Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6067/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1712/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması və məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları dəyərində 1 kubu 222 ABŞ dolları nəzərə alınmaqla 470 kub taxta materiallarının alınıb İddiaçı verilməsi, taxta materiallarının qaytarılması mümkün olmadığı təqdirdə isə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları məbləğində borcun Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla və ödənilmiş 470 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilib).
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1712/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) ilə iddia qismən təmin edilmiş, Cavabdeh ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə manatla 103.224 (bir yüz üç min iki yüz iyirmi dörd) ABŞ dolları məbləğində pul vəsaiti və 465.48 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
3. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, onun iddiaçıya hesab işləri vaxtı 73.221 ABŞ dolları, yəni o vaxtkı məzənnə ilə 57.112 manat borcu olub, həmin pulun da hamısını, 2015-ci ilin fevralın axırına qədər o, iddiaçıya qaytarmışdır, məbləğlər isə kitabında qeyd edilmişdir. Həmçinin 104.200 ABŞ dolları borcun hansı tarixlərdə yaranması barədə qətnamədə hər hansı sübuta rast gəlinmir. Həmçinin tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından hazırkı mübahisəyə də Kommersiya Məhkəməsində baxılmalı idi. Həmçinin 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları borcun 46.520 ABŞ dolları D.Qarayevə məxsusdur. Odur ki, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər və borcun ödənildiyini bildirdilər. Həmçinin nümayəndə bildirdi ki, tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarından hazırkı mübahisə də onların sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, hazırkı mübahisəyə də Kommersiya Məhkəməsində baxılmalıdır.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda da bildirdi ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə qeydə alınmış qaydada məşgul olmamış, eləcə də buna dair rayon məhkəməsinin qüvvədə olan qərardadı mövcuddur, borcun bir hissəsinin üçüncü şəxsə aid olması, eləcə də borcun tam olaraq ödənilməsinə dair cavabdeh tərəf hər hansı sübut verə bilmir. Sübutların tədqiqi:
8. Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq etdiyi yazılı qəbzdən görünür ki, o, İddiaçı Rusiya istehsalı olan taxta materialına görə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları borcunun olduğunu etiraf edir. Həmin borc məbləğini ağlabatan müddətdə ödəməyi öhdəsinə götürür.
9. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Səddam Hüseynin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə şikayət ərizəsi ilə Nərimanov RPİ-nə müraciət edərək, 2016-cı ilin ortalarında Bakı şəhəri Nərimanov rayonu ərazisində özünə məxsus 104.200 ABŞ dolları dəyərində taxtaları tanışı Cavabdeh verdiyini, lakin sonuncunun həmin taxtaların dəyəri olan 104.200 ABŞ dollarını ona geri qaytarmadığını bildirmişdir. Aparılmış araşdırma zamanı İddiaçı, Cavabdeh izahatları alınmış və şikayət əsasında toplanmış material üzrə Cavabdeh əməlində cinayət tərkibinin olmaması əsasına görə barəsində cinayət işinin başlanması rədd edilmiş, İddiaçı tələbi ilə əlaqədar mülki mübahisənin həlli üçün aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)-169/2024 nömrəli xx.xx.2024- cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Səddam Hüseyn tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, toplanmış material üzrə araşdırmanın davam etdirilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsində şahid X1 ifadəsində bildirmişdir ki, hər iki tərəfi Dərnəgül ticarət bazarından tanıyır. Səyyadı daha öncədən tanımışdır. Rövşən bəyi də mal alıb-verdikcə tanımışdır. Orada satıcı kimi işləmiş, Rövşən bəy ona da satmaq üçün malları verirdi. Səyyadı 2011-2012-ci illərdən tanıyır. Rövşən bəyi də təxminən 2013-2014cü illərdə tanımışdır. Rövşən bəyə olan borclarını, tarixi yazmışlar. Rövşən bəy borcları yazdırarkən onlara heç bir təsir etməyib və ya əlavə borc yazmalarını onlardan istəməyib. Elə bir insan da deyil, mövcud borclarını yazdırıb. Həmin vaxt otaqda Məcnun, Səyyad, o, Məhərrəm, Rövşən bəy və Rövşən bəyin gətirdiyi vəkil oğlan olub. O, borcunu yazıb otaqdan çıxmışdır, Səyyadın Rövşən bəyə nə qədər borcu olduğunu, qəbzə nə yazdığını bilmir. Həmin vaxt 2016-cı il ya da 2017-ci ilin əvvəlləri olardı. Hamı borcunu yazıb otaqdan çıxandan sonra hər hansı bir narazılıq etmədi. Davudu tanıyır, həmin vaxt öz otağında olardı. Rövşən bəyin Davuda taxta verib-vermədiyini bilmir. Rövşən bəy borclarını köhnə və ya yeni kursla alacağı ilə bağlı hər hansı şərt deməyib və ya güzəşt etməyib. Vaqonları Səyyad, o, Məcnun boşaltmışlar. Rövşən bəy ona olan borcundan əlavə ondan pul istəməyib və ya hər hansı faiz söhbəti olmayıb. Aralarında borclarını dollarla da, manatla da yazanlar var idi. Rövşən bəy və ya yanında gətirdiyi vəkil borcları yazarkən onlara heç bir təsir etməyiblər. Səyyadla sonradan olan söhbətlərində o, yazdığı borcun müəyyən hissəsinin Davudun olduğunu demişdi, bunu Səyyadın deməsinə əsasən bilir, bu barədə Davud ona heç nə deməyib. Məzənnənin qalxması ilə bağlı hələ borcun qaldığını eşitmişdir. Polisdə verdiyi izahatı təsdiq edir.
12. Birinci instansiya məhkəməsində şahid X2 ifadəsində bildirmişdir ki, o, Dərnəgüldə taxta obyektində fəhlə işləmişdir. Səyyad bəyi oradan tanıyır. Orada o, fəhlə, Səyyad bəy taxta satıcısı işləyirdi. Rövşən bəy də axşama qədər nə qədər taxta satılırdısa, gəlib pulu götürüb gedirdi. Orada bəzi taxtalar istifadəyə yararsız oldu, onların geri qaytarılmasında iştirak etməmişdir. Təxminən 2-3 il orada işləmişdir. 2014-cü ildən 2020-ci ilə qədər o, Səyyad bəylə işləmişdir. 2020-ci ildən sonra onunla işləməmişdir. Orada işlədiyi müddətdə pulu götürməyə ya Rövşən bəy özü, ya oğlu ya da sürücüsü gəlirdi. Özü Səyyad bəy tərəfindən Rövşən bəyə 1000 ABŞ dolları, 2000 ABŞ dolları, 800 ABŞ dolları, 1500 ABŞ dolları verildiyini görmüşdür. 1000 ABŞ dollarını iki dəfə vermişdir. Bu məbləğləri dollarla da, manatla da verirdi. Manatla verilən məbləğləri dəqiq bilmir. Bu məbləğləri onun yanında sayıb verib. Başqa məbləğlər verilib, amma gördükləri bunlardır. Səyyad bəyin yanında işləmişdir. Maaşını günlük almışdır, ondan başqa da fəhlələr işləyirdi, saylarını bilmir. Nicat və digər fəhlələr var idi. Rəsmi əmək müqaviləsi yox idi.
13. Birinci instansiya məhkəməsində şahid X3 ifadəsində bildirmişdir ki, Səyyad onun qardaşıdır, Rövşən bəy onlara orada taxta satmaq üçün mal verən adam idi. Özü də daima orada olurdu, özünə və ya oğluna pullar vermişlər. Səyyadın Rövşən bəyə nə qədər pul qaytardığını bilmir. Pulları içəridə oturub danışıb verirdilər. Məbləğ və tarixləri bilmir. 2014-2017-ci illərdə bir yerdə işləmişlər. Özü Rövşənə və iki dəfə də oğluna 350, 500, 1000, 700-800 manat vermişdir. Həmin vaxt nə qədər taxta verildiyi yadında deyil. Onunla birgə işçilər Nicat, Tapdıq, Dəyanət olub. Dəyanət ondan sonra işləməyə başlayıb. 2014cü ildən obyekt açılandan bu işçilər orada işləməyə başladılar. Onların nə vaxta qədər orada işlədiklərini bilmir. Rövşənə və iki dəfə də oğluna 350, 500, 1000, 700-800 manat verilmə tarixi yadında deyil. Bu pulları onlara verərkən yanında elə bu üç işçi olmuşdur. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
16. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
17. Maddə 439.1. Pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
18. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.
19. Maddə 439.7. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.
20. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.
21. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
22. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.
23. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.
24. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
26. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
27. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
28. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
29. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
30. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
31. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
40. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
41. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
45. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən - iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında taxtaşalbanın nisyə alqı-satqısına dair münasibətlər olmuş, iddiaçının cavabdehdən tələb etdiyi hazırkı borc məbləği də həmin münasibətlər nəticəsində yaranmışdır.
49. Hazırkı iş üzrə iddiaçı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərara və cavabdehin yazdığı qəbzə istinad edərək, sonuncunun ona 104.200 ABŞ dolları məbləğində borcunun olmasını iddia etmişdir.
50. Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı Rusiya istehsalı olan taxta materialına görə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları borcunun olduğunu etiraf edir. Həmin borc məbləğini ağlabatan müddətdə ödəməyi öhdəsinə götürür.
51. Bundan başqa, rayon məhkəməsi tərəfindən cavadehin təqdim etdiyi kitabçaya baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 30.01.16 veriləcək 112.125 $ yaşıl rəngli qələmlə imza 156 $ 31.01.16. R. 625 $ 01.02.16 R. Fərq 7234 $ 02.16.12 = q. 104.110 $ 886 $ (06.02.16) = q. 103.224 $ yaşıl rəngli qələmlə imza 06.02.16
52. Rayon məhkəməsində tərəflərin izahatı ilə cavabdehin borcdan ödədikcə aralarında haqq- hesab apardıqları dəftərdə qeydiyyat aparmaları, hər dəfə ödəniş ediləndə iddiaçı tərəfindən yaşıl rəngli qələmlə borcun verilmsəsini təsdiq edən imza edildiyi müəyyən edilmişdir. İddiaçının imzası ilə təsdiq edilən sonuncu dəfə iddiaçının imzası ilə aparılan ödəniş, yəni 886 ABŞ dolları xx.xx.2016-cı ildə edilmiş və qalıq borc kimi 103.224 ABŞ dolları qeyd edilmişdir.
53. Cavabdeh sonradan həmin qalıq məbləği də ödədiyini qeyd etsə də, bunun təsdiqi kimi sübut təqdim edmədiyindən, eləcə də qeyd kitabında iddiaçının buna daair imzası olmadığından, rayon məhkəməsi iddia tələbini qismən, məhz 103.224 ABŞ dolları hissədə təmin etmişdir.
54. Cavabdeh apellyasiya şikayətində həmin qalıq borcu da ödədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də, etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun qaytarılmasını cavabdeh sübut etməlidir. MM-in 529.1-ci maddəsinin tələbinə görə borclunun tələbi ilə kreditor icranın tamamilə və hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Cavabdeh belə bir sənəd təqdim edə bilmədiyindən apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
55. Məhkəmə kollegiyası hazırkı mübahisəyə kommerasiya məhkəməsində baxılmalı olması barədə şikayətin dəlilinə münasibətdə isə qeyd edir ki, rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qüvvədə olan qərardadı ilə həmin məsələyə münasibət bildirilmişdir. Eyni zamanda, MPM-in 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, işə kommersiya məhkəməsində baxılması üçün şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri-bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Aparılan araşdırmalarla hazırkı iş üzrə cavabdehin VÖEN-in olduğu müəyyən olunsa da, iddiaçının VÖEN-nin olmadığı müəyyən edilmişdir. Demək ki, işə kommersiya məhkəməsində baxılması üçün subyekt tərkibi ilə bağlı meyar ödənilmir, odur ki, hazırkı işə kommersiya məhkəməsində baxılması barədə apellyasiya şikayətinin dəlili də əsassızdır.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin borcun 46.520 ABŞ dollarının D.Qarayevə məxsus olması barədə dəlili üzrə qeyd edir ki, Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı Rusiya istehsalı olan taxta materialına görə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları borcunun olduğunu etiraf edir. Həmin borc məbləğini ağlabatan müddətdə ödəməyi öhdəsinə götürür. Göründüyü kimi, cavabdeh həmin qəbzdə 104.200 (yüz dörd min iki yüz) ABŞ dolları borcun bir hissəsinin başqasına mənsub olması barədə hər hansı qeyd-şərt göstərməmişdir. Demək ki, həmin dəlil də əsassızdır.
57. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, araşdırma zamanı cavabdeh özünün yazılı sənədlə təsdiq etdiyi borcu tam olaraq qaytardığını, eləcə də həmin borcun bir hissəsinin başqa şəxsə aid olduğunu bildirməsinə baxmayaraq, bunu sübuta yetirə bilmədiyindən, apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir və təmin edilə bilməz. Nəticə:
59. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
60. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
61. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
62. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-1712/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.