Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6154/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1600/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Paylayıcı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İstehsalat Biriliyi ilə istehlakçı İddiaçı arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə xx.xx.2018- ci il tarixli 75069 nömrəli müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməli, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməlidir.
2. Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 29 mart 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış zamanı abonentin sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə etməsi müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir.
3. Abonentin saldosundan görünür ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evində İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə ZENNER G4T SMART markalı, **********303 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00011-dir. Abonentə sayğacdan kənar qoşulma üçün 6220.80 manat borc hesablanmışdır.
4. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlərin icra olunması nəzərdə tutulmuşdur. Qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış 6x24x360=51840 m3.
5. xx.xx.2023-cü il tarixli elektron çıxarışdan görünür ki, İddiaçı 6744 manat borcu vardır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh ”Azəriqaz“ İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evinə aid (abonent kodu: **********00011) tərtib olunmuş xx.xx.2023-cii il tarixli, ******* saylı aktın ləğv edilməsi və əsassız hesablanmış 6744,00 (altı min yeddi yüz qırx dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, ev 57, mənzil 24-də ailə üzvləri ilə birlikdə uzun illərdir ki, yaşayır. Bundan əlavə olaraq onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsində yerləşən fərdi yaşayış evi vardır, lakin orada yaşamırlar, orada qısa müddətdə, 2022-ci ilin iyun-avqust aylarında, təxminən 2-3 ay müddətində kirayənişin yaşamışdır. Həmin ünvanda olan fərdi yaşayış evinə cavabdeh tərəfindən təbii qazdan istifadə olunması üçün xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış və eyni zamanda da istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün küçədə qaz sayğacı quraşdırılmışdır. Abonent kodu **********800011 olmuş, istifadə olunan qazın pulunu həmişə Smartkartla ödəmişdir. Lakin həmin ünvanda olan fərdi yaşayış evinin həyətində cavabdehə məxsus qaz xətti olmuş və həmin xəttin sonluğu bağlanılmış, heç kim istifadə etməmişdir. Dəfələrlə cavabdehdən xahiş etmiş ki, həmin xətti onun həyətindən çıxarsınlar. Hətta bu barədə baş mühəndisə də məlumat vermişdir. Hətta cavabdeh təşkilatın mühəndisləri gəlib yerində baxmışlar və bildirmişlər ki, həmin xətt həyətindən çıxarılmalıdır. Buna baxmayaraq həmin xətt ləğv edilməmiş və həyətindən çıxarılmamışdır. Ona aid qaz sayğacı həmin xəttdə deyil, yəni küçədə quraşdırılmışdır. 2023-ci ilin aprel ayının əvvəllərində ona məlum oldu ki, cavabdehə 6744 manat borcu yaranmışdır. Bununla əlaqədar maraqlandıqda məlum oldu ki, cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixdə ******* saylı Akt tərtib olunmuşdur. Həmin Aktı cavabdehin əməkdaşları imza etmişlər və guya aktı imza etməkdən o, imtina etmişdir. Əslində o, ümumiyyətlə orada olmamış, onlar tərəfdən də orada heç kim olmamışdır. Həmin əməkdaşlar özbaşınalıq edərək icazəsiz olaraq həyətə daxil olmuşlar və həmin aktı tərtib etmişlər. Aktda qeyd olunmuşdur ki, abonent sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə edir. Həmin akta əsasən cavabdehə dəymiş ziyan hesablanmış və qaz sərfiyyatı hər saat üçün 6 kubmetr olmaqla 360 gün üçün cəmi 51840 kubmetr (6x24x360-51840) hesablanmışdır. Hesablanmış borcun məbləği isə 6744 (altı min yeddi yüz qırx dörd) manat olmuşdur. Belə hesab edir ki, həmin borc cavabdeh tərəfindən tam qanunsuz və əsassız olaraq hesablanmışdır. Belə ki, həmin ünvanda (Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi) evdə yaşayış olmadığı halda cavabdeh tərəfindən ona 51840 kub metr qaz sərfiyyatı hesablanmış və əsassız olaraq 6744 manat borc yaranmışdır. Həmin borcun silinməsi barədə şifahi qaydada cavabdehə etdiyi müraciəti təmin edilməmiş və borcun silinməsi barədə məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də məcbur olub məhkəməyə müraciət edir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1600/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00011 abonent kodu üzrə hesablanmış 3628.80 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin dövlət büdcəsinə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2, 560.1, 560.2, 560.3, 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7, 4.8, 4.9, 5.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 88, 119.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.1.14-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
10. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh apellyasiya şikayəti verərək iddiaçı tərəf qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində qismən ləğv edilməsini və cavabdeh tərəf isə qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz sərfiyyatı qətnamədə düzgün hesablanmamışdır. Hər bir halda əvvəlki illərdə istifadə olunmuş qaz səfiyyatı nəzərə alınmalı idi. Lakin məhkəmə işin faktiki hallarını nəzərə almamış, cavabdeh tərəfin təqdim etdiyi hesabatı əsas götürmüşdür. Dəfələrlə cavabdehdən xahiş edilmişdir ki, həmin xətti iddiaçının həyətindən çıxarsınlar. Hətta bu barədə cavabdehin baş mühəndisinə də şifahi formada dəfələrlə məlumat verilmişdir. Cavabdeh təşkilatın mühəndisləri də gəlib yerində baxmışlar və bildirmişlər ki, həmin xətt həyətimdən çıxarılmalıdır. Buna baxmayaraq həmin xətt ləğv edilməmiş və həyətdən çıxarılmamışdır. Mənə aid qaz sayğacı isə həmin xətdə deyil, yəni küçədə quraşdırılmışdır. Həmin evdə bir neçə ay kirayənişinlər yaşamışlar və ola bilsin ki, onlar tərəfindən istifadə edilmişdir. Lakin bu müddətdə də məhkəmənin qeyd etdiyi məbləğdə, yəni 2592 manat məbləğində qaz sərfiyyatı mümkün deyildir. Məhkəməyə təqdim edilmiş “Abonentin saldosu”ndan da məlum olur ki, 100-120 kub metr qaz sərf edilmişdir. Belə olan halda isə 2-3 ay müddətində cəmi 300-360 kub metr qaz sərfiyyatı hesablanmalı idi. Hətta qəbul etsək ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi 5 ay müddəti nəzərə alınarsa, yenə də 500-600 kub metr qaz sərfiyyatı olacaqdır. Məhkəmə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Cavabdehin iddiaçının razılığı olmadan ondan faktiki olaraq ayrıldıqdan sonra avtomaşınları satması, əldə olumuş pulları mənimsəməsi məhkəmə iclasında tam təsdiq olunsa da, iddia tələbi bu hissəsdə qərəzli olaraq təmin etməmişdir. Məhkəmə tərəfimdən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. “Abonentin Saldosu”ndan da məlum olur ki, orta hesabla illik 1000-1200 kub metr qaz sərf edilmişdir. Məhkəmənin gəldiyi nəticəyə (5 ay müddət üçün) görə isə cəmi 500-600 kub metr qaz sərfiyyatı hesablanmalı idi. Həmin sübuta məhkəmə düzgün hüquqi qiymət verməmiş, yalnız cavabdeh tərəfin təqdim etdiyi sübutu əsas götürmüşdür.
12. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. , iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktda qeyd etmişdir. Belə ki, dəymiş ziyanın həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Bunun nəticəsi olaraq da, 1-ci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə birinci instansiya məhkəməsinin mübahisələndirdiyimiz qətnamədə göstərdiyi nəticə işin hallarına qismən uyğun olmamışdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı etirazlar daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinə etiraz edərək, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edib iddia tələbinin rədd edilmiş hissəsinin təmin edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
16. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
17. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
18. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
20. 11.6-cı maddəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir.
21. 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
22. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
23. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
24. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
25. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
26. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
27. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Hazırki halda, iddiaçı və cavabdeh apellyasiya şikayətində müvafiq olaraq tələbin təmin edilmiş və təmin edilməmiş hissəsində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1600/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının təbii qazdan qanunsuz istifadə etməsi sayğacdan kənar qaz borusuna rezin boru vasitəsi ilə qoşulmaqla olmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sayğacdan kənar rezin boru vasitəsilə təbii qazdan qanunsuz istifadə olunması müəyyən edilmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçı həmin evi 5 ay müddətinə kirayəyə verdiyini və qanunsuz xəttin kirayədə qalan tərəfindən qoşulduğunu etiraf etmişdir. İddiaçı kənar xətti onun qoşmadığını bildirsə də müqavilə onunla bağlanmışdır və məsuliyyət mülkiyyətçinin üzərinə düşür. Göründüyü kimi cavabdeh tərəfindən sayğacdan kənar birbaşa qaz borusuna kənar xətlə qoşulması sübuta yetirilmişdir.
39. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən hesablanmış cərimə 360 gün qəbul edilməklə hesablanmışdır. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, Cavabdeh İB-nin nümayəndələri hər ay sayğaclara baxış keçirirlər. Cavabdeh İB-nin nümayəndəsi iddiaçının nə zamandan qazdan sayğacdan kənar sərf edildiyi sübuta yetirə bilmədi. İddiaçı isə 5 ay müddətində kənar qoşulmanı etiraf etdi. Belə olan halda təbii qazdan sayğacdan kənar sərf edildiyi üçün abonentə hesablanmış borc məbləği istifadə etdiyi 5 ay ərzində hesablanmalıdır. Göründüyü kimi Cavabdeh İB qaz sayğacının nominal qaz sərfi 6 m3 ortagünlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə (6x24x360=51840 m3) hesablanmışdır. Beləliklə sərf olunmuş qaza görə hesablanmış (6220.80:12=518,40x5=2592) 2592 manat borc çıxılaraq Cavabdeh tərəfindən İddiaçı **********00011 abonent kodu üzrə hesablanmış 3628.80 manat məbləğində borc silinməlidir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı **********00011 abonent kodu üzrə hesablanmış 3628.80 manat məbləğində borcun silinməsinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, iddiaçının hüquq pozuntusuna yol verməsi halı mövcuddur. Bu halda borc məbləğinin hesablanması zamanı iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi “2-3 ay müddətində 300-360 m3, yaxud 5 ay müddətə 500-600 m3” yəni, birgünlük sərfiyyatın 3 m3 olmasının hər hansı bir əsası yoxdur. Nəzərə alınmalıdır ki, borc məbləğinin hesablanması əsası abonentin qanunazidd əməli ilə bağlıdır. Həmçinin qeyd olunmalıdır ki, qəbul olunmuş Cavabdeh İB qaz sayğacının nominal qaz sərfi bir saat üçün 6 m3 təşkil edir.
42. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, borcun iddiaçının təqsiri ilə əlaqədar yarandığı sübut edilsə də, təqsirli davaranışa yol verilməsi faktının başlanğıc tarixi müəyyən edilməmişdir. Mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə 1 illik müddətin qəbul edilməsi ilə bağlı sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür və qanunvericiliyin tələblərindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməli, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmçinin istehlakçıya verilmiş qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qazdan sayğacdan kənar qoşulma ilə bağlı 5 aylıq müddəti qəbul etməsi məbləğin hesablanması üçün əsaslı sübut hesab edilir.
44. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətlərində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayətləri təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1600/2023 nömrəli, 24 iyul 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.