Məhkəmə qərarları › İş №2(103)-6076/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6076/2024

15.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6076/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-197/2024 nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər keçmiş ər-arvaddır. Nikah xx.xx.1990-cı ildə bağlanıb, xx.xx.2021-ci il tarixli qətnamə ilə pozulub. Mübahisə göstərilən əşyalarla bağlıdır: a) bir tərəfində “1899 q 10 rubley”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qulpsuz 880/900 əyarlı 8,6 qram çəkidə 19 ədəd qızıl sikkə; b) bir tərəfində “1897 q 15 rubley”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qulpsuz 880/900 əyarlı 12,90 qram çəkidə 5 ədəd qızıl sikkə (bundan sonra – qızıllar). 2.Qızıllar iddiaçının ayrıca mülkiyyətidir, tərəflərin münasibəti pozulduqdan sonra cavabdehin sahibliyində qalıb, cavabdeh onları iddiaçıya qaytarmağa borcludur. Bu hallar tərəflərin arasında başqa mübahisəyə dair iş üzrə Nizami Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2021-ci il tarixli 2(007)-1743/2021 nömrəli qətnamə ilə müəyyən edilib və qətnamə qanuni qüvvəyə minib. Ona görə də həmin hallar hazırkı işdə yenidən sübut edilməli deyil. 3.Qızılların naturada qaytarılması mümkün olmayıb. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə qızılların cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunub, qətnaməyə əsasən icra vərəqəsi verilib, naturada qaytarılma mümkün olmadığına, qətnamədən isə qızılların dəyərinin ödənilməsi qət olunmadığına görə qətnamənin icrası mümkün olmayıb. Ona görə də Nizami Rayon İcra Şöbəsinin icra məmurunun “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə” xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədinin məhkəməyə qaytarılması qərara alınıb. 4.Bundan sonra - xx.xx.2023-cü ildə iddiaçı hazırkı iddianı qaldırıb. Birinci instansiya məhkəməsində icraat 5.İddia ərizəsində qızılların dəyəri olan 30.400 manat tələb olunub. 6.Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, qızılların dəyəri kimi 30.150 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. 8.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 9.Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. O, məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirsə də, səhhətinin iclasda iştirak etməyə imkan vermədiyini təsdiq edən sübutu məhkəməyə göndərməyib. Ona görə də işə cavabdehin iştirakı olmadan baxılıb. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Qızılların ümumi dəyəri 2023 və 2024-cü il tarixlərə 30.150 manat təşkil edir. Bu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 6/2014-9/2348 nömrəli ekspert rəyi ilə müəyyən olunub. 11.Qızılların dəyəri zərərin əvəzi kimi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsindən görünür ki, zərər dedikdə, həm də əmlakdan məhrum olma başa düşülür. Odur ki, qızıllardan məhrum olma zərər sayılır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 12.Mülki Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı işin hallarına görə, eyni növlü və keyfiyyətli qızılların verilməsi mümkün deyil, ona görə də zərərin əvəzi pul ilə ödənilməlidir. 13.Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib. 14.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-197/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar