Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-608/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, Alıcanlı-X2 ilə, X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızının iştirakı ilə, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızına qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-8750/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnamədən X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızına qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oktay qızının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 34 saylı evin 33 saylı mənzil onun anasına məxsus olmuşdur. Anası 2010-cu ildə rəhmətə gedəndən sonra həmin ev 2014-cü ildə vərəsəlik hüququna əsasən onun adına keçmişdir. Cavabdehlər onun keçmiş arvadı və qızıdır. Arvadı həmin mənzilə hələ anasının sağlığında istifadə hüququ alsa da, həmin mənzildə bir gün belə yaşamamışdır. Cavabdeh1 məqsədi həmin mənzilə qeydiyyata düşmək olmuşdur. o, həmin mənzilə istifadə hüququ aldıqdan sonra bir gün də olsa orada yaşamamış, həmin mənzildə ona məxsus hər hansı əşya belə yoxdur. Aralarında olan nikah 2005-ci ildə pozulmuş, o, qızı və keçmiş arvadı üçün Zabrat qəsəbəsində ev tikdirmişdir. Nikah pozulandan sonra hazırki vaxta qədər keçmiş arvadı və qızı həmin evdə yaşayırlar. Cavabdehlər formal olaraq, ona vərəsəlik hüququ əsasında məxsus olan evdə qeydiyyatda qalırlar. Bu isə mülkiyyətçi kimi onun hüquqlarını pozur. O, mənzil üzərində sərəncam verə bilmir və əlavə kommunal ödənişlər edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-8750/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan X3 tərəfindən apellyasiya şikayəti və ona əlavə verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilərək, cavabdehlərə 3000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti və ona əlavə iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdehlər 15 ildən artıq müddətdir ki, bu mənzildə yaşamadıqları halda əsassız olaraq pasport qeydiyyatında olmuşlar. Apellyasiya baxışı zamanı X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək Cavabdeh1 həmin ünvanda yaşamaq hüququnun olmamasını, boşandıqları vaxtdan onun orada yaşamadığını bildirmişdir. Buna baxmayaraq cavabdehlərə 3000 manat verilməklə istifadə hüquqlarına xitam verilməsini istəyir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun və qızının mübahisəli mənzilə istifadə hüquqları və qeydiyyata alınmaqları məhkəmə qətnaməsi əsasında olmuşdur. İddiaçı bütün bu illər ərzində onların həmin mənzildən istifadə etməyinə daimi olaraq maneələr yaratmış, bu maneələrin davamı olaraq o, 2017-ci ildə onların mənzilə olan istifadə hüquqlarının itirilməsini xahiş etmiş, lakin məhkəmə onun tələbini təmin etməmişdir. Mənzildən istifadəyə maneələr yaratdığı üçün 2018-ci ildə mənzilə köçürülmələri barədə iddia qaldırmış və onun qızı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmışdır, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Digər Cavabdeh2 Oktay qızı anası Cavabdeh1 izahatı ilə tam razı olduğunu və onun izahatına əlavəsinin olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanındakı 33 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmiş və bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. AZ-1 №055349 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X8 arasında olan nikah ləğv edilmişdir. 31 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 31/725 saylı xx.xx.2017-ci il tarixli arayışından görünür ki, İddiaçı, Cavabdeh1 (2006-cı ildən) və Cavabdeh2 (2006-cı ildən) ünvan 1, mənzil 33 ünvanında qeydiyyatdadırlar. 978528 saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ünvan 1, mənzil 33 ünvanında qeydiyyatdadırlar. İddiaçının iddia ərizəsindən görünür ki, X3 məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Oktay qızının onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənildən istifadə hüquqlarının itirilməsini xahiş etmiş, iddia tələbini cavabdehlərin faktiki olaraq həmin ünvanda yerləşən mənzildə yaşamamaları ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın rədd edilməsi qənaətinə gəlmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququ yaranmış və onların sözügedən mənzilə olan istifadə hüquqlarının itirilməsinə yanız kompensasiyanın ödənilməsi ilə xitam verilə bilər. Buna görə də iddiaçının iddiası təmin olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İş materiallarından müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən 35 saylı evin 33 saylı mənzilin mülkiyyətçisidir və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzilə istifadə hüquqları məhkəmə qətnaməsi ilə tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri xx.xx.2000-ci il tarixdən sonra yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.2 və 228.5-ci maddələr). Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə cavabehlərin mübahisəli mənzilə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi yolverilməzdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının rədd edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı apellyasiya baxışı zamanı, həmçinin iddiaçı tərəfindən məhkəməyə daxil olmuş apellyasiya şikayətinə əlavədə və ərizələrdə qeyd edilmiş “Cavabdeh1 istifadə hüququna 3000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi” barədə dəlilinə, bu barədə məhkəmə kollegiyasi qeyd edir ki, iddiaçının bu təklifi apellyasiya qaydasında işə baxılarkən verildiyi üçün yeni tələb olaraq ona baxılması icraatın bu mərhələsində yolverilməzdir. Belə ki, hazırki işdə iddiaçı ilk dəfə iddia ilə məhkəməyə müraciət edərkən cavabdehlərin (keçmiş arvadı və qızının) mənzildən istifadə hüquqlarının kompensasiya verilmədən itirilməsini tələb etmişdi və birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehlərə hər hansı kompensasiya məbləği təklif etməmişdi. Buna görə də birinci instansiya məhkəməsi iddiaçının müvafiq tələbinə münasibətdə iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdi. İddiaçıya izah olunur ki, onun cavabdehlərə qarşı mübahisəli mənzilə yaranmış istifadə hüquqlarına müəyyən məbləğdə kompensasiya təklif etməklə xitam verilməsi ilə bağlı ayrıca mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin dəyərləndirməsi ilə razılaşır və hesab edir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-8750/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. X3 tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2(103)-608/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-608/2021
10.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver