Məhkəmə qərarları › İş №2(103)-6153/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6153/2020

22.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6153/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 142/2020 №-li iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı “dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli sərəncamına əsasən “xxxx” İstehsalat-kommersiya Firmasına (hal-hazırda “xxxx” ASC) Bakı şəhəri, Nizami rayonu, Babək prospektindəki 2269-cu məhəllədə (hal-hazırda - Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi ev 47F) kərpic və ağac emalı üzrə istehsalat bazasının layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi X1-planlaşdırma İdarəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair inşaat pasportu da verilmişdir. İddiaçı ASC tərəfindən qeyd olunan torpaq sahəsində təyinatı üzrə istehsalat sexi və 5 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Lakin bu günlərdə məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsinin istifadəçisi və orada yerləşən qeyri-yaşayış binasının mülkiyyətçisi olması barədə dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Halbuki, həmin əmlakın sahibi olan iddiaçı ASC tərəfindən cavabdehə bununla bağlı razılıq və ya etibarnamə verilməmişdir; sənədləşmə həyata keçirildiyi zaman ASC-nin təsisçisi və direktoru ölkə ərazisində olmamışdır. İddiaçı hesab edir ki, cavabdehin adına olan müqavilədəki imza və möhür saxtadır və həmin müqavilə etibarsız hesab olunmalıdır. İddia ərizəsi əsasında icraatı başlanılmış mülki işə Rayon Məhkəməsi tərəfindən baxılarkən iddiaçı ASC-nin nümayəndəsi vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və ekspertizanın təyin edildiyini nəzərə alaraq iş üzrə icraatı dayandırmışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə icraatın dayandırılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə uyğun deyil. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qərardaddan verilmiş şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi barədə” iddianı irəli sürmüş iddiaçı ASC, iddia tələbini cavabdehin iddiaçı ASC-yə məxsus torpaq sahəsinə dair reyestrindən çıxarışın qanunsuz olaraq alması ilə əsaslandırır. Bu tələbin əsası kimi istinad olunan halın sübut edilməsi iddiaçının vəzifəsidir, çünki MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən halın iş üzrə ekspertiza təyin etmədən araşdırılması mümkün deyil, çünki məhkəmə torpaqların üst-üstə düşüb-düşməməsi və sair halların müəyyən edilməsi sahəsində xüsusi biliyə malik deyil. MPM-nin 97.1-ci maddəsinə görə isə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İş materiallarından görünür ki, işə baxan Rayon Məhkəməsi işin hallarını araşdıraraq işin obyektiv və ədalətli həlli üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini vacib və zəruri hesab etmiş və bu barədə müvafiq qərardad qəbul etmişdir. MPM-nin 255.0.5-ci maddəsinə görə isə, məhkəmə tərəfindən ekspertiza təyin olunduqda hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandıra bilər. Beləliklə də müəyyən edilir ki, tərəflər arasında mövcud olan mülki mübahisənin ədalətli və qanuni həlli məqsədi ilə iş üzrə ekspertizanı təyin etmiş Rayon Məhkəməsi qanunla ona verilmiş “iş üzrə icraatın dayandırılması” səlahiyyətdən istifadə etmişdir ki, qeyd edilən səlahiyyətin yerinə yetirilməsi hər hansı bir şəxsin maraqlarının pozulması kimi qəbul edilə bilməz. Odur ki, göstərilənləri nəzərə alan və MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, şikayət əsaslı deyil, barəsində şikayət verilmiş qərardad isə əsaslıdır. Məhkəmə, MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə qəbul edilmiş “iş üzrə ekspertizanın təyin edilməsi və icraatın dayandırılması barədə” qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir . Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar