Məhkəmə qərarları › İş №2(103)-6067/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6067/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6067/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allaverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.03.2021ci il tarixli, 2(006)-1729/2021-009 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh ASC-yə qarşı "vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh "xxxx" ASC-nin müştərisidir. İddiaçı pensiyasını bu bankdan alır. İddiaçı 2019-cu ilin may ayında pensiya kartından çıxarış almaq üçün bankın “Lənkəran” filialına müraciət etmişdir. İddiaçıdan 10 (on) manat ödəniş tələb edilmişdir. Bundan əvvəl bu arayış pulsuz verilirmiş. İddiaçı etiraz etdikdə, ona bildiriblər ki, Baş bankdan belə göstəriş verilib, ödənişsiz arayış verilmir. İddiaçı məcbur qalıb pulu ödəmişdir. İddiaçı cavabdeh bankın əməlinə hüquqi qiymət verilməsi üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş və göstərmişdir ki, bank özbaşınalıq edir, bu çıxarışa görə bank 15-20 saniyə vaxt və bir vərəq kağız sərf edir ki, bunun da haqqı 5-10 qəpiklə ölçülür. Onun müqabilində həmin pulun 100-150 mislini tələb etmək özbaşınalıqdır və xahiş etmişdir ki, səlahiyyətli dövlət orqanı kimi buna hüquqi qiymət verib iddiaçıya cavab versin. Bir müddətdən sonra iddiaçıya Cavabdeh ASC-dən cavab gəlmişdir və iddiaçı ikinci dəfə Palataya müraciət etmiş, lakin yenə də eyni cavab almışdır. İddiaçı üçüncü dəfə Palatanın ofisinə özü getmiş və orada məlum olmuşdur ki, Palata artiq ləğv olunur, odur ki, iddiaçı Milli Məclisin qəbul şöbəsində Dövlət Quruculuğu və Hüquq siyasəti Komissiyasına müraciət etməlidir, lakin tezliklə deputatlar da istefaya getmişlər. Nəhayət, Palatanın səlahiyyətləri Mərkəzi Banka verildikdə, ora müraciət etmiş, bankın qanunsuz əməlinə hüquqi qiymət verilməsini xahiş etmişdir. Mərkəzi Bank "xxxx" ASC-nin əməlini onunla əsaslandırmışdır ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank kredit təşkilatı kimi müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini və digər ödənişləri müəyyən etməkdə sərbəstdir. Deməli, "xxxx" ASC müştəridən o halda xidmət haqqı tələb edə bilər ki, onun öz müştərisi ilə kredit və ya digər müqaviləsi olsun və həmin şərtlər orada göstərilsin. İddiaçının isə bank ilə heç bir kredit və ya digər müqaviləsi yoxdur. İddiaçının pensiyası dövlət tərəfindən banka köçürülür. Bank da yəqin ki, müəyyən ödəniş müqabilində pensiyanı verir. İddiaçının bankla hər hansı müqaviləsi olmadığı üçün Mərkəzi Bankın göstərdiyi əsaslar bank tərəfindən iddiaçıdan alınan xidmət haqqına şamil oluna bilməz və bankın iddiaçıdan aldığı pul qanunazidd olan özbaşınalıq sayılır. Bank bu qanunsuz əməli ilə iddiaçıya həm maddi, həm də mənəvi zərər yetirmişdir ki, bunun əvəzini ödəməlidir. Belə ki, ərizəşikayətlərin və iddia ərizəsinin tərtib edilməsi və göndərilməsi xərcləri 200 manat, banka ödəniş - 10 manat, Bakı şəhərinə şikayətə və məhkəməyə gedib-gəlmə xərcləri 300 manat, məhkəmə rüsumu-30+10=40 manat, cəmi 550 manat maddi ziyan, iddiaçının keçirdiyi əsəb və iztirablara görə 2000 manat mənəvi ziyan kimi bank iddiaçıya ödəməlidir. Göstərilənlərə əsasən "xxxx" ASC-nin qanunsuz əməli nəticəsində iddiaçıya vurulmuş 550 (beş yüz əlli) manat maddi ziyan və 2000 (iki min ) manat mənəvi ziyan, cəmi 2550 manat pulun "xxxx" ASC tərəfindən iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(006)-1729/2021- 009 nömrəli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, işə baxan məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmçinin onunla bank arasında hər hansı müqavilə olmadığı halda, belə bir müqavilədən doğan xidmət haqqının ondan tutulmasını qanuni saymışdır. Məhkəmə maddi hüquq normasını düzgün tətbiq edə bilməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan Banklar haqqında Qanunun əvəzinə, KapitalBankın İH-nin qərarını tətbiq etmişdir. Məhkəmə bankın əməlindəki qanun pozuntusunu görmədiyinə görə maddi və mənəvi ziyanı da təmin etməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, birinci instansiya məhkəməməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 23.09.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, X3 tərəfindən 26 fevral 2019 - cu il tarixdə 17 №-li protokolla təsdiq edilmiş və 22 aprel 2019-cu il tarixdə qüvvəyə minmiş "Kapital Bank” ASC-də fiziki şəxslərə göstərilən bank xidmətləri üzrə tarif cədvəlinə əsasən hesab üzrə təsdiqedici sənədlərin verilməsi üzrə 10 (on) manat xidmət haqqı müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tələbinin əsaslı olmasını təsdiq edən və cavabdehin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də ona maddi və mənəvi zərərin vurulmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, İddiaçı Kapital Bank ASCnin müştərisi olmaqla, həmin bankda kart hesabı mövcuddur. 15.05.2019-cu il tarixdə Kapital Bank ASC-nin Lənkəran şəhər filialı tərəfindən iddiaçıya kartdan çıxarış verilməsi üçün 10 manat xidmət haqqı alınmışdır. İddiaçı həmin haqqın alınmasını qanunsuz hesab edərək məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbininin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. İddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, onunla bank arasında müqavilə mövcud olmadığından, qanunla isə belə xidmət haqqının tutulması yalnız bankla bağlanmış müqavilə əsasında tutula bildiyindən, bankın ondan xidmət haqqı tələb etməsi qanunsuz olmuşdur. Cavabdehin iddiaya və apellyasiya şikayətinə etirazının dəlili isə ondan ibarətdir ki, bank kommersiya təşkilatı olmaqla, xidmət haqarını müəyyən etməkdə sərbəstdir. Bundan başqa, bank müştərilərə öz bank hesablarının məsafədən idarə olunması və bir çox bank xidmətlərindən yararlanması üçün «Birbank» mobil tətbiqini istifadəyə vermişdir və həmin mobil tətbiq vasitəsilə müştərilər digər xidmətlərlə yanaşı, hesablar üzrə çıxarışlarla da tanış ola bilərlər. Həmçinin, Kapital Bank İH-nin 22 aprel 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş tarif cədvəlinə əsasən hesab üzrə təsdiqedici sənədlərin verilməsi üzrə xidmət haqqı 10 manat müəyyən edilmişdir. «Banklar Haqqında» Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanununun 36.6-cı maddəsinə əsasən hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarmı və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarım müəyyən etməkdə sərbəstdir. Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nümunəli pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komisyon haqqı və digər ödənişlər tutulmur. Məhkəmə kollegiyası işin hallarını və şikayətin dəlillərini araşdıraraq bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməsi üçün əsaslı olmamış, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı onunla cavabdeh bank arasında müqavilə münasibətlərinin mövcud olmadığını, xidmət haqqının isə qanunun tələbinə görə yalnız müqavilə əsasında tutulmalı olduğunu iddia etsə də, məhkəmə kollegiyası bu dəlili əsassız sayır. Belə ki, qeyd edildiyi kimi cavabdeh bank kommersiya təşkilatı olmaqla, göstərdiyi xidmətlərə görə xidmət haqqının müəyyən edilməsində sərbəstdir. Cavabdeh isə həmin bankda kart hesabına malik olmaqla, bankın müştərisidir və onun xidmətlərindən istifadə edir. Belə olan vəziyyətdə, iddiaçının bankla onun arasında müqavilə olmadığına istinad etməklə, ondan xidmət haqqının tutulmasının qanunsuz olmasını iddia etməsini məhkəmə kollegiyası əsassız hesab edir. Kollegiya həmçinin qeyd edir ki, bankın xidmət haqqının alınması ilə bağlı hərəkətlərində qanunazidd hallar müəyyən edilmədiyindən, iddia tələbinin maddi və mənəvi zərərin ödənilməsinə dair hissəsi də əsaslı hesab edilə bilməz. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyriəmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməkləbərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İddiaçı isə ona mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli, 2(006)-1729/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar