Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6134/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat maddi zərərin, daşınmaz əmlaklarından məhrum olmaları ilə bağlı vurulmuş 8980 manat zərərin, enerji blokunun dağıdılması nəticəsində əldən çıxmış faydaya görə 400 000 manat zərərin və işgüzar nüfuza vurulmuş mənəvi zərərə görə 500000 manatın cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, eləcə də polis kapitanları X4 və X1 reqres iddia qaydasında məsuliyyətə cəlb olunmalarını xahiş etmişlər. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli, iş № 2(009)-367/21) iddia rədd edilmişdir. İddiaçılar qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişlər. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, 2018-ci ilin dekabr ayında “Teliba” istirahət mərkəzinin ərazisində naməlum şəxslər tərəfindən törədilmiş müxtəlif xarakterli çoxsaylı cinayət hadisələri barədə DİN-ə məlumat verilmişdir. Polis kapitanı X2 03 mart 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 aprel 2019-cu il tarixli qərarı ilə Səfa Əsgərovun qərarı ləğv edilmiş və qərarın icrası İsmayıllı rayon Prokurorluğuna həvalə edilmişdir. Bu qərarın icrası ilə bağlı İsmayıllı rayon prokuroru tərəfindən 6 ay ərzində məhkəmə qərarının icrası hərəkətsiz saxlanılmışdır. Bu müddət ərzində cinayət hadisələrinin nəticəsində vurulmuş ziyanın müəyyən olunması üçün müxtəlif qurumlara sorğular ünvanlanmış, rəylər alınmış nəticədə isə vurulmuş ziyanın məbləği 8980 manat müəyyən edilmişdir. Sonradan İsmayıllı rayon prokurorluğunun məktubundan məlum olmuşdur ki, polis kapitanı X1 24 oktyabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2019-cu il tarixli qərarı ilə Şəhriyar Fərəcovun qərarı ləğv edilmiş və bu dəfə qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilmişdir. Yenidən başqa bir polis təhqiqatçısı X3 tərəfindən 07 fevral 2020-ci il tarixli qərar qəbul edilməklə cinayət işinin başlanılması rədd edilmişdir. Qərardan şikayət verilmiş və İsmayıllı rayon Məhkəməsinin 17 aprel 2020-ci il tarixli qərarı ilə Sarvan Qarayevin 07 fevral 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmənin bu qərarından şikayət verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan bu və digər zəruri prosessual hərəkətlərin icrası ilə bağlı pozulmuş hüquqların bərpasına nail olmaq məqsədilə nağd pul vəsaitləri xərclənmiş, bu işlərin görülməsinə zəhmət və zaman sərf olunmuş, naməlum şəxslərin törətmiş olduqları cinayət əməlləri nəticəsində isə işgüzar nüfuza xələl gətirilmişdir. İstirahət mərkəzində olan daşınar əmlakların yararsız vəziyyətə salınması ilə iddiaçılara 8980 manat məbləğində ziyan dəymişdir. Cinayət prosesini həyata keçirməli olan İsmayıllı rayon Polis Şöbəsinin və Prokurorluğunun məsul vəzifəli şəxslərinin qanunsuz əməlləri nəticəsində törədilmiş özbaşınalıqlar iddiaçıların qanuni mənafeyinə ziyan və zərər vurmuşdur. Obyektin enerji blokunun dağıdılması nəticəsində obyekt öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalmış, nəticədə isə adi mülki dövriyyə şəraitində 2018-ci ilin dekabr ayından bugünədək olan müddət ərzində orta hesabla 400 000 manat məbləğində gəlir əldən çıxmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, məhkəmə iclasında işə çəkişmə prinsipinə dair tələblər kobudcasına pozularaq baxılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı tərəflərin işdə iştirakı təmin olunmamış, iddiaçı qismində onların işdə iştirak edə bilməmələrinin səbəbləri üzrlü olmuş, bu barədə hakimə məlumat verilməsi təmin olunmuş, bununla bağlı bir neçə dəfə məhkəmə iclasları təxirə salınmış, hətta bir neçə dəfə icraatın dayandırılması barədə vəsatət təqdim olunmuş, lakin hakim tərəfindən qərardad çıxarılmamış, işə tərəflərin iştirakı olmadan baxılmışdır. İşin konkret halları ilə bağlı araşdırma aparılmamışdır. İddia ərizəsinə əlavə edilmiş ekspert və mütəxəssis rəylərini mötəbər sübut kimi tədqiq etməkdən yayınmışdır. Hakim cinayət hadisəsinin baş vermədiyini iddia etmiş, bununla bağlı İsmayıllı rayon tədqiqat qrupunun qəbul etdiyi qərarlara əsaslanmış, bu qərarlardan ikisinin məhkəmə nəzarəti qaydasında qanunsuz hesab edildiyini nəzərə almamış, cinayətin baş verib-verməməsindən asılı olmayaraq fakt üzrə zərərin mövcud olubolmamasına dair həqiqi halları müəyyən etməmiş, ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçılar məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb bildirmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçıların izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçıların tələbləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı yönəldilməklə “ziyanın ödənilməsi” barədədir. Onlar 10.000 manat maddi zərərin, daşınmaz əmlaklarından məhrum olmaları ilə bağlı vurulmuş 8980 manat zərərin, enerji blokunun dağıdılması nəticəsində əldən çıxmış faydaya görə 400 000 manat zərərin və işgüzar nüfuza vurulmuş mənəvi zərərə görə 500000 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını, eləcə də polis kapitanları X4 və X1 reqres iddia qaydasında məsuliyyətə cəlb olunmalarını xahiş edirlər. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı2 şikayəti üzrə dəfələrlə polis tərəfindən araşdırma aparılmış, lakin iddiaçıların iddia etdiyi kimi “Teliba” istirahət mərkəzinin ərazisində hər hansı bir cinayət əməlinin törədilməsi faktı müəyyən edilməmişdir. Bu səbəbdən polis orqanının müvafiq qərarları ilə cinayət işinin başlanması rədd edilmiş və sonuncu olaraq polis mayoru Sarvan Qarayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə qanuni hesab edilərək dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sənədləri iddiaçıların ərizədə göstərdikləri hallarla yanaşı yoxlayaraq qeyd etmişdir ki, iddiaçılar məhkəməyə iddia ərizəsində göstərdikləri halları, habelə hazırkı iş üzrə cavabdehlərin məsul şəxslərinin hərəkətləri nəticəsində onlara ziyan dəyməsi faktını təsdiq edə biləcək hər hansı mötəbər sübut təqdim edə bilməmişlər. Məhkəmə iddianın əsassız olması ilə bağlı bu mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88-ci və s. maddələrinə istinad etmişdir. Qətnamədən narazı qalan iddiaçıların apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunludur və həmin şikayətdə birinci instansiya məhkəməsi tərəfindən işə çəkişmə prinsipinə dair tələblər kobudcasına pozularaq baxılması, tərəflərin işdə iştirakının təmin olunmaması, işin konkret halları ilə bağlı araşdırma aparılmaması, sübutların düzgün qiymətləndirilməməsi və s. dəlillər öz əksini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı tərəf ona vurulan zərəri tələb etsə də, ümumiyyətlə onlara hər hansı zərər vurulmasını və həmin zərərin vurulmasında cavabdehlərin, o cümlədən digər şəxslərin təqsiri olmasını sübuta yetirə bilməmişdir. İş materiallarından müəyyən olunur ki, “Teliba” istirahət mərkəzinin ərazisində hər hansı cinayət əməlinin törədilməsi faktı müəyyən olunmamış və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən işdə iştirak edən şəxslər, o cümlədən iddiaçılar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş, iddiaçıların vəsatəti ilə məhkəmə iclası bir neçə dəfə təxirə salınmış, buna baxmayaraq iddiaçılar sonuncu məhkəmə iclasında da iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə də MPM-nin 185.4, 185.5-ci maddələrini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, iddiaçıar tərəfindən məhkəməyə təqdim olunmuş bütün sənədlər, sübutlar araşdırılmış və onlara qanunla müəyyən olunmuş qaydada qiymət verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıların həmin dəlillərinə verdiyi qiymətlə razılaşır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6134/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6134/2021
18.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver