Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6146/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) iş üzrə (Açar sözlər: istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi və mənəvi zərərin əvəzinin tutulması tələbi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2993/2023 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-303/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində 03 ay müddətinə, yəni 11 avqust 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-508/2022 saylı qərarına əsasən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbsdə saxlanılma müddəti 03 ay, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır.
3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-701/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır.
4. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(012)-764/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs İddiaçı barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə zalında dərhal həbsdən azad edilmişdir. Qətimkan tədbiri qismində seçilmiş “ev dustaqlığı”nın müddəti xx.xx.2023-cü ilədək müəyyən edilmişdir.
5. Abşeron rayon Polis idarəsinin istintaq şöbəsinin “cinayət işi üzrə icraata xitam verilməsi barədə” 07(11).02.2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 39.2-ci maddələrinə əsasən xitam verilmiş, cinayət prosesində İddiaçı təqsirləndirilən şəxs qismində iştirakına xitam verilmiş və barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********497200 saylı məktubuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN: **********) son 5 il ərzində dövriyyəsi və gəlirləri olmamışdır.
7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-147412/2023 saylı məktubuna əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı aid öz-özünü sığortaedən fiziki şəxs kimi təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə hesabat məlumatları və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı aşkar edilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 3-16-17/6/2-7125/2023 nömrəli məktubuna əsasən Bakı istintaq təcridxanasında xx.xx.2022-ci il tarixdən saxlanılmış xx.xx.1984-cü il təvəllüdlü İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunaraq məhkəmə iclas zalından azad edilmişdir.
9. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Avşar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 295 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən Ağcabədi rayon Aşağı Avşar kənd sakini İddiaçı ət kəsimi, qəssablıqla məşğuldur.
10. "xxxx" MMC-nin Ağcabədi filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, REF/182/2023 saylı arayışına əsasən İddiaçı 2020-ci il pambıq mövsümü ilində fermer olaraq, "xxxx" MMC-nin Ağcəbədi filialı ilə xx.xx.2019-cu il tarixdə bağlanmış ********* saylı müqaviləyə əsasən 5,50 ha sahədə pambıq alqı-satqısı ilə əlaqədar olaraq müqavilə bağlamış və 5.174,61 manat avans götürmüşdür. 2019-cu il tədarük mövsümündə müqavilə bağladığı sahədən hər hektara 30,38 sentner olmaqla 13.752,08 kq xampambığın dəyəri 9.626,45 manat olmuş və avans borcu olan 5.174,61 manat çıxmaqla, İddiaçı 4.451,84 manat xam-pambığın dəyər pulu ödənilmişdir. 2021-ci il pambıq mövsümü ilində fermer olaraq "xxxx" MMC-nin Ağcəbədi filialı ilə xx.xx.2021-ci il tarixdə 21285446 saylı müqaviləyə əsasən 1.60 ha sahədə pambıq alqı-satqısı ilə əlaqədar olaraq müqavilə bağlamış və 1.800,88 manat avans götürmüşdür. 2021-ci il tədarük mövsümündə müqavilə bağladığı sahədən hər hektara 18.01 sentner olmaqla 2.881,06 kq xam-pambığı “MTK-Ağcəbədi” filialına təhvil vermişdir. Tədarük etdiyi 2.881,06 xampambığın dəyəri 2016,74 manat olmuş və avans borcu olan 1.800,88 manat çıxmaqla, İddiaçı 215,86 manat xam-pambığın dəyər pulu ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri nəticəsində vurulmuş maddi ziyana görə 60.000 manat və mənəvi ziyana görə 100.000 manat məbləğində, cəmi 160.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, xx.xx.2022-ci il tarixdə onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək, barəsində axtarış verilmiş və cinayət işinin icraatı CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırmışdır. xx.xx.2022-ci il tarixdə cinayət işinin icraatı təzələnərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Bundan sonra onun həbsdə saxlama müddəti Abşeron Rayon Məhkəməsinin xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixli qərarları ilə müddət etibarı ilə xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin digər qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin xx.xx.2023-cü il tarixə kimi ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmiş, onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmişdir. Beləliklə, qanunsuz və əsassız olaraq onun barəsində xx.xx.2022-ci il tarixdə cinayət işi başlanmış, o, cinayət təqibinə məruz qalmış, xx.xx.2022ci il tarixdə barəsində qanunsuz olaraq axtarış verilmiş, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, yəni 05 ay 28 gün olmaqla həbsdə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi, yəni 02 ay 11 gün ev dustaqlığı qətimlan tədbirində qalmışdır. Bununla da o, qanunsuz və əsassız olaraq 08 ay 09 gün qanunsuz prosessual məcburiyyət tədbirlərinə məruz qalmışdır. Bu müddət ərzində o, sərbəst yer dəyişmək, işləmək, pul qazanmaq imkanından məhrum olmuş, mənəvi sarsıntı keçirmiş, onu tanıyan dost-tanışlar arasında onun haqqında “cinayətkar”, “dələduz” təsəvvürü formalaşmışdır. Onun qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi və prosessual məcburiyyət tədbirləri altında qalması nəticəsində o, psixi sarsıntı keçirmiş, qohumlarının, ailə üzvlərinin, alver etdiyi şəxslər, dostları və tanışları arasında nüfuzdan düşmüş, həmin şəxslərin münasibətləri ona qarşı pisləşmişdir. Çünki həmin şəxslər onu cinayətkar” və “dələduz” hesab etmiş, ona qarşı mənfi fikirləri formalaşmışdır. Onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik normaları ilə nəzərdə tutulan hüquq və azadlığının qanunsuz olaraq pozulması nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Ona vurulmuş maddi ziyanı 60.000 manat, mənəvi ziyanı isə 100.000 manat məbləğində qiymətləndirilir. Belə ki, o, rayonda qəssablıqla məşğul olur. Respublikanı gəzib, qoyunquzu, mal-qara alıb saxlamaq və satmaqla məşğul olaraq hər bir aya 7.000-8.000 manat pul qazanırmış, 08 ay 09 gün hüquq və azadlığının qanunsuz və əsassız olaraq pozulması nəticəsində fəaliyyət göstərdiyi alverlə məşğul ola bilməmiş və qazancından məhrum olduğuna görə ona 60.000 manatdan çox maddi zərər dəymişdir.
13. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki qanunvericiliyə görə, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. “Azərbaycan Respublikası” dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Bundan başqa, iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Mülki qanunvericilikdə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin mövcudluğu ilə bağlı heç bir sübut göstərməmişdir. Digər tərəfdən iddia ərizəsində də qeyd edildiyi kimi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iddiaçıya hər hansı bir cəza təyin edilməmişdir.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2993/2023 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 7.500 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X5)
15. Məhkəmə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarını mülki işə tətbiq edərək, iddiaçının qəssablıqla əlaqədar əldə etdiyi gəlirlərlə bağlı dəlilləri işin faktiki halları ilə təsdiq edilmədiyindən mötəbər və iddianı əsaslandıracaq sübut kimi qəbul etməmişdir. Bu səbəbdən maddi ziyanın ödənilməsinə münasibətdə məhkəmə iddia tələbini əsassız hesab edərək təmin etməmişdir. Eyni zamanda, hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Belə ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
16. Məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək, yəni 6 ay 26 gün müddətində qanunsuz olaraq həbsdə saxlanılması və xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi, yəni 2 ay 4 gün müddətində barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinə görə bir sıra hüquqları ilə əlaqədar məhdudiyyətlərə məruz qalması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən 100.000 manat məbləğində pulun ödənilməsi ağlabatan deyildir. Məhkəmə o halı da qeyd etmişdir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməlidir. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Beləliklə məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 7.500 manat həcmində təmin olunmasını ədalətli hesab etmişdir.
17. Məhkəmə öz mövqeyini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında” Bəyannamənin 1 və 13cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanunun 4cü, 5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 1101-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9-cu, 14-cü, 77ci, 88-ci, 217-ci, 218-ci, 220-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” xx.xx.2002-ci il tarixli qərarına, Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13-cü bəndinə, Avropa Məhkəməsinin bir sıra qərarlarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 növmərli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarına, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnaməyə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, 13 ay əsassız olaraq cinayət təqibinə məruz qalmış, xx.xx.2022-ci il tarixdən 05 ay 28 gün olmaqla 07 dekabr 2022-ci il tarixədək “həbs”də qalmış, xx.xx.2022-ci il tarixdən barəsində olan cinayət işinin icraatına xitam verilənə kimi, yəni xx.xx.2023-cü il tarixə kimi 02 ay 11 gün “ev dustaqlığı” qətimkan tədbirində qalmışdır. Bununla da o, qanunsuz və əsassız olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməklə 8 ay 9 gün qanunsuz prosessual məcburiyyət tədbirlərinə məruz qalmışdır. Bu müddət ərzində sərbəst hərəkət etmək imkanında olmamış, cinayət prosesini həyata keçirən orqanın sərəncamında olmuş, həbsdə yatmış, elektron nəzarət vasitəsini gəzdirmiş və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmişdir. Bu müddət ərzində xəstə ailə üzvü, oğlunu tibb müəsisələrinə aparmaq imkanında olmamış, yaxın və doğmalarının, dostlarının Ağcabədi rayonunun hüdudlarından kənarda keçirilən yas və digər tədbirlərində iştirak edə bilməmiş, iştirak edə bilməməyinin səbəbləri kifayət qədər geniş əhatədə olan insanlara məlum olduğundan mənəvi zərər çəkmişdir. Mənəvi cəhətdən yaşadığı zədənin təsiri hələ də qalmaqdadır. Belə ki, o, ailəli insandır, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir, yaşadığı kənddə nüfuzuna ziyan dəymişdir. Mənəvi zərərin miqdarını müəyyən edilməsinə münasibətdə məhkəmə onun keçirdiyi mənəvi sarsıntı və iztirabların ağırlığını, bu sarsıntı və iztirabların uzun bir müddət ərzində, yəni 9 ay ərzində davam etdiyini kifayət qədər nəzərə almayaraq mənəvi zərərin miqdarını az müəyyən etmişdir. Məhkəmə maddi ziyan hissədə idddianı rədd edərkən və mənəvi ziyana görə cüzi hissədə təmin edərkən tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Məhkəmə nəzərə almalı idi ki, dövlət orqanlarına münasibətdə fiziki şəxs, konkret halda qanunsuz və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş, hüquqları məhdudlaşdırılmış ahıl və xəstə insan daha əlverişsiz vəziyyətdədir və daha effektiv, zəruri müdafiəyə ehtiyacı var. Məhkəmə işin hallarının ətraflı araşdırmamışdır. İnsanın “həbsdə” və “ev dustaqlığında” qanunsuz, əsassız, saxta ittihamla saxlanması, həm də təzyiq göstərilməsi məqsədilə ilə saxlanması mənəvi sarsıntıya gətirib çıxarır, nəticədə insan keçirdiyi sarsıntıdan sağlamlığını da itirir, bu isə həm də maddi zərər vurulmasına gətirib çıxarır.
20. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi də apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən, müvafiq qərarlar qəbul edən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İstər iddiaçı ilə bağlı bəraət hökmündə (qərarında), istərsə də mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Bəraət almış şəxslərlə bağlı vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf hüquq-mühafizə orqanı (orqanın məsul əməkdaşı, əməkdaşları) və bu orqanın ittihamı əsasında şəxsin həbsə alınması barədə qərar qəbul etmiş məhkəmədir (hakimdir). Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da, məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məhfumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və qeyd olunanlarla bağlı hər hansı bir sübut tədqiq olunmamışdır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxsi müəyyən edilməmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən dövlət büdcəsinin mənafeyi nəzərə alınmamış, əsassız və şişirdilmiş şəkildə iddiaçının xeyrinə mənəvi ziyana görə 7.500 manat müəyyən edilmişdir. Məhkəmə bu halla bağlı analoji işlər üzrə təcrübəyə əsaslansa da mövcud məhkəmə təcrübəsində presedent hüququnun tətbiq olunmadığını nəzərə almamış, eyni zamanda işin xarakterinə uyğun mütləq qaydada daha az məbləğ müəyyən etməli idi. Qeyd olunmalıdır ki, məhkəmənin mövqeyi – “mənəvi ziyanın hər ay üçün 1000 manat dəyərində” müəyyən edilməsi düzgün yanaşma hesab oluna bilməz. Mənəvi ziyanın dəyərinin aylara bölünməsi yanaşması ümumiyyətlə əsassızdır. Mənəvi ziyanın zərərçəkmiş şəxsin fərdi xüsusiyyətləri, onun təqsirlilik dərəcəsi və həmçinin dövlət büdcəsindən bu vəsait tutulduğu halda dövlət büdcəsinin mənafeyi nəzərə alınmaqla dəyərləndirilməlidir. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, iddia məhkəmə tərəfindən baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının təşəbbüsü ilə Azərbaycasn Respublikasının Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
24. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəflərindən verilmiş apellyasya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin ediməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
25. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycasn Respublikasının Daxili İşlər Nazirliyi (Abşeron Rayon Polis idarəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir;
28. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin qanunsuz həbs olunması və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilməsi, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılması nəticəsində həmin şəxsə vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir; 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda yaranır; 5-ci maddəsinin 5-ci hissəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir; 6-cı maddəsinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir; 7-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
30. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.13-cü maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
33. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarının: 2-ci bəndində izah edilmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. 4-cü bəndində qeyd edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. 8-ci bəndində isə izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. İddiaçının apellyasiya şikayətində qətnamənin dəyişdirilərək, iddianın təmin edilməyən hissəsində də (tam təmin) təmin edilməsi, cavabdehin apellyasiya şikayətində isə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin birinci instansiya məhkəməsi dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq iddiaçının xeyrinə ödənilməli olan pulu 7.500 manat məbləğində müəyyən etməkdə haqlı olmamışdır. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının xeyrinə tutulan mənəvi zərərin məbləği hissəsində dəyişdirilməlidir.
38. Bununla bağlı məhkəmə kollegiyası yuxarıda sadalanan milli və beynəlxalq qanunvericiliyin müddəalarına istinad edərək ilk növbədə qeyd edir ki, azadlıq hüququ təbiətən insana xas olan xüsusiyyət olmaqla hər kəsin istifadə etməli olduğu başlıca şərtdir. Şəxsin azadlıq hüququndan məhrum olması bir sıra digər hüquqlardan istifadəyə birbaşa mənfı təsir göstərməklə onu qeyri-əlverişli vəziyyətdə salır. Azadlıq hüququna malik olmayan şəxs digər hüquqlardan istifadə etmək imkanından da əsasən məhrum olur, azadlıq hüququ olmadan insanın digər hüquqları deklarativ xarakter daşıyır. Azadlıq hüququ həm də onunla səciyyələnir ki, onun pozulması həmişə şəxsin müəyyən hüdudlara, sərhədə malik olan ərazidə, müəssisədə saxlanılması ilə müşaiyət olunur. Hər kəsin azadlıq hüququ qanunla qorunur və bu azadlıq yalnız müstəsna hallarda, hər bir halda qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. Azadlıqdan məhrum etmənin qanuniliyi tələbi həm prosesə, həm də onun məzmununa şamil olunur. Qanunilik həmçinin onu nəzərdə tutur ki, azadlıqdan məhrum etmə zamanı həm daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət olunmalıdır. Şəxsin azadlıqdan məhrum edildiyi hallarda ilk növbədə qanunun tələblərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən cinayət işi başlandıqdan sonra, o, xx.xx.2022-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və ona ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən müddətin əvvəli xx.xx.2022-ci il tarixi olmaq şərti ilə onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 2 dəfə (xx.xx.2023-cü il tarixədək) uzaldılmış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun barəsində açılmış cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilmiş və şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri də ləğv edilmişdir.
40. Hazırda iddiaçı istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulduğunu iddia edir, cavabdeh isə iddia tələbinin ona qarşı yönləndirilməsinin ümumiyyətlə qanunsuz olması mövqeyindən çıxış edir.
41. Məhkəmə kollegiyası iddiaçının istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəyməsi ilə bağlı arqumentlərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Belə ki, İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqedən çıxış etmişdir. (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
43. Bu baxımdan iddiaçı onun barəsində seçilmiş həbs və ev dustaqlığı həbs qətiimkan tədbirləri nəticəsində ona 60.000 manat məbləğində maddi ziyanın vurulduğunu, o cümlədən bu məbləğin əldə edilməsi imkanından məhrum edildiyini sübut etməli idi. Lakin iddiaçı bu halı təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmişdir. Vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmış iddiaçı qəssablıqla məşğul olduğunu və hər bir ayına təxminən 7.000-8.000 manat məbləğində pul qazandığını iddia etməsinə baxmayaraq, Dövlət Vergi Xidmətinin 2023-cü ilə aid məlumatında onun son 5 il ərzində dövriyyəsinin və gəlirlərinin olmadığı bildirilir. Digər tərəfdən birinci instansiya məhkəməsində bu barədə hər hansı məlumat verilməməsinə və konkret olaraq, qəssablıqla məşğul olduğunu bildirməsinə baxmayaraq, apellyasiya instansiyasındakı icraat zamanı onun xam-pambıq tədarük etdiyi bildirilir və bu fəaliyyətdən 2019-cu il 4.451,84 manat, 2021-ci ildə isə 215,86 manat məbləğində gəlir əldə etdiyini təsdiq edən "xxxx" MMC-nin arayış təqdim edilir.
44. Həmin arayışın birinci instansiya məhkəməsində təqdim edilməməsi, habelə bu arayışın yalnız apellyasiya instansiya məhkəməsindəki icraat zamanı təqdim edilməsinin mümkünlüyünün əsaslandırılmaması həmin arayışın sübut kimi qəbul edilməsini və orada olan məlumata hüquqi qiymət verilməsini ümumiyyətlə istisna edir.
45. İstisna edilmədiyi təqdirdə belə, onun bu fəaliyyətlə 2020-ci ildə məşğul olmaması, yalnız 2019-cu və 2021-ci illərdə məşğul olması, habelə 2021-ci ildə cəmi 215,86 manat məbləğində pul əldə etməsi, onun 2022-ci ildə də bu fəaliyyətlə məşğul olacağı (gəlir əldə edəcəyi) qənaətinə gəlmək və onun xeyrinə hər hansı maddi zərər məbləğini tutmaq üçün hüquqi əsas yaratmır.
46. Birinci instansiya məhkəməsi də maddi zərərlə bağlı hissədə mövqeyini kifayət qədər əsaslandırmış və haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının maddi zərərlə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin hissədə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi qənaətinə gəlir.
47. Məhkəmə kollegiyası iddiaçının mənəvi zərərin əvəzi kimi tutulan məbləğlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs və ev dustaqlığı qətimkan tədbirləri seçilmiş, 8 ay 9 gün ərzində əsassız yerə azadlığı məhdudlaşdırılmış, nəticədə ona mənəvi ziyan dəymişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, uzun müddət ərzində iddiaçı ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi rəy formalaşmışdır. Azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının uzun müddət azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, stress, əzab və əziyyətlər yetirmişdir.
49. Hər bir halda, iddiaçı həyatının həmin hissəsini azadlıqdan məhrum edilmiş şəraitdə keçirməyi arzulamamışdır. İnsanın vərdiş etdiyi adi həyat tərzindən köklü surətdə fərqlənən və özündə bir çox məhrumiyyətləri birləşdirən bu şəraitdə yaşamaq məcburiyyətində qalan şəxs, həmçinin mənəvi sarsıntı və iztirab keçirməyə, inamsızlıq narahatlıq, məyyusluq hissləri yaşamağa məhkumdur.
50. Buna görə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alınmaqla məhkəmə kollegiyası hesab edir ki, cavabdehin bu barədə dəlilləri əsassız, iddiaçının dəlilləri isə qismən əsaslıdır. Belə ki, dövlət büdcəsinin vəsaiti hesabına vurulmuş mənəvi zərərin əvəzi olaraq, iddiaçının xeyrinə həbsdə olduğu hər ay üçün 1.000 manat, ev dustaqlığında olduğu hər ay üçün isə 500 manat məbləğində pulun hesablanması və buna uyğun olaraq cəmi (7.000 manat + 1.000 = 8.000 manat) 8.000 manat məbləğində pul vəsaitinin ödənilməsi daha ağlabatan və ədalətlidir.
51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə istinadən isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsində konkret halda zərərin əvəzinin Azərbaycan Respublikası tərəfindən ödənilməsi, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6cı maddəsində vurulmuş ziyanın ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təsbit olunmuşdur.
52. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyana görə Azərbaycan Respublikası məsuliyyət daşıdığından və “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”yə əsasən dövlət büdcəsinin kassa icrasını təmin edən mərkəzi icra hakimiyyəti orqanı qismində Maliyyə Nazirliyi nəzərdə tutulduğundan, belə kateqoriyadan olan işlər üzrə dövlətin adından cavabdeh kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur.
53. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin belə kateqoriyadan olan işlərdə cavabdeh kimi cəlb olunması həmin dövlət orqanının delikt törədən şəxs kimi qəbul olunması anlamını vermir. Məhz bu səbəbdən də vurulmuş mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyinin vasitəsi ilə ödənilməli olması qənaətinə gəlinir.
54. Apelyasiya şikayətinin ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ziyanı vuran təqsirli vəzifəli şəxsin müəyyən edilməsi məhkəmənin vəzifəsi deyildir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq iddiaçının xeyrinə ödənilməli olan pulun məbləği hissəsində dəyişdirilməli, dövlət büdcəsinin vəsaiti hesabına cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə mənəvi zərərin əvəzi olaraq 8.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2993/2023 saylı qətnaməsi dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq İddiaçı xeyrinə ödənilməli olan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 8.000 (səkkiz min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.