Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6095/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun həyata keçirilməsinə olan maneələrin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsinin əməkdaşlarına ona məxsus olan və ünvan 1 ünvanında müvafiq ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneələrin yaradılmasına qadağa qoyulması və həmin işlərin həyata keçirilməsinə şərait yaradılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən fərdi yaşayış evi iddiaçı ilə cavabdehin paylı mülkiyyətindədir. “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, evinin “B” tikilisi tam, “A” tikilisinin sahəsi 19,8 kv.m olan 1 otağı iddiaçının, “A” tikilisinin sahəsi 37,6 kv.m olan 2 otağı isə cavabdehin mülkiyyətindədir. İddiaçı, özünə məxsus tikililərin altında olan torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınması məqsədilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, həmin İdarə tərəfindən iddiaçıya imtina məktubu göndərilmişdir. Məktubda imtinanın əsası kimi göstərilmişdir ki, iddiaçının qonşusu olan cavabdeh, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün ünvana gəlmiş İdarənin mütəxəssislərinə maneə törətmiş, özünə məxsus torpaq sahəsinə mütəxəssisləri buraxmamışdır. İddiaçı bu barədə cavabdeh ilə söhbət etsə də, müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının öz ərazisinə “Çıxarış” əldə etməsinə etiraz etmir. Lakin onun (cavabdehin) həyətində ölçü işlərinin aparılmasına etiraz edir. Çünki iddiaçı fürsətdən istifadə edərək, torpaq sahəsinin ona aid hissəsini də öz adına rəsmiləşdirəcək. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin bu kimi hərəkəti iddiaçının hüquqlarını pozur. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra– Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları cavabdehin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
8. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
9. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, iddia ərizəsində qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evinin “B” tikilisi tam, “A” tikilisinin sahəsi 19,8 kv.m olan 1 otağı iddiaçının, “A” tikilisinin sahəsi 37,6 kv.m olan 2 otağı isə cavabdehin mülkiyyətindədir. Evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətindədir.
12. “DƏDK və R” PHŞ-in 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli bildirişdə qeyd edilmişdir ki, iddiaçının qonşusu olan cavabdeh, torpaq sahəsinə texniki baxış keçirilməsi üçün ünvana gəlmiş İdarənin mütəxəssislərinə maneə törətmiş, özünə məxsus torpaq sahəsinə mütəxəssisləri buraxmamışdır.
13. İş üzrə cavabdeh, “DƏDK və R” PHŞ-in 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında” bildirişdə qeyd edilən halı inkar etmir və bunu onunla izah edir ki, o, öz əmlakına sahibliyini sərbəst həyata keçirmək hüququna malikdir. Əgər iddiaçıya məxsus tikililərin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə ehtiyac varsa, onda mütəxəssislər torpaq sahəsinin həmin hissəsinə baxış keçirərək, həmin hissədə ölçü işlərini aparmalıdırlar. Bunun üçün torpaq sahəsinin ona aid hissəsinə baxış keçirib, ölçü işlərinin aparılmasına ehtiyac yoxdur. Belə olan halda anlaşılır ki, iddiaçı fürsətdən istifadə edərək, torpaq sahəsinin özünə aid hissəsindən başqa ona da aid hissəsini öz adına rəsmiləşdirmək istəyir. Bu baxımdan onun həmin mütəxəssisləri torpaq sahəsinin ona aid hissəsinə buraxmaması qadağan edilmiş özbaşınalıq sayıla bilməz.
14. Yuxarıda göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdeh bu kimi mövqeyi səhvdir. Çünki İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Broniovski Polşaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da ”mülkiyyət” kimi qiymətləndirilə bilər.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1.). Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1.). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2.). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.2.). İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər (maddə 152.3.). Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (maddə 152.4.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir (maddə 164.1.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1.). Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir (maddə 215.5.).
17. Qeyd edilən maddi hüquq normalarının tələblərini və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında təsbit edilmiş hüquqi mövqeyi nəzərə alan Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin ona mənsub əmlak barəsində ölçü işlərinin aparılmasına mane olması iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmaq imkanının həyata keçirilməsinə birbaşa maneə yaratdığından qanuni və əsaslı sayıla bilməz. Cavabdehin bu əsassız hərəkəti (yaxud hərəkətsizliyi) iddiaçının hüquqlarını pozmaqdadır, ona görə yolverilməzdir.
18. Belə olan halda qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi göstərilənləri nəzərə alaraq iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. g) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
19. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Odur ki, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorun özünə aid edilməlidir.
22. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə qətnamə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdeh isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
23. beləliklə də, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 iyul 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.