Məhkəmə qərarları › İş №2(103)-6148/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6148/2023

03.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6148/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderlərin, qeydiyyatların və çıxarışların etibarsız hesab edilməsi tələbi barədə” iddiasına, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 cavabdehlər İddiaçı1, İddiaçı2 və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbi barədə” müstəqil iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2023-cü il tarixli qərardaddan Cavabdeh3 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xəzər Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(003)-2738/2019) ilə ilk iddianın təmin edilməsini, müstəqil tələbin isə təmin edilməməsini qət etmişdir. İlk iddia üzrə Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. O, eyni zamanda Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin verilməsi üçün onun tərəfindən ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi hazırki iş üzrə xx.xx.2019 tarixdə qətnamə qəbul etməklə yanaşı, işin baxılması zamanı aşkar edilmiş cinayət faktı ilə bağlı xüsusi qərardad qəbul edilmiş və xüsusi qərardad Bakı Şəhər Prokurorluğuna göndərilmişdir. Qeyd edilən qətnamə Cavabdeh3 rəsmi qaydada təqdim edilməmişdir. O, bir neçə gün bunda qabaq Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduğu zaman qətnamənin və xüsusi qərardadın mövcudluğundan xəbər tutmuşdur. Bundan sonra o, Xəzər Rayon Məhkəməsinə müraciət edərək, qətnamə ilə qərardadı rəsmi qaydada əldə etmiş və qısa müddətdə qətnamədən apellyasiya şikayəti vermişdir. “Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçi (cavabdeh) Cavabdeh3 həmin qətnamədən məlumatı olmuşdur. Ərizəçinin qeyd etdiyi səbəblər qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Ərizəçi tərəfindən müddətin ötürülməsinin onun iradəsindən asılı olmayan, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan səbəblər müəyyən edilməmişdir. Cavabdeh3 həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh3 rəsmi qaydada verilməmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət qətnamədən məlumatlı olduğu vaxtdan deyil, qətnamənin rəsmi qaydada təqdim edildiyi vaxtdan başlanır. Bundan başqa, məhkəmə poçt xəbərnaməsində olan bəzi ifadələri dəyişərək göstərmişdir ki, qətnamə xx.xx.2019-cu il tarixdə (Cavabdeh3 əri) Cəfər Hümbətov tərəfindən xəbərnaməyə imza edilməklə alınmışdır. Halbuki xəbərnamədə qeyd edilən hallar göstərilməyib, xəbərnamədə konkret olaraq “Hümbətov.C” yazılıb. Göründüyü kimi Rayon Məhkəməsi qəbul etdiyi qərardadın əsaslı olması üçün xəbərnaməyə özündən əlavə ifadələr əlavə etmişdir. Qeyd edilənlərə əsasən qərardad qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadla şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh3 məxsus ünvan 1 ünvanı üzrə sifarişli poçt xidməti vasitəsilə göndərilmiş və xx.xx.2019-cu il tarixdə həmin ünvanda Cəfər Hümbətov tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir (İİİ cild; İş v. 190-192). Cavabdeh3 verdiyi şikayətdə Cəfər Hümbətovun onun əri olması və poçt göndərişinin Cəfər Hümbətov tərəfindən qəbul edilməsi faktlarını inkar etməmiş, sadəcə poçt xəbərnaməsində olan ifadənin Rayon Məhkəməsi tərəfindən düzgün qeyd edilmədiyini bildirmişdir. Məhkəmə bildirir ki, poçt qəbzində poçt göndərişinin alan şəxsin adı Cavabdeh3 göstərdiyi kimi “Hümbətov.C.” kimi deyil, “Hümbətov Cəfər” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin xx.xx.2016cı il tarixli 0001 №-li qərarı ilə təsdiq edilmiş “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydalarının” 9.22-ci bəndinə əsasən, fiziki şəxslərə ünvanlanmış sifarişli poçt göndərişləri, poçt göndərişlərinin çatdırılması haqqında sifarişli xəbərnamələr, qeydiyyatlı poçt göndərişlərinin, pul köçürmələrinin daxil olması haqqında təkrar bildirişlər (sifarişli poçt göndərişlərinin daxil olması haqqında təkrar bildirişlər istisna olmaqla) ünvan yerində və ya poçt obyektində ünvançıya, ünvançı olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvünə, şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməklə verilir. Qeyd edilənlərə əsasən, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi xx.xx.2019-cü il tarixdə Cavabdeh3 ünvanı üzrə rəsmi qaydada, yəni onun əri Cəfər Hümbətova təqdim edilmişdir. Qətnamədən Cavabdeh3 münasibətdə apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq prosessual müddət xx.xx.2019-cu il tarixdən başlanmış və xx.xx.2020-ci il tarixdə bitmişdir. Lakin Cavabdeh3 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Bundan başqa, işin araşdırılmış hallarından görünür ki, Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olmuş və Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən (İş № 2(103)-361/2020) həm cavabdeh Mahirə İmanova, həm də Cavabdeh3 kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadla kassasiya şikayətinin Cavabdeh3 aid hissədə kassasiya icraatını qeyri-mümkün hesab etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası bu mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh3 Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən, Bakı Apellyasiya Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamədən kassasiya şikayəti verə bilməz. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh3 Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnamədən xx.xx.2019-cu il tarixdən xəbərdar olmuş, lakin o, qətnamədən apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə vermiş, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Prosessual müddətin ötürülməsinin məhz üzürlü səbəbdən baş verməsi apellyasiya icraatı zamanı müəyyən edilmədi. MPM-in 133.1-ci maddəsinin tələbinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda buraxılmış müddəti bərpa edir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad qanuni və əsaslıdır. Həmin qərardaddan Cavabdeh3 verdiyi şikayət əsassızdır – formal mülahizə xarakteri daşıyır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Cavabdeh3 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 avqust 2023-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar