Məhkəmə qərarları › İş №2(103)-6082/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6082/2021

18.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6082/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, X7 və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının (cavabdehin) nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı (cavabdeh) İddiaçı və cavabdeh (iddiaçı) Cavabdeh MTK tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MTK-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin tikinti apardığı Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında sahəsi 14,9 kv.m olan qeyri-yaşayış və 16,5 kv.m torpaq sahəsi ilə iddiaçının təmin etməsi, həmçinin maddi ziyan üçün 15000 manat, mənəvi ziyan üçün 8000 manat, dövlət rüsumu üçün 30 manat, ümumilikdə 23030 manatın tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MTK cavabdehlər İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 13.03.2018-ci il tarixli hərrac protokolunun, hərracın nəticələrinin, hərrac protokolu əsasında İddiaçı ilə bağlanılmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və İddiaçı adına verilmiş ******* saylı, 31.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qərardadı ilə Nərimanov rayon Məhkəməsindən daxil olan iddiaçı Cavabdeh MTK-nin cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı ərazi İdarəsinə, İddiaçı qarşı “hərrac protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi barədə” tələbinə dair 2(005)- 2474/2019 saylı mülki iş İddiaçı Cavabdeh MTK-nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(006)-382/2019 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış və 16.5 kv.m.torpaq sahəsi ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı Cavabdeh MTK-nın cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi, İddiaçı qarşı “hərrac protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə” iddia ərizəsinin rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində vəsaitin Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən həmçinin cavabdeh (iddiaçı) Cavabdeh MTK apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddiaçı (cavabdeh) İddiaçı iddia tələbinin təm rədd edilməsini və iddiaçı Cavabdeh MTK-nın cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsi, İddiaçı qarşı “hərrac protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə” iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3782/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK-nın apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh MTK-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, iddiaçı Cavabdeh MTK-nın iddiası təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14,9 kv.m, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyri-yaşayış binası ilə bağlı keçirilmiş 13.03.2018-ci il tarixli hərrac protokolu, hərracın nəticələri və hərrac protokolu əsasında İddiaçı ilə bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin daşınmaz əmlaka dair İddiaçı adına verilmiş ******* saylı, 31.05.2018-ci il tarixli çıxarışın ləğv edilməsi, İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən 16500 manatın tutularaq İddiaçı ödənilməsi, məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı (cavabdeh) İddiaçı, cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1463/2021 saylı, 19 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçı (cavabdeh) İddiaçı, cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətlərinin qismən, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayətinin tam təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3782/2020 nömrəli iş üzrə 03 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı (cavabdeh) nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsi, qarşı tərfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTK-nən, Azərbaycan Respublikası ƏMDK-in, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız İddiaçı iddia tələbi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6082/2021 saylı, 18 avqust 2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi “iddiaçı Cavabdeh MTK-nın cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi, İddiaçı qarşı “hərrac protokolun və alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh (iddiaçı) Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti seriya RX № ******* notarial qaydada təsdiq edilmiş Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyət kimi 31.05.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın ümumi sahəsi 14,9 kv.m, torpaq sahəsinin ölçüsü isə 0,00165 hektardır. İş materiallarında olan 13 mart 2018-ci il tarixli Hərracların Təşkili üzrə Auksion Mərkəzinin 10/15 nömrəli hərrac protokolunun surətindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayon MKTB-nin birmərtəbəli bitişik tikili (14,9 kv.m), ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 16.500 manata İddiaçı satılmışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 15 fevral 2019-cu il tarixli 31463 saylı rəyində qeyd edilir: “rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanda, ümumi sahəsi 14,9 kv.metr olan qeyri-yaşayış sahəsinin iddiaçının iddia etdiyi ərazidə mövcud olmadığı müəyyən edilir. Məhkəmə ekspertizası mərkəzində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə, İcra Hakimiyyətlərinin sərəncamlarına, Bağlar Təsərrüfatı İdarəsinin order və müqavilələrinə, Bələdiyyə qərarlarına, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin çıxarışlarına (dövlət aktı, şəhadətnamə, çıxarış və sair) əsasən vətəndaşlara verilmiş torpaqlar və həmin torpaqların koordinatları barədə məlumat bazası (topoqrafik, elektron və digər xəritə məlumatları), bu torpaq sahələrinin verilmiş coğrafi koordinatlar əsasında yerində (ərazidə) müəyyən edilməsi üçün zəruri olan GPS (Global Positioning X1) sistemi xüsusi ölçmə avadanlığı olmadığından və torpaq sahələrinin, oradakı tikililərin mövcud koordinatları üzrə yerinin, sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ünvan 4 ünvanda, ümumi sahəsi 14,9 kv.metr olan qeyri-yaşayış sahəsinin yerinin müvafiq texniki pasportda göstərilmiş koordinatlar (X və Y) əsasında müəyyən edilməsinə dair tədqiqat aparılmadı”. İş materillarından göründüyü kimi, 19 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi” haqqında sərəncam verilmişdir. İş materillarından göründüyü kimi, 20 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında” sərəncam verilmişdir. İş materillarından göründüyü kimi, 24 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısı tərəfindən “Nəsimi rayonu, N.Yusifbəyli, Mərdanov qardaşları, Novruzov qardaşları və M.Sənani küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerinə hündürmərtəbəli yaşayış və qeyriyaşayış binalarının tikintisinə icazə verilməsi” haqqında sərəncam verilmişdir. Məhkəmə kollegiyası İddiaçı Cavabdeh MTK-nə qarşı iddia tələbinə dair aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu mad) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarında qeyd olunur: «Prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malik olan məhkəmələr vicdanlı inamdan hakim qərəzliyinə və ya subyektivliyinə keçməmək üçün prosessual qanunvericiliklə müəyyən olunmuş qaydalara dönmədən əməl etməlidirlər. Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir». Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, qanunun tələblərindən və iş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000ci il tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ dövlət proqramı”na uyğun olaraq, ƏMDK-nin 17 mart 2017ci il tarixli 68 saylı sərəncamı ilə Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsi, 25/27 ünvanında, ümumi sahəsi 14.9 kv.m və torpaq sahəsi 0.00165 hektar olan və Bakı şəhəri İcra Hakimiyyəti MKTD, Nəsimi rayonu MKTB-nin balansında olan, bir mərtəbəli qeyriyaşayış binası, 13 mart 2018-ci il tarixində hərraca çıxarılmış, İddiaçı həmin hərracda iştirak edərək hərracın qalibi olmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 81 nömrəli reyestr kitabının 7726 nömrəli vərəqində, 31 may 2018-ci ildə qeydiyyata alınmışdır (10/05 saylı hərrac protokolu və çıxarış iş materiallarına əlavə edilmişdir). Göstərilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış sahəsi ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Kollegiya həmçinin hesab edir ki, iddia tələbi, yəni həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 16.5 kv.m.torpaq sahəsi ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulası hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, 13 mart 2018-ci il tarixdə keçirilən hərracda yalnız qeyri-yaşayış sahəsi satılmış və torpaq sahəsi həmin hərracın predmeti olmamışdır. İddiaçı adına verilmiş hüquqların X3 daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışda da mübahisəli qeyri-yaşayış sahəsinə aid 0,00165 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması qeyd olunmuşdur. Həmin qeyriyaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamının 17 mart 2017-ci il tarixdə, yəni həmin tikilinin sökülməsindən daha əvvəl verilməsi isə mübahisəyə təsir etmir. Çünki həmin əmlak hərracda satılana qədər dövlətə məxsus olub və həmin dövrdə baş vermiş hadisələrə də məhz dövlətin adından çıxış edən qurumlar istinad edə bilərlər. Eyni zamanda iddiaçı maddi ziyan üçün 15000 manat pulun tutulması tələb edir. Lakin iddiaçı öz iddiasının əsasını, cavabdeh tərəfin hansı məbləğdə ona maddi zərər vurulduğuna və həmin zərərin nədən ifadə olunduğuna dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi MPM-nin 77.1-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nəcəflinin Azərbaycana qarşı» 02.10.2012-ci il tarixli qərarında ərizəçinin itirilmiş qazanca görə kompensasiya tələb etməsi ilə bağlı Məhkəmə qeyd etmişdir: «Ədalətli kompensasiya ilə bağlı istənilən tələb konkretləşdirilməli və yazılı şəkildə təqdim edilməlidir. Tələbi təsdiq edən bütün sənədlər və qəbzlər əlavə olunmalıdır. Əks halda Məhkəmə tələbi tam və ya qismən rədd edə bilər». Odur ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan başqa iddiaçı mənəvi ziyan üçün 8000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli, 7 №-li qərarında verilən şərhləri nəzərə alaraq hesab edir ki, iddiaçının bu tələbi də rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunduğu kimi, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.» “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarınaəsasən, «mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.” Odur ki, İddiaçı Cavabdeh MTK-nə qarşı “maddi ziyanın ödənilməsi barədə” tələbinə dair iddiası qismən təmin edilməli, İddiaçı ünvan 5 ünvanında yerləşən sahəsi 14.9 kv.m olan qeyri-yaşayış sahəsi ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia qisməb tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizələrnin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh MTK-dan tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh (iddiaçı) Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı (cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh (iddiaçı) Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-382/2019 saylı 25 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən sahəsi 14.9 kv.m. olan qeyri-yaşayış ilə təmin edilmə öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində vəsait Cavabdeh MTK-dan tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar