Məhkəmə qərarları › İş №2(103)-6069/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6069/2020

17.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6069/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, Cavabdeh1 ASC-nin nümayəndəsi Gasan Guseinovun iştirakı ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı “subroqasiya qaydasında pul tələbinə dair” iddiası üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(004)-2747/2020 saylı qətnaməsindən cavabdeh ASC tərəfdən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxxxxxx” ASC cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1427 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxxxxxxxxxxx” ASC-də xx.xx.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Samand Soren” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində - xx.xx.2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Hyundai Sonata” markalı **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yasamal DYPŞnin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra o, hadisə yerini tərk etmiş, həmçinin avtomobili etibarnamə olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə əlaqədar 1427 manat məbləğində sığorta ödənişi verilmişdir. Avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 ASC-yə məxsus olduğundan və Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyindən zərərin əvəzi cavabdehlərin hər ikisindən tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(004)- 2747/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 1427 manat məbləğində pul və ödənilmiş 30,40 manat dövlət rüsümunun tutularaq, iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 ASC tərəfdən apellyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi və sığorta ödənişinin Cavabdeh1 ASC-dən tutulması hissəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinə görə məhkəmə qətnaməni qəbul edərkən iş materiallarını düzgün araşdırmamışdır. Cavabdeh2 İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. İXM-nin 327.6-cı maddəsindən göründüyü kimi Cavabdeh2 avtomobili idarə etmə hüququnun olmamasına görə yox, hadisə yerindən yayındığına görə protokol tərtib olunmuşdur. Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixdə “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlanmış və sözügedən avtomobil Cavabdeh2 müvəqqqəti sahiblik və istifadəsinə verilmişdir. Şirkət tərəfindən Cavabdeh2 lizinq obyekti olan avtomobilin idarə olunmasına dair etibarnamə də verilmişdir. Məhkəmə tərəfindən göndərilmiş bildiriş və iddia ərizəsi xx.xx.2020-ci il tarixdə daxil olmuş, xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz və əlavə olunmuş sənədlər məhkəməyə təqdim olunsa da, məhkəmə artıq qətnamə qəbul edildiyini və apellyasiya şikayətinin verilməsinin mümkünlüyünü bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh ASC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdeh (nümayəndələri) isə məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Odur ki, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini qətnamənin Cavabdeh1 ASC-yə münasibətdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh1 ASC-yə aid hissədə ləğv edilərək, iddia tələbi ona aid hissədə rədd edilməlidir. İşin müəyyən olunmuş hallarına əsasən, “xxxxxxxxxxxx” ASC-yə məxsus “Samand Soren” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “xxxxxxxxxxxxx” ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən icbari sığorta növü üzrə sığortalanmışdır. Cavabdeh2 idarə etdiyi “Samand Soren” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X2 tərəfindən idarə olunan “Hyundai Sonata” markalı **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Cavabdeh2 İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə inzibati tənbeh tətbiq edilmişdir. Sığorta aktından görünür ki, “Hyundai Sonata” markalı avtomobilə dəymiş ziyan 1427 manat müəyyənləşdirilmiş və iş materiallarında olan ödəniş tapşırından göründüyü kimi, “xxxxxxxxxxxxx” ASC tərəfindən X1 1427 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda iddiaçı həmin sığorta ödənişini avtomobil mülkiyyət hüququ əsasında Cavabdeh1 ASC-yə məxsus olduğundan və Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyindən cavabdehlərin hər ikisindən tələb edir. Birinci instansiya məhkəməsi Cavabdeh2 yol-nəqliyyat hadisəsi baş verdiyi zaman hadisə yerindən yayındığından, onun avtomobili etibarnamə olmadan idarə etdiyi qənaətinə gələrək iddianı təmin edərək, sığorta ödənişini cavabdehlərin hər ikisindən tutmuşdur. Kollegiya hesab edir ki, iddia tələbi “xxxxxxxxxxxx” ASC-yə aid hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan “xxxxxxxxxxxx” ASC tərəfindən verilmiş xx.xx.2018ci tarixli etibarnamədən görünür ki, Cavabdeh2 ondan ötrü verilmişdir ki, tərəflər arasında bağlanmış “X3” əsasında lizinqə ona verilmiş “Samand Soren” markalı **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Etibarnamə xx.xx.2018-ci il tarixidə daxil olmaqla etibarlıdır. “İcbari sığortalar haqqında” Qanunun 63.1-cü maddəsinə əsasən həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsiredən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi avtomobilin mülkiyyətçisi olan “xxxxxxxxxxxx” ASC qanuni əsaslarla, yəni lizinq müqaviləsinə əsasən etibarnamə ilə avtomobilini Cavabdeh2 vermiş və yol-nəqliyyat hadisəsi baş verən zaman Cavabdeh2 verilmiş etibarnamə qüvvədə olmuşdur. Belə olan halda, subroqasiya qaydasında sığorta ödənişinin “xxxxxxxxxxxx” ASC-dən də tutulması qanunvericiliyin tələbinə əsasən yolverilməzdir. Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməyə görə yox, hadisə yerindən yayınmağa görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməklə, qətnamə ASC-yə aid hissədə ləğv edilməklə, iddia tələbi ona aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh “xxxxxxxxxxxx” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2747/2020 saylı iş üzrə xx xxx 2020-ci il tarixli qətnaməsi qismən (mübahisələndirilən) - cavabdeh “xxxxxxxxxxxx” ASCyə aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar