Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6147/2022 23.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: (TƏSVİRİ HİSSƏ) a) iş barədə məlumat
1. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iddianı baxılmamış saxlamışdır (iş v. 83-84).
2. İddiaçı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək iddianın baxılmamış saxlanılması üçün əsas olmuş halın üzürlü səbəbdən baş verməsini nəzərə alaraq iş üzrə icraatın təzələnməsini xahiş etmişdir (iş v. 91).
3. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla ərizəni təmin etməmişdir (iş v. 93-94).
4. Bundan sonra iddiaçı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından Rayon Məhkəməsinə şikayət verərək həmin qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir (iş v. 102).
b) Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə
5. Rayon məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla qərara almışdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli qərardadından verdiyi şikayət təmin edilməsin və şikayətə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
(ƏSASLANDİRİCİ HİSSƏ)
c) Məhkəmənin mövqeyi
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkündür.
7. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 398-ci maddəsinin tələbinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.).
8. İşin materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli qərardaddan şikayət versə də, Rayon Məhkəməsi həmin qərardadın əsaslılığını deyil, barəsində şikayət verilməmiş xx.xx.2022-ci il tarixli qərardadın əsaslılığını yoxlamışdır. Başqa sözlə, Rayon Məhkəməsi görülməli olan sonrakı prosessual hərəkəti yerinə yetirməmiş, xx.xx.2022-ci il tarixli qərardaddan verilmiş şikayətə faktiki olaraq baxmamışdır.
9. Göründüyü kimi, Rayon Məhkəməsi onun üçün artıq məcburi olan prosessual hərəkəti etməmiş, MPM-nin 269.2-ci maddəsinin tələblərini pozmuşdur.
10. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayətə və barəsində şikayət verilmiş qərardada Rayon Məhkəməsi tərəfindən qiymət verilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur.
11. MPM-nin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
12. Odur ki, Məhkəmə hesab edir ki, hazırki iş üzrə apellyasiya icraatı qeyrimümkün hesab edilməli və iş həmin Rayon Məhkəməsinə göndərilməlidir.
13. Bununla yanaşı Məhkəmə Rayon Məhkəməsinin diqqətinə çatdırır kı, iddiaçının qərardaddan verdiyi şikayətə baxarkən Rayon Məhkəməsi şikayətin prosessual müddət çərçivəsində verilib-verilməməsini, şikayətin MPM ilə müəyyən edilmiş qaydada və formadan verilib-verilməməsinin müzakirə etməli, bu məsələlərə hüquqi qiymət verməlidir.
(NƏTİCƏVİ HİSSƏ)
14. Beləliklə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 261, 366 və 402-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1nə və "xxxx" MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 iyul 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.