Məhkəmə qərarları › İş №2(103)-6080/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6080/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6080/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxxxxx» Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-4860/2019 saylı qətnaməsindən iddiaçı tərəfindənverilmişapellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxx» Sığorta Şirkəti ASC Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya tələbi» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, «Kia Sportage» markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 522 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun, cəmi 552,40 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq «xxxxxxx» Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixində idarə etdiyi Cavabdeh2 məxsus olan «VAZ 21074» markalı, ** ZM *** dövlət qeydiyyat nişanlı avtomobillə Azadlıq prospektində hərəkət edərək ara məsafə saxlanılması qaydasını pozaraq hərəkət edən «Kia Sportage» markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məlum olmuşdur ki, Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmişdir. Bu səbəbdən də, iddiaçı ödənilmiş 522 manat sığorta ödənişinin ona geri qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 4860/2019 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia qismən təmin olunmuş, «Kia Sportage» markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 522 manat sığorta ödənişinin və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 552 manat məbləğində pul vəsaitinin Cavabdeh1 tutularaq «xxxxxxx» Sığorta Şirkəti ASCyə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, iddianın tam təmin olunmalı olmasını və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək,orada göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar,məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli vəobyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemindən əldə olunmuş çıxarışdan görünür ki, **-ZM-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı nəqliyyat vasitəsi «X6» ASC-də sığortalanmışdır. İşdə olan inzibati xəta haqqında TYP seriyalı 079808 nömrəli protokoldan görünür ki, xx xxxxxxxx 2017-ci il tarixində saat 17:10-da «VAZ 21074» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Yusibov X2 prospektində müvafiq ara məsafəsi saxlamayıb, nəticədə KİA markalı **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə dəymişdir. İşdə olan inzibati tənbeh vermə haqqında xx xxxxxxxx 2017-ci il tarixli TYP seriyalı 079808 nömrəli qərarın surətindən görünür ki, Yusibov X7 yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx xxxxxxx 2017-ci il tarixli 042982 nömrəli sığorta aktından görünür ki, zərərlə bağlı 522 manat sığorta ödənişi kimi X5 ödənilmişdir. İşdə olan xx xxxxxxxx 2017-ci il tarixli ƏN-V seriyalı 823102 nömrəli etibarnamənin surətindən görünür ki, «VAZ 21074 minik» markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək və digər səlahiyyətlər Cavabdeh2 tərəfindən Cavabdeh1 1 il müddətinə etibar edilmişdir. İddiaçı apellyasiya şikayətində iddianın digər Cavabdeh2münasibətdə də təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə araşdırması zamanı Cavabdeh2törədilmiş yol-nəqliyyat hadisəsinə aidiyyətinin olması müəyyən edilməmişdir. Belə olan halda isə, həmin cavabdeh üçüncü şəxslərin təqsirli, hüquqazidd hərəkətlərinə görə məsuliyyət daşıya bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz (iddianın qiyməti iki min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayəti verilə bilməz). Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 404-1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxxxxx» Sığorta Şirkəti ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı «subroqasiya tələbi» barədə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)-4860/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(001)- 4860/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar