Nicat Nayıbovun ********* saylı cinayət işi üzrə xx.xx.2017-ci il tarixli “Şahidin dindirilməsi Protokolu” nun surətindən görünür ki, İddiaçı həmin cinayət işi üzrə şahid qismində dindirilmişdir. İş materiallarında olan Cavabdeh, İstintaq şöbəsinin müstəntiqi Nicat Nayıbovun ********* saylı cinayət işi üzrə “Şəxsin məcburi gətirilməsi barədə” xx.xx.2017-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı istintaq orqanına gəlməkdən yayındığına görə onun məcburi qaydada Cavabdeh İstintaq şöbəsinin gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh, İstintaq şöbəsinin baş müstəntiqi Mahir Quliyevin ********* saylı cinayət işi üzrə “Şəxsin məcburi gətirilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarın sürətindən görünür ki, İddiaçı yerini müəyyən edib, istintaqa cəlb edib, onunla vacib olan istintaq hərəkətlərini aparmaq mümükün olmadığından, onun yerinin müəyyən edilməsi üçün həmin İdarənin 23-cü polis bölməsinə istintaq tapşırığı verilmiş, yaşadığı ünvana işə gəlməsi üçün xx.xx.2018-ci il tarixdə 087-5584-1218 saylı çağırış vərəqəsinin də göndərilməsi göstərilmişdir. Qeyd olunanlara əsasən onun məcburi qaydada Cavabdeh İstintaq şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh İstintaq şöbəsinin baş müstəntiqi Mahir Quliyevin xx.xx.2018-ci il tarixli “Şübhəli şəxsi dindirmə” Protokolunun surətindən görünür ki, o, icraatında olan cinayət işi üzrə İddiaçı şübhəli şəxs qismində dindirmişdir. İş materiallarında olan Cavabdeh İstintaq şöbəsinin baş müstəntiqi Mahir Quliyevin “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” xx.xx.2018-ci il tarixli protokolun sürətindən görünür ki, İddiaçı onun iş otağında saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cavabdeh İstintaq şöbəsinin baş müstəntiqi Mahir Quliyevin “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” xx.xx.2018-ci il tarixli qərarının sürətindən görünür ki, İddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona AR Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Cavabdeh İstintaq şöbəsinin baş müstəntiqi Mahir Quliyevin “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarının sürətindən görünür ki, İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Ondan bu barədə həmin gün iltizam alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon X11 “Cinayət işinin icraatına xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarının sürətindən görünür ki, ********* saylı cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməsi və İddiaçı barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Beləliklə, işin araşdırılan halları ilə müəyyən edilir ki, Nizami RPİ İŞ-də vət. X4 etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakının ələ keçirilməsi faktı üzrə xx.xx.2017-ci il tarixdə toplanmış material əsasında AR CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2017-ci il tarixdə cinayət işi AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə, xx.xx.2018-ci il tarixdə isə AR CMnin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, xx.xx.2018-ci il tarixdə İddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tutulmuş, xx.xx.2018-ci il tarixdə o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş və elə həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək o, sərbəst buraxılmışdır. xx.xx.2018-ci il tarixdə həmin cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Nizami rayon prokuroru tərəfindən qəbul edilmiş qərarla xitam verilmişdir. Həmin Qərarın məzmunundan görünür ki, cinayət işinə prosessual nəzarəti həyata keçirən prokuror digər şəxslərlə yanaşı, İddiaçı barəsində Nizami RPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə istintaq edilən ********* saylı cinayət işinin materiallarını araşdıraraq ibtidai istintaqı həyata keçirən müstəntiq tərəfindən bir sıra pozuntulara yol verildiyini, o cümlədən istintaqın səthi və keyfiyyətsiz aparıldığını, bir sıra zəruri istintaq hərəkətləri icra edilmədiyini, işin halları tam, hərtərəfli və obyektiv araşdırılaraq qiymətləndirilmədiyini müəyyən etmişdir. Həmçinin müəyyən edilmişdir ki, müstəntiq M.Quliyev tərəfindən aparılmış ibtidai istintaq üzrə qanuni obyektiv qərar qəbul edilməmiş, bununla da təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxsi aldadıb 2007-ci, 2011-ci və 2014-cü il tarixlərdə ayrı-ayrı məbləğlərdə pul vəsaitini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirmələri ilə bağlı ittiham verilməklə təqsirləndirilən şəxslərin hər birinin əməlinə düzgün qiymət verməmişdir. Qərarda qeyd edilmişdir ki, İddiaçı tərəfindən törədilən cinayət əməli üzrə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmədiyindən onun tərəfindən sonradan yenidən törədilən cinayətə görə əməli təkrar cinayətin törədilməsi kimi qiymətləndirilə bilməz. Ona görə də təqsirləndirilən şəxs İddiaçı zərərçəkmiş şəxs İlham Həsənovun etibarından sui-istifadə etməklə onu aldadaraq xx.xx.2011-ci il tarixdə 1500 manat, 2014cü ilin noyabr ayının ortalarında isə 3500 manat nəğd pul vəsaitini ələ keçirərək dələduzluq etməsi AR CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl olduğundan və hər bir cinayətə görə müddət müstəqil hesablanmaqla AR CM-nin 75.1.1-ci maddəsinə əsasən müəyyən edilmiş iki illik cəlb etmə müddəti keçdiyindən, bu faktlar üzrə İddiaçı cinayət məsuliyyətinə cəlb edilə bilməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən, həmçinin AR CPM-nin 39.1.2 və 39.1.3-cü maddələrinə istinad edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün başlanılmış ********* saylı cinayət işinin icraatına xitam verilmiş və İddiaçı barəsində seçilmiş qətimkan tədbiri ləğv edilmişdir. Bu yerdə kollegiya qeyd edir ki, Nizami rayon prokurorunun cinayət işi üzrə icraata xitam verilməsinə dair qəbul etdiyi həmin qərarında AR CPM-nin 39.1.2-ci maddəsinə (əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)), istinad edilsə də, qərarın məzmunundan, həmçinin onun nəticə hissəsindən məlum olur ki, cinayət işi üzrə icraata əməldə cinayət tərkibi olmaması əsası ilə deyil, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməsi əsası ilə (AR CPM-nin 39.1.3-cü maddəsinə əsasən), yəni bəraətverici əsaslar olmadan xitam verilmişdir. Beləliklə, ********* saylı cinayət işi üzrə Bakı şəhəri Nizami rayon Prokurorunun “Cinayət işinin icraatına xitam verilməsi barədə” xx.xx.2018-ci il tarixli qərarından məlum olur ki, İddiaçı və digərlərinin barəsində olan cinayət işi üzrə ibtidai istintaqı aparmış Nizami RPİ İŞ-nin müstəntiqi tərəfindən İddiaçı əməllərinə düzgün hüquqi qiymət verilməməsi həmin əməllərin səhv tövsif olunması ilə nəticələnmişdir. Ona görə də kollegiya hesab edir ki, İddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi, habelə onun 48 saat ərzində tutulması ibtidai istintaq orqanının səhvi nəticəsində baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 59.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir. İşin müəyyən edilmiş hallarına və cinayət-prosessual qanunvericiliyin qeyd edilən tələbinə əsasən kollegiya bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Nizami RPİ-nin ondan üzr istənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası əsaslı olmuşdur və təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbinin fiziki və mənəvi zərərə görə 28800 manat pul ödənilməsinə dair hissəsi ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşə baxan birinci instansiya məhkəməsi İddiaçı barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməməsinə, həmçinin onun barəsində aparılmış araşdırma üzrə icraata vaxtında xitam verilməsinə, bu səbəbdən də onun qanunvericiliyin tələblərinə istinad edərək ona dəymiş fiziki və mənəvi zərəri tələb etməkdə haqlı olmaması qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, 2007-ci ildə baş vermiş və AR CM-nin 75.1.2-ci maddəsinə əsasən az ağır cinayət hesab edilən əmələ görə 2017-ci ildə (10 il keçdikdən sonra) cinayət işi başlanan zaman artıq həmin cinayət əməli üzrə cəlb etmə müddətinin keçməsi bəlli idi. Belə bir vəziyyətdə cinayət işinin başlanması CPM-nin 39.1.3-cü maddəsinin tələbləri baxımından qanunsuz olmuşdur. Eyni zamanda, təqsirləndirilən şəxsə törədilməsi istinad edilən 2011 və 2014-cü illərdə onun tərəfindən zərərçəkmiş şəxsin etibarından sui istifadə etmə və aldatma yolu ilə onun əmlakını ələ keçirməsi ilə bağlı əməli AR CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli hesab edildiyindən və AR CM-nin 75.1.1-ci maddəsinə əsasən həmin əməllərə görə də 2 illik cinayət məsuliyyətinə cəlb etmə müddəti artıq 2013-cü və 2016-cı illərdə keçməsi aşkar olsa da, istintaq orqanı həmin əməllərə görə 2018-ci ildə İddiaçı təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb etmişdir. Beləliklə, müəyyən edilir ki, iş üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsinə baxmayaraq, ibtidai istintaq orqanı tərəfindən cinayət işinin icraatına CPM-nin 39.1.3-cü maddəsində göstərilən əsaslarla vaxtında xitam verilməmişdir. AR CPM-nin 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının xx xxxxxx 1998-ci il tarixli Qanununun 1-ci maddəsinin 3-cü bəndinə görə, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan şəxsin barəsində cinayət təqibinə vaxtında xitam verilməməsi və cinayət təqibinin davam etdirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ********* saylı cinayət işi üzrə Bakı şəhəri Nizami RPİ İŞ-də aparılan cinayət işinin istintaqı zamanı ibtidai istintaqı aparan müstəntiq tərəfindən yuxarıda qeyd edilən səhvlərə yol verilmiş, bu səbəbdən İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Bununla yanaşı, kollegiya qeyd edir ki, iddiaçı hazırkı iddia tələbində ona dəymiş fiziki və mənəvi zərərin ödənilməsi üçün cavabdehdən onun xeyrinə 28800 manat pul tutulmasını iddia etmişdir. İddiaçı iddia ərizəsində ona dəymiş fiziki və mənəvi ziyanı «simvolik» məbləğlə, yəni onun təqsirləndirilən şəxs qismində cəlb edildiyi cinayət işi üzrə zərərçəkənə dəymiş ziyanın məbləği olan 14400 manatın iki qatı həddində qiymətləndirmişdir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən, bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq tutulması, müttəhim qismində cəlb edilməsi, həbsə alınması və saxlanılması, məhkum olunması, əmlakının müsadirə edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş mənəvi ziyan ödənilməlidir. Adı çəkilən Qanunun 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1101.1-ci və 1101.2-ci maddələrinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Qeyd edilən hüquq normalarının dispozisiya şərtlərindən müəyyən olunur ki, ibtidai istintaqı aparan orqanın istənilən qanunsuz hərəkəti deyil, yalnız şəxsə ziyan vuran qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın cavabdehdən tutulması mümkündür. Həmin ziyan həm fiziki, həm də mənəvi ziyan şəklində ifadə oluna bilər. Öz təbiətinə, yetirilmə mexanizminə və nəticələrinə görə ziyanın yetirilməsinin bu iki forması bir-birindən fərqlidir. Lakin iddiaçı öz tələbində həm fiziki, həm də mənəvi ziyana görə kompensasiya tələb etsə də, bu ziyanı bir-birindən fərqləndirmədən, hansı məbləğdə fiziki (maddi), hansı məbləğdə mənəvi ziyana görə pul tələb etdiyini göstərməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən Mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Bundan başqa, iddiaçı onun barəsində cinayət işinin açılmasının onun qonşular, tanıyanlar arasındakı hörmət və nüfuzuna çox pis təsir etməsi, müstəntiqin onun əlində qandal şəkilini çəkdirərək İlham Hüseynova göndərməsi və sonuncunun həmin şəkilləri onu tanıyan qohumlara nümayiş etdirməsi, həmin əli qandallı şəkillərini yaşadığı ərazidə də yayacağı, sosial şəbəkələrdə də paylaşacağını bildirməsi, həmçinin onun İİ dərəcəli diabet xəstəsi olması və arterial təzyiqdən əziyyət çəkməsi, polisdə saxlanılan zaman ona diabet və təzyiq dərmanlarının verilməsinin qadağan olunması, polisdən sərbəst buraxıldıqdan sonra onun uzun müddət ev şəraitində müalicə qəbul etməsi və bütün bunların onun mənəvi psixoloji sarsıntı keçirməsi ilə bağlı dəlillərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, iddiaçı ona dəymiş fiziki ziyanın nədə ifadə olunmasnı və həmin ziyanın aradan qaldırılması üçün hansı məbləğdə xərc çəkməsini əsaslandıra bilməmişdir. Ona görə də, kollegiyanın qənaətinə görə, iddiaçı yuxarıda sadalanan hallar nəticəsində hər hansı fiziki və ya mənəvi ziyana məruz qalmasını, əgər belə bir ziyan olmuşsa da, həmin ziyanın cavabdeh istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində baş verməsini (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. AR MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 saylı Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində qeyd olunan fiziki və mənəvi zərərlə bağlı 28000 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabından iddiaçıya ödənilməsini təmin edilməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməklə, İddiaçı yazılı qaydada üzr istənilməsi vəsifəsi Cavabdeh üzərinə qoyulmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalırının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(007)- 1612/2019 qətnaməsi qismən ləğv edilsin. İddia tələbi qismən təmin olunsun. İddiaçı yazılı surətdə üzr istənilməsi vəsifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar