Məhkəmə qərarları › İş №2(103)-6070/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6070/2020

07.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6070/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh X5 iştirakları ilə İddiaçı cavabdeh X6 qarşı “borcun tutulması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1805/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X6 qarşı “borcun tutulması və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 75.400 manat borc, 40.600 manat maddi zərərin əvəzi və ödənilmiş 30 manat olmaqla, cəmi 116.030 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh X8 usta kimi İddiaçı evində təmir və mebel quraşdırma işlərini aparmışdır. 2014-cü ilin yanvar ayında cavabdeh iddiaçıdan 3 ay müddətinə qaytarmaq şərti ilə 26.000 manat borc pul almışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh R.Mirzəyev “xxxxxxxxx” ASC-nin Xəzər filialından kredit götürmüşdür və kreditin təminatı kimi, bacısı X3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki 201 nömrəli evin 31 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bununla bağlı iddiaçıya bildirmişdir ki, onun banka ödənilməmiş 17.695 manat borcu var. İpoteka predmeti olan mənzil isə açıq hərracdan satılsa, ucuz qiymətə satılacaqdır. Bu səbəbdən, cavabdeh banka olan borcunu bağlamaq və mənzili ipoteka yüklülüyündən azad etmək üçün iddiaçıdan əlavə 18.000 manat pul borc istəmişdir. İddiaçı cavabdehin bacısı ilə görüşək, bu məsələnin doğru olub-olmaması barədə məlumat almaq istəmişdir. Məsələnin doğru olduğunu öyrənəndən sonra iddiaçı şəxsən cavabdehin banka olan borcunu bağlamışdı və mənzili ipotekadan azad etmişdir. xx.xx.2014-cü il tarixdə iddiaçı öz avtomobilində Sevil Mirzəyevaya 14.000 manat pul vermişdir. S.Mirzəyeva isə mənzili 1 ay müddətində satacağını və əldə olunacaq pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan borcunu tam bağlayacağını bildirmişdir. Müəyyən müddət keçəndən sonra, cavabdeh və onun bacısı iddiaçıya təklif etmişlər ki, mənzilə dair iddiaçının adına etibarnamə verilsin və borca verdiyi pul əvəzinə ona əlavə illik 10 faiz vəsaiti ödəsinlər. İddiaçı bununla razılaşaraq Sevil Mirzəyevanın verdiyi etibarnamə əsasında mənzili öz həyat yoldaşının adına rəsmiləşdirilmişdir ki, borcunu geri alandan sonra mənzili geri qaytarsın. Bir müddət küçəndən sonra iddiaçı cavabdehə 75.400 manat borcu yarandığını xatırlatmışdır. Lakin cavabdehin bacısı Sevil Mirzəyeva 2017-ci ilin aprel ayında iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə müraciət edərək, İddiaçı həyat yoldaşı ilə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı isə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Sevil Mirzəyevadan 75.400 manat borc, 40.600 manat maddi zərərin əvəzi olamaqla, cəmi 116.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-8871/2017 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki 201 nömrəli evin 31 nömrəli mənzilə dair Bakı şəhəri 9 saylı xüsusi X10 Məhəmməd Əhməd oğlu ilə X12 arasında bağlanmış xx.xx.2014-cü tarixli alqı-satqı müqaviləsi və X9 aıdna verilmiş çıxarış etibarsız hesab edilmiş, X1 60.000 manat borc və 10.500 manat maddi zərər olmaqla, cəmi 70.500 manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki 201 nömrəli evin 31 nömrəli mənzilə dair X3 mülkiyyət hüququ bərpa edilməsi ilə X4 cəmi 70.500 manat pul tutularaq İddiaçı ödənilməsi eyni vaxta icra edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-9739/2019 nömrəli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(008)-8871/2017 nömrəli qətnaməsi - “X1 60.000 manat borc və 10.500 manat maddi zərər olmaqla, cəmi 70.500 manat pul tutularaq İddiaçı ödənilməsi, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki 201 nömrəli evin 31 nömrəli mənzilə dair X3 mülkiyyət hüququ bərpa edilməsi ilə X4 cəmi 70.500 manat pul tutularaq İddiaçı ödənilməsi eyni vaxta icra edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. Məhkəmə aktlarında göstərilmişdir ki, İddiaçı müvafiq olaraq onun qarşısında öhdəlik daşıyan şəxsi müəyyən edərək, tələb irəli sürmək hüququna malikdir. Göründüyü kimi, hazırkı mübahisədə əsl borclu X7r. Bakı şəhəri Yasamal rayon Мəhkəməsinin 2(004)-1805/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X2 28.695 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 28.725 (iyirmi səkkiz min yeddi yüz iyirmi beş) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnam qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla əlavə olaraq bildirmişdir ki, digər məhkəmə prosesslərində şahid qismində dindirilərkən cavabdeh ona 42 000 manat borcu olduğunu bildirmiş, hazırki iş üzrə cavabdeh qismində izahat verərkən isə guya həmin məbləğin iddiaçının evində görülmüş işlərə görə ustalara ödənilmək üçün ona verdiyi zəhmət haqqı və 28 695 manat borcla birlikdə 42 000 manat olduğunu göstərmişdir.Birinci instansiya məhkəməsi isə əsassız olaraq cavabdehin sonradan izahatını dəyişməsini nəzərə almadan iddia tələbini qismən təmin etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şiakyətinin məzmununa uyğun uzahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, digər məhkəmə proseslərində şahid qismində dindirilərkən 42.000 manat pul almasını etiraf etməsini onunla izah edir ki, həmin məbləğ iddiaçının evində görülmüş işlərə görə ustalara ödənilmək üçün ona verdiyi zəhmət haqqı və 28.695 manat borcla birlikdə 42.000 manat olduğunu nəzərə almaqla, 42.000 manat pul aldığını qeyd etmişdir. 42.000 manatın müəyyən hissəsini görülmüş təmir işləri, tikinti malları və ustaların xidmət haqqı üçün almışdır. Onun iddiaçıya cəmi 28.695 manat borcu vardır. Bundan başqa hər hansı məbləğdə pul almamış və borca görə 10 faiz əlavə pul ödəməyi öhdəsinə götürməmişdir Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları, tərəflərin izahatları və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilir ki, cavabdeh X8 İddiaçı evində usta işləməklə təmir və mebel quraşdırma işlərini aparmışdır. Cavabdeh X8 iş üçün “xxxxxxxxx” ASC-nin Xəzər filialından 20.000 manat kredit götürmüş və kreditin təminatı kimi bacısı X3 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov küçəsindəki 201 nömrəli evin 31 nömrəli mənzili bankın qarşısında ipoteka ilə yüklü etmişdir. R.Mirzəyev iddiaçının evində təmir işləri apararkən iddiaçıdan 6.000 manat borc almış, cavabdehin xahişi ilə iddiaçı onun tanışına isə 5.000 manat borc vermişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)-9739/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə sübuta yetirilmişdir ki, iddiaçı cavabdehin əvəzindən “xxxxxxxxx” ASC-nin Xəzər filialına xx.xx.2014-cü il tarixdə 17.865 manat borcunu ödəmişdir. İddiaçı cavabdehə 11.000 manat borc vermiş və cavabdehin əvəzində 17.865 manat borcu banka ödəməklə, cəmi 28.695 manat borc vermişdir, yəni cavabdehin iddiaçıya cəmi 28.695 manat borcu vardır. İddiaçı cavabdehə 28.695 manatdan artıq məbləğdə borc pul verməsini, həmçinin borcu 10 faiz əlavə pul qaytarılması şərti ilə verdiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Yəni, iddiaçının cavabdehə əlavə 46.705 manat borc verməsi və cavabdehin iddiaçıya 40.600 manat maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyini nəticə ilə razılaşsa da, onu qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya cəmi 28.695 manat borcunun olduğu nəticəsinə yalnız cavabdehin iddianı qismən etiraf etməsinə əsaslanaraq gəlməkdə səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan qanuni qüvvəsini almış Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə şahid qismində dindirilmiş (hazırki iş üzrə cavabdeh) X8 ifadəsində bildirmişdir ki, İddiaçı 2014-cü ilin aprel ayında 42 000 manat almış və bugünkü günə kimi qaytarmamışdır. Kollegiya qeyd edir ki, cavabdeh Sabunçu Rayon Məhkəməsində şahid qismində dindirilərkən 42 000 manat borc aldığını etiraf etmiş və həmin vaxt bu pulun bir hissəsinin onun zəhmət haqqı olduğunu irəli sürməmişdir; hazırda isə həmin məbləğin yalnız 28695 manatının borc məbləği olması qalan məbləğin isə ona zəhmət haqqı kimi verilməsini irəli sürmüşdür. Kollegiya cavabdehin göstərdiklərini inandırıcı hesab etmir. Belə ki, o, ilk dəfə şahid qismində dindirilərkən 42 000 manatı borc aldığını etiraf etmiş və həmin məbləğin bir hissəsinin əmək haqqı kimi ona verilməsi barədə heç bir mülahizə irəli sürməmişdir. Cavabdeh həmin məbləğin bir hissəsinin əmək haqqı kimi ona verilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan borcun məbləği hissəsində ləğv edilməli və cavabdehdən iddiaçının xeyrinə 42 000 manat borcun tutulması müəyyən edilməlidir. İddia tələbinin maddi ziyanla bağlı hissəsinə dair kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona maddi zərərin vurulması barədə heç bir sübut məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Yuxarıda gösətirlənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin “cavabdeh X2 28.695 manat borcun tutularaq İddiaçı ödənilməsi” hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək cavabdeh X2 42 000 manat borcun tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Мəhkəməsinin 2(004)-1805/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehdən tutulmalı borcun məbləğinin müəyyən edilməsi hissəsində hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh X2 42 000 (qırx iki min manat) manat borc tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar