Məhkəmə qərarları › İş №2(103)-6094/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6094/2024

09.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6094/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10 İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı (Bakı şəhəri Binəqədi rayonu X11 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, torpaq sahəsindən istifadəyə maneənin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(001)-481/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Torpaqların alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X9 tərəfindən bələdiyyə orqanına 15 dekabr 2005-ci il tarixdə torpaq sahəsi ilə bağlı müraciət edilmiş, həmin müraciətə bələdiyyə orqanının iclasında baxılmış və X7 X11 ərazisində 300 m2 torpaq sahəsi satılması barədə 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərar qəbul edilmiş və bunun müqabilində X9 tərəfindən X8 büdcəsinə ******* manat (köhnə) haqq ödəmişdir. Həmçinin həmin müqavilənin qeyd hissəsində ilkin qərar vətəndaş X5 adına rəsmiləşdirilmiş 300m2 torpaq sahəsi sonradan 26 avqust 2011-ci il tarixli, 683 saylı qərarla vətəndaş İddiaçı adına keçməsi qeyd edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X8 678404 nömrəli kassa mədaxil orderindən görünür ki, X9 tərəfindən qeyd edilən hesaba bir milyon iki yüz min manat pul ödənilmişdir. 26 avqust 2011-ci il tarixli, 683 nömrəli qərardan görünür ki, vətəndaş X9 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərarla fərdi yaşayış evinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 300 m2 torpaq sahəsini Bakı şəhər sakini İddiaçı adına verilməsini ərizə ilə X6 xahiş etmiş və qeyd edilən qərarla X8 ərazi hüdudlarında vətəndaş X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300m2 torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmış və İddiaçı həmin torpaq sahəsinin torpaqvergilərini vaxtında X8 hesablaşma hesabına ödəməsi tapşırılmışdır. X8 01 aprel 2021-ci il tarixli, 465 nömrəli arayışından görünür ki, X11 tərəfindən 683 saylı, xx.xx.2011-ci il tarixli İddiaçı istifadəsinə ayrılmış 300 m2 torpaq sahəsinin qərarı X8 arxivində həqiqətən də qorunub saxlanılır. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2022-ci il tarixli, AKX-04626xx/xx-2022 nömrəli müqavilədən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh3 arasında istehlakçını keyfiyyətli qazla təmin edilməsi və istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öz öhdəsinə götürməsi barədə müqavilə bağlanmışdır. X12 ilə Cavabdeh3 arasında bağlanmış 22 iyul 2022-ci il tarixli Podrat Müqaviləsindən görünür ki, birinci tərəf (X12) öz materiallarından istifadə etməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri Binəqədi şossesi (DSK yolu) yeni massiv ünvanında yerləşən tikinti sahəsi 76.40 kv.metr təşkil edən 6.60 metr hündürlüyü, 8 (səkkiz) daş kürsü 3.00 metr tavan hündürlüyü olan 2 (iki) otaqlı 1 (bir) mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi (Cavabdeh3) isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə görə müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 26000 (iyrimi altı min) manat təşkil edir. Sifarişçi həmin məbləğin 1000 (bir min) manat nağd şəkildə ödəmiş, 25000 (iyirmi beş min) manat notariusun depozit hesabı vasitəsi ilə ödəyir. Cinayət işinin rədd edilməsi haqqında 15 aprel 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək Binəqədi DSK yolu 4 ünvanda yerləşən özünə məxsus 3 sot torpaq sahəsi Alim adlı şəxs tərəfindən qanunsuz olaraq zəbt edilməklə tikinti işləri aparılmışdır. Həmin ərizə üzrə araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, 2008-ci ilin avqust ayında Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu adlanan ərazidə 3 sot sahəsini bələdiyyə sənədi ilə X2 15000 ABŞ dollarına almış, lakin, maddi imkanı olmadığı üçün həmin torpaq sahəsində heç bir tikinti işi apara bilməmişdir. 2021-ci ilin fevral ayında həmin torpaq sahəsinə baxmaq üçün getdikdə orada artıq ev inşa edildiyini görüb maraqlandıqda ona məlum olmuşdur ki, evi Alim adlı makler inşa etdirmişdir. Bundan sonra Alim adlı həmin şəxsi tapmış özünə məxsus torpaq sahəsində tikinti işləri aparması barədə soruşduqda sonuncu bu yolla pul qazandığını bildirmişdir. Ona görə də Rayon İcra Hakimiyyəti və Bələdiyyəyə müraciət etmiş, bundan sonra tikinti işləri dayandırılmışdır. 2022-ci ilin fevral ayında yenidən həmin torpaq sahəsinə baxmağa getdikdə orada ikinci evin inşa edildiyinı görmüş və inşa etdirən şəxs ona torpaq sahəsini Alim adlı şəxsdən 9000 manata aldığını bildirmişdir. Bundan sonra Alim adlı şəxsi tapa bilməmiş ona görə də vermiş hadisə barədə polisə məlumat vermişdir. O, göstərmişdir ki, qeyd etdiyi sahəsinə aid Bələdiyyənin alqı-satqı müqaviləsi, torpaq sahəsinin planı, X8 həmin torpaq sahəsini onun istifadəsinə verməsi haqqında qərarını təqdim edə bilər. Alim adlı şəxs ***-***-**-** və ***-***-**-** əli mobil telefonlardan istifadə edir. Araşdırma zamanı həmçinin izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, İddiaçı müraciəti ilə tanış olmuş, İddiaçı ərizəsində göstərdiyi torpaq sahəsi ilə heç bir aidiyyatı yoxdur. Həmin torpaq sahəsi hazırda adını tanımadığı şəxsə məxsusdur. Qeyd edilən torpaq sahəsini heç kimə 9000 manata satmamışdır. Araşdırma zamanı həmçinin izahatı alınmış Cavabdeh2 bildirmişdir ki, 2009-cu ilin əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci Mədən, korpus 8 nömrəli ünvanda yerləşən 1 sot torpaq sahəsini 800 manata almış, məqsədi həmin torpaq sahəsində oğlu Tərlana yaşayış evi inşa etmək olmuşdur. Maddi çətinliyi ilə əlaqədar həmin torpaq sahəsində tikinti işləri apara bilməmiş, 2021-ci ilin təxminən may ayında kürsülü, iki otaqlı ev inşa etdirməyə başlamışdır. Lakin, təxminən 2 aydan sonra maddi vəziyyəti ilə əlaqədar tikinti işlərini dayandırmışdır. 2022-ci ilin əvvəllərində bankdan kreditlə pul götürüb tikinti işlərini davam etdirmiş və 2022-ci ilin ayında tikinti işlərini başa çatdırmışdır. Lakin, maddi çətinliklərlə əlaqədar evin işlərinə başlaya bilməmiş, evi satmaq qərarına gəlmiş və evin giriş qapısına satılması barədə elan yazıb yapışdırmışdır. 2022-ci ilin iyul ayında sonradan tanıdığı Cavabdeh3 həmin evi 26000 manata satmış, bundan sonra Bakı şəhərində yerləşən Azadlıq metrostansiyasıınm yaxınlığındakı 43 saylı notariat ofisinə Cavabdeh3 ilə podrat müqaviləsi bağlamışdır. Lakin, Cavabdeh3 satdığı evə görə ona heç bir rəsmi sənəd verməmiş, belə ki, həmin evin əvvəlidən heç bir rəsmi sənəd olmamışdır. Cavabdeh1 adlı şəxsi isə tanımır. Araşdırma zamanı həmçinin izahatı alınmış Cavabdeh3 Cavabdeh2 ilə eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı tərəflər arasında olan məsələ mülki xarakterli olduğundan, İddiaçı müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmasını təsdiq edən kifayət qədər sübutlar olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. X8 31 may 2024-cü il tarixli məktubundan görünür ki, 2(001)-481/2024 saylı xx.xx.2024-cü il tarixli mülki iş üzrə İddiaçı adına rəsmiləşdirilmiş X8 683 saylı 26 avqust 2011-ci il tarixli qərarının və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədləri esgiz-layihə torpaqların alqı-satqısına dair müqaviləni və maliyyə qəbzinin təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmiş, eyni zamanda mübahisəli torpaq sahəsinin koordinat nöqtələri olmasada cavabdehlər tərəfindən qeyd olunan torpaq sahəsi barədə heç bir sənəd təqdim edilməməsi qeyd edilmişdir. Hazırda iddiaçı bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması, torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi və iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün 300 kv.m torpaq sahəsinin sahiblik və istifadə hüquqları onun istifadəsinə verilmişdir. Belə ki, qeyd edilən torpaq sahəsi əvvəllər X4 istifadəsində olmuş və torpaq sahəsinin ona satılması ilə bağlı 15.000 ABŞ dolları məbləğində pul ödəmişdir. Torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq sənədlər ona verilmişdir, torpaq sahəsi naturadan göstərilərək ona təhvil verilmişdir. Bildirir ki, həmin vaxtlar maddi imkanı olmadığından tikinti işləri apara bilməmişdir. 2021-ci ildə torpaq sahəsinə baxmağa getdikdə torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüş, bu barədə Bələdiyyəyə və İcra Hakimiyyətinə müraciət etmiş və həmin vaxt tikinti işləri dayandırılmışdır. 2022-ci ilin fevral ayında yenidən torpaq sahəsinə getmiş və məlum olmuşdur ki, torpaq sahəsi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş və qeyriqanuni olaraq tikinti işləri aparılaraq fərdi yaşayış evləri inşa edilmişdir. Cavabdehlər onu torpaq sahəsinə buraxmamışlar. Torpaq sahəsi cavabdehlər tərəfindən qeyriqanuni olaraq zəbt edilmişdir. Bu barədə o, Binəqədi rayon Polis İdaərinin 4-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, iş mülki xarakteri olması əsas götürülərək xx.xx.2023-cü il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Ona məxsus 300 kv.m sahəsi olan torpaq sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edilmiş və tikinti işləri aparılmışdır. O, dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxmalarını və tikililəri sökmələrini tələb etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlərdə torpaq sahəsi ilə bağlı hər-hansı bir rəsmi sənəd yoxdur. Göründüyü kimi bu torpaq sahəsi onun faktiki sahibliyinə və istifadəsinə verilmiş, gələcəkdə özəlləşdirilməsi hüququna malikdir. Bununla bağlı da cavabdehlər tərəfindən onun hüquqları kobud şəkildə pozulmuş və torpaq sahəsinə daxil ola bilmir. Torpaq sahəsinin mülkiyyət vəsiqəsi olmasa da, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və mülkiyyətə bərabər tutulmalıdır. Cavabdehlər zəbt etdikləri sahədən çıxarılmalı və torpaq sahəsində inşa edilmiş özbaşına tikililər cavabdehlərin hesabına sökülməli, torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmalıdır. Həmçinin cavabdehin torpaq sahəsindən istifadəsinə törətdiyi maneələr cavabdehə qadağan edilməli və bu torpaq sahəsi ilə bağlı gələcəkdə hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(001)- 481/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı mübahisəli torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, torpaq sahəsinin cizgisi isə qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizginin sözügedən sahəyə aidiyyəti yoxdur. Həmçinin müəyyən edilmişdir ki, Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsi vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Bu fakt həm Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8622 nömrəli rəyində, həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 22 yanvar 2024cü il tarixli mütəxəssis rəyində öz təsdiqini tapmışdır. Belə olan halda iddiaçının boşaldılmasını tələb etdiyi torpaq sahəsinin zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün deyil. Bunun səbəbi isə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada tərtib edilmiş planının mövcud olmamasıdır. Həmin maddənin 5-ci hissəsinə görə, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinə görə, bələdiyyə qərarı torpaq sahəsi üzərində hüquqları təsdiq edən sənəd sayılır. Lakin həmin hüququn şamil edildiyi torpaq sahəsinin hududlarını torpaq sahəsinin planı müəyyən edir. Plan olmadan hüququn pozulubpozulmadığını müəyyən etmək mümkün deyil. Hazırkı halda isə təqdim edilmiş cizginin qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizginin sözügedən sahəyə aidiyyətinin olmadığı müəyyən edilir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı Torpaq Məcəlləsinin 65-ci maddəsində müəyyən edilmiş qaydada torpaq sahəsinin planını əldə etdikdən sonra müəyyən edərsə ki, həmin sahə bələdiyyə qərarı ilə onun istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir, belə halda torpaq sahəsinin boşaldılması üçün yenidən ümumi qaydada iddia ilə məhkəməyə müraciət edə bilər. Bununla yanaşı iddiaçı mübahisəli torpaq sahəsinin X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə ona ayırılmasına istinad etsə də, iş üzrə Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının olması müəyyən edilmişdir.İş materialları ilə müəyyən edilmişdir ki, torpaqların alqı-satqısına dair müqaviləyə əsasən X9 tərəfindən bələdiyyə orqanına 15 dekabr 2005-ci il tarixdə torpaq sahəsi ilə bağlı müraciət edilmiş və həmin müraciətə bələdiyyə orqanının iclasında baxılaraq, X7 X11 ərazisində 300 m2 torpaq sahəsi satılması barədə 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, X8 26 avqust 2011-ci il tarixli, 683 nömrəli qərarı ilə vətəndaş X9 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərarla fərdi yaşayış evinin tikintisi məqsədi ilə qanunla müəyyən olunmuş qaydada ayrılması rəsmiləşdirilmiş 300 m2 torpaq sahəsini Bakı şəhər sakini İddiaçı adına verilməsini ərizə ilə X6 xahiş etmiş və qeyd edilən qərarla X8 ərazi hüdudlarında vətəndaş X4 və İddiaçı razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 300m2 torpaq sahəsini sahiblik və ondan istifadə hüquqları vətəndaş İddiaçı istifadəsinə verilməsi qərara alınmış və İddiaçı həmin torpaq sahəsinin torpaq-vergilərini vaxtında X8 hesablaşma hesabına ödəməsi tapşırılmışdır. Göründüyü kimi X11 mülkiyyətində olmayan hazırki iş üzrə mübahisəli torpaq sahəsini ilk olaraq 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərarla X1, sonradan da, qeyd edilən qərarla Bəxtiyar Həmzəyevin istifadəsindən ayıraraq, İddiaçı istifadəsinə verilməsi barədə qərar qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsindən cavabdehlərin çıxarılması hissəsində iddia əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddia tələbinin torpaq sahəsində inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi hissəsini araşdıraraq hesab etmişdir ki, iddia tələbinin həmin hissəsi törəmə hüquq münasibəti olub, iddia tələbinin X8 xx.xx.2011-ci il tarixli, 683 saylı qərarı ilə Binəqədi Qəsəbənin ərazi hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya ayrılmış 300 kv.metr torpaq sahəsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 çıxarılması hissəsi rədd edildiyindən, iddia həmin hissələrdə də rədd edilməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin mülkiyyət vəsiqəsi olmasa da fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır və mülkiyyətə bərabər tutulmalıdır. Torpaqların alqı-satqısına dair müqavilənin surətindən görünür ki, X9 tərəfindən bələdiyyə orqanına 15 dekabr 2005-ci il tarixdə torpaq sahəsi ilə bağlı müraciət edilmiş, həmin müraciətə bələdiyyə orqanının iclasında baxılmış, X7 X11 ərazisində 300 m² torpaq sahəsi satılması barədə 29 dekabr 2005-ci il tarixli 1826 saylı qərar qəbul edilmiş və bunun müqabilində X9 tərəfindən X8 büdcəsinə ******* manat (köhnə) haqq ödəmişdir. Həmçinin həmin müqavilənin qeyd hissəsində ilkin qərarın X5 adına rəsmiləşdirilmiş 300m² torpaq sahəsi sonradan 26 avqust 2011-ci il tarixli, 683 saylı qərarla adına keçməsi qeyd edilmişdir. Adına rəsmiləşdirilmiş X8 683 saylı 26 avqust 2011-ci il tarixli qərarının və torpaq sahəsinin ayrılmasına əsas olan digər sənədləri, eskiz-layihə torpaqların alqı-satqısına dair müqaviləni və maliyyə qəbzinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmiş, lakin cavabdehlər tərəfindən qeyd olunan torpaq sahəsi barədə heç bir sənəd təqdim edilməmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli mütəxəssis rəyində cizginin sözügedən sahəyə aidiyyəti olmaması, cizginin qanunvericiliyin tələblərinə uyğun olmaması və sahənin "Yaşayış məntəqələrinin torpaqları" kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağı olması barədə rəyi iddianın rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə düzgün olmayaraq torpaq sahəsinin mülkiyyətdə olmaması, mübahisəli torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş planın mövcud olmaması, torpaq sahəsinin cizgisinin qanunvericiliyin tələblərinə uyğun olmaması və cizginin sözügedən sahəyə aidiyyəti olmaması qənaətinə gəlməklə qanunvericilik normalarını düzgün tətbiq etməmişdir, səhv nəticəyə gəlmişdir. Torpaq sahəsi Bələdiyyənin qərarı ilə X7 ayrılarkən sərhədləri müəyyən edilmiş, naturadan ayrılaraq təhvil verilmişdir və adına keçirilməsi barədə qərar verilərkən torpaq sahəsi eyni qaydada ona təhvil verilmişdir. Torpaq sahəsi və üzərində yerləşən tikililər barədə cavabdehlərə aid heç bir hüquqmüəyyənedici sənəd mövcud olmadığından bu birbaşa torpaq sahəsinin zəbt edilməsi və qanunsuz tikinti işləri aparılmasını sübuta yetirir. Məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamışdır, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir. İddia tələbini təmin etməməklə nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkilli ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 139-1.1.1 Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Torpaq Məcəlləsi: ( əvvəlki redaksiya ) 67.1. Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməlidir. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” xx.xx.1998-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunu

5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun

5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. ( köhnə redaksiya)

"Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alqı-satqı qaydasında verilir.

15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət verilə bilər.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.

23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (22 və 23-cü bəndlər 28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişiklikdən sonra yeni redaksiyada verilmişdir).

Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1- ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarından görünür ki, hazırki iddia tələbinin əsasını iddiaçıya bələdiyyə tərəfindən satılmış torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikili inşa etməsi, həmin tikililərin cavabdehlərin hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması, torpaq sahəsindən istifadəyə maneə törədilməsinin cavabdehlərə qadağan edilməsi təhkil edir. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, mübahisəli sahə tərəflərin heç birinin mülkiyyətində olmamaqla yanaşı mübahisəli torpaq sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib olunmuş plan da mövcud deyil, torpaq sahəsinin cizgisi isə qanunvericiliyin tələblərinə uyğun olmaması ilə yanaşı, cizginin sözügedən sahəyə aidiyyəti yoxdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8622 nömrəli rəyində, həm də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 22 yanvar 2024-cü il tarixli mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, mübahisəli ərazi “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Məhkəmə kollegiyası işin qeyd olunan hallarına münasibətdə apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar nəzərdə tutulmuşdur. Ancaq nəzərə alınmalıdır ki, həmin normada bəhs olunan bələdiyyə aktı, “Bələdiyyələrin statusu haqqında” qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş torpaq sahəsinin mülkiyyətə verilməsi barədə bələdiyyə qərarıdır. Bələdiyyənin bu qərarı isə ümumi yığıncağın qərarıdır. Çünki Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin 6-cı bəndinə görə, bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə barədə məsələlər, bələdiyyələrin iclaslarında həll edilir. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyə sədrinin sərəncamı (qərarı) isə, “Bələdiyyələrin statusu haqqında” qanunun 19-cu maddəsində nəzərdə tutulan, bələdiyyənin sədrinin səlahiyyətlərinə aid aktlardır. Bundan başqa, iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair bələdiyyə tərəfindən çəkilib verilmiş sxem torpağın qanunla nəzərdə tutulmuş qaydada ayrılması anlamına gəlməməklə sübut əhəmiyyətinə malik deyil. Mülki Prosessual Məcəllənin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıdır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan nəzərə alınmalıdır ki, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinin üçüncü abzasına görə, həmin Əsasnamənin 19cu maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər (15 fevral 2016-cı il tarixli qanunla edilən dəyişikliyə qədər olan redaksiyada). Göründüyü kimi, iddiaçıya verilmiş torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi üçün mötəbər sənəd rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri tərəfindən tərtib olunmuş yerin planı və ölçüsü sənədi ola bilərdi. Lakin iş materiallarında bu cür sənəd yoxdur. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində hüququn yaranması üçün bu torpaq sahəsinin verilməsi barədə bələdiyyənin (sədrin yox) qərarının, habelə tərəflər arasında müqavilənin bağlanması zəruridir (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsi). Lakin işdə iddiaçıya münasibətdə bu cür əsaslar yoxdur. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Bundan başqa, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsi başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə, torpaq sahəsinin iddiaçıya satılması barədə bələdiyyənin qərar verməsi, eləcə də müvafiq torpaq şöbəsi tərəfindən mübahisəli torpaq sahəsinin yerquruluşu işlərinin aparılması müəyyən olunmur. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(001)- 481/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar