Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6105/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 Şəmsəddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, həmçinin Cavabdeh1 cavabdeh İddiaçı qarşı “satılmayan mallarının geri qaytarılması” tələbinə dair qarşılıqlı iddia üzrə mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)-2096/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 16100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə aralarında ticarət münsibətləri yaranmış və müxtəlif vaxtlarda ona işlədiyi mağazada ümumi dəyəri 16100 manat olan geyim və qızıl-zinət əşyaları satmış, sonuncu ona 3500 manat ödəmiş, qalan pulu isə verməmişdir. Bununla yanaşı, Cavabdeh1 qarşılıqlı iddia verərək, mağazasında olan 21 may 2020-ci il tarixdə satmaq üçün qəbul etdiyi 1592 manat dəyərində tekstil mallarının İddiaçı geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, aralarındakı razılığa əsasən, cavabdehdən müxtəlif vaxtlarda geyim malları almış və satış etdikdən sonra malların dəyərini qaytarmışdır. Borcu inkar etmir, lakin borc məbləği şişirdilmişdir. Hazırda 5100 manat borcu vardır. Belə ki, cavabdehdən 05.11.2019-cu il tarixdə 466 manat dəyərində tekstil malları, 23.11.2019-cu il tarixdə 12970 manat dəyərində qızıl-zinət əşyaları və 649 manat dəyərində geyim malları, 21.05.2020-ci il tarixdə 1592 manat dəyərində və 22.05.2020-ci il tarixdə 423 manat dəyərində tekstil malları olmaqla, cəmi 16100 manatlıq qızıl-zinət və geyim əşyaları almış və 02.06.2020-ci il tarixə cəmi 12600 manat borcu qalmışdır. Bu barədə qəbz tərtib edilmiş və hər ikisi qəbzin düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Həmin tarixdən sonra müxtəlif vaxtlarda qalan borcundan hissə-hissə ödənişlər etmişdir ki, aralarında keçən whatsapp danışıqlarından da bu hal təsdiq olunur. Bundan başqa, qeyd olunan qəbzdən görünür ki, cavabdehdən 21.05.2020-ci il tarixdə 1592 manat dəyərində mal götürmüşdür və hazırda həmin mallar mağazada qalmaqdadır. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh onları qəbul etməkdən imtina edir. Halbuki, malların satılmadığı halda geri qaytarılmayacağı barədə aralarında heç bir razılaşma olmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)- 2096/2021 saylı qətnaməsi ilə (hakim Səadət Səlimova) ilk iddia qismən təmin olunaraq, Cavabdeh1 12600 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 12630 manat pulun İddiaçı xeyrinə tutulması, ilk iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd olunması qət edilmişdir. Cavabdeh1, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən – ilk iddianın 5100 manatdan artıq təmin olunmuş hissəsində və qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilməsi, ilk iddianın 5100 manat hissədə, qarşılıqlı iddianın isə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qarşılıqlı iddiaçı apellyasiya şikayətini əsasən qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, tərəflər arasında olan ticarət münasibətləri məhkəmə tərəfindən alqı-satqı müqaviləsi kimi qiymətləndirilsə də, bu münasibət daha çox əvəzli tapşırıq müqaviləsindən irəli gələn münasibətlər xarakterində olmuşdur. Belə ki, cavabdeh hər hansı əşyanı iddiaçının mülkiyyətinə verməmiş, iddiaçı isə alıcı kimi pul ödəməyi öhdəsinə götürməmişdir. Onlar arasında əvəzli tapşırıq müqaviləsinə uyğun ticarət münasibətləri olmuş, cavabdeh satması üçün verdiyi əşyalar üçün bazar qiymətindən aşağı qiymət müəyyən etmişdir ki, iddiaçı həmin malları satdıqda özü üçün mənfəət əldə etsin. Məhkəmə isə, cavabdehin malların qaytarılması ilə bağlı aralarında razılaşma olmaması ilə bağlı izahatını mötəbər sübut kimi qəbul etsə də, iddiaçının bunu təkzib etməsini nəzərə almamış, bununla da tərəflərin məhkəmə qarşısında bərabərliyi prinsipini pozmuşdur. Bundan əlavə, iddiaçı 31.10.2020-ci il tarixdə cavabdehə olan borcundan 1000 manat ödəmiş, eyni zamanda, yaşadığı binanın yaxınlığında yerləşən meyvə-tərəvəz satışı edən şəxslər vasitəsilə ödənişlər etmişdir ki, həmin şəxslər də bu faktı təsdiq edə bilərlər. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi, apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçı, əlavə olaraq verilən suallara cavab kimi bildirmişdir ki, “Mamed” ona deyirlər. Lakin iş materiallarında olan whatsapp danışıqları İlhamə ilə oğlu Hidayət arasında keçmişdir, telefon da Hidayətə məxsus olmuşdur. Onların arasında da ayrıca ticarət münasibətləri olmuşdur, sadəcə olaraq İlhamə çox vaxt qarışdırdığı üçün adlarını səhv qeyd etmişdir. Yazışmalarda əks olunmuş qəbzdən Hidayətin hesabına ödənildiyi görünən 1000 manatlıq ödəniş də Hidayətin özünə olan borca görə ödənilmişdir, onların arasındakı borc məbləğinə aidiyyəti yoxdur. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada məlumat verilmiş, lakin onlar, naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, ilk iddia ərizəsi qismən təmin olunmuş, ilk iddia üzrə iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz qarşılıqlı iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Cavabdeh1 tərəfindən imzalanmış 02.06.2020-ci il tarixli iltizamda qeyd olunmuşdur ki, o, İddiaçı 05.11.2019-ci il tarixdə 466 manat dəyərində tekstil malları, 23.11.2019-cu il tarixdə 12.970 manat dəyərində qızıl, 649 manat dəyərində nisyə mal, 21.05.2020-ci il tarixdə 1592 manat dəyərində, 22.05.2020-ci il tarixdə isə 423 manat dəyərində tekstil malları almışdır. Hal-hazırda cəmi 12600 manat borcu vardır və borcu ödəyəcəyini öhdəsinə götürür. Bu işin mübahisəsiz halıdır. Mübahisəli hallar isə ondan ibarətdir ki, İddiaçı, Cavabdeh1 ilə aralarında nisyə alqı-satqı münasibətlərinin olduğunu, müxtəlif vaxtlarda ona 16100 manat dəyərində geyim və qızıl-zinət əşyaları verdiyini, lakin ona cəmi 3500 manat ödəniş edildiyini bildirərək, qalan məbləğin (12600 manat) qaytarılmasını tələb edir. Cavabdeh1 isə, İddiaçı mal satın almadığını, aralarında əvəzli tapşırıq razılaşması olduğunu, yəni ona məxsus malları mağazasında satmağı öhdəsinə götürdüyünü, 02.06.2020-ci il tarixə qalmış 12600 manat borcundan müxtəlif vaxtlarda ödənişlər etdiyini, hazırda cəmi 5100 manat borcu qaldığını və 21.05.2020-ci il tarixdə aldığı 1592 manat dəyərində tekstil malları satılmadığı üçün onların geri qaytarılmalı olduğunu bildirir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir (Mülki Məcəllənin 389, 390 və s. maddələri). Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Mülki Məcəllədə nəzərdə tutulan müqavilə növlərindən biri də alqı-satqı müqaviləsidir. Alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-in 567-ci maddəsi) MM-in 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırkı işdə Cavabdeh1 02.06.2020-ci il tarixli iltizamda həmin tarixə İddiaçı nisyə aldığı mallara görə mövcud borcunu (12600 manat) etiraf etməsi, İddiaçı Cavabdeh1 ilə aralarında etibarlı hüquq münasibətinin və sonuncudan qeyd edilən məbləğdə alacağının olmasını sübut etmək yükündən azad edir. Belə ki, MM-in 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Hazırda Cavabdeh1, İddiaçı ayrı-ayrı vaxtlarda aldığı mallara görə 02.06.2020-ci il tarixə ona 12600 manat borcu olduğunu etiraf etsə də, sonradan aralarında alqı-satqı yox, tapşırıq razılaşmasının olduğunu və 21.05.2020-ci il tarixdə satmaq üçün qəbul etdiyi 1592 manat dəyərində tekstil malları mağazada qaldığından onların geri qaytarılmalı olduğunu bildirir. Kollegiya ilkin olaraq qeyd edir ki, Cavabdeh1, sözügedən borc sənədini imzalamaqla İddiaçı 02.06.2020-ci il tarixə olan borcunu 12600 manat həcmində etiraf etdiyi üçün həmin borcun yaranma əsasını mübahisə edə bilməz. Çünki, MM-in 882.2-ci maddəsinə görə, Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmçinin qeyd edilməlidir ki, Cavabdeh1 02 iyun 2020-ci il tarixli iltizamda malları nisyə almasını birbaşa qeyd etmişdir. Beləliklə, işin faktiki hallarından və tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında malların şifahi nisyə alqı-satqı müqaviləsi bağlanmış, bu məqsədlə İddiaçı tərəfindən Cavabdeh1 müəyyən əşyalar verilmiş, sonuncu isə sonradan həmin əşyaların tam dəyərini ödəməmiş, 12600 manat borclu qalmışdır. İlhamə Hüseynova, 02.06.2020-ci il tarixə mövcud olan borcun (12600 manat) tərəfindən qismən qaytarıldığını bildirsə də, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmiş, istinad etdiyi sübutlar isə bu halın təsdiqlənməsi üçün kifayət etməmişdir. Belə ki, 08.10.2020-ci il tarixdə 1000 manat ödəniş etməsi ilə bağlı təqdim etdiyi whatsapp danışıqlarından həmin məbləğin İddiaçı olan borca görə ödənilməsi müəyyən edilmir. Belə ki, həmin danışıqlardan və sözügedən ödəniş qəbzinin şəklindən görünür ki, yazışmalar onunla Hidayət Muxtarov arasında olmuş və ödəniş həmin şəxsin bank hesabına köçürülmüşdür. Eyni zamanda, Cavabdeh1 tərəfindən binalarının yaxınlığında meyvə-tərəvəz satışı ilə məşğul olan şəxslər vasitəsilə İddiaçı müxtəlif vaxtlarda ödənişlər edilməsi də hər hansı sübutla təsdiqlənmir. Halbuki, MPM-in 14.2-ci və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəmənin qətnaməsi ilk iddiaya münasibətdə yoxlanılan hissədə əsaslıdır. Belə olan halda, məhkəmə qarşılıqlı iddianı rədd etməkdə də haqlı olmuşdur. Cavabdeh1 tələbinin əsası kimi istinad etdiyi halları əsaslanlıra və sübut edə bilməmiş, aralarında satılmayan malların qaytarılmalı olması barədə hər hansı razılığın olması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi Cavabdeh1 tərəfindən imzalanmış 02.06.2020-ci il tarixli iltizamda da bu istiqamətdə (1592 manat dəyərində satılmayan tekstil malları qaytarılmalı olması və s.) hər hansı qeyd aparılmamışdır. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “satılmayan mallarının geri qaytarılması” haqqında qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)-2096/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)- 2096/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6105/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6105/2021
07.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver