Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6099/2020 17.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs olmaqla) “maddi, mənəvi və fiziki ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-1371/2020 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi üçüncü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana görə 909,60 manat, mənəvi və fiziki zərərə görə 50.000 manat məbləğində pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə müraciət edərək,vəkilə hüquqi yardım üçün tərəfindən çəkilmiş 100 manat xərcin və gördüyü işə görə alacağı 4500 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsinə dair cinayət işi üzrə bəraət almışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə onu Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən təxminən saat 23-24 radələrində iş yeri olan Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 19 ünvanında yerləşən mərasim evində olan zaman tutularaq əvvəlcə bölməyə, daha sonra Suraxanı RPİ-yə aparılaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunmuşdur. Cinayət prosesini həyata keçirən orqanlar barəsində əsassız cinayət işi qaldırmış, sübutları saxtalaşdırmışdır. Suraxanı rayon Polis İdarəsinin qaldırdığı cinayət işi Suraxanı Rayon Məhkəməsi tərəfindən hərtərəfli və dolğun araşdırılmış və əməlində cinayət tərkibi olmadığına görə 4 ay 24 gün həbsdə qaldıqdan sonra barəsində bəraət hökmü çıxarılmışdır. Hesab edir ki, cinayət prosesini həyata keçirən orqanların bu hərəkətləri nəticəsində onun hüquqları kobud şəkildə pozulmuş, ona xeyli miqdarda maddi ziyan dəymiş və mənəvi iztirablar çəkmişdir. Ona cinayət prosesini həyata keçirən orqanlar tərəfindən vurulmuş maddi, fiziki və mənəvi ziyan ödənilməlidir. Cinayəyt prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində əsas gəlir mənbəyi olan iş yerindən məhrum olmuşdur. Onu polislər tutanda Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsi 19 ünvanında yerləşən mərasim evində qeyri-rəsmi olaraq fəhlə işləyirmiş, bu hadisədən sonra onu işdən azad etmişlər, çünki məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir və faktiki olaraq o, tutulduğu gündən yeganə gəlir mənbəyindən məhrum olmuşdur və bu günə kimi qorxu altında yaşayaraq iş tapa bilmir. Onun işlədiyi yerdə əmək müqaviləsi olmamışdır və aylıq gəliri keçirilən yas mərasiminə əsasən yaranmışdır. Bu məbləğ aydan aya fərqli olmuşdur. Təxminən ayda 250-300 manat ortalama gəliri olmuşdur. Sabit gəliri (əmək haqqı və s.) olmadığı üçün hesab edir ki, ona dəymiş maddi ziyanın məbləği 2018-2019-cu illər üzrə yaşayış minimumu ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası yaşayış minimumu haqqında qanuna görə 2018-ci il üzrə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 183 manat, 2019-cu il üzrə 191 manat təşkil edir. 2018-ci ildə həbsdə olduğu müddət 27 gündür, bu müddət ərzində ona dəymiş maddi ziyan 164,7 manat (27:30x100=90, 183-ün 90%i=164,70) təşkil edir. 2019-cu ildə həbsdə olduğu müddət 3 ay 27 gündür, bu müddət ərzində ona dəymiş maddi ziyan 744,90 manat (191x3=573, 27:30x100=90, 191-in 90%i = 171,90) təşkil edir. Həbsdə olduğu müddətdə xüsusilə də tutulduğu zaman polis bölməsində və təcridxanada ona amansız işgəncələr vermişlər. Dəfələrlə olub ki, intihara cəhd etmiş, bir neçə dəfə başını divara vurub partlatmış, qaşıq udmuşdur, 1 ay Bakı İstintaq Təcridxanasında xüsusi təcridxanaya etap olunmuşdur. Fiziki olaraq məhv olmuşdur, başında hələ də şişlər var, döyülməkdən daxili orqanlarına dəyən zərbələrin ağrısı hələ də qalır, yaddaşında problemlər yaranmışdır. Bütün bunları maddi imkanı olmadığından tibbi analiz sənədləri əsasında təsdiq edə bilmir. Xüsusi qeyd etmək istəyir ki, həbsdə olduğu müddətdə mənəvi sarsıntı keçirmişdir, depresiyaya düşmüşdür, bu isə öz növbəsində onun səhhətinə pis təsir göstərmişdir. Bəraət hökmünün olmasına baxmayaraq dost, tanış, qohumlar ondan uzaqlaşmışlar. Belə ki, hər birinin təsəvvüründə o, "narkoman" kimi canlanır. Elə onun guya narkotik istifadəçisi olmağı, onun hal-hazırda belə işlə təmin olunmağına maneə yaradır. Tutulan vaxt o, həm də ustalıq etmiş, əlində yarımçıq işi olmuşdur. O, bir nəfərin evində 10 günə yaxın olar ki, işləyirmiş (əsasən lepka işləri) və orada olan işin yarıdan çox hissəsini görmüşdür. Həmin iş Şüvəlan qəsəbəsində olan bağ evində olmuşdur, həmin işi verən adamın adı Xaliqdir. O, həmin işi götürəndə 150-200 manat civarında beh almış, danışıqlarına görə işi bitirəndə ona 4700 manat pul verilməli idi. Lakin polislər onu qanunsuz olaraq tutduqları üçün o, həmin işi tamamlaya bilməmişdir. Ona görə də o, məhkəmədən həmin vaxtı alacağı pulun ona verilməsini də istəyir. Həmin vaxtdan indiyə kimi onun alətləri, qəlibləri də həmin yerdə qalmış və o, azadlığa çıxandan sonra onu gedib götürə bilməmişdir. O, qanunsuz olaraq tutulduğuna görə pozulmuş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuş və məhkəmədə hüquqlarının keyfiyyətli müdafiə edilməsi üçün Bakı şəhəri 9 saylı vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 1371/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 2500 manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi, məhkəmə xərci kimi ödənilmiş 130 manatın 105 manat (dövlət rüsumu kimi ödənilmiş 30 manatın 5 manatı və göstərilən hüquqi xidmətə görə 100 manat) məbləğində pulun cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişlər. İddiaçı qətnamənin ləğv edilməklə, iddianın tam təmin edilməsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətinə görə qətnamə qanunsuz və əsassızdır. Cavabdeh isə şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, şikayəti belə əsaslandırmışdır ki, qətnamə əsassızdır. İddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqress hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə prosesində göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosesinə cəlb olunmalı idi. Məhkəmə tərəfindən mənəvi ziyan müəyyən edilərkən heç bir tutarlı dəlilə istinad edilməmiş, yüksək məbləğdə kompensasiya müəyyən edilmişdir. Vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği tərəflər arasındaa bağlanmış müqavilə ilə müəyyən edildiyindən, bu barədə qəbz tutarlı sübut hesab edilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdeh (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(010)-84/2019 saylı hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edilmiş və əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və onu onu məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. Hazırda iddiaçı cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş maddi ziyana, mənəvi və fiziki zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi 2.500 manat məbləğində mənəvi zərər tutmuş, maddi zərər hissəsində isə iddianı həmin tələbi iddiaçı sübuta yetirə bilməməsi əsası ilə təmin etməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti doğrudur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməklə həbsdə saxlanılması işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi ziyan çəkməsi də mübahisə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və X3 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Kollegiyanın qənaətinə görə, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyanın məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd olunan qərardakı mənəvi zərərin əmələ gəlməsinə səbəb olmuş hərəkətlərin qiymətləndirmə meyyarlarını nəzərdən keçirib hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə mənəvi zərər olaraq 2.500 manat tutmaqda haqlı olmuşdur. Həmin məbləğ ağlabatan və ədalətlidir. Maddi zərərlə bağlı da birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, qeyd olunan məbləğlərdə ziyanın dəyməsi işin hallarından sübuta yetirilmir, iddiaçı tələb etdiyi məbləğlərdə ziyan dəydiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 9 saylı Vəkil Bürosunun hesabına vəkili olan Vəkil ona hüquqi yardım göstərməsi üçün 100 manat məbləğində pul köçürülmüşdür. Məhkəmə haqlı olaraq, bu hissədə iddia tələbini təmin etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1371/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6099/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6099/2020
17.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver