Məhkəmə qərarları › İş №2(103)-6145/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6145/2022

20.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6145/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi (reqres)) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3877/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır.

2. Bankla Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit razılaşmasına əsasən bank borcluya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, 12.000 ABŞ dolları məbləğində kredit vermişdir. Müxtəlif tarixlərdə kredit razılaşması və ödəniş planlarına dəyişiklik edilmişdir.

3. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi bankla X3, İddiaçı və X6 arasında zaminlik müqavilələri bağlanmışdır.

4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-623/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 06 mart 2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4.504,27 ABŞ dolları, faiz borcu üzrə 517,93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5.122,2 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1426/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iddia qismən təmin olunaraq 06 mart 2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla əsas borc üzrə 4.504,27 ABŞ dolları, faiz borcu üzrə 517,93 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, cəmi 5.122,2 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun hesablanmaqla manatla cavabdehlər Cavabdeh, X4, X1 və İddiaçı müştərək qaydada tutularaq Banka ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Qeyd olunan qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 iyul 2021-ci il tarixli, 2(102)-3858/2021 saylı qərarı ilə mübahisələndirilən hissədə - iddia tələbinin cavabdeh İddiaçı qarşı təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır.

7. 22 aprel 2022-ci il tarixdə saat 11:25-də Bakı şəhəri 26 saylı notariat ofisində İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borc verən borc alana 4.000 manat məbləğində borc pul verir, borc alan isə borcu 22 aprel 2022-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürür.

8. 22 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə saat 12:45:31-də İddiaçı tərəfindən "xxxx" QSC-yə təyinatı verilmiş kreditlər üzrə daxilolmalar göstərilməklə 1.960,05 ABŞ dolları (3.336 manat) məbləğində kredit ödənişi edilmişdir.

9. 22 aprel 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qeyd olunan tarixdə saat 12:46:52-də İddiaçı tərəfindən "xxxx" QSC-yə təyinatı verilmiş kreditlər üzrə daxilolmalar göstərilməklə 364 manat məbləğində kredit ödənişi edilmişdir.

10. "xxxx" QSC-nin İddiaçı ünvanladığı 22 aprel 2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçı 06 mart 2015-ci il tarixli 001R********** nömrəli kredit razılaşması üzrə zamin qismində bank qarşısında 12.000 ABŞ dolları həcmində öhdəliyi mövcud olmuş, həmin borc öhdəliyini 22 aprel 2022-ci il tarixdə tam olaraq yerinə yetirmiş və hazırda həmin kredit razılaşması üzrə bank qarşısında zamin qismində öhdəliyi mövcud deyildir.

11. 25 aprel 2022-ci il tarixdə İddiaçı tərəfindən X2 təyinatı ekspertiza xərci göstərilməklə 125 manat məbləğində vəsait köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3.826 manatın və 59 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə uzun müddətdir ki, tanışdır. “Accessbank" QSC ilə Cavabdeh arasında bağlanmış 18 iyul 2008-ci il tarixli kredit xətti müqaviləsinə əsasən kreditor sonuncuya 120 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. 06 mart 2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında cavabdehə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667% olmaqla 12.000 ABŞ dolları məbləğində kredit verilmişdir, tərəflərin imzaladıqları 13 may 2016-cı il, 21 fevral 2017-ci il və 31 avqust 2017-ci il tarixli sazişlərlə razılaşmaya və ödəniş planına dəyişikliklər edilmişdir. Müqavilənin şərtlərinə əsasən, cavabdeh kredit borcunu faizləri ilə birlikdə vaxtlı-vaxtında qaytarmağı öhdəsinə götürmüşdür. O isə cavabdehə zamin durmuşdur. O cümlədən, X6 və X3 ilə də zaminlik müqavilələri bağlanmışdır. Borclu kreditor qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən borcu yaranmışdır. Həmin kredit müqaviləsi üzrə əlavə sazişlər də nəzərə alınmaqla 5.122,2 ABŞ dolları məbləğində borc qalmışdır. Cavabdeh həmin borcu ödəmədiyindən, məcbur olub bankla razılaşaraq həmin borcun müqabilində və digər xərclərə görə 3.826 manat vəsait ödəyərək borcu bağlamışdır. Artıq həmin müqavilələr üzrə banka Cavabdeh borcu qalmamışdır. 22 aprel 2022-ci il tarixli qəbzlərdən də göründüyü kimi, tərəfindən cavabdehin bankdakı kredit hesabına 1.960 ABŞ dolları, yəni manatın həmin günə məzənnəsinə görə 3.336 manat və 364 manat, həmçinin 126 manat məhkəmə ekspertiza xərcini ödəyərək borcu bağlamışdır. Həmçinin "xxxx" QSC tərəfindən verilmiş arayışlara əsasən zamin olduğu kredit müqavilələri üzrə borclar tamamilə onun tərəfindən bağlanmışdır. Buna görə də, bank qarşısındakı öhdəliyi kreditorun hesabına borclu əvəzinə zamin olaraq ödədiyi üçün 3.826 manat məbləğində həmin pul və dövlət rüsumunun əvəzi cavabdehdən onun xeyrinə tutulmalıdır.

14. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 3877/2022 saylı qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia ərizəsi rədd edilmişdir.

15. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı (zamin) cavabdehin (borclu) əvəzindən sonuncunun banka olan borcunu tam olaraq ödədiyindən onun həmin məbləği borcludan tələb etmək hüququ yaranmış olsa da, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında bununla bağlı kredit müqaviləsi bağlanmaqla, iddiaçının banka ödədiyi məbləğin 22 aprel 2024-cü il tarixədək cavabdeh tərəfindən qaytarılması tərəflər arasında razılaşdırılmışdır. Başqa sözlə, iddiaçının zamin kimi ödədiyi pul vəsaitinin qaytarılması artıq başqa bir əqdin predmeti olmaqla, həmin əqd üzrə cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəlikdir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 470.1, 472.2, 474.2, 474.3, 475.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 avqust 2022-ci il tarixli, 2(001)-3877/2022 №-li qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə onun izahatını saxtalaşdırmışdır, hakim ona həmin borc müqaviləsi barədə sual verəndə o, borc müqaviləsinin zaminliyə görə ödədiyi pula heçbir aiddiyyatı olmadığını, fərqli pullar olduğunu demişdir. Belə ki, cavabdeh həmin borcu ondan biznes qurmaq üçün almış, o da cavabdehə inandığından, uzun müddət dostluqları və tanışlıqları olduğundan cavabdehə 4000 manat borc vermişdir. Borcu və zaminliyə görə ödəyəcəyi pulu da hissə-hissə qaytaracağını söz vermişdir. Apelyasiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə proseslərini əks etdirən audio-video yazılarına baxış keçirilsə, onun izahatının təhrif olunmuş qaydada yazıldığını görmək mümkün olacaq.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

21. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür;

27. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır;

28. 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur;

29. 474.3-cü maddəsinə əsasən isə zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər;

30. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər.

31. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.

AR Mülki Prosessual Məcəlləsi

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cəmi 5.122,2 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh (borclu), X4 (zamin), X1 (zamin) və İddiaçı (zamin) müştərək qaydada tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir.

37. Qətnamə icraya yönəldikdən sonra, 22 aprel 2022-ci il tarixdə, saat 11:25-də notariat ofisində tərəflər arasında kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 4.000 manat borc verməyi, cavabdeh isə həmin borcu 22 aprel 2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

38. Həmin gün saat 12:45 və 12:46-da isə iddiaçı tərəfindən bank qarşısında öhdəliklər tamamilə icra edilmiş, yəni cavabdehin (borclu) banka olan borc məbləğləri (364 manat və 1.960,05 ABŞ dolları) və 126 manat məbləğində ekspertiza xərci tam şəkildə ödənilmişdir.

39. İş üzrə İddiaçı birinci instansiya məhkəmsində icraat zamanı verdiyi izahatdan görünür ki, o, cavabdehin "xxxx" ASC-yə olan borcunu bir zamin kimi tam olaraq ödədiyini, elə həmin gün də cavabdehlə notariat orqanında borc müqaviləsi bağladığını, həmin müqavilənin tarixinin xx.xx.2024-cü il tarixə qədər olduğunu, lakin onun həmin vaxta qədər gözləmək istəmədiyini bildirmişdir.

40. Qeyd edilənlərdən məlum olur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsi əslində iddiaçının zamin kimi tələbkar banka ödədiyi pul məbləğinin cavabdeh tərəfindən ona qaytarılması ilə bağlı olmuşdur.

41. Bu isə o anlama gəlir ki, tərəflər öz aralarında yaranmış borc öhdəliklərinin icra üsulunu nəzərdə tutan yeni müqavilə bağlamışlar və bununla da iddiaçının zamin kimi ödəmiş olduğu pul məbləğinin MM-nin 475.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona qaytarılması öhdəliyi MM-nin 739.1-ci maddəsinə əsasən yaranan borc öhdəliyi ilə əvəz edilmişdir. Nəticədə iddiaçının zamin kimi ödəmiş olduğu pul məbləğini MM-nin 475.1-ci maddəsinə istinad etməklə cavabdehdən tələb etməsinə dair hüququna xitam verilmişdir.

42. Belə ki, Mülki Məcəllənin “Öhdəliyə novasiya nəticəsində xitam verilməsinə” dair 531-ci maddəsinə əsasən, öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.

43. İddiaçı apellyasiya şikayətində onun birinci instansiya məhkəməsində verdiyi izahatının saxtalaşdırıldığını, borc müqaviləsinin zaminliyə görə ödədiyi pula heçbir aiddiyyatı olmadığını, fərqli pullar olduğunu qeyd edir.

44. İddiaçının həmin dəlili ilə bağlı qeyd edilməlidir ki, iddiaçı AR MPM-in 273-cü maddəsinə əsasən protokolla tanış olaraq, onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlərin təqdim edə bilərdi. İş materiallarından görünür ki, iddiaçı bu hüququndan istifadə etməmişdir.

45. Eyni zamanda apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinə sorğu verilərək, mülki işlə bağlı məhkəmə iclaslarının video-audio yazılarının Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmiş, sorğuya cavab məktubunda məhkəmənin ümumi serverində su sızma nəticəsində baş vermiş texniki nasazlığa görə məhkəmə proseslərinin video-audio yazılarının aparılmasının mümkün olmadığı qeyd edilmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

47. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

48. Kollegiya həmçinin qeyd edir ki, hazırkı mülki iş üzrə iddianın məbləği 5000 manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

49. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3877/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar