Məhkəmə qərarları › İş №2(103)-6081/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6081/2024

21.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6081/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-88/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, X3rşı (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi, 14 saylı Şamaxı Ərazi İdarəsi və Şamaxı rayonu Pirbəhli kənd Bələdiyyəsi, X6, X7, X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilələrin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) ərizə təqdim edərək hazırki mülki işin aidiyyət qaydalarına riayət edilməməklə verildiyini, iddia tələbinin mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqası qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olduğundan hazırki mülki işin aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-88/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçının mülki işin aidiyyəti üzrə Şamaxı Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. Məhkəmə qənaətini belə əsaslandırıb ki, tərəflər arasında olan mübahisə alqı-satqı müqaviləsindən irəli gəlir. Hazırda iddiaçının tələbi JN-0570, Kod 41003018 nömrəli dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan ümumi sahəsi 31.93 ha olan torpaq sahəsinin: 20.67 ha hissəsinin X1 barədə alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışın; 4.15 ha hissəsinin X5 satılması barədə 30 yanvar 2008-ci il tarixli, AN ******* nömrəli alqı-satqı müqaviləsinin, 28 11.2013-cü il tarixli, Seriya RX, ******* saylı çıxarışın, 0.5622 ha və 1.55 ha hissələrinin Cavabdeh3 satılması barədə 14 oktyabr 2013-cü il tarixli, AN ******* nömrəli alqı-satqı müqaviləsinin, xx.xx.2013-cü il tarixli, Seriya RX. ******* saylı çıxarışın; 5 ha hissəsinin Cavabdeh1 satılması barədə alqı-satqı müqavilələrinin və çıxarışların, Cavabdeh1 ilə X10 arasında bağlanmış 22 avqust 2022ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi ilə bağlıdır. Hazırki iddia tələbi müstəsna aidiyyət qaydalarını tənzimləyən normanın təsir dairəsinə düşmür. Hazırki mülki iş üzrə ərazi aidiyyəti qaydaları tətbiq edilməlidir. Mülki iş üzrə cavabdehlərdən birinin ünvanı Nərimanov rayon ərazisinə aiddir və mülki işə Nərimanov Rayon Məhkəməsində baxılmalıdır. İddiaçının mülki işin aidiyyəti üzrə göndərilməsinə dair vəsatət əsassızdır və təmin edilməməlidir. İddiaçı (nümayəndəsi və vəkili Vəkil3) şikayət verərək həmin qərardadın ləğv edilməsini və mülki işin baxılması üçün Şamaxı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, mübahisə olunan torpaqlar dövlət aktı əsasında İddiaçı mülkiyyətindədir və mübahisəli torpaq Şamaxı rayonunda yerləşir. Bu da işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə gətirib çıxardacaq. Daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanuna uyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Çünki məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyindən də görünür ki, ekspert torpagın harda yerləşməsi və onun hansı şəxslərin tutması ilə bağlı heç bir araşdırma aparmamışdır. Ekspert ancaq Şamaxı rayon Əmlak Məsələləri üzrə Komitənin verdiyi məlumatlar əsasında rəy vermişdir. Bundan əlavə qətnamə təmin olunacağı təqdirdə qətnamənin icrası digər şəxslərin maraqlarına toxunmaması üçün Şamaxı Rayon Məhkəməsində baxılmalıdır. İddiaçı iddia tələbi mahiyyət etibarı ilə mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı olduğundan hazırki mülki iş torpagın olduğu yer üzrə yəni Şamaxı Rayon Məhkəməsində baxılmalıdır Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-88/2024 saylı, 01 oktyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət (müstəsna aidiyyət) istisna olunmaqla, bu Məcəllənin 36.1- 36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbinin necə və hansı hissələrdən ibarət olması bəllidir və bu cür iddia tələbinin cavabdehlərdən bir neçəsinin rəsmi qeydə alındığı yer üzrə irəli sürülməsi iddiaçının seçimi olub. Bu tələbin mahiyyəti torpaq sahəsinin alqı-satqı müqavilələrinin etibarsızlığı və ona dair çıxarışların ləğv edilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi mövqeyini qərardadda göstərib və nəyə görə bu qənaətə gəldiyini də əsaslandırıb. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 iyun 2021-ci il tarixli qərarı). İddiaçı vəsatətinin təmin edilməməsi ilə razılaşmır və şikayətində bunun səbəblərini göstərib. Göstərdikləri açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu dəlillər də yuxarıda qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi üçün əsas ola bilməzdi. Əlbətdə ki, MPM-in 39.1-ci maddəsində nəzərdə tutulan müstəsna aidiyyətin məqsədləri xaricində tətbiq edilməsi ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyə xidmət etmir və nəticə etibarı ilə həqiqətin müəyyən edilməsi və ədalətin təmin olunması əsassız hallara görə uzana bilir ki, bu da işdə iştirak edən şəxslərdə haqlı narazılıq yaranması ilə nəticələnə bilər. Lakin Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir müddəası hazırki iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olmadığından hazırki iddia da daşınmaz əşyanın olduğu yer üzrə baxıla bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçının şikayəti təmin olunmamalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 88/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-88/2024 saylı, 16 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar