Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6089/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(009)-428/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı idida ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 933 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini və cavabdehin hərəkətində cinayət əməlinin olduğunun müəyyən edildiyi təqdirdə müvafiq orqanlara məlumat verməklə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Laçın rayonundan məcburi köçkündür. Cavabdehi atasına məxsus “Qədim Şəki” restoranında işlədiyi vaxdan tanıyır. O, həmin restoranda idarəedici işində işləyirdi. Belə ki, o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayına kimi Bakı şəhəri, Badamdar qəsəbəsi, Y.Qarayev ünvanında yerləşən “Qədim Şəki” restoranında ofisiant kimi çalışmışdır. Lakin sonradan ona məlum oldu ki, ofisiant kimi çalışsa da onun adını müqavilədə aşbaz kimi qeyd etmişlər. “Qədim Şəki” restoranından sonra o işləmək üçün “Qoşa Çinar” kafesinə getmiş, həmin kafedə işləyərkən həmin kafedə ofisiant işləyən Nihad adlı oğlan ona yaxınlaşıb, əvvəl işlədiyi “Qədim Şəki” restoranının müdürinin oğlu Kamranın onun nömrəsini axtardığını bildirmiş, o Nihaddan Kamranın nömrəsini götürüb onun “vatsapına” səsli mesaj göndərmiş, sonuncu ona cavabında bildirdi ki, “Korona virus” pandemiyası ilə əlaqədar onun hesabına dövlət tərəfindən pul köçürülüb və bir gün vaxt tapıb onunla birlikdə gedib həmin pulu bankdan çıxarsınlar. 14 sentyabr 2020-ci il tarixdə Kamranla Badamdar qəsəbəsində yerləşən “Tiflis” restoranında görüşüb, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən “Kapital Bank”a gedərək onun adına hesab nömrəsi açdırmış, 18 sentyabr 2020-ci il tarixdə Kamran onun “vatsapına” səsli mesaj göndərərək bildirmiş ki, onun hesab nömrəsinə pul köçürülüb və gedib həmin pulu çıxarmaq lazımdır. Həmçinin bildirdi ki, 3-cü rn/r dairəsi tərəfdədir və gəlib onu götürüb banka aparacaqdır. Təxminən 30 dəqiqə sonra Kamran özünə məxsus avtomobillə gələrək onunla birlikdə Yasamal rayon ərazisində yerləşən “Kapital Bank”a getdilər. O bankdan onun hesab nömrəsinə oturmuş 983 manat pulu bankdan alaraq oradan çıxmış, həmin vaxt Kamran “Kapital Bank”ın qabağında gözləyirmiş, o, bankdan çıxdıqdan sonra təxminən 100 metr bankdan aralıda saxlanmış Kamranın maşınına oturmuş, maşına oturduqdan sonra Kamran ona dedi ki, aldığın pulları ver sayım. Lakin pulu saydıqdan sonra o, həmin pulun içərisindən 50 manat çıxardıb ona vermis, qalan pulları, yəni 933 manat pulu isə öz cibinə qoyub maşını sürməyə başlamış, əvvəlcə o anlaşılmaz vəziyyətdə qalıb heç nə deməmiş, sonradan özünə gəlib nə üçün belə etdiyini ondan soruşmaq istəsə də, qorxmuşdur ki, o, ona nəsə edər, yəni zəzər yetirər. Sonra o Kamranın atası, “Qədim Şəki” restoranının müdüri Çingiz adlı şəxsə zəng vurub oğlun Kamran saymaq adı ilə ondan aldığı 983 manat pulu saydıqdan sonra həmin puldan 50 manat ona verib qalan hissəsini isə öz cibinə qoyduğunu demiş, atası ona demişdir ki, oğlu Kamranın borcu çoxdur və o, 50 manatı gündəlik iş görməyi müqabilində vermişdir. Sonra o Kamranın özünə məxsus mobil nömrəyə “vatsap” vasitəsi ilə səsli ismarıc göndərərək pulu nə üçün götürdüyünü soruşmuş, Cavabdeh bildirmişdir ki, o, pul işçilərə çatacaq və həmin pulun yalnız əlli manatı ona çatacaqdır. Onun şikayəti əsasında Yasamal Rayon Polis İdarəsinin Təhqiqi Şöbəsinə dəvət edilmiş Cavabdeh təhqiqat şöbəsində yazdığı izahatında 18 sentyabr 2020-ci il tarixdə onunla bir yerdə olarkən ona 983 manat pul verdiyini, yəni həmin pulu ondan aldığını və sonra o, pulun ona qaytarmadığını etiraf etmişdir. Eyni zamanda guya həmin pulun 491.5 manatının Sadiq adlı kassirə çatmalı olduğunu, 50 manatının ona çatmalı olduğunu və qalan hissəsinin isə onun ona olan borcuna çıxdığını göstərmişdir. Onun bu yazdıqları isə tam yalan və böhtandır. Pulu Bankdan almamışdan əvvəl Kamranın özü və pulu Bankdan alarkən isə Bankda pulu ona verən şəxs ona bildirmişdir ki, bu pul ona dörd aylıq əmək haqqının əvəzinə “Koronavirus” xəstəliyi ilə əlaqədar dövlət tərəfindən verilir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli 2(009)-428/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 933 manat və ödənilmiş 5 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, onun ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. İddiaçı bankdan pulu götürdükdən sonra sərbəst şəkildə ona olan borcunu qaytarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı A.Qədiməliyevin cinayət işi başlanmasının rədd edilməsi barədə 17 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından və qeyd edilən xüsusatlar mülki xarakterli olduğundan toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan Kapital Bankın hesabdan çıxarışdan görünür ki, İddiaçı AZ83AİİB410100C**********104 saylı hesabına 17.09.2020-ci il tarixdə 990 manat 4 aylıq əmək haqqı oturulmuşdur. İş materiallarında olan Cavabdeh Bakı şəhəri, Yasamal RPİ-nə şikayət ərizəsi ilə bağlı verdiyi izahatından görünür ki, o, 18 sentyabr 2020-ci il tarixdə iddiaçı ilə bir yerdə olarkən ona 983 manat pulu ondan aldığını, həmin pulun 491.5 manatının Sadiq adlı kassirə çatmalı olduğunu, 50 manatının iddiaçıya çatmalı olduğunu və qalan hissəsinin isə onun ona olan borcuna çıxdığını göstərmiş və 933 manat pulun ona qaytarmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh 933 manat pulu iddiaçıdan əldə etməklə əsassız varlanmışdır və əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya qaytarmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçının 983 manat pulu cavabdehə verməsi və cavabdehin 50 manatı iddiaçıya geri qaytarması, qalan 933 manatın isə geri qaytarılmaması işin mübahisəsiz halıdır. Cavabdeh həmin pulun 491.5 manatının Sadiq adlı kassirə çatmalı olduğunu, qalan hissəsinin isə iddiaçının ona olan borcunun əvəzi olaraq verildiyini iddia edir. Lakin cavabdeh bu qeyd etdiklərini, həqiqətən iddiaçının ona borclu olmasını, həmin puldan 491.5 manatın Sadiq adlı kassirə verilməsi üçün aldığını və digər halları nə birinci instansiya məhkəməsində, nədəki apelyasiya baxışı zamanı sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də Kollegiya hesab edir ki, cavabdehin dəlilləri əsassız olmaqla öz təsdiqini tapmamışdır. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etsə də, cavabdehin hərəkətində cinayət əməlinin olması müəyyən edildiyi təqdirdə müvafiq orqanlara məlumat verməklə cinayət məsuliyyətinə cəlb edilməsi barədə iddiaçının vəsatətini təmin etmədiyinə görə, iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Halbuki, həmin hissədə iddiaçının xahişi vəsatət xarakteri daşımaqla iddia tələbi hesab olunmur. Ancaq Kollegiya hesab edir ki, məhkəmə mübahisəni mahiyyəti üzrə düz həll etdiyi üçün göstərilən xüsusat formal xarakter daşıyır və qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir, belə ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-428/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6089/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6089/2021
21.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver