Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6090/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5.500 manat məbləğində pulun və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinə əsasən iddia təmin edilmiş, Cavabdeh 5.500 manat məbləğində pul və ödənilmiş 75 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmuşdur. Bundan sonra Cavabdeh qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğvi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və qiyabi qətnamənin ləğv edilərək işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi üçün Cavabdeh tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, qiyabi qətnamənin ləğv edilməsi ilə bağlı ərizənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin 2(004)-788/2023 saylı qiyabi qətnaməsindən xx.xx.2023-cü il tarixdə icra məmuru tərəfindən ona məlumat verildikdən sonra məlumatı olmuş, məhkəmə iclasının vaxtı və yeri barədə xəbəri olmadığı kimi qətnamənin çıxmasından da xəbəri olmamışdır. Onun elektron kabineti olmasına baxmayaraq, elektron məhkəmə sistemindən istifadə edə bilmir. Belə ki, ASAN imzanı işi ilə bağlı vergi ödəyicisi kimi alsa da, elektron məhkəmə sistemindən istifadə etməmişdir və istifadə qaydasını da bilmir. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 135-ci maddəsinin tələbinə istinad edərək, məhkəmə sənədinin proses işirakçısının “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə yerləşdirildiyi anda ona rəsmi qaydada verilmiş hesab edilməsini əsas götürərək, prosessual müddətin bərpa edilməsindən əsassız olaraq imtina etmişdir. Halbuki, 135.3cü maddəsinə əsasən məhkəmənin bildirişi və qiyabi qətnaməsi həmin qanunun tələbinə uyğun olaraq ona çatdırılmamışdır. Ona görə də, hesab edir ki, qiyabi qətnamənin ləğvi ilə bağlı ərizəsi üzrə müddətin buraxılması üzürlü hesab edilməklə bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Cavabdeh şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 243.2-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir; 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi xx.xx.2023-cü il tarixdə cavabdehin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, həmin tarixdə rəsmi qaydada ona verilmişdir. Bununla yanaşı, məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişlər də həmin kabinetə yerləşdirilmişdir. Cavabdeh isə yalnız xx.xx.2023-cü il tarixdə qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə və bu ərizənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə belə bir ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 10 günlük müddət müəyyən edilmiş və bu müddətin həmin qətnamənin rəsmi qaydada verildiyi tarixdən hesablanması təsbit edilmişdir. Bununla belə, cavabdeh həmin ərizəni xx.xx.2023-cü il tarixədək (20 və 21 may tarixləri müvafiq olaraq, şənbə və bazar günlərinə təsadüf etdiyindən, sonuncu tarix xx.xx.2023-cü il hesab edilir) məhkəməyə təqdim etməli olduğu halda, təqdim etməmiş və ərizəni yalnız xx.xx.2023-cü il tarixdə, yəni 2 aydan artıq müddət keçdikdən sonra məhkəməyə təqdim etmişdir. Lakin onun elektron kabinetdən məlumatsız olması və istifadə edə bilməməsi birmənalı şəkildə üzürlü səbəb kimi qəbul edilə bilməz və ötürülmüş müddətin bərpası üçün əsas yaratmır. Belə ki, bu halda, Mülki-Prosessual Məcəllənin 135.6-cı və 227.4-cü maddələri öz hüquqi əhəmiyyətini itirmiş olur ki, bu da mümkün deyil. Hər bir halda, üzrlü səbəb dedikdə elə hallar nəzərdə tutulur ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, onun qarşısı alına bilməsin, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Lakin cavabdeh tərəfindən üzürlü kimi göstərilən hal bu hallara aid deyil. Qeyd edilənlər öz növbəsində buraxılmış müddətin bərpa edilməsini qeyri-mümkün edir. Bununla belə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023cü il tarixli qiyabi qətnaməsininin ləğv edilməsi barədə ərizə vermək üçün mülki prosessual qanunvericiliklə müəyyən edilmiş 10 günlük prosessual müddəti hər hansı üzürlü səbəb olmadan buraxmışdır. Birinci instansiya məhkəməsi də bu halı nəzərə alıb, haqlı olaraq həmin qətnamənin ləğv edilməsi üçün cavabdeh tərəfindən ərizənin verilməsi müddətini bərpa etməmişdir. Bu səbəbdən şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci, maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6090/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6090/2023
03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver