Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6148/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mirtofiq oğluna qarşı iş üzrə (açar sözlər: iddia ərizəsini qəbul etməkdən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh Mirtofiq oğluna qarşı "xxxx" QSC-nin işçilərinin 2012, 2017, 2022ci il tarixlərində dövlət mükafatı ilə mükafatlandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)- 4190/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Mirtofiq oğluna qarşı "xxxx" QSC-nin işçilərinin 2012, 2017, 2022-ci il tarixlərində dövlət mükafatı ilə mükafatlandırılması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)- 4190/2025 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır.
3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, hazırki iddia ərizəsində cavabdeh qismində "xxxx" QSC-nin sabiq sədrinin göstərilməsi iddianın ümumi məhkəməyə aidiyyətini müəyyən etməyə əsas verən hal deyildir, iddiaçı cavabdeh qismində Cavabdeh Mirtofiq oğlunu göstərsə də, iddia ərizəsinin tələbə dair hissəsində "xxxx" QSC-nin işçilərinin 2012, 2017, 2022-ci il tarixlərində dövlət mükafatı ilə mükafatlandırılması barədə qərar qəbul edilməsi” tələbini irəli sürmüşdür ki, qeyd edilən tələbə ümumi məhkəmə icraatında baxılması yolverilməzdir. İddiaçıya inzibati məhkəmə icraatı qaydasında müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə əsassızdır və qərardad ləğv olunmalıdır. Məhkəmə iddia ərizəsini daxil olmasından 2 (iki) həftə müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Onun 12 iyun 2024-cü il tarixli 2 (006)-3546 №-li iddia ərizəsi AZ1102, ünvan 1 ünvanı üzrə Azərbaycan Respublikası Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilib və mümkün hesab edilib. İddia ərizəsində onun tərəfindən aşağıdakılar qeyd olunub: təqsirli hesab etdiyi Cavabdeh 2009-cu il tarixdən başlayaraq onun Azərbaycan Respublikasının dövlət mükafatına layiq görülməyi hissəsində insan və vətəndaş hüquqlarının pozulması, peşəsi üzrə veteran və müəllim kimi şəxsiyyətinin alçaldılması, həmçinin hazırda cavabdehin hansı vəzifədə olmasından asılı olmayaraq, Məhkəmə tərəfindən iddia ərizəsinin tanınması barədə qərarın qəbul edilməsi şərtilə, cavabdeh iddiasını tam şəkildə qəbul etməlidir. Hesab edir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq qiymətləndirməlidir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 153.2.1. İddia ərizəsinə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-4190/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
13. Hazırkı tələb Cavabdeh Mirtofiq oğluna qarşı irəli sürülməklə, "xxxx" QSC-nin işçilərinin 2012, 2017, 2022-ci il tarixlərində dövlət mükafatı ilə mükafatlandırılması barədə qərar qəbul edilməsinə yönəlmişdir.
14. Birinci instansiya hesab etmişdir ki, iddiaçı hazırki tələblə inzibati icraat qaydasında müvafiq inzibati məhkəməyə müraciət etməlidir.
15. Lakin birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə cavabdehin “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olması, olduğu təqdirdə tərəflər arasında olan münasibətlərin ümumi (publik) hüquq sahəsinə aid olması əsaslandırılmamış, qərardadda yalnız qanunvericiliyin müddəaları sadalanmaqla mübahisənin ümumi məhkəmə icraatında baxılmasının yolverilməzliyi göstərilmişdir.
16. Kollegiya hesab edir ki, yuxarıda göstərilənlər əsaslandırılmadan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə istinad edilərək iddianın icraata qəbul edilməsindən imtina edilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır.
17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-4190/2025 nömrəli qərardadı ləğv edilsin və qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla iddianın icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.