Məhkəmə qərarları › İş №2(103)-6129/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6129/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6129/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk İddiaçı Cavabdehnə; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («maddi və mənəvi zərərin; işgüzar nüfuza dəymiş ziyan») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, ilk iddiaçı(bundan sonra iddiaçı) İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı(bundan sonra cavabdeh) Cavabdeh İddiaçı “işgüzar nüfuza dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-488/2023 saylı işi üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "Nur Dent R” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Nur Dent R” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ona vurulmuş maddi zərərə görə 3300 manat, hüquqi xidmətə görə ödədiyi 500 manat, ödənilmiş dövlət rüsumuna görə 130 manat və dəymiş mənəvi zərərə görə 10000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdeh "Nur Dent R” Məhdud Məsuliyyətli Cəmiyyəti İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, işgüzar nüfuza dəymiş ziyanın əvəzi olaraq 3000 manat, hüquqi yardıma görə ödənilən 350 manat cəmi 3350 manat pulun və 53,50 manat dövlət rüsumunun cavabdeh İddiaçı "Nur Dent R” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-488/2023 saylı işi üzrə 13 iyul 2023cü il tarixli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23.1, 23.4, 23.6, 1096.1, 1096.2, 1097.1, 1112, 1113.1, 1099.1, 1099.2, 1114.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1,78.1, 80, 81, 88, 217.4, 218.3, 220.5-ci maddələrinə; Ali Məhkəmənin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına; "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41 -ci maddəsinə istinadən qeyd edilmişdir ki, iş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının rəyi ilə ortodontik müalicə üsulu dişləmin və dişlərin düzəlməsi istiqamətində tədbiq olunan müalicə metodu hesab edildiyi, İddiaçı aparılmış müalicə taktikası düzgün olduğu, lakin qeyri-simmetrikliyin breketlə tam aradan qaldırılmasının mümkün olmadığını, İddiaçı aparılmış stomatoloji xidmətin Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu nəticəsinə gəlinmişdir. Belə olan halda məhkəmə bildirir ki, ilk iddiaya münasibətdə hüquqi qiymət verilərkən, iş üzrə məhkəmə-tibbi ekspertizasının rəyini mötəbər sübut kimi qəbul edir. Bu baxımdan qeyd olunmalıdır ki, dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün zəruri olan şərtlər vəhdət şəklində nəzərdən keçirilməlidir ki, şəxsin əməlində (hərəkət və yaxud hərəkətsizliyində) deliktin olması öz təsdiqini tapsın. Hazırki işin faktiki hallarından görünür ki, ilk İddiaçı çənəsində qeyri-simmetriklik aşkar olunmuşdur (zərər mövcuddur), lakin həmin çənədəki qeyri-simmetriklik müalicə taktikasının yanlış aparılması nəticəsində yaranmamış, çünki ekspert rəyi ilə müalicə taktikasının düzgün olması və stomatoloji xidmətin Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olduğu müəyyən edilmiş (zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması), bununla da müalicəni aparmış həkimin əməlində deliktin olması (həmin əməllər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması) sübut olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanlardan əlavə qeyd edir ki, nə qədər ki, müalicəni aparmış həkimin əməlində deliktin olması sübuta yetirilməmişdir, ilk iddiaçının cavabdeh "Nur Dent R” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənəvi zərərin ödənilməsi tələbini irəli sürməsi əsaslı hesab oluna bilməz. Məhkəmə araşdırması zamanı yuxarıda qeyd edilən xüsusatlarla bağlı əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş, sadəcə ilkin iddia üzrə İddiaçı səs küy salaraq həkimi təhdid etməsi, onun qanunsuz tələblər irəli sürməsi ilə əsaslandırmış, həmin hala dair video disk təqdim etməklə sübut etməyə çalışmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normaları ilə tənzimlənən hallar, yəni iddiaçının şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatların olması və belə məlumatların yayılma hallarının mövcudluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim edilməmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - 03 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən , 473C-22 nömrəli toplanmış material üzrə "Nur Dent R” klinikasının həkim stomatoloqu X2 əməlində Azərbaycan Respublikası CM-nin 314-cü maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, barəsində cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, İddiaçı X4 qarşı 10000 manat məbləğində pul tələbi mülki mübahisə xarakterli olduğundan tərəflərə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; xx.xx.2022-ci il tarixli qəbzə və 1051 nömrəli qəbzə əsasən, İddiaçı 230 manat ödəniş etmişdir; - "X6” Publik hüquqi şəxsin 169 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, İddiaçı alt çənənin selikli qışasının iltihabı diaqnozu qoyulmuşdur; - xx.xx.2022-ci il tarixli qəbzə və 972 nömrəli qəbzə əsasən , İddiaçı 40 manat ödəniş etmişdir; - xx.xx.2022-ci il tarixli qəbzə əsasən, İddiaçı psixiatr yardımı üçün "Nefes” MMC-yə 60 manat ödəniş etmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli 277/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyə əsasən "Nur Dent R” stamotoloji klinikasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2019-cu il tarixdə klinikaya müraciət etmiş, ona aşağı və yuxarı çənələrin ortodontik müalicəsi aparılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda çənədə qeyri simmetrikliyin olduğu müəyyən edilmişdir. İddiaçı aparılmış müalicə taktikası düzgün olmuş, lakin qeyri simmetrikliyi breketlə tam aradan qaldırmaq mümkün olmamışdır. Qeyri simmetrikliyin tam aradan qaldırılması ortoqnatik cərahiyyə yolu ilə mümkündür. İddiaçı bədən səthi üzərində hər hansı bir travmatik xəsarət və ya xəsarət izinin olduöu müəyyən edilməmişdir. İddiaçı aparılmış stomatoloji xidmət Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 200/KEŞ nömrəli ekspert rəyinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdə "Nur Dent R” stamotoloji klinikasına mürciət etmiş və ona aşağı yuxarı və ona aşağı yuxarı çənələrin ortodontik müalicəsinin aparıldığı qeyd edilmişdir. Ortodontik müalicə üsulu dişləmin və dişlərin düzəlməsi istiqamətində tətbiq olunan müalicə metodu hesab edilir. İddiaçı mütəxəssis müayinəsi zamanı onda çənədə qeyri-simmetrikliyin olduğu müəyyən edilmişdir. İddiaçı aparılmış müalicə taktikası düzgün olmuş, lakin qeyri- simmetrikliyi breketlə tam aradan qaldırmaq mümkün olmamışdır. Bu da dişləmin və dişlərin anatomik quruluşdan asılı olur. Qeyri-simmetrikliyin tam aradan qaldırılması ortoqnatik cərrahiyyə yolu ilə mümkündür. İddiaçı aparılmış stomatoloji xidmət Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur (iş səh. 12, 61-80, 119-124, 154-160). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

5. İddiaçı apellyasiya şikayəti verərək, Nərimanov rayon Məhkəməsi e-2(005)-488/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsini ilk iddianın rədd edilməsi hissəsində ləğv edib,ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 386, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iddiaçıya düzgün müalicə tətbiq olunmadığı, məhkəmənin istinad etdiyi ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki,qanunun tələb etdiyi halların hamısı burada mövcuddur. 1.zərərin mövcud olması. Rəydə bildirilir: qeyri-simmetrikliyi breketlə tam aradan qaldırmaq mümkün olmamışdır-yəni 2 illik müalicə, ağrılar, izitirablar, müalicəyə xərclənən maddi vəsait və vaxt nəticə verməmişdir. 2 zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması. Rəydə bildirilir: Qeyri-simmetrikliyin tam aradan qaldırılması ortoqnatik cərrahiyyə yolu ilə mümkündür. Beləliklə rəydən göründüyü kimi iddiaçıya təyin olunmuş müalicə əvvəldən düzgün olmamışdır. Çünki pasient İddiaçı ilk müraciətinin mövzusu: - “alt dişlərində olan qüsuru müalicə etmək üçün” olmuşdur. Həkim isə: -“böyük problem olmadığını” yuxarı çənədə dişlərin normal olduğunu, alt çənədə isə sola meyillilik olduğunu bildirmişdir. Həkim bu zaman problemin həll olması məqsədilə, hər iki həm alt, həm üst çənəyə breket taxılaraq, 2 il ərzində gəzdirilməli olduğunu qeyd etmişdir. Halbuki peşəkar həkim burada pasientə birbaşa deməli idi ki,onun alt çənə dişlərində olan qüsur: - Qeyrisimmetrikliyin tam aradan qaldırılması ortoqnatik cərrahiyyə yolu ilə mümkündür! Yəni həkim burada pasientin səhhətini düşünməmiş,o pasientə klient kimi baxmış, əsas məqsəd “klientpasientin” necə deyərlər “əldən çıxmaması” olmuşdur. Çünki, əks halda iddiaçı cərrah ortodonta müraciət edərdi. Bunları bilməli olan və əslində bilən həkim isə faktiki olaraq Hippokrat andını -Ziyan vurma! pozaraq pasientin 2 il ərzində “müalicə” edilməsini, bu zamanda çəkə biləcəyi və əslində çəkdiyi fiziki və mənəvi iztirabları heçə saymışdır. Əsas motiv pasientin kassaya köçürdüyü ilk ödəniş və sonralar ondan alınan əlavə xərclər olmuşdur. Çünki məhkəmənin əsas sübut kimi istinad etdiyi ekspertiza rəyindən göründüyü kimi: Cavabdeh klinikada işləyən həkim Raman Hacıyev əvvəlcədən ona müraciət olunmuş problemlə bağlı yekunda nəticəsinin olmayacağı müalicə tətbiq etmiş, yəni yalnız cərrahi müdaxilənin nəticə verə biləcəyi yerdə kompleks olaraq konsevativ müalicə-breket və artıq təyinat-implant tətbiq etmiş,bununla da İddiaçı problem nəinki həll olunmuş, əksinə o dişlərini itirmək riski ilə qarşılanmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti ilə eyni məzmunda izahat vermiş,şikayəti müdafiə etmiş,ekspert rəyi ilə də aparılmış müalicənin effektiv olmadığının müəyyən edildiyini, aparılmış müalicə nəticəsində iddiaçının problemlərinin nəinki düzəlmədiyini, hətta onun öz dişlərini itirmək təhlükəsi ilə üzləşdiyini qeyd etmiş, iddiaçının iki il müddətində fiziki və mənəvi iztirab çəkdiyini, səhhətinə vurulmuş ziyanla yanaşı ona maddi ziyan vurulduğunu bildirmişdir. Qeyd etmişdir ki, həkim pasientin çənə sümüyündə əyrilik olduğunu bildiyi halda, iddiaçını müalicəyə qəbul etməli deyildi, o bilməli idi ki, aparılan müalicə gözlənilən yekun nəticəni verə bilməz, bunu pasinet bilə bilməz, bunu həkim ona bildirməlidir,həkim burada pasientin səhhətini düşünməmiş, pasientə klient kimi baxmışdır.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iş üzrə mövcud olan hər iki ekspert rəyindən müalicə taktikasının düzgün aparıldığının göstərildiyini, iddiaçının həkimə ortodantik müalicə ilə bağlı müraciət etdiyini və xəstənin müalicəsinin dişlərinin düzülüşü istiqamətində aparıldığını, çənə ilə bağlı hər hansı müalicə aparılmadığını, iddiaçı və cavabdeh arasında hər hansı müqavilə bağlanmadığını, dişləmdə əyriliyi aradan qaldırmaq üçün ilk öncə breket taxılmalı olduğunu, daha sonra digər mərhələlərə keçirildiyini qeyd etmiş, işdə olan materiallarla həkimin təqsirli olmadığının müəyyən edildiyini bildirmiş və apellyasiya şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 82.1 və 82.4-cü maddələrinin tələblərinə əsasən: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilmiş müddəaları nəzərə alınmalıdır: 21. zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

11. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1, 39.1, 76.1, 77.1, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin faktiki - sübutedici dəllillərinin hüquqi əsasları ilə uzlaşmadığından və formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki,çənədə qeyri-simmetrikliyin və ya digər qüsurun olmasını müəyyən etmək və ya ümumi müayinə aparmaq vəzifəsinin (ixtisaslaşması müəyyən edilməyən) cavabdehə aid olması sübuta yetirilməmiş, tərəflər arasında xidmət həcmini və öhdəlikləri müəyyən edən müqavilə olmamış, aparılmış müalicə taktikası düzgün olmuş, lakin qeyri-simmetrikliyi breketlə tam aradan qaldırmaq mümkün olmamış, aparılmış stomatoloji xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Şikayətdə qeyd edilən dəlil, yəni dişlərin qüsurlarının yalnız cərrahi müdaxilənin nəticə verə biləcəyi təqdirdə mümkün olması sübuta yetirilməmişdir. Qeyd edilməlidir ki, ekspertlər müalicənin nəticəsi olaraq qeyrisimmetrikliyi breketlə tam aradan qaldırmağın mümkün olmadığını qeyd etmişlər. Beləliklə, müalicə tam müsbət nəticə verməsə də, delikt və ondan irəli gələn zərər sübut edilməmişdir.

12. Əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməlidir.

13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-488/2023 saylı işi üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar