Məhkəmə qərarları › İş №2(103)-6106/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6106/2021

10.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6106/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin etibarnamə əsasında nümayəndəsi X3, Cavabdehlər X8, Cavabdeh2, X4 və Cavabdeh5 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi X14 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Milli Hidrometrologiya Xidməti cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3, X15 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi ev 6-da yerləşən mənzil 1-in yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh1, mənzil 4-ün yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh2, mənzil 7-nin yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh4 mənzil 9-un yanında ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh5, mənzil 7-nin yanında olan ayrı otaq vahidi yardımçı sahənin Cavabdeh3 tərəfindən əvvəlki vəziyyətə gətirilməklə boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı Milli Hidrometrologiya Xidmətinin nümayəndəsi Bəhruz Seyidov məhkəməyə ərizə təqdim edərək, Cavabdeh1 əsl cavabdeh X19 ilə, Cavabdeh4 isə X20 ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə tərəfindən vəsatət təmin edilərək X19 və X20 əsl cavabdeh kimi prosesə cəlb edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçı Milli Hidrometrologiya Xidmətinin nümayəndəsi Bəhruz Seyidov iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Milli Hidrometrologiya Xidmətinin balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən mənzil 1 ilə qeyri-yaşayış sahəsi otağını ayıran divarın cavabdeh X19 tərəfidən bərpa edilərək, əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Milli Hidrometrologiya Komitəsinin balansında olan və sonradan qanunamüvafiq yeni yaradılmış Milli Hidrometrologiya Xidmətinin (hüquqi varisin) balansına keçən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6 ünvanında yerləşən iki blokdan, iyirmi altı mənzildən, beş mərtəbəli binanın yaşayış sahələrinə aid olmayan hər mərtəbəsində sahələri 15 kv. metr olan qeyri-yaşayış sahələri (saxlanc yerləri) cavabdehlər tərəfindən zəbt edilmişdir. Balans sahibi tərəfindən komissiya yaradılmış və komissiyanın üzvləri mübahisli sahələrə baxış keçirmiş, cavabdehlərə həmin otaqların boşaldılması təklif edilmiş, lakin məsələ öz həllini tapmamışdır. Mübahisəli sahələrin yerləşdiyi bina yataqxana kimi Milli Hidrometrologiya orqanı ilə əmək münasibətlərində olan işçilərə xidməti yaşayış yeri kimi verilmişdir. 1992-ci il tarixli Milli Hidrometrologiya Komitəsinin sədrinin məktubuna əsasən həmin yataqxana sakinləri tərəfindən özəlləşdirilmiş və cavabdehlər həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinə çevrilmişlər. Bununla yanaşı binanın özü (fəsadı, zirzəmisi, damı, balkonları) və binanın ikiknci blokunun bütün mərtəbələrinin orta boş otaqları (saxlanc yerləri) Milli Hidrometrologiyanın balansında qalmışdır. Sonradan 2-ci blokun hər mərtəbəsinin sakinləri orta boş otaqları qanunsuz olaraq zəbt etmiş və onları boşaltmaqdan imtina edirlər. Hal-hazırda xidməti otaqlara ehtiyac yaranmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1219/2007 nömrəli 31.07.2007-ci il tarixli icra vərəqəsinə əsasən Milli Hidrometrologiya Xidmətinin üzərinə ünvan 2 ünvanda yerləşən binada X1 yaşayış yeri ilə təmin edilməsi öhdəliyi qoyulmuşdur. Belə ki, o, əvvəllər 01.11.1990-cı il tarixli, 0008 saylı orderə əsasən mübahisəli binada sahəsi 32 kv.m olan mənzildə yaşamış, sonradan o, vətənin müdafiəsi uğrunda gedən döyüşlərə getmiş və 1999-cu ildə geri qayıtdıqdan sonra bu binada boş mənzil olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 31.08.2007-ci il tarixli qərardadından, bildirişdən və icra vərəqindən görünür ki, İ.Ə.İsmayılovu ünvan 2 ünvanda yerləşən binada yaşayış yeri ilə təmin edilməsi vəzifəsi Milli Hidrometrologiya Xidmətinə həvalə edilmişdir. İşdə olan Bakı şəhəri, Binəqədi rayon Pİ-nin 6-cı PB-ni təhqiqat orqanının 06.03.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarından görünür ki, ünvan 2 ünvanda yerləşən Milli Hidrometrologiya Xidmətinin balansında olan yataqxananın saylı mənzilində qeydiyyatda olmaqla orada yaşayan X5, 4 saylı mənzilində qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh2, 7 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh3, 9 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh4, 6 saylı mənzildə qeydiyyatda olmaqla orada yaşayan Cavabdeh5 binanın 5 otaqlı mənzillərinin yerləşdiyi və həmin sahəyə aid olmayan qeyri-yaşayış sahəsi olan saxlanc yerini əsassız və qanunsuz olaraq hər biri öz mərtəbəsində zəbt etmiş və ordan itifadə edirlər. Bu saxlanc yerləri cavabdehlərin özgəninkiləşdirdikləri mənzillərə aid deyildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Milli Hidrometrologiya Xidmətinin cavabdehlər X11, Cavabdeh2, Cavabdeh3, X15 və Cavabdeh5 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əvvəlki vəziyyətə qaytarılma” tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi X14 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsini aşağıda göstərilənlərə əsasən qeyri-obyektiv və qanuna zidd hesab edir. Cavabdehlər tərəfindən bu otaqların onlara aid olduğunu sübuta yetirəcək hər hansı bir rəsmi sənəd təqdim edilməmişdir. Tərəflərindən yaradılan komissiya binaya baxış keçirən zaman məlum olmuşdur ki, cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsi otaqlar antisanitariya şəraitində istifadə olunur. Məhkəmə prosesinin gedişində Əmlak Məsələləri Dövlət Xidməti cavab məktubunda bildirmişdir ki, sözügedən bina dövlət əmlakının Registerındə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Balans sahibi olduqları halda sözügedən otaqlardan istifadə ilə bağlı qabaqcadan hər hansı razılıq alınmamışdır. Sözügedən bina ilə əlaqədar sərəncam hüquqları onlara məxsusdur. Hesab edir ki, Binəqədi Rayon Məhkəməsi 3 mart 2021-ci il tarixli 2(001)-382/2021 saylı qətnaməsi “iddiaçının bele tələblə (divarın cavabdeh X19 tərəfindən bərpa edilərək, əvvəlki vəziyyətə qaytarılması barədə) iddia vermək üçün subyektiv hüququ olmadığından iddia bu hissədə də rədd edilməlidir” hissəsində əsassızdır. Məhkəmə bu hissədə məsələyə qeyri-obyektiv yanaşmış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə prosesinin gedişində digər qeyriyaşayış sahəsi otaqlarda bu kimi halların mövcudluğunu yoxlamaq məqsədilə cavabdehlərin mülkiyyətçisi olduqları otaqların dəqiq sahəsinin müəyyən olunması və mülkiyyətçisi olmadıqları qeyri-yaşayış sahəsi otaqları zəbt etmək üçün binanın ümumi tikinti qurğularına hansı hissədə ziyan vurduqlarını müəyyənləşdirmək məqsədilə məhkəmə- mühəndis ekspertizası təyin edilməsini məhkəmədən xahiş etsələrdə, məhkəmə bu halı araşdırmaq istəməmiş və vəsatəti təmin etməmişdir. Göstərilənlərə əsasən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün bütün faktiki halları araşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh X20 məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə cavabdeh Elçin Əliyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı Milli Hidrometrologiya Xidmətinin nümayəndəsi X6 verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında cavabdehlər X19, Cavabdeh2, X7 və Cavabdeh5 iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyeva tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirdi və apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyeva apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam şəkildə yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyevanın apelyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehlər Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6 ünvanda müvafiq olaraq 1,4,6,7,9 saylı mənzillərdə yaşayan sakinlərdir. Həmin mənzillər xüsusi mülkiyyət hüququ ilə cavabdehlərin mülkiyyətindədirlər və hal-hazırda cavabdehlər ailə üzvləri ilə birlikdə həmin mənzillərdə yaşayırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İddiaçı balansında olan Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən iki blokdan, 5 mərtəbədən iyirmi altı mənzildən ibarət olan bina əvvəllər yataqxana kimi Hidrometeorologiyanın əməkdaşlarına xidməti yaşayış yeri kimi verilmişdir. Sonradan həmin bina 1992-ci ildə Komitənin razılığı ilə yataqxana sakinlərinin mülkiyyətinə verilmişdir. Bu fakt Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubu ilə də öz təsdiqini tapmışdır. Belə ki, Əmlak Komitəsi cavab məktubunda bildirmişdir ki, sözgedən bina dövlət əmlakının Registrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı balansında olan əmlak kimi qeydiyyata alınmışdır. Bundan başqa məhkəmə 02 noyabr 2020-ci il tarixdə Cavabdeh3, Milli Hidrometrologiya Xidmətinin təsərrüfat işləri üzrə nümayəndəsi X9 və xidmətedici və araşdırma komissiyasının üzvü X2 iştirakı ilə yerində müayinə keçirmiş və müvafiq protokol tərtib edilmişdir. Yerində müayinə zamanı Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 6-da yerləşən, iki blokdan 5 mərtəbədən və 26 mənzildən ibarət olan binaya baxış keçirilən zaman hər mərtəbədə 2 mənzilin və mənzillər arasında yardımçı sahələrin olması, yardımçı sahələrin 1 giriş-çıxış qapısının olması, həmin sahələrin bayıra baxışının olması, kanalizasiya, su, qaz və digər kommunikasiya xətlərinin olmaması, həmin sahədə balonlar və artıq əşyaların saxlanıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, bina iddiaçının balansında olmuş olsa belə, mübahisələndirilən saxlanc yerləri mülkiyyətçilərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş yerlərdir. İddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 230-cu maddəsinə istinad edərək həmin sahələrə “yaşayış binasının tərkib hissələrinin vahidləri” kimi qiymət verməsi anlaşılan deyil. Çünki həm yerində müayinədən, həm də cavabdehlərin izahatlarından aydın olur ki, həmin sahələrdən ayrıca mənzil (otaq) kimi istifadə etmək mümkün deyildir. Belə ki, həmin sahələrdə heç bir kommunikasiya xətti olmadığına görə yalnız saxlanc (anbar, qarderob) üçün istifadə edilməsi mümkündür. Cavabdehlər həmin saxlanc yerlərindən istifadə etməkdə hüquqi əsasları olduğundan iddia həmin hissədə rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227, 230, Mənzil Məcəlləsinin 35, 36 və 39-cu maddələrinin tələbləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227-ci maddəsinə əsasən: 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur; 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Həmin Məcəllənin 230-cu maddəsinə əsasən yaşayış binasının ayrı-ayrı tərkib hissələri və ya onların bölümləri xüsusi hüquqların obyekti ola bilər; bu hissələr və bölümlər mənzil kimi və ya işgüzar və ya digər məqsədlər üçün otaq vahidləri kimi qapalı olmalı və onların öz girişi olmalıdır, lakin tərkiblərində ayrı-ayrı yardımçı otaqlar ola bilər. Bu cür vahidlər aşağıda “yaşayış binasının tərkib hissələrinin vahidləri” adlandırılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 35.2-ci maddəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını natura şəklində ayırmağa; çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payını özgəninkiləşdirməyə, habelə həmin payın göstərilən sahəyə mülkiyyət hüququndan ayrılıqda keçməsinə səbəb olan digər hərəkətləri etməyə çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin etməyə hüququ yoxdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən çoxmənzilli binada sahə mülkiyyətçisi həmin binada ona mülkiyyət hüququ əsasında məxsus olan sahə ilə bitişik sahəni mülkiyyətinə əldə etdikdə, o, bu Məcəllənin İV fəslində müəyyən edilmiş qaydada həmin sahələri bir sahədə binanın dayanıqlığına xələl gətirmədən birləşdirmək hüququna malikdir. Əgər bu çoxmənzilli binada digər sahələrin sərhədlərinin, binanın ümumi əmlakının sərhədləri və həcmlərinin dəyişdirilməsinə və ya həmin binanın ümumi əmlakına mülkiyyət hüququnda payların dəyişməsinə səbəb olmursa, binada digər sahələrin mülkiyyətçilərinin razılığı olmadan bitişik sahələr arasında sərhədlər dəyişdirilə və ya bu sahələr iki və daha çox sahəyə bölünə bilər. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən əgər sahələrin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini onlara birləşdirmədən mümkün olmursa, bu cür yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya çoxmənzilli binanın bütün sahələrinin mülkiyyətçilərinin razılığı alınmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə edilən saxlanc yerləri ümumi istifadə üçün nəzərdə tutulmuş yerdir. Beləki həm 02 noyabr 2020-ci il tarixli Yerində müayinə protokolundan, həm də cavabdehlərin izahatlarından aydın olur ki, həmin sahələrdən ayrıca mənzil(otaq) kimi istifadə etmək mümkün deyildir, yəni həmin sahələrdən heç bir kommunikasiya xətti olmadığına görə yalnız saxlanc (anbar, qarderob) üçün istifadə edilməsi mümkündür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisənin faktiki və hüquqi əsası iddia tələbinin qanuni əsası ilə üst-üstə düşmədiyindən və cavabdehlərin həmin saxlanc yerlərindən istifadə etməkdə hüquqi əsasları olduğundan iddia tələbinin həmin hissədə rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin həcminin artırılmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının belə bir tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmaması nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən: 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitartexniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir; 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən, bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Həmin Məcəllənin 27.2.2-ci maddəsinə əsasən, bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Həmin Məcəllənin 27.3-cü maddəsində qeyd edilmişdir ki, Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 may 2010-cu il tarixli Fərmanının 1.4-cü bəndində qeyd edilmişdir ki, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının “divarın cavabdeh X19 tərəfidən bərpa edilərək, əvvəlki vəziyyətə qaytarılması” barədə iddia vermək üçün subyektiv hüququ olmadığından iddia tələbinin bu hissədə də rədd edilməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyevanın apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyeva apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsində maddi və prosessual hüquq normalarının pozulmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar araşdırılmadan və sübut edilmədən qətnamə qəbul edilməsini göstərsə də həmin halları təsdiq edən sübutları təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kоllеgiyası, iddiaçı Milli Hidrometrologiya Xidmətinin rəisi Umayra Tağıyevanın apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baхarkən maddi və prоsеssual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti təmin еdilmədən saхlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidmətinin rəisi X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-382/2021 saylı, 03 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar