Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6073/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddaçı İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2916/2024 nömrəli 03 sentyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 noyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xx.xx.2020-ci il tarixli e-2(006)-1762/2020 saylı icra sənədinə əsasən 4.951,82 manat əsas borc, 444,56 manat faiz, 200 manat cərimə olmaqla, cəmi 5.5996,38 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməli, 145 manat ekspertiza xərci cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir.
2. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubuna əsasən icra sənədinə əsasən 5.5996,38 manat pul vəsaiti və ödənilmiş 30 manat Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməli olması səbəbindən xx.xx.2021-ci il tarixdə borclunun əmək haqqından hər ay 40 faiz miqdarında pulun tutularaq tələbkarın bank hesabına ödənilməsi üçün müraciət olunmuşdur. Borclu İddiaçı əmək haqqından 25 faiz miqdarında tutulması xahiş edilmişdir.
3. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubu ilə icra sənədi üzrə borc ödənildiyindən, İddiaçı əmək haqqından tutulmaların dayandırılması xahiş edilmişdir.
4. "xxxx" MMC “GHC” filialının maliyyə məsələləri tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə ünvanlanmış arayışa görə kreditin tutulması dayandırılmış və tutulmuş məbləğ - 3324.7 manat göstərilən hesaba ödənilmişdir.
5. xx.xx.2022-ci il tarixli 9513 nömrəli və xx.xx.2022-ci il tarixli 9614 nömrəli qəbzlərə görə müştəri Cavabdeh adına "xxxx" BOKT hesabına 3230 və 203 manat mədaxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair icra sənədinin icrası ilə əlaqədar olaraq onun əvəzindən ödəniş terminalı vasitəsi ilə ödədiyi 3433 manat pul və əmək haqqından tutulan 3324 manat məbləğində pul, həmçinin icra ödənişinə görə ödədiyi 393 manat olmaqla, cəmi 7150 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 320 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 106 manat, həmçinin, dəymiş ziyana görə 1000 manat olmaqla, cəmi 8576 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə dostluq münasibətlərində olduğu Cavabdeh BOKT "xxxx" MMC-dən 8000 manat məbləğində kredit götürərkən o, da zamin olaraq kredit müqaviləsinə imza etmişdir. Bir müddət sonra Cavabdeh tərəfidən kredit borcunun ödənilməsi dayandırıldığına görə Kredit təşkilatı tərəfindən məhkəməyə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1762/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh və ondan müştərək qaydada 4951,82 manat əsas borc, 444,56 manat faiz borcu və 200 manat cərimə olmaqla 5596,38 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 145 manat ekspertiza xərcinin tutularaq ödənilməsi qət edilmişdir. İcra məmuru iş üzrə əsas borclu Cavabdeh ƏN PX-nin Cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bildirərək icra sənədi üzrə borc məbləği olan 5596,38 manat pul, 30 manat dövlət rüsumu, 145 manat ekspertiza xərci və icra ödənişinə görə ümumi məbləğin 7 faizi miqdarında olmaqla 393 manat məbləğində icra ödənişinin bütünlüklə onun əmək haqqına yönəldilməsi barədə qərar qəbul etmişdir və icra vərəqəsi icra edilməsi üçün iş yerinə göndərilmişdir. Hər ay əmək haqqından tutulmalar olduğuna görə maddi sıxıntıları yaranmışdır. Bu səbəbdən də borcu tez ödəyib bağlayıb, barəsində olan icra sənədinin icraatına tez bir zamanda xitam verilməsinə nail olmaq üçün 25 aprel 2023-cü il tarixdə “Bank Avrasiya”dan 9000 manat məbləğdə kredit götürərərək xx.xx.2022-ci il tarixdə 3230 manat və xx.xx.2022-ci il tarixdə 203 manat pulu Cavabdeh adından e-manat ödəniş terminalı vasitəsi ilə tələbkarın xeyrinə ödəmişdir. Ödəniş qəbzləri ilə Nəsimi rayon İcra şöbəsinə gedərək barəsində olan icra sənədinin xitam olunmasını və əmək haqqından tutulmaların dayandırılmasını xahiş etdikdə, ondan 393 manat məbləğində icra şöbəsinin də ödənilməsi tələb olunmuşdur, icra məmurunun “İcra ödənişinin alınması” barədə Qərarına əsasən 393 manat məbləğində icra ödənişini də ödəyib qəbzini icra məmuruna təqdim etmişdir. Bundan sonra İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə əmək haqqından tutulmalar dayandırılmışdır. Əmək haqqından tutulmalarla bağlı iş yerindən icra şöbəsinə göndərilən arayışda onun əmək haqqından cəmi 3324,70 manat məbləğində pulun tutularaq icra sənədi üzrə borca ödənildiyi bildirilmişdir. BOKT "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli arayışına əsasən kredit borcunun tam olaraq ödənildiyi təsdiq olunmuşdur. Krediti götürən şəxs Cavabdeh öhdəliyini yerinə yetirib kredit borcunu ödəmədiyinə görə kredit borcunu zamin olaraq məcburən o, ödəməli olmuşdur. Borcu bir dəfəyə ödəyib barəsində olan icra sənədinə xitam verilməsi məqsədi ilə Bank Avrasiyadan 9000 manat məbləğdə kredit götürərək həmin banka da faiz ödəmişdir. Həmçinin əmək haqqından hər ay tutulmalar icra sənədinin icrasına yönəldiyinə görə bu müddətdə maddi cəhətdən ehtiyaclarını ödəməkdə çətinlikləri olması səbəbi ilə mənəvi cəhətdən də sarsıntılar keçirmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 sentyabr 2024-cü il tarixli 2(006)-2916/2024 nömrəli qətnaməsi ilə (hakim Nail Abbasov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 4986.7 manat, hüquqi xidmətə görə 320 manat və ödənilmiş dövlət rüsumuna görə 76 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan 30 manatının iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin kredit öhdəliyinin zamin, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunur. Odur ki, iddiaçı ödədiyi məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Lakin, məhkəmə cavabdehdən tutulmalı olan pul məbləğinin iddiada göstərilən məbləğdə tutulması ilə razılaşmayaraq, tələbin ödənilməli olan məbləğdən artıq olması qənaətinə gəlmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, Nəsimi rayon İcra şöbəsinin iddiaçının çalışdığı quruma göndərdiyi məktubla müəyyən edilir ki, icra sənədi üzrə borc tamamilə ödənilmiş, məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh isə borcun bütünlüklə iddiaçı tərəfindən ödənilməsini etiraf etmişdir. Beləliklə, 5771.38 manatın iddiaçı tərəfindən ödənilməsi mübahisələndirilmir. İddiaçı tərəfindən təqdim edilən sənəd və sübutlarla müəyyən edilir ki, 3324.7 manat əmək haqqından tutulmaqla və 3433 manat Cavabdeh hesabına kredit borcu üzrə terminal vasitəsi ilə ödənilməklə, iddiaçı tərəfindən cəmi 6757.7 manat ödənilmişdir. Lakin, cavabdeh öz izahatında bildirmişdir ki, kredit götürülən zaman İlkinə 1000 manat, sonradan isə hissə-hissə 1771 manat pul vermiş, onun iddiaçıya 02 iyul tarixdə keçirilən məhkəmə iclasında verdiyi izahata görə 3771.38 manat, 12 iyul tarixdə olan məhkəmə iclasında verdiyi izahata görə isə 3393 manat borcu qalmışdır. Cavabdeh öz dəlillərini məhkəməyə təqdim etdiyi ödəniş terminalı qəbzləri və “whatsapp” sosial şəbəkəsi yazışmalarından edilmiş çıxarışlarla sübut etməyə çalışmışdır.
11. İddiaçı tərəfindən “Whatsapp” sosial şəbəkəsi yazışmasında “Emil mene cemi 2 defe pul verib. 700bir sennen gelmiwdi heyetde. Sonrada 1 defe 500 verib. İndide sen verdin 500. Cemi 1700 pul vermisiz” ifadə edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində 66 manatın, 500 manatın “416973******8825” nömrəli kart hesabına və 505 manatın isə yazışmada iddiaçı tərəfindən köçürülmə aparılması üçün əks olunmuş Fərid Məmmədov adına olan “510307******1082” kart hesabına, ümumilikdə 1071 manatın kart hesablarına köçürülməsi əks olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdeh tərəfindən cəmi 571 manatın ödənilməsini etiraf etsə də, məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilən məbləğin 1771 manat olması qənaətinə gəlir. Cavabdeh kredit götürülərkən iddiaçıya 1000 manat verməsinə dair sübutu məhkəməyə təqdim edə bilməmişdir.
12. Məhkəmə iddia tələbinin “393 manat icra ödənişinə görə ödədiyi məbləğin tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu məbləğin ondan tutulmasına dair heç bir sübutu məhkəməyə təqdim etməməklə, tələbini əsaslandıra bilməmişdir.
13. Beləliklə də, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2(006)-1762/2020 saylı icra sənədi üzrə iddiaçıdan tutulan məbləğin müqabilində cavabdehdən 4986.7 (6757.7-1771=4986.7) manat alınaraq İddiaçı ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 470.1, 472.2, 475.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 95.1, 95.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ondan 3855.38 manat alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixlie-2(006)-1762/2020 saylı icra sənədi üzrə tutulmalı olan borc cəmi 5.596 manat 38 qəpik pul vəsaiti, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 145 manat məbləğində ekspertiza xərci təşkil edir. Qeyd olunan vəsaitdən 1771 manat məbləğində vəsaitin iddiaçıya ödənilməsini təsdiq edən sübutlar tərəfindən təqdim edilmiş və məhkəmə həmin sübutları qəbul etmişdir. Həmçinin 145 manat ekspertiza xərci heç kim tərəfindən ödənilməmişdir. Hesablamalara görə (5596.38+30=5626.38) manat vəsait icra vərəqəsinə görə və həmin məbləğdən ödənilmiş 1771 manat çıxıldıqda yekun olaraq 3855,38 manat borc vəsaiti qalmışdır. Lakin məhkəmə əsassız olaraq iddiaçı tərəfindən səhvən ödənilmiş 6757.70 manat sübut qismində qəbul etmişdir. Belə ki, həmin məbləğ icra vərəqəsində göstərilən məbləğdən artıq təşkil edir və həmin məbləğin icra məmurun səhvi nəticəsində iddiaçının əmək haqqından artıq tutulub. Hesab edir ki, dövlət qurumunun səhvi nəticəsində artıq tutulmuş məbləğ ondan tutulmamalıdır. Həmçinin məhkəmə tərəfindən ondan vəkil xidmətinə və ödənilmiş dövlət rüsumuna görə tutulmanın aparılması ilə razı deyil. Hazırki iş üzrə məhkəmə düzgün hesablamalar aparmamış və dövlət qurumunun səhvi nəticəsində artıq ödənilmiş 1131,70 manat vəsaitin ondan tutulması barədə qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən iddiaçı qeyd etdi ki, 145 manat ekspertiza xərcini ödəmiş və bu barədə qəbzi icra məmuruna təqdim etmişdir. Artıq tutulmuş pul məbləğilə bağlı isə həmin pulu Bankdan tələb etmiş və bununla bağlı qətnamə qəbul edilmişdir, təxminən 1131 manat verilməlidir.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
20. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
21. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Maddə 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.
23. Maddə 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur.
24. Maddə 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir.
Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
33. Göründüyü kimi Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsi üzrə hazırki iş üzrə iddiaçı zamin qismində cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə zaminlik təminatı vermişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etmədiyinə görə İddiaçı BOKT "xxxx" MMC qarşısında birgə məsuliyyət daşımaqla tələb edilən borcu ödəmişdir.
34. Hazırda iddiaçı reqress qaydada həmin məbləği cavabdehdən tələb edir.
35. İddiaçı müqavilədən irəli gələn öhdəliyini icra etmiş və cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
36. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq Kollegiya qeyd edir ki, tutulmalı olan məbləğ hissəsində qətnamə dəyişdirilməlidir.
37. Belə ki, icra sənədinə əsasən borclulardan müştərək qaydada ümumilikdə 5771.38 manatın (4951.82 manat əsas borc, 444.56 manat faiz borcu, 200 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 145 manat ekspertiza xərci) tutulması qət olunmuşdur.
38. İcra şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan borc İddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.
39. Beləliklə 5771.38 manatın (4951.82 manat əsas borc, 444.56 manat faiz borcu, 200 manat cərimə borcu, 30 manat dövlət rüsumu və 145 manat ekspertiza xərci) iddiaçı tərəfindən ödənilməsi mübahisəsizdir.
40. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, 145 manat ekspertiza xərci heç kim tərəfindən ödənilməmişdir.
41. Artıq qeyd edildiyi kimi icra sənədinə əsasən tutulmalı olan ümumi məbləği təşkil edən 5771,38 manatın tərkibinə 145 manat ekspertiza xərci də daxildir və 5771,38 manatın iddiaçı tərəfindən tam şəkildə ödənilməsi müəyyən edildiyinən, aydındır ki, 145 manat ekspertiza xərci də iddiaçı tərəfindən ödənilmişdir. Bununla bağlı apellyasiya şikayətinin dəlili əsassızdır.
42. Həmçinin müəyyən edilmişdir ki, 1771 manat cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.
43. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, icra məmurun səhvi nəticəsində iddiaçının əmək haqqından artıq tutulmuş məbləğ ondan tutulmamalıdır.
44. Apellyasiya baxışı zamanı iddiaçı artıq tutulmuş məbləğlə bağlı bildirmişdir ki, həmin pulu Bankdan tələb etmiş və bununla bağlı qətnamə qəbul edilmişdir, təxminən 1131 manat verilməlidir.
45. Göründüyü kimi iddiaçının əmək haqqından artıq tutulmuş məbləği iddiaçı bankdan tələb etmişdir.
46. Beləliklə mübahisəsiz olaraq müəyyən edilmişdir ki, 5771,38 manat iddiaçı tərəfindən ödənilmiş, 1771 manat isə cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır.
47. Odur ki, qalan məbləği təşkil edən 4000,38 (5771,38-1771) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2916/2024 nömrəli iş üzrə 03 sentyabr 2024-cü il tarixli qətnaməsi cavabdehdən kredit borcunun ödənilməsinə görə iddiaçı tərəfindən aparılmış ödənişlərin məbləğinə aid hissədə dəyişdirilsin, Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ 4000,38 manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə kassasiya şikayəti verə bilməz.