Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6081/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, cavabdehin vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və s.” barədə ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı Bakı şəhəri Nəsimi RİH MənzilKommunal Təsərrüfat Birliyi və Mədəniyyət və Turizm Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “qanunsuz tikilinin sökülməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)- 134/2020 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfat Birliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6, 14 saylı mənzillərinə cavabdeh tərəfindən müdaxilə və qəsdin aradan qaldırılması, bununla bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəklərinin, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisionerin və su çəninin cavabdehin hesabına sökülməsi, cavabehə məxsus 9 saylı mənzildən onun mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1,2 kv.m ölçüdə qanunsuz açdığı pəncərə oyuğunun cavabdehin hesabına mişar daşı ilə bağlanması, onun mənzilinin güc götürən divarına bitişik qanunsuz tikilmiş qəzalı vəziyyətdə olan bağlı balkonun cavabdehin hesabına sökülməsi, mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının qıfılının sındırılmasının cavabdehə qadağan edilməsi, 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi onun istifadəsində olan təsərrüfat təyinatlı otaqdan cavabdehin əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı qarşı (Bakı şəhəri Nəsimi RİH Mənzil-Kommunal Təsərrüfat Birliyi və Mədəniyyət və Turizm Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla) qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisi İddiaçı üzərinə öz hesabına binanın dayaq divarının sökülərək quraşdırılmış əlavə 2 ədəd qapının ləğv edilməsi, səkini bağlayan pilləkanın ləğv edilməsi, sonradan açılan pəncərələrin bağlanması, mətbəx hissədən su çəninin və su nasoslarının götürülməsi, pəncərədən evə düşən işıq plafonlarının və evini çəkən kameraların sökülməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin 4, 6, 14 saylı mənzilləri onun mülkiyyətindədir. "xxxx" MMC binaların təmiri və rənglənməsi ilə əlaqədar işlər görərkən qanunsuz olaraq onun mülkiyyətində olan mənzillərin damında yaşayış otaqlarının üstündə iş üzrə cavabdeh üçün mətbəx və tualet tikilisi nəzərdə tutulan dəmir konstruksiyadan karkas quraşdırmış, çoxsaylı şikayətləri əsasında həmin dəmir konstruksiya sökülərək, mənzillərin damı əvvəlki vəziyyətə gətirilmişdir. Cavabdeh mənzillərin damında ev əşyalarını yığmış, gül dibçəkləri yerləşdirmiş, mənzilin divarına bitişik qanunsuz bağlı balkon inşa etdirərək, eyni zamanda divara su çəni və kondisioner quraşdırmışdır. Qanunsuz inşa etdiyi balkondan mənzillərin damına qoydurduğu pəncərədən düşərək dama yerləşdirdiyi gül dibçəklərini sulayır, damda gəzərək bitumla örtülmüş və artıq istismar müddətini ötmüş damın taxtadan olan örtüyünü zədələyərək onun mülkiyyətinə qəsd edir. Mənzillərin tavanında çatlar əmələ gəlmişdir. Mənzillərinin damına çıxmaq üçün nərdivan və bağlı qapı qoyulmuşdur. Cavabdehin onun mülkiyyətində olan mənzillərin damına bitişik qanunsuz inşa etdiyi bağlı balkon uzun müddətdir ki, qəzalı vəziyyətdədir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 9 saylı mənzili 1997-ci ildən onun xüsusi mülkiyyətindədir. İddiaçı üç mənzili alaraq orada təyinatına uyğun olmayan sahibkarları cəlb etməklə illərdir onu və ətraf qonşuları öz qanunsuz tikililəri və icarədarları ilə narahat etməkdə davam edir. İddiaçı tərəfindən tarixi binanın görünüşü pis vəziyyətə salınmış, dayaq divarları uçurularaq əlavə pəncərə və əlavə qapılar açılmış, onun istifadəsində olan mətbəx isə İddiaçı tərəfindən zəbt olunaraq özü üçün 5 tonluq su çəni yerləşdirilmişdir. Səkilərdə əlavə giriş pilləkənləri qurulmaqla insanların gediş-gəliş yolları zəbt edilmiş, onsuz da dar olan ərazi piyadalar və qonşular üçün təhlükəli olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli 2(006)-134/2020 saylı qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6, 14 saylı mənzillərinə Cavabdeh tərəfindən edilən müdaxilənin aradan qaldırılması və bununla bağlı hərəkətlərin qanunsuz hesab edilməsi, mənzillərin damında qoyulmuş gül dibçəkləri, məişət əşyalarının götürülməsi, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəninin Cavabdeh hesabına sökülməsi, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1,2 kv.m ölçüdə qanunsuz açılmış pəncərə oyuğunun Cavabdeh hesabına mişar daşı ilə bağlanması, İddiaçı mənzilinin damına hər hansı bir əşyanı qoyması, dama çıxması, o cümlədən dama çıxan qapının qıfılının sındırılması Cavabdeh qadağan edilməsi, Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməsməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatın qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutulması qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı və S.S.Tamanzadə ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. İddiaçı ilkin iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində qətnamənin qanunsuz inşa edilmiş bağlı balkonun sökülməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır. 20.04.2018-ci il tarixli rəy ümumi binanın eyvanlarına aiddir. Binanın ona məxsus eyvanının iddiaçının mənzilləri ilə bağlılığı yoxdur. 13 saylı binada yerləşən təsərrüfat otağı nə “Bertlinq Kapian” L.T.D Kompaniyasının, nə də İddiaçı mülkiyyətində olmamış, həmin təsərrüfat otağından binanın bütün sakinləri istifadə etmişlər, sonradan İddiaçı təsərrüfat otağına su çəni və su motoru yerləşdirməklə digər sakinlərin oradan istifadəsinə məhdudiyyət yaratmışdır. Ekspert rəyi əsassızdır. O, mənzili alarkən pilləkən marşı və mübahisə edilən pəncərə oyuğu mövcud olmuşdur. Onun mənzili ilə İddiaçı mənzillərinin ortaq divarları yoxdur, mənzillər birbirindən 3 metr aralıda yerləşir. Gül dibçəkləri yığdığı sahə binanın ümumi giriş hissəsinin üstüdür. İddiaçı mənzil sahələrində konstruktiv elementlərində dəyişikliklər edərkən, daşıyıcı divarlarda əlavə giriş qapıları açarkən Mənzil Məcəlləsinin 35.1, 39.1 və 23.1-ci maddələrinin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6528/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsi ilə, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-134/2020 saylı iş üzrə 17 fevral 2020-ci il tarixli qətnaməsinin qismən – Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbinin təmin edilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən: Vahid Sadıqov). Həmin qətnamədən narazı qalan İddiaçı və Cavabdeh tərəfindən ayrı-ayrılıqda kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişlər. Ali Məhkəmənin 2(102)-1203/2021 saylı, 12.04.2021-ci il tarixli qərarı ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 avqust 2020-ci il tarixli, 2(103)-6528/2020 nömrəli qətnaməsinin qismən, yəni ilkin iddianın təmin olunmuş hissəsində ləğv edilsin və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır (sədrlik edən: Elşad Şamayev). Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil təmsil etdiyi şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və vəkili M.Süleymanov öz apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə 3-cü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, 3-cü şəxs kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan 24.09.2016-cı il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13, mənzil 6,4,14 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. 10.01.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 13, mənzil 9 Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. “Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə" Dövlət Layihə İnstitutunun “ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli yaşayış binasının texniki vəziyyəti haqqında” 20.04.2018-ci il tarixli rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasına vizual texniki baxış keçirilmiş, baxış keçirilən bina XX əsrin əvvəllərində inşa olunmuşdur. Bina planda P şəkilli olub, ölçüləri 18x12 m, 2 mərtəbəli, zirzəmisiz, 1 girişlidir. Mərtəbə hündürlüyü 4 m, xarici divarların qalınlığı 0,8 m, daxili divarların qalınlığı 0,8 m və 0,2 m olub, yonulmuş əhəngdaşından olan hörgüdür. Mərtəbəarası və dam örtük konstruksiyasının elementləri ağac materialındandır. Dam örtüyü yastı tipli olub bitum üzrə ruberoidlə örtülmüşdür. Binanın 2-ci mərtəbəsində, ön fasadda 9 saylı mənzilə aid olan, 7.2x2.2 m ölçülü eyvan mövcuddur. Eyvanın tirləri metal və ağac elementlərdən, döşəməsi isə monolit dəmirbeton örtükdən ibarətdir. Eyvanın konturu üzrə, sakinlər tərəfindən sonradan kərpic divar hörülərək mətbəx və sanitar qovşağı tikilmişdir. Bu eyvandan başqa, binanın ön fasadında 2 ədəd açıq eyvan mövcuddur. Binanın 9 saylı mənzilinə aid olan eyvanın metal tirləri paslanmış, korroziyaya uğramış, monolit dəmir-beton döşəməsinin beton mühafizə qatı qopmuş, armaturlar açıqda qalaraq korroziyaya uğramışdır. Eyvanın konturu üzrə sonradan sakinlər tərəfindən tikilmiş kərpic divarın binanın divarına birləşən hissəsində aralanma müşahidə olundu. Binanın divarlarında çat və digər deformasiyalar müşahidə olunmadı. Eyvanın hörülərək otaqların tikilməsi, binanın əlavə yüklənməsinə səbəb olmuşdur. Binanın təhlükəsiz istismarını təmin etmək üçün ön fasadı ilkin layihə vəziyyətinə gətirmək lazımdır. Bunun üçün sakinlər tərəfindən sonradan üzərində divar hörülmüş eyvanın sökülərək, həmin fasadda yerləşən digər 2 açıq eyvanın görünüşünə uyğun şəkildə tikilməsi məqsədə uyğun hesab edilir. Binada yaranmış vəziyyətin təbii fəlakət və hadisələrlə əlaqəsi yoxdur. Bina texniki cəhətdən məhdud işlək vəziyyətdədir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11339 saylı, 28 dekabr 2019-cu il tarixli rəyinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsində hər hansı qüsur müəyyən edilməmişdir. Lakin həmin sahənin bir hissəsinə Cavabdeh tərəfindən gül dibçəkləri yığıldığı, eyni zamanda həmin sahədə bir tərəfi binanın fasad divarının üzərinə oturdulmuş (1,0x1,0x1,0) metr ölçüdə su çəni və 9 saylı mənzilin divarına bitişik kondisioner quraşdırıldığı müəyyən edilmişdir. İddiaçı məxsus mənzillərə baxış zamanı həmin mənzillərdə təmir işləri aparıldığı və konstruktiv elementlər üzrə hər hansı qüsurlar mövcud olmadığı müəyyən edilmişdir. Cavabdeh məxsus 9 saylı mənzilin daxili hissədən hündürlük boyunca faktiki olaraq 2 səviyyəyə bölündüyü, 1-ci səviyyədən 2ci səviyyəyə qalxmaq üçün pilləkən quraşdırıldığı və 2-ci səviyyədən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf (1,1x1,2) metr ölçüdə pəncərə oyuğu açıldığı, eləcə də 2-ci səviyyədə inşa edilmiş tikilinin, divarda açılmış pəncərə boşluğunun və 1-ci mərtəbədə quraşdırılmış pilləkən marşının həmin mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, X4 məxsus 9 saylı mənzil üzrə aparılmış tikinti-quraşdırma işlərinə dair müafiq icazə sənədləri olmadığından, həmin işlərin aparılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli, 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırılma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”na riayət olunmadığı müəyyən edilir. X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 9 saylı mənzilinə dair tərtib edilmiş texniki paportda yanğından mühafizə üçün giriş meydançası nəzərdə tutulmamışdır. Baxış zamanı X2 mülkiyyətində olan 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılması müəyyən edilməmişdir. İş materiallarında olan 48 saylı MKİS-in rəisi Q.Abbasov, mühəndis Ə.Qurbanov, sahə nəzarətçisi N.Ağayev, 22-ci polis şöbəsinin sahə müvəkkili Ş.Mehdiyev tərəfindən tərtib edilmiş 05.11.2018-ci il tarixli aktdan görünür ki, xidməti ərazinin Qoqol küçəsi, 13 saylı binanın 9 saylı mənzilində yaşayan Cavabdeh ona məxsus olmayan qeyri-yaşayış sahəsini bağlayaraq qıfıl vurmuşdur. Tərəflərindən aparılan tədbirlər nəticəsində həmin qıfıl sındırılaraq orada olan əşyalar siyahıya alınmışdır. Həmin əşyalar bunlardır: İddiaçı məxsus 1 ədəd su çəni, 2 ədəd su nasosu, Cavabdeh məxsus 2 ədəd kiçik pəncərə, 1 ədəd köhnə dəmir qapı, 1 ədəd köhnə vedrə, 1 ədəd yeşik, 1 ədəd vanna, 1 ədəd aluminium ləyən. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi 48 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin 06.02.2019-cu il tarixli məktubundan görünür ki, Mərdanov Qardaşları küçəsi 13 saylı ünvanda 6,4,14 №-li mənzillər 8 otaqdan ibarət, 180 kv.m sahəsi olan mənzil 20.02.1999-cu ildən İ və İİ mərtəbə “Bertlinq Kapian” L.T.D. Kompaniyasına məxsus olub, həmin ünvanda təsərrüfat məqsədi kimi istifadədə olan bir otaqlı sahə qeyd olunan kompaniyanın istifadəsində olmuşdur, orada onlara məxsus su matoru və su çəni yerləşdirilmişdir. Yuxarıda qeyd olunan bu mənzillər hal-hazırda 29.09.2016-cı ildən İddiaçı məxsusdur. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.02.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır. Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – ilkin iddianın təmin olunan hissədə ləğv edilməsi qərara alındığından, qalan hissədə dəyişdirilmədən saxlanıldığından, hazırki apellyasiya baxışında birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilkin iddia tələbinin təmin olunmasına dair hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «... cavabdeh apellyasiya şikayətində onun tərəfindən binanın damında yerləşdiyi əşyaların və su çəninin iddiaçının mənzili üzərində yerləşdirilməməsini, eyni zamanda pəncərənin açıldığı və kondisionerin quraşdırıldığı divarın iddiaçının mənzili ilə ortaq divar olmamasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin istiqamətdə araşdırma aparılmamış, açılmış pəncərənin və quraşdırılmış kondisionerin, habelə binanın damında gül dibçəklərinin, məişət əşyalarının və su çəninin yerləşməsinin iddiaçının hansı hüquq və mənafelərinə zərər vurması və nəticə olaraq onun qeyd olunan tələbləri irəli sürməyə subyektiv hüquqa malik olub-olmaması müəyyən olunmamışdır.». İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə mübahisəli yaşayış binasına yerli baxış keçirilmiş, eyni zamanda məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Binaya keçirilmiş yerli baxış nəticəsində su çəni və kondisionerin İddiaçı məxsus evin damının üzərində yerləşdirilməsi məyyən edilmişdir. Həmçinin Məhkəmə Ekspertizası Mərkəzinin 10.11.2021-ci il tarixli rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 13 saylı evin İddiaçı məxsus olan mənzilin damının bir hissəsinə Cavabdeh tərəfindən gül dibçəkləri yığıldığı və su çəni quraşdırıldığı və mənzillərin ortaq divarının üzərinə kondisioner quraşdırıldığı müəyyən edilmişdir. İşin hallarından da göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərinin dam hissəsində Cavabdeh tərəfindən gül dibçəklərinin yığılması, eyni zamanda həmin sahədə bir tərəfi binanın fasad divarının üzərinə oturdulmuş (1,0x1,0x1,0) metr ölçüdə su çəni və 9 saylı mənzilin divarına bitişik kondisionerin quraşdırılması işin halları, yerli baxışın nəticəsi ilə yanaşı, ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, mənzillərin damında qoyulmuş gül dibçəkləri, məişət əşyaları götürülməli, mənzilin güc götürən divarına quraşdırılmış kondisioner və su çəni Cavabdeh hesabına sökülməlidir. Belə ki, İddiaçı mülkiyyətində olan mənzillərin dam hissəsində yerləşdirilən və quraşdırılan qeyd olunan əşyalar damı yararsız vəziyyətə salır ki, bu da İddiaçı hüquqlarının və qanunda qorunan mənafelərinin pozulması ilə nəticələnir. Həmçinin iş materiallarından görünür ki, Cavabdeh məxsus 9 saylı mənzilin daxili hissədən hündürlük boyunca faktiki olaraq 2 səviyyəyə bölünmüş, 1-ci səviyyədən 2-ci səviyyəyə qalxmaq üçün pilləkən quraşdırılmış və 2-ci səviyyədən binanın damına (İddiaçı məxsus mənzillərin üst hissəsinə) tərəf (1,1x1,2) metr ölçüdə pəncərə oyuğu açılmışdır. 2-ci səviyyədə inşa edilmiş tikili, divarda açılmış pəncərə boşluğu və 1-ci mərtəbədə quraşdırılmış pilləkən marşı həmin mənzilə dair tərtib olunmuş texniki pasportda əks olunmamışdır. Cavabdeh məxsus 9 saylı mənzil üzrə aparılmış tikinti-quraşdırma işlərinə dair müvafiq icazə sənədləri olmamış, 9 saylı mənzilə giriş üçün səkidə hər hansı pilləkən və pəncərə quraşdırılmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh məxsus 9 saylı mənzildən İddiaçı mülkiyyətində olan mənzillərin üst hissəsinə (damına) tərəf 1,1x1,2 kv.m ölçüdə qanunsuz açılmış pəncərə oyuğu Cavabdeh hesabına mişar daşı ilə bağlanmalıdır. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəcinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)-134/2020 saylı qətnaməsi qismən ləğv edilməli, ilkin iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)- 134/2020 saylı qətnaməsi qismən – Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi 13 saylı evin 4, 6 və 14 saylı mənzillərin mülkiyyətçisinin 1999-cu ildən təyinatı üzrə təsərrüfat otağı kimi istifadəsində olan, 2016-cı ildən isə həmin mənzillərin mülkiyyətçisi kimi İddiaçı istifadəsində olan təsərrüfat təyinatlı otaqdan Cavabdeh əşyalarının çıxarılması hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi beş) manatı Cavabdeh Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin xeyrinə (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X3 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) tutulsun. Qətnamə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6081/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6081/2021
24.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver