Məhkəmə qərarları › İş №2(103)-6086/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6086/2023

12.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6086/2023 12.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X7 qarşı ilkin, X4 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: zərərin əvəzinin ödənilməsi, əmlakın qanunsuz sahiblikdən geri tələb olunması zamanı gəlirlərin qaytarılması, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X5 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı X7 qarşı “mənzilin təmirinə çəkilmiş xərcin əvəzinin qaytarılması” barədə ilkin, X4 İddiaçı qarşı “əmlakdan faydalanmağa görə pul vəsaitinin tutulması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsindən Qəhrəman İbrahimovun nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Bakı şəhəri, Xətai rayonu, Yeni Əhmədli qəsəbəsi 829-cu keçid, məhəllə 2980-81 (hazırkı Vunq Tau küçəsi 15, korpus 1, mənzil 415) ünvanında yerləşən mənzil B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən zavod rəhbərliyinin və Həmkarlar Komitəsinin birgə Qərarı ilə xx.xx.1987-ci il tarixdə qəbul edilmiş 6 saylı Protokol və 25 saylı order əsasında X7 verilmişdir.

2. 1992-ci ildə həmin mənzil məcburi köçkünlər tərəfindən zəbt olunmuş, 2008ci ildə isə İddiaçı Ələsgər adlı şəxsə pul ödəyərək qanunla müəyyənləşdirilmiş qaydada rəsmləşdirmədən mənzili almış, təmir etdirirərək uzun müddət qeydiyyatsız orada yaşamışdır.

3. X4 İddiaçı qarşı “isitifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı və digər şəxslərin həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması, Qəhrəman İbrahimovun mənzilə köçürülməsi qət olunmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş, icra olunması üçün Bakı şəhər Xətai rayon İcra Şöbəsinə göndərilmiş, 2022-ci ilin may ayında icra edilmişdir. Hazırda mənzildə X11 yaşayır.

5. İddiaçı X8 qarşı “pulun tutulması” tələbi Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin olunmuş, X2 İddiaçı xeyrinə 22 275 manatın tutulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

6. İddiaçı X7 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mübahisəli mənzilin təmir və yaxşılaşdırılmasına 2016-2017-ci illər ərzində çəkdiyi 7000 manatın Qəhrəman İbrahimovdan xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2008-ci ildə özünə maddi vəziyyətinə uyğun münasib ev almaq niyyətilə axtarışlar etmiş, təsadüfən Bakı şəhəri, Xətai rayonu, Yeni Əhmədli qəsəbəsi 829-cu keçid, məhəllə 2980-81 ünvanında yerləşən, rəfiqəsinin yaşadığı yataqxana tipli binada ev elanı görüb elandakı mobil telefonla əlaqə saxlamış, telefon danışığı zamanı elanı vermiş şəxsin Ələskər adlı şəxs olduğu ona məlum olmuş, sonuncu, bu evin dövlət tərəfindən ona təmənnasız verildiyini və evin ona məxsus olmaqla hazırda onu satmaq fikri olduğunu bildirmiş, lakin sənədləşdirmə işinin gələcəkdə həmin binaya xidmət göstərən 118 saylı Xətai Rayon Mənzil-Kommunal İstismar Sahəsi vasitəsilə onun adına rəsmiləşdirəcəyini qeyd etmişdir. Həmçinin onu da qeyd etmişdir ki, həmin mənzilin kiməsə məxsus olmasına dair hər hansı rəsmi sənəd (order, qərar və s.) yoxdur, bunu binaya xidmət edən Xətai rayonu 118 saylı Mənzil- Kommunal İstismar Sahəsi də təsdiq edə bilər. Evin satış dəyəri 13 500 manata razılaşdırılmış, bundan sonra evin sənədləşdirilməsi üçün onlar birlikdə 118 saylı Xətai Rayon Mənzil İstismar Sahəsinə getmiş, həmin Sahənin müdiriyyəti onları qəbul edərək bildirmişdir ki, sözügedən mənzil gənc mütəxəssislər üçün tikilən yataqxana tipli mənzildir və bu mənzilə dair hər hansı şəxsin adına rəsmi order və qərar mövcud deyil, evdə heç kəs qeydiyyatda yoxdur. Bundan sonra Mənzil-Kommunal Təsərrüfatı Departamentinin rəhbərliyi mənzilin sahibi kimi onu qeydiyyata salmaq və adına şəxsi hesab açmaq üçün ondan müəyyən məbləğ pul istəmiş, onun da maddi imkanı olmadığı üçün həmin məbləği verə bilməmiş, bu səbəblə də mənzil adına rəsmiləşdirilməmiş qalmış və hesab etmişdir ki, mənzili istənilən vaxt öz adına rəsmiləşdirəcək. Mənzili alarkən mənzil demək olar ki, yaşayış üçün yararsız bir vəziyyətdə olmuşdur. 2016-2017-ci illər ərzində təmir və yenidənqurma bərpa işləri aparmış, bu işə təxminən 7000 manat məbləğində maddi xərc çəkmişdir. Bu “X9”nin 22 aprel 2022-ci il tarixli 44 saylı mütəxəssis rəyi iə də təsdiq olunur. 2021-ci ilin təxminən mart ayında əvvəllər tanımadığı Qəhrəman İbrahimov yaşadığı mənzilə gələrək evin order əsasında ona məxsus olduğunu bildirmiş və mənzildən çıxmasını tələb etmişdir. Bir müddət sonra Qəhrəman evi 20 000 manat müqabilində evi ona satmağı təklif etsə də, həmin pulu ödəmək imkanı olmamışdır. Bundan sonra onun mənzildən çıxarılması barədə qətnamə qəbul edilmiş, qətnamə icra olunmuş və mənzildən çıxarılmışdır. Artıq 3 aydan çoxdur ki, cavabdeh mənzili qəbul etmiş və orada aparılmış təmir işlərinə hər hansı etirazını bildirməmişdir.

8. Qəhrəman İbrahimov isə qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı 10 000 manat ziyanın əvəzinin və 120 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qəhrəman İbrahimov qarşılıqlı iddia tələbini belə əsaslandırmışdır ki, Bünyad Sərdarov adına zavodda mühəndis-texnoloq vəzifəsində işləmiş və xx.xx.1987-ci il tarixli 25 saylı orderə əsasən gənc müsabiqədənkənar mütəxəssislər üçün nəzərdə tutulmuş yataqxananın 4-cü mərtəbəsinin 415 saylı otağına köçürülmüş, həmin tarixdən də ailə üzvləri - qızı və həyat yoldaşı ilə həmin mənzildə yaşamışlar. 1992-ci ildə qonaq getdikləri bir necə gün ərzində məcburi köçkünlər tərəfindən mənzil qanunsuz olaraq zəbt edilmişdir. Müharibə bitdikdən sonra mənzilinin taleyi ilə maraqlanan zaman məlum olmuşdur ki, mənzildə yaşayan məcburi köçkünlər həmin mənzildən çıxmışlar və İddiaçı ona məlum olmayan əsasla qanunsuz olaraq həmin mənzilə köçərək orada yaşamağa başlamışdır. Məhkəmə qətnaməsi əsasında mənzilə köçürülmüşdür. İddiaçı 2008-2022-ci illərdə mənzildə qanunsuz olaraq yaşamış, o isə 14 il öz əmlakından və ondan gələn gəlirlərdən məhrum olmuşdur. Belə ki, 14 il öz bacisınin evində qeydiyyatda olmuş, faktki olaraq isə atasına məxsus Saray qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 37 ünvanında qardaşları və onların ailəsi ilə birgə yaşamışdır. 14 il ərzində öz əmlakından məhrum edilməsi, ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Əgər 14 il ərzində həmin əmlakdan istifadə edə bilsəydi, gəlirlər əldə edə bilərdi. Mənzildən istifadə edə bilməməsi isə onu bu gəlirlərdən məhrum etmişdir. Mənzil 14 il ərzində kirayə verilsəydi 168 ay (14x12) ərzində, ayda kirayə haqqı təxminən 200 manat olmaqla 33 600 manat gəlir əldə edə bilərdi.

10. İddiaçı nümayəndəsi (vəkili) məhkəməyə təqdim etdiyi etirazında göstərmişdir ki, qarşılıqlı iddiaçı sözügedən mənzilə order əsasında hüquq əldə etmiş, onun mənzilə mülkiyyət hüququ qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmamış və bu hüququ qanunla nəzərdə tutulmuş qaydada əldə etməmişdir. Mənzil yataqxana tipli binada yerləşməklə 118 saylı Xətai Rayon Mənzil Kommunal İstismarı Sahəsinin idarəçiliyində olmuş və mənzil üzərində sərəncam vermək hüququ göstərilən mənzilə dair hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq X19 Sovetlərinin İcrayyə Komitələri, həmin mənzillərin idarəçiliyi və ona nəzarət isə Mənzil İstismar Təşkilatları tərəfindən həyata keçirilmişdir (2009-cü il oktyabırın 1-dək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 18, 19 və 107-ci maddələri). X12 Mənzil Fondunun balansında olan sözügdən mənzil üzərində sərəncam vermək hüququ (satmaq, bağışlamaq və ya kirayə vermək) olmamışdır. Buna görə də, onun qeyd edilən mənzildən kirayə haqqı şəklində ziyan tələb etməsi əsaslı sayıla bilməz. Digər tərəfdən, sözügedən mənzildən məhrum olmaqla bağlı qarşılqılı iddiaçıya maddi ziyan dəyməsi barədə hər hansı mötəbər subutlar (onun digər mənzildə kirayədə yaşaması, ona hər hansı formada maddi ziyan dəyməsi və s...) məhkəməyə təqdim edilməmişdir. Order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

11. İddiaçı nümayəndəsi (vəkili) məhkəmə iclasında verdiyi izahatında həmçinin bildirmişdir ki, təmsil etdiyi şəxs mənzili alarkən vicdanlı alıcı olub, qarşılıqlı iddia həm də buna görə təmin edilə bilməz.

12. Qəhrəman İbrahimovun nümayəndəsi (vəkili) qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, həmçinin bildirmişdir ki, ilkin iddiaçı mənzili 7 il əvvəl təmir edib və təmir edəndən sonra orada yaşayıb, təmir artıq köhnəlib. Mənzil təmsil etdiyi şəxsə köhnə formada verilib.

13. Birinci instansiya məhkəməsinin 03 may 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi 15, korpus 1, 415 saylı mənzilin təmir xərclərinə görə 5206 manatın X3 tutulub İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 880 manatın İddiaçı tutulub X7 ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, ekspertiza xərcinin 20 manat hissəsinin İddiaçı, 80 manat hissəsinin isə X3 tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.

14. Məhkəmə ilkin iddia tələbi üzrə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

14.1. Məhkəmə qətnaməsi əsasında işin mübahisəsiz halları kimi müəyyən edilir ki, mənzil 1987-ci ildə Qəhrəman İbrahimovun istifadəsinə verilmiş, 1992-ci ildən etibarən o, mənzilinə məcburi köçkünlərin yerləşdirilməsi səbəbilə mənzildən istifadə etməmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi) əsasən Qəhrəman İbrahimovun mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan və İddiaçı mənzildə heç bir əsas olmadan yaşadığından onun mənzildən çıxarılması və Qəhrəman İbrahimovun mənzilə köçürülməsi qət edilmişdir. 14.2. Həmçinin, o da işin mübahisəsiz hallarıdır ki, İddiaçı 2008-ci ildən etibarən mənzildə yaşamış, sonra orada təmir işləri aparmış, nə təmir işləri apararkən, nə də orada yaşayarkən mənzilin əslində Qəhrəman İbrahimovun istifadəsində olduğunu bilməmişdir. 14.3. Bu halda məhkəmə hesab edir ki, nə qədər ki, mənzilin başqa şəxsə satıldığını bilməyərək İddiaçı tərəfindən orada təmir və yaxşılaşdırma işləri yerinə yetirilmişdir, həmin işlərin yerinə yetirilməsinə çəkilmiş xərci o, məzilin hazırkı sahibi Qəhrəman İbrahimovdan tələb etməkdə haqlıdır. 14.4. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, vicdanlı sahib olan Nüvar Soltanəliyeva mənzildə olan əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını aparmış, ayrılması mümkün olmayan yaxşılaşdırmaların, yəni mənzildə apardığı təmirə görə sərf etdiyi xərci Qəhrəman İbrahimovdan tələb etsə də, sonuncu bundan imtina etmişdir. 14.5. Məhkəmə hesab edir ki, İddiaçı mənzilə vicdanlı sahiblik etdiyi müddətdə apardığı yaxşılaşdırmalar (mənzilin təmiri) əmlaka zərər yetirmədən mümkün olmadığından, Qəhrəman İbrahimov isə mənzilə çəkilmiş təmir xərclərini ödəməkdən imtina etdiyindən, o, həmin xərclərə münasibətdə əsassız varlanmış hesab edilir. 14.6. Lakin məhkəmə hesab edir ki, mənzilin təmir xərcinə görə tələb edilən pul vəsaiti qismən təmin edilməlidir. Belə ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6648 saylı rəyindən görünür ki, mənzildə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri 2016-2017-ci illər üçün mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 5206 manat məbləğdə olduğu müəyyən edilmişdir.

15. Qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni isə məhkəmə aşağıdakı kimi əsaslandırmışdır. 15.1. İş materialları ilə müəyyən edilir ki, Qəhrəman İbrahimovun “İddiaçı və digər şəxslərin mənzildən çıxarılması, mənzilin boşaldılması, mülkiyyət hüququnun tanınmaqla həmin mənzilə köçürülməsi” barədə iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı həmin qətnamə ilə razılaşaraq apellyasiya şikayəti verməmişdir. Həmçinin, tərəflərin məhkəmə iclasında verdikləri izahatlardan məlum olmuşdur ki, İddiaçı 2022-ci ilin may ayında mənzildən çıxaraq onu Qəhrəman İbrahimova təhvil vermişdir. 15.2. Göründüyü kimi, mənzilin Qəhrəman İbrahimova məxsus olması Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, İddiaçı da bu hal bəlli olmuş, həmin qətnamə ilə razılaşaraq ondan şikayət verməsə də, mənzili yalnız qətnamə qəbul edildikdən 4 ay sonra, yəni 2022-ci ilin may ayında təhvil verməklə qətnaməni icra etmişdir. Bununla da, İddiaçı Qəhrəman İbrahimovun mənzilində 4 ay qanunsuz yaşayaraq, ona maddi zərər vurmuşdur. 15.3. Qəhrəman İbrahimovun nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, 2022-ci ilin yanvar ayından aprel ayınadək mübahisəli mənzilin orta aylıq kirayə haqqı 220 manat təşkil edir. 15.4. Məhkəmə şərh edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi Qəhrəman İbrahimova dəyən maddi ziyan (əldən çıxmış fayda) hissəsində qismən, yəni 2022-ci ilin fevral, mart, aprel və may ayları üzrə, hər ay 220 manat olmaqla cəmi 880 manat məbləğində təmin olunmalıdır.

16. X6 nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş edilmiş, şikayət qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, sübutlara düzgün qiymət vermədiyi, təmsil etdiyi şəxsin ilkin iddiaçının hesabına varlandığının sübuta yetirilmədiyini nəzərə almadığı, işin hallarına uyğun gəlməyən qərar çıxardığı irəli sürülmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

17. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz vermiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Apelİyasiya baxışı, verilən izahatlar

18. X4 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı isə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

21. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

23. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

35. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

38. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın qismən təmin edilməməsi ilə bağlı hissələri üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamə ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilsə də, ilkin iddiaçı qətnaməni mübahisələndirməyərək, əksinə onun qüvvədə saxlanılmasını xahiş etmiş; Qəhrəman İbrahimovun nümayəndəsi isə vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, əslində bu xahiş ilkin iddianın təmin, qarşılıqlı iddianın təmin edilməyən hissələrinin ləğvinə yönəlmişdir. Başqa sözlə, qətnamənin ilkin iddia tələbinin qismən təmin olunmaması, qarşılıqlı iddia tələbinin isə qismən təmin olunması ilə bağlı hissələri apellyasiya baxışının predmeti deyildir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

39. Kollegiya birinci instansiya məhkəməsinin ilkin iddia tələbi üzrə (mübahisələndirilən hissədə) gəldiyi nəticə, habelə müvafiq əsaslandırma ilə razılaşır və ilkin tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətinin həmin hissə üzrə dəlilləri ilə bağlı əlavə əsaslandırma aparmağa zərurət görmür.

40. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı əmlakı vicdanlı əldə etdiyi, 2008-ci ildən etibarən əmlaka fasiləsiz və etirazsız sahibliyi həyata keçirdiyi, bu müddət ərzində əmlakı təmir etdirdiyi işin müəyyən olunmuş hallarıdır; vicdanlı sahib isə, əmlakdan ayrılması mümkün olmayan yaxşılaşdırmaların dəyərinin ödənilməsini tələb edə bilər (§ 23).

41. Qəhrəman İbrahimov mənzilin təmirinə çəkilmiş xərcin düzgün hesablanmadığını irəli sürsə də, kollegiya həmin məsələ ilə bağlı verilmiş ekspert rəyini mötəbər hesab edir və rəyi “əsaslı şübhədən kənar” sübut kimi qiymətləndirir.

42. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi üzrə nəticəyə gələrkən, ilkin iddiaçının əmlaka sahibliyinin qanunsuz olduğu vaxt intervalı ilə bağlı səhvə yol vermişdir.

43. Belə ki, ilkin iddiaçının özünün bildirdiyi hala görə, Qəhrəman İbrahimov 2021-ci ilin mart ayında mənzilə gələrək mənzilin ona məxsus olmasını demişdir; bu isə o deməkdir ki, məhz həmin dövrdən sonra İddiaçı mənzilə sahibliyi “etirazsız” olmamışdır.

44. İşin hallarından həmçinin görünür ki, X14 Soltanəliyevaya qarşı iddia ərizəsi (§ 3) xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olmuş, bu tarixdən sonra onların arasında faktiki olaraq hüquqi müstəvidə mübahisə başlamışdır.

45. Qanunsuz sahibin əşyanı qaytarmayaraq özündə saxlaması onun mülkiyyətçinin hesabına əsassız varlanmasına dəlalət edir; varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 23).

46. Qanunvericilik həmçinin müəyyən edir ki, mülkiyyətçi, vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər.

47. Kollegiyanın qənaətinə görə, İddiaçı mənzillə bağlı ilk pretenziya 2021-ci ilin may ayında bildirilsə də, mənzildə 13 il fasiləsiz və etirazsız yaşamış şəxs olması baxımından həmin tarix deyil, İbrahim Qəhrəmanovun ona qarşı iddia qaldırdığı tarix əmlaka sahibliyinin qanunsuz olduğunu bilməli olduğu tarix kimi qəbul edilməli və 2021-ci ilin sentyabr-dekabr, habelə 2022-ci ilin yanvar ayları üçün də mənzildən istifadə etməsinə görə ondan Qəhrəman İbrahimovun xeyrinə pul tutulmalıdır.

48. Qətnamənin İddiaçı tərəfindən mübahisələndirilməyən hissəsi üzrə məhkəmənin əsas götürdüyü qiymətləndirmə rəyində göstərilmişdir ki, 2021-ci ilin sentyabr ayında mübahisəli mənzilin orta aylıq kirayə haqqı 200 manat, bundan sonrakı dövrdə isə 220 manat təşkil etmişdir.

49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər olan dövr üçün İddiaçı Qəhrəman İbrahimovun xeyrinə əlavə olaraq 1080 manat (200 + (220 x 4) = 1080) tutulmalıdır.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-172/2023 saylı iş üzrə 03 may 2023-cü il tarixli qətnaməsi “qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi” hissəsində ləğv olunsun və həmin hissədə yeni qətnamə çıxarılsın. Qarşılıqlı iddia tələbi həmin hissədə də qismən təmin edilsin. İddiaçı X4 xeyrinə əlavə olaraq 1080 (min səksən) manat tutulsun. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. X1 tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar