Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6071/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili X2 iştirakı ilə Nümayəndə Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Nümayəndə Sığorta Şırkətı Açıq Səhmdar Cəmıyyəti (ASC) Cavabdeh1 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ** TG *** dövlət nömrə nişanlı “xxxx” markalı avtomobilin sahibinin mülki məsuliyyətinin ASC-də sığortalandığını, 13.05.2015-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan həmin avtobusu etibarnaməsiz idarə edən Cavabdeh2 yol hərəkət qaydalarını pozaraq Bakı şəhəri, Qaradağ rayonu ərazisində piyada X5 vurub onun ölümünə səbəb olduğunu, Cavabdeh2 Qaradağ Rayon Məhkəməsinin 19.01.2017-ci il tarixli hökmü ilə CM-in 263.2-ci maddəsi əsasında cinayət məsuliyyətinə cəlb olunduğunu, hadisə nəticəsində vəfat etmiş X4 həyat yoldaşına 5000 manat sığorta ödənişi ödənildiyini bildirmiş, yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 avtomobili etibarnaməsiz idarə etdiyi üçün 5000 (beş min) manat sığorta ödənişi məbləğini və ödənilmiş 30,4 (otuz manat 40 qəpik) manat məhkəmə rüsumunun, yəni cəmi 5030,4 (beş min otuz, 40) manatın cavabdehlərdən birgə qaydada ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh2 verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2020-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, qətnamə adı çəkilən şəxsə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Sonradan qətnamədən Cavabdeh1 da apellyasiya şikayəti vermiş, şikayətini işə iştirakı olmadan baxıldığı, ** TG *** dövlət nömrə nişanlı “xxxx” markalı avtomobil 14.11.2016-cı il tarixdə onun mülkiyyətinə keçdiyi halda, 13.08.2015-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə məsuliyyət daşımasının mümkünsüz olduğu, məhkəmənin işi araşdırmadan qərar verdiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən apellyatorun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, iddiaçı ASC-nin nümayəndəsi və digər cavabdeh isə məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin “5000 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun,yəni cəmi 5030,40 manatın həmçinin Cavabdeh1 tutulması” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü Cavabdeh1 qətnaməni məhz həmin hissədə mübahisələndirmiş, qətnamənin digər cavabdehə aid hissəsi isə əvvəllər onun verdiyi apellyasiya şikayəti əsasında yoxlanılmışdır. Kollegiya Cavabdeh1 nümayəndəsinin izahatını bu kontekstdə dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “5000 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun, yəni cəmi 5030,40 manatın həmçinin Cavabdeh1 Nümayəndə Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması” hissəsində ləğv edilərək iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, mülkiyyətçisi X1 olan “xxxx” markalı ** TG *** dövlət nömrə nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti Nümayəndə Sığorta Şirkəti ASC tərəfindən 18 mart 2015-ci il tarixdən 18.03.2016-cı il tarixinədək sığortalanmış, 13.08.2015-ci il tarixdə avtomobil Cavabdeh2 idarəetməsində olarkən sonuncu, X4 ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, hadisə baş verdikdən sonra Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi məlum olmuş, yol nəqliyyat hadisəsinə görə o məhkum edilmiş, Fikrət Hüseynovun ölümünə görə onun həyat yoldaşına 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi avtobusun Cavabdeh1 mülkiyyətində olduğuna və onun Cavabdeh2 tərəfindən etibarnaməsiz idarə edilmiş olmasına istinadla müvafiq nəticəyə gəlmiş, qənaətini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsi, habelə Mülkü Məcəllənin 936-cı, 1096-cı, 1097-ci, 1108-ci və 1114.1-ci maddələri ilə əsaslandırmışdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə, müəyyən etdiyi hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normasını düzgün təfsir etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə isə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə isə, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İş materiallarından göründüyü və birinci instansiya məhkəməsinin də müəyyən etdiyi kimi, “DAEWOO BS090 AVTOBUS” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil 14.11.2016-cı il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, sığorta ödənişinin verilməsinə əsas təşkil edən yol-nəqliyyat hadisəsi isə 13.08.2015-ci il tarixdə baş vermişdir. Buna görə də kollegiya hesab edir ki, Cavabdeh1 “DAEWOO BS090 AVTOBUS” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin (yüksək təhlükə mənbəyinin) vurduğu ziyandan məsuliyyət daşıyan şəxs kimi qiymətləndirmək mümkün deyildir və iddiaçının iddia tələbi ona münasibətdə təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-899/2020 saylı iş üzrə 18 mart 2020-ci il tarixli qətnaməsi “5000 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun, yəni cəmi 5030,40 manatın həmçinin Cavabdeh1 Nümayəndə Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması” hissəsində ləğv olunsun. Nümayəndə Sığorta Şirkəti ASC-nin Cavabdeh1 qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6071/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6071/2021
01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver