Məhkəmə qərarları › İş №2(103)-6090/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6090/2024

02.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6090/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «alınmış mal qüsurlu olduğundan ödənilmiş pul məbləğinin qaytarılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2954/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasında “65 TOSHİBA 4K” markalı televizorun alınması üçün 1240 manat və kronşteyn üçün 30 manat olmaqla, ümumilikdə 1270 manat ödənilmişdir.

2. “Kontakt Home” möhürü ilə təsdiq edilmiş, Murad Mansurov (iddiaçının kürəkəni) tərəfindən imzalanmış zəmanət talonundan görünür ki, xx.xx.2023-cü il tarixdə alınmış modeli 65C350KE olan televizora zəmanət müdəti 24 ay verilmişdir.

3. Televizor qablaşdırılıb avtobus vasitəsilə Qazax rayonuna göndərilmiş, bundan sonra İddiaçı tərəfindən televizorun qüsurlu olması (ekranının çat olması) müəyyən olunmuş və televizorun dəyişdirilməsi üçün müraciət edilmiş, lakin təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023cü il tarixdə “Smart Tech” mağazasından (Sədərək ticarət mərkəzi, 3-cü ərazi, sıra 4, korpus 2, 35 №li mağaza) aldığı televizorun (65 Toshiba UK markalı) qüsurlu olması səbəbindən (ekranının çat olması) dəyişdirilməsindən imtina etməsini nəzərə alaraq həmin televizorun geri götürülməsi, televizora görə ödədiyi 1270 manatın, dövlət rüsumu olaraq ödədiyi 33 manat və hüquqi yardıma görə vəkilə ödədiyi 220 manat pulun cavabdeh fərdi sahibkar Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiada göstərilir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor almışdır. Televizora görə 1270 manat pul ödəmişdir. Televizorun Qazax rayonuna göndərilməsini satıcı öz üzərinə götürmüşdür. Televizora görə ona “Kontakt Home” zəmanət talonu verilmişdir. Televizor Qazax rayonunda avtobusdan yoxlanılmadan onlara verilmiş və evdə açılan zaman televizorun qüsurlu olması, yəni ekranının çat olması müəyyən olunmuş və dərhal da mağazaya gətirilərək dəyişdirilməsini xahiş etmişdir. Lakin mağaza televizoru dəyişməkdən, yəni yenisi ilə əvəz etməkdən imtina etmiş, öz hesabına ekranın dəyişdirilməsini təklif etmişdir. Bununla bağlı, Azərbaycaan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmiş, lakin onlar da mağazanın izahatlarını əsas götürərək hər hansı bir kömək etməmişlər. Həmin təşkilat ona ünvanladığı 11 may 2023-cü il tarixli 3-21-1/2-8130/2023 nömrəli məktubunda göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.201cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.58-ci bəndinə uyğun olaraq malda aşkar edilən qüsurların səbəbləri ilə əlaqədar satıcı və istehlakçı arasında mübahisə yarandıqda, satıcı əmtəənin ekspertizasını öz hesabına həyata keçirməlidir. İstehlakçı elspertizanın nəticələrini məhkəmə qaydasında mübahisələndirə bilər. Satıcının hesabına keçirilən ekspertiza bir tərəfli keçirilmiş, satıcıdan malın təhvil-təslimi haqqında sənəd tələb olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, “Smart Tech” mağazasının mövqeyi ilə razılaşmadığınız təqdirdə aranızda yaranmış mübahisə ilə bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 25.1-cimaddəsinə əsasən, məhkəməyə müraciət edə bilərsiziniz.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2954/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia tələbinin təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, məhkəmə iclasında tərəflərin iştirakları ilə cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş CD formatlı diskə baxış keçirilərək aşağıdakılar müəyyən edilir: CD diskin 147743 KB olan görüntüsündə televizor iki xanımın iştirakı ilə mağazanın əməkdaşı tərəfindən quraşdırılaraq ekranı işə salınır, ekran açılır. CD diskin 59858 KB olan görüntüsündə televizor bağlı qutuda dükanın girişinə (çöl hissəsinə) qoyulur. CD diskin 125816 KB olan görüntüsündə televizor və kronşteyn (televizor asan) arabaya yerləşdirilir. CD diskin 148863 KB olan görüntüsündə televizorun üst hissəsində olan zədə görünür. Həmçinin həmin zədəli televizora özünün penoplastı (qoruyucu) taxılır və penoplastın (televizorda olan zədə hissəsi) həmin hissəsində heç bir zədə aşkar edilmir. Bundan əlavə görüntüdə televizorun qutusu da göstərilir və həmin qutuda da, heç bir zədə aşkar edilmir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor almış və həmin televizora görə 1270 manat pul ödəmişdir. İddiaçı iddia edir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor alarkən, televizorun Qazax rayonuna göndərilməsini satıcı öz üzərinə götürmüş və bunun müqabilində iddiaçıdan 60 manat məbləğində pul almışdır. Cavabdeh iddianı qəbul etmir. İddia ərizəsində tələbin maddi hüquqi əsası kimi delikt göstərilsədə, məhkəmə hesab edir ki, tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 570-ci, 571-ci və 588-ci maddələri nəzərdən keçirilə bilər. Məhkəmə aşağıdakılara görə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının tələbinin əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, satın alınmış televizorun qüsurlu olmasının və onun çatdirılmasına dair satıcının öhdəliyinin mövcudluğunun sübut etmə vəzifəsini iddiaçı daşıyır. İddiaçı televizorun Qazax rayonuna göndərilməsini satıcının öz üzərinə götürdüyünə və buna görə ona 60 manat məbləğində pul ödədiyinə əsaslansa da, bu faktlara dair heç bir mötəbər sübut təqdim etməmiş, belə halın mövcudluğu işin məhkəmə araşdırılması zamanı nə şahid ifadəsi ilə, nə də iş materiallarında olan video görüntülərlə müəyyən edilməmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli qaimədə iddiaçının 65 TOSHİBA 4K televizor üçün 1240 manat və kronşteyn üçün 30 manat, ümumilikdə 1270 manat məbləğində pul ödənildiyi əks olunmuş, orada malın çatdırılması ilə bağlı hər hansı əlavə ödənişin olması qeyd olunmamışdır. Göründüyü kimi tərəflər arasında malın çatdırılması ilə bağlı hər hansı şifahi və ya yazılı razılaşmanın olması təsdiq edilmir. Hazırkı halda qanunvericiliyin tələblərinə görə, müqavilədə satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi nəzərdə tutulmadığından satıcı tərəfindən əşyanı alıcıya təhvil verdiyi məqamda onun əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Yəni Mülki Məcəllənin 571.1-ci maddəsinin tələbləri baxımından əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski həmin andan artıq iddiaçıya keçmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından “65 Toşhiba UK” markalı televizor almış, həmin gün televizor mağazada iddiaçının iştirakı ilə qutusundan çıxarılaraq quraşdırmış, işlədiyinə və qüsurunun olmamasına əmin olduqdan sonra televizoru öz qutusuna yerləşdirmişlər. Həmin vaxt alınmış televizorun zəmanət talonu və qaimə yazılmış, lakin zəmanət talonu və qaimə alıcının istəyi ilə onun kürəkəni Murad Mənsimovun adına yazılmışdır. Sonradan isə televizorda qüsurun mövcudluğunu Qazax şəhərində yaşayan iddiaçının qızı bildirmişdir. Göründüyü kimi iddiaçı televizorun ona verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirə bilməməklə yanaşı, işin məhkəmə araşdırılması ilə qüsurların əşya alıcıya verilənədək əmələ gəldiyi və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyi də müəyyən edilmir. Əksinə iş üzrə müəyyən edilir ki, cavabdeh tərəf öz üzərinə düşən öhdəliyi yerinə yetirərək iddiaçıya satılması nəzərdə tutulan televizoru iddiaçının iştirakı ilə qutusundan açıb, həm işlək vəziyyətdə olmasını yoxlamış, həm də zavod defekti və ya sonradan yaranmış qüsurun olmadığına əmin olduqdan sonra istehlakçıya təhvil vermişdir. Bu hal iş materiallarına əlavə edilmiş CD diskə baxış zamanı olan görüntülərlə, həm də dindirilmiş şahid ifadəsi ilə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda sadalananlar əsasında bu nəticəyə gəlir ki, iddiaçı sübut etmək vəzifəsini daşıdığı mübahisəli halları sübuta yetirə bilməmişdir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 65 TOSHİBA 4K televizorun keyfiyyətinə aid tələblərin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması, habelə əşaynın alıcıya çatdırılması ilə bağlı cavabdehin öhdəliyinin mövcudluğu iş üzrə sübuta yetirilmədiyindən iddia əsaslı sayıla bilməz. Odur ki, iddia rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, o, satın alınmış televizorun qüsurlu olmasını və onun çatdırılmasına dair satıcının öhdəliyinin mövcudluğunu sübut edib. Bununla əlaqədar məhkəməyə mötəbər sübutlar təqdim edib, cavabdehin məhkəməyə təqdim etdiyi video görüntülərlə də müəyyən edilir. Məhkəmənin qaimədə malın çatdırılması ilə bağlı hər hansı əlavə ödənişin qeyd olunmaması barədə göstərdikləri isə cavabdehin hərəkətlərinə bəraət qazandırmaq cəhdindən başqa bir şey deyildir. Belə ki, məhkəmə həmin qaimədə olan qüsurları (qaimənin kimin tərəfindən verildiyini, mağazanın nömrəsi, satıcının adı, soyadı göstərilməyib) nədənsə görmür, lakin əlavə ödənişin qeyd olunmamasını göstərir. Məhkəmənin istinad etdiyi video görüntü ilə sübuta yetirilir ki, televizorun Qazax rayonuna çatdırılması satıcı tərəfindən həyata keçirilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, guya xx.xx.2023-cü il tarixdə, yəni televizor alınan gün televizor iddiaçının iştirakı ilə qutusundan çıxarılaraq quraşdırılmış, işlədiyinə və qüsurunun olmamasına əmin olduqdan sonra televizor öz qutusuna yerləşdirilmişdir. Həmin vaxt alınmış televizorun zəmanət talonu (məhkəmə zəmanət talonunun da qanuni olub-olmamasını yoxlamamışdır) və qaimə yazılmış, lakin zəmanət talonu və qaimə alıcının istəyi ilə onun kürəkəni Murad Mənsimovun adına yazılmışdır. Məhkəmə zalında nümayiş etdirilən video görüntülərdə televizorun qutusundan çıxarılması, sonra isə qaytarılıb qutusuna qoyulması görünmür. Əksinə, videogörüntüdə görünür ki, bir qutu xx.xx.2023-cü il tarixdə yük arabasına qoyulur və aparılır. Şahid kimi dindirilən satıcı özü də bildirir ki, o, televizoru səhərisi gün şəxsən avtobusa yola salmış və guya öz cibindən yük daşıyana 5 manat pul vermişdir. Televizor yola salınana kimi mağazada qalmışdır, deməli həmin malın saxlanması öhdəliyi satıcının üzərində qalmışdır. Bütün bu hallar videogörüntülərdə öz təsdiqini tapır. Bu qətnamədən əvvəl məhkəmə tərəfindən qiyabi qətnamə qəbul olunmuşdur. Qiyabi qətnamədə məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, təqdim edilmiş sübutlarla belə müəyyən edilir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzində yerləşən “Smart Tech” mağazasından” “65 TOSHİBA UK” markalı televizor almış və həmin televizora görə 1270 manat pul ödəmişdir. Televizorun Qazax rayonuna göndərilməsi barədə satıcı ilə razılıq əldə olunmuşdur. Televizora görə ona “Kontakt Home” zəmanət talonu verilmişdir. Televizor Qazax rayonunda avtobusda yoxlanılmadan onlara verilmiş və evdə açılan zaman televizorun qüsurlu olması, yəni ekranın çat olması müəyyən olunmuş və dərhal mağazaya gətirilərək dəyişdirilməsi xahiş edilmişdir. Lakin mağaza televizoru dəyişməkdən imtina etmiş və öz hesabına ekranın dəyişdirilməsini təklif etmişdir. Qiyabi qətnamədə sadalanan qanunvericilik normalarına və xüsusatlara əsasən, məhkəmə iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə alınmış televizorun qüsurlu olması səbəbindən cavabdeh tərəfindən dəyişdirilməsindən imtina etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlıdır və onun iddia tələbi təmin edilməlidir. Qiyabi qətnamənin ləğvindən sonra işə yenidən baxılarkən məhkəmənin sübut kimi qəbul etdiyi faktlar iş materiallarında olmuş, cavabdeh tərəfindən məhkəməyə əlavə olaraq video görüntü təqdim edilmiş və televizoru satmış şəxs şahid kimi dindirilmişdir. Həmin videogörüntüdən də görünür ki, malı Qazax rayonuna satıcı yola salmışdır. Məhkəmə tərəfindən Mülki Məcəllənin 570, 571-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, Mülki Məcəllənin 587-ci maddəsinin də tələbləri pozulmuşdur. Belə ki, qüsurlu televizoru məhkəməyə təqdim edərkən iddiaçı ilkin olaraq televizorun dəyişdirilməsini xahiş etmiş, bundan imtina edildikdə isə televizorun geri götürülməsini və pulunun ödənilməsini tələb etmişdir. Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Bildirirki, o, əşyanın qüsurlarının televizor Qazax rayonunda təhvil verilməmişdən əvvəl və ya həmin məqamda yaranan səbəblərdən əmələ gəldiyini sübut edib. Belə ki, televizorun pulunu və Qazaxa göndərilməsi üçün yol xərcini o, satıcıya ödəyib. Satıcı televizorun Qazaxa göndərilməsi öhdəliyini öz üzərinə götürmüş və cavabdehin məhkəməyə təqdim etdiyi videogörüntüdən də göründüyü kimi satıcı özü televizoru yola salmışdır. Lakin televizorun Qazaxda yoxlanılaraq təhvil verilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də yaranmış qüsura görə satıcı cavabdehdir. Məhkəmə tərəfindən Mülki Məcəllənin 588-ci maddəsinin tələbləri də pozulmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7.1-ci maddəsinə görə, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz ostəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli, və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7.2-ci maddəsinə görə, satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

9. Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən elektron kabinet vasitəsilə təqdim edilmiş apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib göstərir ki, iddiaçı televizorun Qazax rayonuna göndərilməsini satıcının öz üzərinə götürdüyünə və buna görə ona 60 manat məbləğində pul ödədiyinə əsaslansa da, bu faktlara dair heç bir mötəbər sübut təqdim etməmiş, belə halın mövcudluğu işin məhkəmə araşdırılması zamanı nə şahid ifadəsi ilə, nə də məhkəməyə təqdim olunmuş, iş materiallarında olan video görüntülərlə müəyyən edilməmişdir. Bununla yanaşı, xx.xx.2023-cü il tarixli qaimədə iddiaçının 65 TOSHİBA 4K televizor üçün 1240 manat və kronşteyn üçün 30 manat, ümumilikdə 1270 manat məbləğində pul ödənildiyi əks olunmuş, orada malın çatdırılması ilə bağlı hər hansı əlavə ödənişin olması qeyd olunmamışdır. Həmçinin məntiqi baxımdan inandırıcı deyildir ki, alıcı televizorun kranşteyni üçün ödədiyi 30 manat pulun qəbzdə yazılmasını tələb etdiyi halda həmin puldan iki dəfə çox olan daşınmaya görə ödədiyi 60 manatın qəbzə qeyd olunmasını tələb etməsin. Məhkəmə tamamilə haqlı olaraq tərəflər arasında malın çatdırılması ilə bağlı hər hansı şifahi və ya yazılı razılaşmanın olmasının təsdiq edilməməsi və hazırkı halda qanunvericiliyin tələblərinə görə, müqavilədə satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsi nəzərdə tutulmadığından satıcı tərəfindən əşyanı alıcıya təhvil verdiyi məqamda onun əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılması, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 571.1-ci maddəsinin tələbləri baxımından əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski həmin andan artıq iddiaçıya keçməsi qənaətinə gəlmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdilər.

11. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Maddə 570.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcının əşyanı alıcıya vermək vəzifəsi aşağıdakı məqamda icra edilmiş sayılır: 570.1.1. müqavilədə satıcının əşyanı çatdırmaq vəzifəsi nəzərdə tutulubsa, əşyanın alıcıya və ya onun göstərdiyi şəxsə təhvil verildiyi məqamda; 570.1.2. əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Maddə 570.2. alğı-satqı müqaviləsindən satıcının əşyanı çatdırmaq və ya olduğu yerdə alıcıya vermək vəzifəsinin irəli gəlmədiyi hallarda satıcının əşyanı alıcıya vermək vəzifəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın alıcıya çatdırılmaq üçün daşıyıcıya və ya rabitə təşkilatına təhvil verildiyi məqamda icra edilmiş sayılır. Maddə 571.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Maddə 571.2. Yolda olduğu vaxt satılmış əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski, alğı-satqı müqaviləsində və ya işgüzar dövriyyə adətlərində ayrı qayda nəzərdə tutulmayıbsa, alğı-satqı müqaviləsinin bağlandığı andan alıcıya keçir. Maddə 571.3. Əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riskinin malın birinci daşıyıcıya təhvil verildiyi andan alıcıya keçməsi barədə müqavilə şərti alıcının tələbi ilə məhkəmə tərəfindən o halda etibarsız sayıla bilər ki, müqavilənin bağlandığı anda satıcı əşyanın itirildiyini və ya zədələndiyini bilirdi və ya bilməli idi, lakin bu barədə alıcıya məlumat verməmişdir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 587.3. Bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Maddə 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Maddə 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Maddə 588.2. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Maddə 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Maddə 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. Maddə 615. Əgər pərakəndə alğı-satqı müqaviləsində, o cümlədən alıcının qoşulduğu standart formaların şərtlərində ayrı qayda nəzərdə tutulmayıbsa, pərakəndə alğı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. Maddə 617.1. Satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Maddə 617.2. Pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Maddə 617.3. Alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 617.4. Alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Maddə 621.1. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya çatdırılması şərti ilə bağlandıqda satıcı müqavilədə müəyyənləşdirilmiş müddətdə malı alıcının göstərdiyi yerə çatdırmağa, alıcı malın çatdırılma yerini göstərmədikdə isə alıcı olan fiziki şəxsin yaşayış yerinə və ya hüquqi şəxsin olduğu yerə çatdırmağa borcludur. Maddə 621.2. Pərakəndə alğı-satqı müqaviləsi malın alıcıya, alıcı olmadıqda isə müqavilənin bağlandığını və ya malın çatdırılmasının rəsmiləşdirildiyini göstərən qəbzi və ya digər sənədi təqdim etmiş istənilən şəxsə təhvil verildiyi andan icra edilmiş sayılır, bu şərtlə ki, müqavilədə ayrı qayda nəzərdə tutulmasın və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlməsin.

13. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 5.1. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Maddə 5.2. İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Maddə 5.3. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. Maddə 7.1. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: - lazımi keyfiyyətli mala dəyişdirməyi; - satış qiymətini uyğun məbləğdə azaltmağı; - malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; - malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; - müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Maddə 7. 2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir. Maddə 7.10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir. Maddə 14.4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna malikdir. Belə hallarda satıcı istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət Müddətində malın keyfiyyətinin itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının hesabına aparılır.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.

22. Əlbəttə, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

23. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

24. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın təmin olunması üçün əsas ola bilməz. Bununla yanaşı, apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparılması zəruridir.

25. Əvvəla, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi bütün halları sübut etməlidir. Çünki həmin halları sübut etmək yükü onun üzərinə düşür. İddiaçı televizorun qüsurlu olduğunu və onun çatdırılmasına dair satıcının öhdəliyinin mövcudluğunu sübut etdiyini bəyan etsə də, əvvəla qüsurun olmasını cavabdeh tərəf də mübahisələndirmir. Ancaq mübahisələndirilən hal qüsurun tərəflərdən hansının cavabdeh olduğu hallardan irəli gəldiyi ilə bağlıdır. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir(MM.m.588.1).Demək ki, mübahisə predmeti olmuş televizorda yaranmış qüsurun alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək əmələ gəldiyini, eləcə də satıcının onun çatdırılmasına dair öhdəliyinin olmasını iddiaçı sübut etməlidir. Çünki bu halları sübut etmək yükü onun üzərinə düşür. Ancaq iddiaçı buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə cavabdehin təqdim etdiyi video görüntülərdən də bəlli olur ki, televizor alıcı tərəfindən yoxlanılaraq təhvil alınmış, alıcıya verilməzdən əvvəl yaxud həmin məqamda üzərində hər hansı bir zədə olsa idi, iddiaçı bunu mütləq görərdi. Həmin anda televizorun üzərində qüsurun olmasını iddiaçı da israr etmir. İddia etdiyi hal qüsurun sonradan satıcının cavabdeh olduğu hallarla əlaqədar yaranması ilə bağlıdır. Lakin iddiaçı bu halları sübut edə bilməyib.

26. İddiaçının xahişinə əsasən aldığı televizoru Qazax rayonuna gedən avtobusa təhvil verilməsini təmin etməsi cavabdeh tərəfin əşyanı çatdırmaq vəzifəsinin olduğu anlamına gəlmir. Üstəlik sözügedən ticarət mərkəzində ticarətlə məşğul olan cavabdehin belə bir vəzifəni üzərinə götürməsi də onun fiziki imkanları baxımından inandırıcı və ağlabatan sayılmır. Eyni zamanda cavabdehin bu cür imkana malik olmasına dair də iddiaçı tərəfindən məhkəməyə hansısa sübut təqdim edilməmişdir. Hətta cavabdehin televizoru iddiaçının göstərdiyi şəxsə çatdırmaq üçün daşıyıcıya təhvil vermək vəzifəsinin olduğu həqiqi olsa belə, əşyanın daşıyıcı avtobusa təhvil verildiyi məqamda satıcının vəzifəsi icra edilmiş sayılır. Bundan sonra, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir(MM.m.571). Ona görə də qeyd olunan televizorda yaranmış zədənin cavabdehin cavabdeh olduğu hallardan yarandığı sübuta yetirilmədiyindən iddiaçının Mülki Məcəllənin 587-ci maddəsində nəzərdə tutulan hüquqlardan istifadə etməsi üçün də əsas yaranmamışdır.

27. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər və hüquqdan sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2954/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2954/2024 saylı, 16 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar