Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6103/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Afaq Nuriyeva və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, İddiaçı2 və Cavabdeh vəkili Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “bağ evində cavabdehə məxsus payın iddiaçılara verilməsi barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, Bakı şəhəri, Novxanı qəsəbəsində yerləşən 1106 “D” nömrəli bağ evində (bundan sonra – bağ evi) cavabdehə məxsus olan ½ payın cavabdehdən alınaraq iddiaçılara verilməsi barədə qətnamə qəbul edilsin. Qətnamə ilə qət olunub ki, iddia rədd olunsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı2 (eyni zamanda digər iddiaçıların nümayəndəsi) və cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu bildirdilər. Məhkəmə işin həli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflər bir ailənin üzvləridir: 1-ci iddiaçı və cavabdeh keçmiş ər-arvad, 2 və 3cü iddiaçılar isə onların övladlarıdır. Cavabdeh hazırda Qazaxıstanda yaşayır. Məhkəmə qətnaməsi ilə bağ evinin ½ hissəsi 1-ci iddiaçının, ½ hissəsi isə cavabdehin payı kimi müəyyən olunub. Belə ki, bağ evini ər-arvad nikah müddətində əldə edib. İddiaçılar iddia edirlər ki, cavabdeh onlara 135.000 manat məbləğində zərər vurub. Zərər belə izah olunur ki, cavabdeh ailənin əmlakını dəyərindən ucuz qiymətə satıb, pulu özü ilə götürüb və ailəni tərk edərək Qazaxstana qaçıb. İddiaçılar 10 il ərzində kirayədə yaşayaraq kirayə pulu ödəyiblər, pozulmuş hüquqlarının müdafiəsi üçün xərc çəkiblər. Mülki Məcəllənin 1115-ci maddəsindən görünür ki, zərərin əvəzinin ödənilməsinin 2 üsulu var: 1) zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.); 2) zərərin əvəzini pulla ödəmək. Bağ evindəki payın iddiaçılara verilməsi 1-ci üsula aid deyil, çünki iddia olunan zərər pul itkisi (xərc) formasında olub. Bağ evindəki payın iddiaçılara verilməsi 2-ci üsula da aid deyil, bu, mübahisəsizdir. Ona görə də bağ evində payın iddiaçılara verilməsi qət oluna bilməz. Bağ evindəki payın iddiaçılara verilməsi “pul tutulması barədə” qətnamənin icrası zamanı məcburi icra tədbiri kimi mümkün ola bilər. Əgər cavabdehdən iddiaçının xeyrinə zərərin əvəzi kimi pul tutulması barədə qətnamə qəbul olunarsa, qətnamənin icrası zamanı cavabdeh pul tələbini könüllü icra etməzsə, məcburi icra tədbiri kimi cavabdehin (borclunun) əmlakına tələb yönəldilə bilər (“İcra haqqında” Qanun, maddə 53.1). Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 07.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6103/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6103/2021
09.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver