Məhkəmə qərarları › İş №2(103)-6106/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6106/2023

25.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6106/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İşdə materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən yol nəqliyyatı hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Cavabdeh2 hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilməsi, sürücü Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü materialların inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsindən ötrü Narimanov RPİ-nin DYPŞ-na göndərilməsi qərara alınmışdır.

2. xx.xx.2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə protokol tərtib edilmiş, daha sonra Cavabdeh2 AR İXM-nin 327.8-ci maddəsi ilə 200 manat məbləğində cərimə edilmişdir.

3. xx.xx.2022-ci il tarixli 164/22 saylı Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin mütəxəsis rəyinə əsasən qiymətləndirici qarşısında qoyulmuş birinci suala uyğun olaraq buraxıliş ili 2010-cu il olan, "Honda İnsight minik markalı ** GY *** dövlət qeydiyyat nişanlı nəqiyyat vasitəsinin hüquqi sənədləri təhlil edilmiş, avtomobilə kompleks texniki vizual baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin üzərinə digər minik avtomobilinin çevrilməsi nəticəsində maşınin arxa, sağ və arxa sağ tərəfinə əsaslı ziyan dəymişdir. Qəza nəticəsində qiymətləndirilən avtomobilin korpusu tamamilə zədələnmişdir. Nəgliyyat vasitəsi hazırki vəziyyətdə istismara yararsızdır. Dəymiş zərərin həcmini və dəyərini müəyyən etmək üçün mütəxəsislər tərəfindən avtosalonlar və ikinci əl avtomobil satışı bazarları üzrə monitoring aparılmışdır. Aparılmış monitorinqin nəticələrinə əsasən bu sahədə fəaliyyət göstərən internet resurslarına (www.avtomobil.az, www.turbo.az,www.tap.az və s.), avtomobil bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, həmçinin etimad doğuran açıq mənbələrdən alinan məlumatlara istinad olunmuşdur. Nəqliyyat vasitəsinin istismara yararlı olmadığını və təmir-bərpasının rentabelli hesab edilmədiyini nəzərə alaraq buraxılış ili 2010-cu il olan, "Honda İnsigna” minik markalı ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği-13500 (bazar dəyəri)- 3000 (mövcud vəziyyətdə dəyəri)= 10500 manat təşkil edir.

4. Nəqliyyat vasitəsinin qeydiyyat şahədatnaməsindən və AZEMİS Elektron Məhkəmə Sistemində edilmiş sorğulara əsasən buraxılış ili 2010-cu il olan, "Honda İnsigna” minik markalı ** GY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

5. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1981 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan sənədlər və eləcə də "xxxx" MMC-nin 22 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 2010-cu il buraxılışlı "Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı olmadığını və təmir-bərpasının rentabelli hesab edilmədiyini nəzərə alaraq avtomobilə dəymiş ziyanın məbləği 10500,0 manat (13500,0 bazar dəyəri 3000,0 mövcud vəziyyətdə dəyəri) müəyyən olunur.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona vurduğu maddi ziyanla bağlı avtomaşına dəymiş ziyan 10,500 manat, 4680 manat məbləğində əldən çıxmış fayda və ödənilmiş 135,54 manat dövlət rüsumu olmaqla cəmi 15315,54 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 04:26-da Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə hərəkətdə olan "Toyota" markalı 90-LY- 850 dövlət qeydiyyat nişanlı avtomobillə mülkiyyətində olan "Honda" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə bağlı qeyd edir ki, Nərimanov rayonu, Z.Bünyadov küçəsi ilə Ə.Rəcəbli küçələrinin kəsişməsində olan "Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil beton yol ayırıcısını aşaraq Ə.Rəcəbli küçəsində hərəktdə olan etibarnamə ilə X4 idarə etdiyi "Honda" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə sürücü Razim Yusifov və hər iki avtomobildə olan sərnişinlər X5 və X1 qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri almışlar. Qəza nəticəsində mülkiyyətindəki "Honda" markalı 10GY-912 dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 10.500 (on min beş yüz) manat ziyan dəymişdir. "xxxx" MMC tərəfindən 22 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə "nəqliyyat vasitəsinə dəymiş zərərin məbləğinin müəyyən edilməsi"-nə dair qiymətləndirici qarşısında qoyulmuş birinci suala uyğun olaraq buraxılışı 2010-cu il olan "Honda İnsigna" minik markalı **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hüquqi sənədləri təhlil edilmiş, avtomobilə kompleks texniki vizual baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, nəqliyyat vasitəsinin üzərinə digər minik avtomobilinin çevrilməsi nəticəsində maşının arxa, sağ və arxa sağ tərəfinə əsaslı ziyan dəymişdir. Qəza nəticəsində qiymətləndirilən avtomobilin korpusu tamamilə zədələnmişdir. Nəqliyyat vasitəsi hazırki vəziyyətdə istismara yararsızdır. 2-ci sual üzrə nəticə isə dəymiş zərərin həcmini və dəyərini müəyyən etmək üçün mütəxəssislər tərəfindən avtosalonlar və ikinci əl avtomobil satışı bazarları üzrə monitorinq aparılmışdır. İnternet resurslarına (avtomobil.az, turbo.az, tap.az və s.) avtomobil bazarındakı vəziyyəti xarakterizə edən operativ bazar məlumatlarına, həmçinin etimad doğuran açıq mənbələrdən alınan məlumatlara istinad olunmuşdur. Qeyd edir ki, həmin il həmin komplektasiya ilə olan "Honda İnsigna" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobilin bazar qiyməti 14.900 (on dörd min doqquz yüz) manat 15.300 (on beş min üç yüz) manat aralığında vəziyyətinə görə dəyişir. Bakı şəhər Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis moyoru Sərraf Cəfərov tərəfindən etibarnamə ilə "Toyota" markalı **-LY-*** dövlət nömrə nişanlı avtomobili idarə edən sürücü Cavabdeh2 AR İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Hadisə ilə bağlı mülkiyyətindəki "Honda İnsigna" markalı 10 GY-912 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyandan "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Lakin avtomobilinə dəymiş ziyanla bağlı "Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 nə də ki, etibarnamə ilə avtomobili idarə edən Cavabdeh2 avtomobilə dəymiş ziyanı ödəmirlər.Dəfələrlə bununla bağlı tərəflərlə danışmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halbuki məhkəmənin diqqətinə çatdırır ki, avtomobilin cavabdehlərin məsuliyyətsizliyi ucbatından tam yararsız hala düşməsi nəticəsində o, gündəlik gəlirindən məhrum olmuşdur. Belə ki, o, taksi fəaliyyəti ilə məşğul olur, UBERBOLT və YANDEX şirkətlərinə qoşulmaqla gündəlik taksi kimi sifarişləri icra edir. Maddi ziyanla bağlı qeyd edir ki, cavabdehlərin maddi ziyanı ödəməməsi nəticəsində ona avtomaşına aid hissədə 10.500 (on min beş yüz) manat, avtomaşının işləməməsi nəticəsində isə sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat məbləğində əldən çıxmış fayda ümumilikdə isə 15.180 (on beş min yüz səksən) manat ziyan dəymişdir.

8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 10500(on min beş yüz) manat və 121(yüz iyirmi bir) manat 50(əlli) qəpik dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi, 50(əlli) manat ekspertiza xərcinin Cavabdeh2 tutularaq müvafiq hesab üzrə Dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X7)

9. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, iş materiallarına əlavə edilmiş mütəxəsis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1981 nömrəli rəyindən ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləği 10500 manat müəyyən edilmiş və iddia tələbi 10500 manat məbləğində maddi ziyanın avtomobilə etibarnamə əsasında sahiblik edən Cavabdeh2 onun xeyrinə tutulması hissəsində təmin edilməlidir, iddia digər hissələrdə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci, 21.2-ci, 1096-cı, 1097-ci, 1108.1 -ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə və Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008- ci il tarixli Qərarına və "İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamənin məzmunundan göründüyü kimi, həmin qondarma ekspertiza təşkilatının sifariş əsasında tərtib olunmuş rəyi yoxlanılması üçün Məhkəmə Ekspertizası Mərkəzinə də göndərilmişdir. Maddi hüquq normasının “tam həcmdə” müddəası birinci instansiya məhkəməsi tərəfindən yanlış anlaşılmaqla səhv tətbiq olunmuş, bununla da maddi hüquq norması pozulmuşdur. İş üzrə veriəln rəydə köhnəlmə əmsalları, işlərin dəyəri və s. əhəmiyyət kəsb edən məlumatlar əks olunmamış, nəqliyyat vasitəsinə mütəxəssis tərəfindən baxış keçirilməsi barədə məlumat əks olunmamışdır. Bu səbəbdən də hesab edir ki, sözü gedən mütəxəssis rəyi hazırki mübahisənin həllində mötəbər sübut hesab oluna bilməz, sübutlar siyahısından çıxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh iddia tələbini qismən qəbul edirlər, belə ki, qarşı tərəfə hal-hazırda qüsur aktı ilə müəyyən edilmiş 13500 manat zərərin 5000 manatını sığorta şirkəti ödədiyindən, ekspert rəyi ilə də müəyyən edilən 3000 manat məbləğ çıxılanda 5500 manat zərər dəydiyi müəyyən olunur. Onlar isə hazırda 5500 manat ödəyə bilərlər. Qalan hissələrdə isə iddia tələbini qəbul etmirlər.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirmişdir ki, maşını təmirə yararsız vəziyyətdə olduğundan həmin vəziyyətdə ekspert 3000 manat qiymət qoysa da, 2500 manata satmışdır. Sığorta tərəfindən isə ona 5000 manat məbləğ ödənilmişdir. O, 1 ildir ki, maşınsız qalmışdır. Maşınların qiymətlərində bahalaşma olduğundan ödənilən məbləğlə maşın ala bilmir.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

20. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

21. Hazırki apellyator qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edilməklə iddianın həmin hissədə də rədd edilməsini xahiş etdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.

23. Hazırkı işin faktiki hallarına əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 tərəfindən etibarnamə ilə idarə olunan “Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər DYPİ-nin qərarı ilə Cavabdeh2 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh2 tərəfindən “Toyota" markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibarnamə ilə idarə etməsi mülki işin mübahisəsiz hallarındandır. Hazırda iddiaçı hadisə nəticəsində onun maşına dəymiş maddi ziyanı tələb edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1981 nömrəli rəyindən ekspert rəyi ilə müəyyən edilmişdir ki, “Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləği 10500 manat müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur.

24. Birinci instansiya məhkəməsi vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə düzgün qənaətə gəlsə də, məhkəmə yalnız xx.xx.2023cü il tarixli 9/1981 nömrəli ekspert rəyinə istinad etməklə iş üzrə zərərin məbləğini qiymətləndirirərkən iddiaçıya verilən 5000 manat məbləğində icbari sığorta məbləğini, nəzərə almamışdır. Eeyni zamanda kollegiya qeyd edir ki, maşının mövcud vəziyətdə satılması ilə əldə edilən məbləği nəzərə alınmalıdır.

25. Halbuki “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1.2-ci maddəsinə əsasən, üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. “Honda İnsigna" markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunduğundan, "xxxx" ASC sığorta müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirərək zəruri 5000 manat sığorta ödənişini İddiaçı ödəmişdir. Sığortalı avtomobilə vurulmuş ziyanın məbləği 5000 manatdan yuxarı olduğuna görə sığorta şirkətinin qalan məbləği ödəmək öhdəliyi olmadığından həmin məbləğ ziyan vurmuş şəxsdən, yəni Cavabdeh2 tutulmalıdır.

26. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası avtomobilə dəyən zərərin 10500 manat məbləğində müəyyən edildiyini, habelə İddiaçı "xxxx" ASC tərəfindən sözügedən avtomobilə dəymiş zərərə görə 5000 manat məbləğində sığorta ödənişi verildiyini və maşının mövcud vəziyyətdə 2500 manata satıldığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçıya vurulmuş maddi zərərin məbləği 10500-5000-2500=6000 manat məbləğində müəyyən edilməklə Cavabdeh2 tutulmalıdır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, Cavabdeh2 6000 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-437/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən, yəni Cavabdeh2 maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh2 dəymiş ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar