Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-608/2022 13.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil3 Hökmalı oğlunun, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək Cavabdeh 28000 manat məbləğində əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 5600 manat məbləğində pulun, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, dövlət rüsumuna görə ödənilmiş 31 manat məbləğində pulun, cəmi 38631 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-1261/2021) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, övladının səhhətində ciddi problemlər yarandığından onun ölkə hüdudlarından kənara aparılması zərurəti yaranmışdır. Bu səbəbdən də o, mülkiyyətində olan **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobilini satmaq qərarına gəlmişdir. O, əvvəldən tanıdığı X2 vasitəsi ilə tanış olduğu və özünü makler adlandıran Cavabdeh tanımış, Salmanla birlikdə Ruslanla görüşüb özünə məxsus qeyd etdiyi avtomobili satmaq istədiyini bildirmişdir. Onlar avtomobilin qiymətini 28000 manata razılaşıb avtomobili həmin qiymətə satmaq barədə razılığa gəlmişlər. Bu məqsədlə o, 07.11.2017-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat kontorunda cavabdehin adına etibarnamə vermiş, həmin etibarnaməni verərkən yalnız avtomobili sürmək hüququ verdiyini bildirsə də, ona bildirmədən “Baş etibarnamə” almışlar. O isə həmin vaxt özündə olmadığından tez-tələsik, etibarnaməni oxumadan imza etmişdir. O, cavabdehə 07.11.2017-ci ildə etibarnamə versə də, avtomobil 13.11.2017-ci ilə kimi özünün istifadəsində olmuşdur. 13.11.2017-ci ildə cavabdeh ona zəng edərək avtomobili almaq istəyən olduğunu, ona görə avtomobili aparıb göstərmək lazım olduğunu bildirmiş, həmin gün axşam saatlarında o, bacısı Könülgildə olarkən Ruslan gəlib avtomobili aparmışdır. Həmin vaxt o, cavabdehə ona təcili pul lazım olduğunu bildirdikdə, Ruslan ona köməklik məqsədilə 5000 manat pul verə biləcəyini bildirmişdir. 16.11.2017-ci ildə onlar yenidən görüşərkən Ruslan avtomobilin hələ də satılmadığını, lakin 5000 manat pulu gətirdiyini bildirib, həmin 5000 manat pulu ona vermişdir. Ona həmin vaxt təcili pul lazım olduğu üçün 5000 manat pulu götürmüş və 19.11.2017-ci ildə övladının müalicəsi üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. O, İstanbulda olan zaman həyat yoldaşı ilə əlaqə saxlamış, maşına görə çox narahat olduğunu, Ruslan etibarnamə verərkən göstərilmiş səlahiyyətləri oxumadığını, bu səbəbdən notariusa gedib etibarnamədə göstərilmiş səlahiyyətləri aydınlaşdırmasını bildirmişdir. Həyat yoldaşı notariat orqanına gedərək maraqlandıqda məlum olmuşdur ki, artıq avtomobil başqa şəxsə satılmışdır. Ona görə də o, məcbur olub təcili 22.11.2017-ci ildə Azərbaycana qayıtmış və Ruslanla əlaqə saxlamaq istəsə də, Ruslan onun telefon zənglərinə cavab verməmişdir. Ona görə də o, 23.11.2017-ci il tarixində yoldaşı ilə notariusa gedərək, Ruslanın adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. Bir müddətdən sonra o, çətinliklə olsa da, Ruslanla görüşmüş, görüşdükləri zaman Ruslan ona avtomobili 24000 manata satmasını bildirmişdir. Belə olan vəziyyətdə o, Ruslandan ona ödənilməli olan qalan 19000 manat pulunu tələb etsə də, Ruslan həmin pulu yaxın zamanda ödəyəcəyinə söz versə də, hər dəfə bir bəhanə gətirməklə həmin pulu verməkdən yayınmışdır. Məhkəmə iddia tələbini rədd etsə də, cavabdeh tərəfindən 11000 manat və 13000 manat pul məbləğlərinin ona nə vaxt, harada və kimlərin yanında verməsi halını aydınlaşdırmamış və bunu öz qətnaməsində əsaslandırmamışdır. Cavabdeh razılaşdırılmış öhdəliyin şərtlərinə riayət etməmiş, satılmış nəqliyyat vasitəsinin qalıq dəyərini, yəni 19000 manatını ona ödəməmişdir. Ona görə də həmin pul vəsaiti cavabdehdən alınaraq ona ödənilməlidir. Həmçinin Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq 19000 manat üçün illik 5%, yəni 2850 (19000x5%x3il) məbləğində pul vəsaiti də cavabdehdən onun xeyrinə tutulmalıdır. Bundan əlavə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyanla yanaşı, mənəvi ziyan da dəymişdir. Belə ki, cavabdehin onun əmlakını sataraq əmlakın dəyərini illərlə özündə saxlaması, onun əmlakını özündə saxladığına görə illər ərzində baş tutan məhkəmə çəkişmələri onun əsas sarsıntısı və mənəvi iztirab keçirməsinə səbəb olmuş, hətta o, həyat yoldaşı ilə boşanmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Ona görə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pul tutularaq ona ödənilməlidir. İddiaçı sonradan iddia tələbinin həcmini artırmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh və onun nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahatında bildirmişdir ki, o, Ruslandan Hyundai İX55 markalı avtomobil almışdır. Ona məxsus olan Hyundai Sonata markalı avtomobili 12000 manat kimi qiymətləndirməklə və əlavə olaraq 14500 manat ödəniş etməklə Ruslanla avtomobilin alqı-satıqısına dair razılaşmışlar. O, avtomobilə Elmlər Akademiyası metrostansiyasının yaxınlığında baxmış və 2 gün sonra Memar Əcəmi metrostansiyasının yaxınlığında X21 Ruslana 14500 manat pulu və özünə məxsus avtomobili vermişdir. Avtomobili baş etibarnamə ilə almışdır. Daha sonra avtomobili öz adına qeydiyyata aldırmaq üçün 2 şəxsə etibarnamə vermiş və sonra avtomobili öz adına qeydiyyatdan keçirmişdir. O, həmin avtomobili Mikayıl adlı şəxsə təqribən 1 il sonra 25500 manata satmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən işin mübahisələndirilməyən və mübahisələndirilən halları aşağıdakılardan ibarətdir:
1. Mübahisə iddiaçıya məxsus olmuş “Hundai İX-55” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobilə görə onun ödənilməyən dəyərinin, bununla bağlı maddi və mənəvi zərərin cavabdehdən alınması ilə bağlıdır.
2. Avtomobillə bağlı 07.11.2018-ci ilə kimi Cavabdeh etibarnamə verİLmiş, etibarnamədə sürücülük hüquq olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək və digər səlahiyyətlər müəyyən edilmişdir.
3. Avtomobil İddiaçı mülkiyyətində olmuş, o, həmin avtomobillə bağlı 07.11.2017-ci ildə Cavabdeh etibarnamə vermiş, 14.11.2017-ci il tarixdə isə X4 etibarnamə verilmiş, avtomobil 20.11.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçının adından qeydiyyatdan çıxmışdır.
4. İddiaçı tərəfindən ünvan ünvanlanmış 23.11.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, onun tərəfindən 07.11.2017-ci il tarixdə Cavabdeh 7E-25786 DNN ** BZ *** saylı reyestrlə verilmiş baş etibarnamənin ləğv olunmasını xahiş etmişdir.
5. Avtomobil 21.07.2014-cü ildə İddiaçı adına qeydiyyata alınmış, 20.11.2017-ci ildə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq dövlət nişanı dəyişdirilmədən X3 adına rəsmiləşdirilmişdir.
6. Avtomobil İddiaçı adından etibarnamə əsasında X7 tərəfindən 27000 manata X1.
7. İddiaçı 19.11.2017-ci ildə Türkiyəyə çıxış etmiş, 23.11.2017-ci ildə isə Türkiyədən giriş etmişdir.
8. İddiaçı hazırki iddia ərizəsində avtomobilin qiymətinin 24000 manat olduğunu qeyd etmiş, daha sonra iddia ərizəsinin vəkili tərəfindən düzgün tərtib edilmədiyinə istinad edərək, əslində avtomobilin qiymətinin 28000 manat olduğunu bildirmiş və iddia tələbinin həcmini artırmışdır.
9. İddiaçı tərəf iddia ərizəsində və izahatlarında bildirmişdir ki, ona uşağının müalicəsi ilə bağlı pul lazım olduğundan avtomobilini satmaq qərarına gəlmiş və bu səbəbdən öz yaxın qohumu Salman adlı şəxsin vasitəsilə avtomobil alqı-satqısı ilə məşğul olan Cavabdeh tanımışdır. Cavabdeh ona avtomobilin alıcısı kimi təqdim edilmişdir. İddiaçı dəqiqləşdirilmiş tələb üzrə bildirir ki, onlar avtomobilin satış qiymətini 28000 manata razılaşmışlar. İddiaçı bildirir ki, o, aldadılaraq cavabdehə 07.11.2017-ci il tarixdə sürücülük hüququ verdiyini düşünərək əslində baş etibarnamə vermiş və 13.11.2017-ci il tarixədək avtomobil öz şəxsi istifadəsində olmuş, sonradan cavabdeh avtomobili müştəriyə göstərmək adı ilə ondan götürmüşdür. Həmin vaxt o, cavabdehə 5000 manat pul lazım olduğunu bildirmiş və cavabdeh avtomobilin satılmadığını, lakin ona 5000 manat verə biləcəyini bildirmiş və 16.11.2017-ci il tarixdə görüşərək sonuncudan 5000 manat almışdır. İddiaçı bildirir ki, o, 19.11.2017-ci il tarixdə Türkiyə Respublikasına getmiş və orda olan zaman cavabdehin onun telefonlarına cavab verməməsi onu şübhələndirmiş və faktiki həyat yoldaşına onun tərəfindən verilmiş etibarnamənin məzmununu öyrənməyi tapşırmışdır. Öz növbəsində faktiki həyat yoldaşı X10 notariusa getmiş və avtomobilə dair cavabdehdə Baş etibarnamə verildiyi məlum olmuşdur. Bundan sonra R.Əhmədov yol polisi idarəsinə getmiş və avtomobilin orda olduğunu və başqa şəxsin adına alqı-satqı edildiyini görmüşdür. Bundan sonra o, ölkəyə qayıdaraq 23.11.2017-ci il tarixdə verdiyi etibarnaməni ləğv etdirmişdir və etibarnaməni ləğv elətdirdikdən sonra cavabdehlə görüşmüş və cavabdeh avtomobili 24000 manata satdığını ona bildirmişdir. O, avtomobilin qalıq qiymətinin ona ödənilməsini tələb etmiş, cavabdeh isə qalıq 19000 manatı yaxın günlərdə qaytaracağını bildirmişdir. Bundan sonra müqavilənin ləğv edilməsi və avtomobilin qaytarılması tələbi ilə bağlı 27.11.2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə araşdırılması zamanı avtomobilin qaytarılmasının mümkün olmadığı müəyyən edilmiş və ona pul tələbi ilə bağlı iddia vermək hüququnun olması izah edilmişdir. Bundan sonra pandemiya düşmüş və hazırki tələblə məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh isə bildirir ki, o avtomobilin alqı-satqısı və icarəsi ilə məşğul olur, qonşu mağazanın sahibi Salman adlı şəxsin qohumu kimi iddiaçı ona müraciət etmiş və avtomobilini satmaq istədiyini bildirmişdir. O, avtomobilə ilkin baxış keçirilən zaman iddiaçıya daha yüksək qiymət təklif etmiş, lakin sonra avtomobilin təqribən 730 manat cəriməsinin olduğunu, avtomobilin kosmetik xərclərinin olduğunu bildirərək qiymətin 24000 manata müəyyən edilməsi barədə razılaşmışlar. Cavabdeh bildirir ki, o avtomobili alıb, sonra satmaq istəmişdir və nəticədə 24000 manata alaraq, inzibati cərimə və digər işlərini həll etikdən sonra hazırki iş üzrə üçüncü şəxs olan X12 Sonata ilə barter etmiş və əlavə olaraq C.Qənbərovdan 14500 manat pul almışdır. O, etibarnamə verilən zaman 11000 manat, 16.11.2017-ci ildə isə 13000 manat iddiaçıya ödəmişdir. Birinci ödəniş 07.11.2017ci ildə onun ofisində, iddiaçının qohumu Salmanın iştirakı ilə olmuş, ikinci ödəniş barədə iddiaçıya 14.11.2017-ci il tarixdən zəng vurmuş, lakin iddiaçının vaxtı olmadığı üçün 16.11.2017-ci ildə onunla Xırdalanda görüşmüş və restoranda 13000 manat iddiaçıya pul vermişdir. Maşını satdıqdan sonra iddiaçı ona müraciət edərək, əri ilə barışmaq üçün avtomobilin geri qaytarılmalı olduğunu bildirmişdir. Lakin o, iddiaçıya bunun mümkün olmayacağını və avtomobilin artıq satıldığını bildirmiş, iddiaçının həyat yoldaşı isə ona zəng vuraraq Polis olduğunu bildirməklə onu hədələmişdir və nəticədə mübahisələri başlamışdır.
11. İddiaçının əvvəlki nümayəndəsi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğuna, hazırkı nümayəndəsi isə tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin olduğuna, o cümlədən iddiaçının etibarnamə verilən zaman aldadıldığına istinad edərək pulun ödənildiyinin cavabdeh tərəfindən sübut edilməli olduğunu bildirmişlər.
12. İddiaçı tərəf eyni zamanda atomobilin real bazar qiymətinin 28-30 min manat olduğu nəzərə alındıqda, həmin il üçün çox da köhnə hesab edilməyən avtomobilin 24000 manata cavabdehə satılmasının, o cümlədən pulun tamamilə ödənilmədən tanımadığı şəxsə avtomobilin təhvil verilməsinin məntiqsiz olduğunu və bu faktın iddianın əsaslı hesab edilməsi üçün kifayət etməsi qənaətinə gəlirlər.
13. Cavabdeh tərəf isə pulun ödənilməsini şahid ifadələri və video görüntü məlumatları ilə sübut etməyə çalışmışlar. Eyni zamanda iddiaçı tərəfin bildirdiklərinə əks arqument olaraq, avtomobilin pulunun tamamilə ödənilmədən cavabdehə(tanımadığı şəxsə) Baş etibarnamə verilməsi və avtomobilin təhvil verilməsinin əksinə məntiqsiz hərəkət olduğunu cavabdeh tərəf bildirmişdir. İddiaçının etibarnamə verilən zaman aldadılmasını sübut etmə vəzifəsi də iddiaçının üzərinə düşməlidir. Bundan başqa cavabdeh bildirmişdir ki, maşın alverində avtomobilin etibarnamə ilə satılması qəbul edilən haldır. Belə ki, avtomobilin rəsmi qaydada alqı-satqı edilməsi nə alıcının, nə də satıcının marağında olur. Çünki bu halda əlavə rüsum və.s ödəmək məcburiyyətində olurlar.
14. Cavabdeh tərəf iddiaçıya 11000 manat verildiyini şahid ifadəsi ilə, 13000 manat verildiyini isə kamera görüntüsü ilə təsdiq olunduğunu bildirir. Kamera görüntüsündə iki bükmədə 100-lük və 50-lik əskinaslarla 13000 manat verildiyini bildirir.
15. Cavabdeh tərəf 13000 manat verildiyi gün, iddiaçının “Kristal Abşerondan” ev almaq üçün getməli olmasını bildirir və həmin gün iddiaçının adına 12000 manat müqabilində X5 adlı şəxsdən ev alınması ilə bağlı etibarnamə verildiyini bildirir. Ü.Rəsulzadənin anasının bununla bağlı şahid kimi ifadə verdiyini bildirir. İddiaçı əvvəlcə onun adına ev olmadığını bildirmiş, lakin sonradan Rəsulova Mədinə şahid kimi ifadə verdikdən sonra evin ona aid olmadığını, həmin evin bacısı tərəfindən alındığını bildirmişdir. İddiaçı bacısının Gürcüstan vətəndaşı olduğu üçün Azərbaycanda ev ala bilmədiyi üçün evin onun adına alındığını bildirir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. O, iddia ərizəsi ilə eyni məzmun təşkil edən apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tələbə aidiyyəti olmayan hallara istinad edərək pulun ödənildiyini sübuta yetirməyə çalışsa da, ona məxsus əmlakın dəyəri olan 23000 manat məbləği ona ödəmədiyi işin hallarından tam aydın olur. Cavabdehin istinad etdiyi hallar həqiqəti əks etdirmir. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. Cavabdeh və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər.
Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görünür ki, İddiaçı 07.11.2017-ci il tarixdə mülkiyyətində olan **-BZ-*** qeydiyyat nişanlı “Hyundai İX-55” markalı avtomobillə bağlı Cavabdeh etibarnamə vermiş, Cavabdeh həmin etibarnamədən istifadə edərək etibar edilmişi başqasına etibar etmə qaydasında başqa şəxsə etibarnamə vermiş və nəticədə avtomobil 16 noyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Ceyhun Qənbərova satılmışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra İddiaçı 23.11.2017-ci il tarixdə ərizə ilə notarusa müraciət edərək Cavabdeh adına verdiyi 07.11.2017-ci il tarixli etibarnaməni ləğv etdirmişdir. İddiaçı bundan əvvəl alqı-satqı müqaviləsinin ləğv edilməsi və avtomobilin qaytarılması barədə iddia qaldırmış, lakin həmin iddia Nəsimi Rayon Məhkəməsinin 08.02.2018-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, qətnamə qanuni qüvvəyə minmişdir. Bundan sonra İddiaçı hazırkı iddianı qaldırmışdır. Onun hazırkı iş üzrə dəqiqləşdirilmiş tələbi Cavabdeh 28000 manat məbləğində əsas borc məbləğinin, öhdəliyin gecikdirilməsi nəticəsində yaranmış 5600 manatın və mənəvi zərərin əvəzi kimi 5000 manatın tutulması barədədir. İddiaçı tələbini avtomobilin satışından əldə olunmuş vəsaitin cavabdeh tərəfindən ona tam ödənilməməsi və bununla da ona maddi və mənəvi zərər vurulması ilə əsaslandırmışdır. Cavabdeh iddianı qəbul etməmiş və avtomobilə görə iddiaçıya razılaşdıqları məbləği, yəni cəmi 24 000 manat pul ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, hazırkı mübahisədə müəyyən edilməli olan hal ilk növbədə tərəflər arasında yaranmış münasibətlərin xarakteri, mübahisə predmeti olan avtomobilin alqı-satqı dəyəri və avtomobilin dəyərinin ödənilib-ödənilməməsidir. İddiaçı bildirir ki, cavabdeh ona 5000 manat pul verərkən avtomobilin hələ satılmadığını bildirmişdir. Odur ki, tapşırıq icra olunmamışdırsa iddiaçının cavabdehdən 5000 manat alması tapşırıq müqaviləsinin mahiyyətinə ziddir. Eyni zamanda tapşırıq müqaviləsi üzrə vəkalət alanın vəkalət verənin ona tapşırdığı əqdi bağlamaqdan başqa vəzifəsi yoxdur. Lakin işin halından müəyyən edildiyi kimi iddiaçı avtomobilin hansı qiymətə satılacağında maraqlı olmamış, yalnız avtomobilə görə cavabdehdən 24000 və ya 28000 manat əldə etməyi arzulamışdır. Daha konkret deyilərsə, əgər iddiaçı avtomobili satmaq üçün cavabdehə tapşırıq vermişdirsə, onun satılacağı və ya hansı qiymətə satılacağı barədə vəkalət alandan təminat gözləyə bilməzdi. Bundan başqa, iddiaçı ilkin olaraq avtomobilin qaytarılması ilə bağlı tələb irəli sürməklə, faktiki olaraq vəkalət alanın tapşırıq üzrə vəzifələri icrasının nəticəsində deyil, avtomobilin ona qaytarılmasında maraqlı olduğunu təsdiq etmişdir. Bundan əlavə işin mübahisələndirilməyən halı ondan ibarət olmuşdur ki, cavabdeh avtomobili götürdükdən sonra iddiaçının inzibati cərimələrini ödəmişdir. Bu səbəbdən məhkəmə o qənaətə gəlmişdir ki, tərəflər arasında iradə ifadəsinin həqiqi mənası alqısatqı müqaviləsi bağlamaq olmuşdur. İddiaçı tərəfin digər dəlili ondan ibarətdir ki, iddiaçı cavabdehə etibarnamə verərkən aldadılmış, sürücülük hüququ əvəzinə, cavabdehə sərəncam hüququnu da ehtiva edən ümumi etibarnamə vermişdir. Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 339.2-ci maddəsinə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 339.6-cı maddəsinə görə bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Birinci instansiya məhkəməsinin qənaətinə görə əvvəla, sözügedən etibarnamə artıq iddiaçı tərəfindən ləğv edilmişdir, eyni zamanda aldadılmaqla bağlanan müqavilələr mübahisələndirilən etibarsız əqdlər kateqoriyasına aiddir və bununla bağlı hüquqi qiymətləndirmə tələbdən asılıdır. Yəni, iddiaçının ümumiyyətlə bu əsasa istinad etməsi məhkəmə üçün aydın deyildir. Əksinə, iddiaçının qeyd edilən əsasa istinad etməsi tərəflər arasında alqı-satqının baş tutduğu qənaətini daha da gücləndirir. Belə ki, iddiaçı da fərqindədir ki, baş (ümumi) etibarnamə verməsi onun faktiki olaraq avtomobili satması kimi qiymətləndirilir, ona görə də sərəncam vermək hüququnu əks etdirən baş (ümumi) etibarnamə verməsindən təəssüf hissi keçirir. Yəni, etibarnamə verilməmişdən əvvəl və ya etibarnamə verilən zaman ona məlum idi ki, işgüzar adətlərdə baş (ümumi) etibarnamə verilməsi özlüyündə alqı-satqının əlamətlərini daşıyır. Bu isə o qənaətə gəlməyə əsas verir ki, etibarnamə tərtib etmə yolu ilə tərəflər formal olaraq tapşırıq münasibətlərində olduqlarını göstərməyə çalışsalar da, onlar alqı-satqı müqaviləsini pərdələmək məqsədi güdmüşlər. Çünki rəsmi qaydada alqı-satqı müqaviləsi bağlamış olsaydılar, əlavə olaraq digər rüsumlar ödəmək məcburiyyətində qalacaqdılar. Göründüyü kimi, tərəflər arasında vizual olaraq tapşırıq müqaviləsi bağlansa da, onların müqavilə üzrə hərəkətləri alqı-satqı qaydalarına uyğun aparılmışdır. Məhkəmə tapşırıq müqaviləsinin yalan əqd üzrə etibarsızlığı barədə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmir, çünki vizual olaraq mövcud olmuş vəkalətnamə artıq ləğv edilmişdir. Yuxarıda qeyd olunan hüquqi dəyərləndirmə tərəflər arasında əslində mövcud olan hüquq münasibətlərinin xarakterini müəyyən etmək üçün aparılmışdır. Nəticə etibariilə məhkəmə o qənaətə gəlmişdir ki, mübahisə predmeti olan avtomobil cavabdehin istifadə və sahibliyinə alqı-satqı müqaviləsi əsasında keçmişdir. Odur ki, mübahisənin həlli üçün alqı-satqı qaydalarını tənzimləyən normalara diqqət yetirilməlidir. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə görə satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göstərilən normalara əsasən məhkəmə hesab etmişdir ki, alqı-satqı predmeti faktiki olaraq cavabdehin istifadə və sahibliyinə verildiyindən, əşyanın dəyərinin ödənilməsini sübut etmək onun vəzifəsidir. Cavabdeh iddianın əsassızlığı ilə bağlı sübut kimi şahid ifadələrinə, video görüntüyə və Baş etibarnamənin mövcudluğuna istinad etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddianın məhkəməyə daxil olduğu vaxtdan uzun müddət keçmişdir və məhkəmə iclaslarında tərəflərə sübutlarının təqdim edilməsi barədə kifayət qədər şərait yaradılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, eyni tərəflər arasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş 2(006)983/2018 saylı mülki işdə hazırki mübahisələndirilən hallara dair preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edilməmişdir. Əksinə, həmin mülki iş üzrə icraatda hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş və avtomobilin dəyərinin ödənilib-ödənilməməsinin həmin mübahisənin predmetinin olmaması müəyyən edilmişdir. Cavabdeh tərəfindən dəvət edilən şahid X8 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Fatimə xanımı Salman adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, Salman ona Fatimənin maşınını satdığını söyləmiş, xanım maşını gətirən kimi maşınyuma məntəqəsinə yerləşdirmişlər. Həmin gün tərəflər birlikdə olmuşlar. Avtomobilin həmin tarixə 700 manat cəriməsi olmuşdur. Ofisdə olarkən Fatimə xanım bildirmişdir ki, uşağı xəstədir və pul lazımdır və Ruslan isə ona etibarnamə verildiyi təqdirdə 11000 manat verə biləcəyini bildirmişdir. Tərəflər razılaşdıqdan sonra Ruslan Fatimə xanıma ofisdə 11000 manat pul vermişdir. Şərtlər belə idi ki, etibarnamə verildikdən sonra avtomobilin dəyəri tam ödənilməli idi. Ruslan iddiaçının avtomobili 24000 manata satmasını bildirmişdir. Həmin vaxt əldə 11000 manat olduğu üçün iddiaçıya 11000 manat ödənilmişdir. Bir müddət sonra Fatimə xanım zəng edərək deyirdi ki, əri deyir avtomobili qaytarsınlar, pulunu verəcək. Bu zaman onlar avtomobili satdıqlarını bildirmişlər. Qalıq 13000 manat verilən zaman o, iştirak etməmişdir. Bütün prosesin gedişindən Salman məlumatlı olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid kimi dəvət edilmiş X10 ifadəsində bildirmişdir ki, o, iddiaçının əridir. Rəsmi nikahları olmasa da, uşaqları vardır. Cavabdeh Fatiməni aldatmışdır. Fatimə Türkiyədən ona zəng vuraraq etibarnamənin məzmunu ilə tanış olmasını bildirmiş və o, notariusda etibarnamənin sərəncam vermək hüququ ilə verildiyini müəyyən etmiş. Daha sonra təsadüfən X22 İdarəsində avtomobilin başqa şəxsin adına keçirildiyini görmüşdür. O, Salmanı Fatimənin bacısının yoldaşı kimi tanıyır. Həmin dövrdə onun özünün 3 maşını olmuşdur. O, maşını da o, almış, pulunu Fatimə vermişdir. Fatimə ilə onlar arasında heç vaxt soyuqluq olmamışdır. X14 vasitəsi ilə tanımışdır. Fatimənin bəlkə də 8 yerdə evi vardır. Fatimənin kifayət qədər imkanı var idi və avtomobilin satışından əldə edilən pula ev almağa ehtiyacı yox idi. Həmin maşın sürülmürdü, həyətdə qalmışdı. Fatimənin indi sürdüyü avtomobilin 70000 manat qiyməti var. Cavabdeh tərəfindən Fatiməyə 5000 manat pul verilməsini əminliklə deyə bilər. Salmanın yanında pul verilməmişdir. Əgər baş etibarnamə verilmişdisə, niyə maşın Fatimədə idi. Maşının şəhadətnaməsi də Fatimədə idi. Birinci instansiya məhkəməsində işə baxılarkən bu şahid ifadələrindən sonra iddiaçıya Salman adlı şəxsi hadisələrin birbaşa iştirakçısı kimi şahid qismində dəvət etmək hüququnun olmasını MPM-nin 77.3-cü maddəsinin tələbi baxımından izah etmiş, lakin iddiaçı Salman adlı şəxsin şahid qismində dəvət edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Cavabdeh tərəfindən dəvət edilən şahid X9 isə ifadəsində bildirmişdir ki, o, proses iştirakçılarından yalnız Fatimə xanımı tanıyır. Çünki ona ev satmışdır. Ailə olaraq 2015-ci ildə Kristal Abşeron MTK-dan 25 illik kreditlə mənzil almışlar və 2016-cı ilin mart-aprel aylarında həmin mənzilə köçmüşlər. Daha sonra mənzili satmaq məcburiyyətində qaldıqlarından Rövşən adlı maklerin vasitəsilə Fatimə xanımla müştəri kimi tanış olmuşlar. Fatimə xanım etibarnamə verilən gündən bir neçə gün əvvəl ona 500 manat beh vermiş, onlar evin qiymətini 12000 manata razılaşmışdırlar. Çünki evin hələ də krediti var idi. Fatimə ona demişdir ki, alacağı vardır, ona görə də pulun qalanını onu aldıqdan sonra verəcəkdir. Etibarnamə verilən gün 2017-ci ilin noyabrın 16-da Fatimə ona 11500 manat pul vermişdir. Həmin vaxt onun yanında bacısı və körpə uşaq da olmuşdur. Birinci instansiya məhkəməsi iddianın əsaslılığının sübutetmə yükünün bölgüsü ilə bağlı olduğunu qeyd edərək tərəflərin izahatlarındakı uyğunsuzluqları aşağıdakı kimi qiymətləndirmişdir. Əvvəla iddiaçı deyir ki, Baş etibarnamə verilən zaman ona hər hansı pul məbləği ödənilməmişdir. Cavabdeh isə 07.11.2017-ci il tarixdə iddiaçıya 11000 manat ödədiyini şahid ifadəsi ilə sübut edir. Belə ki, şahid X8 ifadəsində 11000 manat pulun iddiaçıya verilməsinin şahidi olduğunu və bu prosesdə iddiaçının yaxın qohumu Salman adlı şəxsin də iştirak etdiyini göstərmişdir. Lakin iddiaçı yaxın qohumu olan Salmanın şahid kimi dindirilməsi barədə vəsatət verməmişdir. İkincisi iddiaçı deyir ki, 16.11.2017-ci il tarixdə cavabdeh tərəfindən ona 5000 manat pul ödənilmişdir. Cavabdeh isə bildirir ki, o həmin tarixdə iddiaçıya 13000 manat pul ödəmiş və uşağının müalicəsi üçün maliyyə imkanı olmayan və buna görə avtomobilini satmağa qərar vermiş şəxs, yəni iddiaçı eyni gündə “Kristal” Abşeron şəhərciyindən ev almışdır. Belə ki, şahid Mədinə Rəsulova 16.11.2017-ci ildə iddiaçı tərəfindən 11500 manat pul qəbul etdiyini bildirmiş və həmin evdə iddiaçının bacısı Könül adlı şəxsin deyil, məhz iddiaçının yaşadığının şahidi olduğunu demişdir. Üstəlik iddiaçı tərəfindən dəvət edilmiş şahid İlham İbrahimov iddiaçının bacısı üçün alınan başqa evin alqı-satqısında iştirak etdiyini, həmin tarixdə iddiaçının bacısı ilə bağlı ev alqı-satqısı əməliyyatını xatırlamadığını bildirmişdir. Bundan başqa hamıya məlumdur ki, işgüzar adətlərdə avtomobilin etibarnamə yolu ilə alqı-satqısı geniş təşəkkül tapan qaydadır. Hətta məhkəmə təcrübəsində avtomobilin Baş etibarnamə əsasında əldə edilməsi tez-tez rastlanan hallardan biridir. Belə ki, bir çox hallarda avtomobilin mülkiyyətə keçməsinin əsası kimi Baş etibarnamə çıxış edir. Yəni, avtomobil alıb-satarkən şəxslər bu qaydadan istifadə etməklə hüquq və vəzifələrinin realizəsini həyata keçirirlər. Odur ki, bu qaydadan istifadə etmək və ya etməmək satıcının müstəsna hüququ olduğundan mülki hüquqi əqdlər bağlayarkən lazımi diqqətlə yanaşmaq onların məsuliyyətidir. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlar əsasında o qənaətə gəlmişdir ki, cavabdeh tərəf düzünə və dolayı sübutlarla iddiaçıya 24000 manat pul ödədiyini sübut edir, iddiaçı isə avtomobilin qiymətinin tərəflər arasında 28000 manata razılaşdırıldığını sübut edə bilmir. Eyni zamanda avtomobilin üçüncü şəxsə satıldığı qiymət və daha sonra aparılmış alqı-satqı qiyməti avtomobilin dəyərinin təqribən 24-26 min manat civarında olması qənaətini formalaşdırır. İddiaçının avtomobilin dəyərinin əslində daha çox olması, eyni vəziyyətdə olan avtomobillərin daha baha qiymətə satılması barədə dəlilini isə məhkəmə əsassız hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər alqı-satqı predmetinin dəyərini müəyyənləşdirməkdə müstəqildirlər və həmin avtomobillə bağlı aparılmış alqı-satqı hərəkətləri də avtomobilin satış qiymətləri arasında kəskin fərq olmadığı qənaətinə gəlməyə əsas verir. Yəni, iddiaçının bu barədə etirazı formal mülahizələrə əsaslanır. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlmişdir ki, iddiaçı iddia ərizəsində qeyd olunan və məhkəmə iclaslarında istinad etdiyi halları sübut edə bilməmişdir. İddia tələbinin öhdəliyin gecikdirilməsi və mənəvi zərərlə bağlı hissəsinə münasibətdə isə məhkəmə hesab etmişdir ki, göstərilən tələblər avtomobilə dair pul tələbi ilə əlaqədar olduğundan və həmin tələb öz təsdiqini tapmayaraq təmin edilmədiyindən göstərilən hissələrdə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Apellyasiya şikayətinin əsas dəlilləri sübutların düzgün qiymətləndirilməməsi barədədir. Apelyatorun qənaətinə görə cavabdeh tələbə aidiyyəti olmayan hallara istinad edərək pulun ödənildiyini sübuta yetirməyə çalışsa da, ona məxsus əmlakın dəyəri olan 23000 manat məbləği ona ödəmədiyi işin hallarından tam aydın olur,cavabdehin istinad etdiyi hallar həqiqəti əks etdirmir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və bununla bağlı aşağıdakıları qayd edir. Hazırkı iddia tələbi ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əsas hal avtomobilin satışından əldə olunmuş vəsaitin cavabdeh tərəfindən ona ödənilməməsi barədədir. O, cəmi 5000 manat aldığını, qalan məbləğin ödənilmədiyini bildirir. Bununla bağlı hər hansı yazılı sənəd mövcud olmadığından qalan məbləğin ödənilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh avtomobili 24000 manata aldığını bildirərək həmin puldan 11000 manatın ödənilməsinin təsdiq edən mötəbər sübut kimi şahid ifadəsinə və 13000 manatın ödənilməsini təsdiq edən sübut kimi isə videoyazıya (kamera görüntülərinə) istinad etmiş və həmin sübutları işə baxan məhkəməyə təqdim etmişdir. X20 istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində şahid kimi dindirilərkən 11000 manatın iddiaçıya ödənilməsində şəxsən iştirak etdiyini bildirmişdir. Digər tərəfdən, kamera görüntülərində izlənilən hadisə, yəni pulun verilməsi iddiaçı tərəfindən təkzib edilməmişdir. İddiaçı sadəcə həmin vaxt ona 13000 deyil, cəmi 5000 manat pul verildiyini qeyd etmişdir. Apellyasiya baxışı zamanı videoyazıların keyfiyyətinin aşağı olması səbəbindən verilən pul məbləğinin növünü və miqdarını ekspertiza yolu ilə müəyyən etmək mümkün olmasa da, videogörüntülərdən iddiaçının iki bağlamadan ibarət olan təxminən 160 ədəd əskinas saydığı adi gözlə də aydın görünür. Cavabdeh həmin əskinasların bir bağlamada 100-lük və digər bağlamada isə 50 manatlıqlar olduğunu bildirsə də, iddiaçı onların 100, 50, 20 manatlıqlar olduğunu göstərmişdir. Məhkəmə kollegiyası kamera görüntülərini diqqətlə izləyərək bununla bağlı cavabdehin izahatını inandırıcı sayır və görüntülərə əsasən qeyd edir ki, iki bağlama pulu iddiaçı özü saymış, pulları sayarkən dayanmamış, düşünməmiş, hər hansı əskinası kənara qoymamışdır. Bu isə onu göstərir ki, bağlamalardan birində 100-lük, digərində isə 50-lik əskinaslar olmuş və ona görə də pulların sayılmasında hər hansı çətinlik olmamışdır. Belə olan halda iddiaçının üzərinə düşən vəzifə cavabdehin dəlillərini təkzib edən sübutlar təqdim etməkdən ibarətdir. İstər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən bununla bağlı mötəbər sübutlar təqdim olunması, proseslərdən bilavasitə xəbəri olan şahidlərin, o cümlədən iddiaçının bacısının və qohumu olan Salman adlı şəxsin dəvət edilməsi təklif olunmuş, lakin iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. İddiaçı adı çəkilən şahidləri isə müxtəlif səbəblərdən təqdim edə bilməyəcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları, yəni pulun ona ödənilmədiyini sübuta yetirə bilməmiş, cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut edə bilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 17 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.