Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-616/2024 06.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinə qarşı “ümumi yığıncağın qərarının ləğv edilməsi və ümumi yığıncağın yenidən keçirilməsinin təmin edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X8 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Nümayəndə və cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmənzilli binanın 29 nəfərdən ibarət sahə mülkiyyətçilərinin xx.xx.2021-ci il tarixli qərarının, həmçinin "xxxx" MMMC-nin təsis yığıncağının xx.xx.2021-ci il tarixli qərarının etibarsız hesab edilməsi, MMMC-nin dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 1122-MM9-0234 saylı qeydin ləğv edilməsi, eləcə də MMMC-nin xx.xx.2022-ci il tarixli ümumi yığıncağının qərarının etibarsız hesab edilməsi və qanunvericiliyin tələblərinə riayət edilməklə MMMC-nin ümumi yığıncağının yenidən keçirilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, həmin binanın 47 və 125 saylı mənzilləri iddiaçının xüsusi mülkiyyətindədir. Binanın idarə edilməsi cavabdeh MMMC tərəfindən həyata keçirilir. MMMC ilə iddiaçının arasında hər hansı bir müqavilənin mövcud olmamasına baxmayaraq, MMMC-nin rəhbərliyi iddiaçının guya kommunal xidmətlərə görə 600 manat məbləğində borcu olduğunu qeyd edərək, borcunun mövcudluğu barədə bütün bina sakinlərinə əsassız məlumatlar vermişdir. Bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, binanın bir qrup sakini tərəfindən ona, eləcə də çoxsaylı digər sakinlərə hər hansı bir məlumat verilmədən, hər hansı bir iclas keçirmədən, MMMCnin yeni İdarə Heyətinin sədri seçilmişdir. Lakin bu barədə məlumatlar qanunvericiliklə nəzərdə tutulmuş qaydada binanın sahə mülkiyyətçilərinə, o cümlədən iddiaçıya bildirilməmişdir. Vəkil tərəfindən müvafiq sorğu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilərək, MMMC-nin hazırki sədrinin kim olması, həmin şəxsin nə vaxtdan İdarə Heyətinin sədri olması barədə arayışın, həmçinin İdarə Heyətinin sədrinin seçilməsi barədə müvafiq iclas protokolunun surətinin onlara təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Sorğuya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda cəmiyyətin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli qərarına əsasən X15 İdarə Heyətinin sədri seçildiyi qeyd edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə münasibəti barədə məlumat
3. Cavabdeh MMMC-nin buna səlahiyyəti olan nümayəndəsi iddiaya qarşı etiraz vermiş və bildirmişdir ki, binada iddiaçının mülkiyyətində 4 mənzil, onun yaxın qohumlarının mülkiyyətində isə ümumilikdə 14 mənzil mövcuddur. İddiaçı mövcud qanunvericiliyin tələblərinə əsasən hər bir halda kommunal xidmətlərə görə haqları və digər ödəmələri vaxtında və tam şəkildə ödəməyə borcludur. İddiaçının hazırda kommunal xidmətlərə görə 3.970 manat borcu vardır. MMMC-nin rəhbərliyinin dəyişməsi və ya hər hansı qərarının etibarsız hesab edilməsi mənzil mülkiyyətçisini ümumi xərclərdə iştirak etməkdən və ya kommunal xidmətlərin ödənilməsindən azad etmir. Həmin xərclər yaşayış sahəsinə mülkiyyət hüququ əldə etdiyi andan əmələ gəlir və həmin hüquqların xitamı ilə başa çatır. İddiaçının kommunal borcu barədə məlumatlar həm illik hesabatda göstərilmiş, həm də müvafiq bildirişlərlə iddiaçıya göndərilmişdir. Qanunverici MMMC-yə mütləq ödəniş və haqların əvəzinin məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət etmək hüququnu vermişdir. MMMC 2022-ci ilin əvvəlindən 144 mənzil və qeyri-yaşayış sahə mülkiyyətçisinin səs verməsi yolu ilə ünvan 2 ünvanında yaradılmışdır. MMMC-nin yaradılması ilə bağlı təşəbbüs 29 nəfər sakin tərəfindən irəli sürülmüşdür. Mövcud 144 yaşayış və qeyri-yaşayış sahəsi mülkiyyətçisinin 79 nəfəri cəmiyyətin yaradılması lehinə səs vermişdir. MMMC yaradıldığı gündən bugünə qədər MMMC idarə heyətinin üzvləri 2 dəfə, MMMC-nin sədri isə 3 dəfə seçilmişdir. Qanunvericiliyə əsasən Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin iştirakçısı olmayan iddiaçı, həmin Cəmiyyətin üzvü olmaq üçün müvafiq ərizə ilə müraciət etməli idi. Bu halda o, Cəmiyyətin üzvlüyünə qəbul olunduqdan sonra Cəmiyyətin iştirakçısı statusunu əldə edəcəkdi. İddiaçının idarə heyətinin seçilməsi üçün keçirilən ümumi iclasda iştirak hüququ yalnız mənzil müştərək cəmiyyətinə üzv seçildikdən sonra yaranır. Nə qədər ki, iddiaçı həmin MMMC-yə üzv deyil onun həmin belə bir hüququ qanunvericiliklə təsbit edilməyib. Hətta üzv seçildikdən sonra iddiaçının mübahisələndirdiyi qərarlar bir üzvün iradəsi deyil, bütün Cəmiyyət üzvlərinin səs çoxluğu ilə qəbul edilir. Bundan əlavə qanunverici növbədənkənar iclasın çağırılması hüququnu yalnız idarə heyətinin üzərinə qoymuşdur. Həmçinin idarə heyəti üçün müəyyən səlahiyyət müddəti müəyyən etmişdir. Mübahisələndirilən qərar cəmiyyət üzvlərinin ümumi səsverməsi yolu və qanunvericiliyə uyğun bildiriş məktubları, səsvermə büllütenləri, qutunun açılması, səslərin sayılması və səsvermədə iştirak edən cəmiyyət iştirakçılarının imzaları ilə təsdiq olunmuş protokol ilə qəbul olunmuşdur və həmin qərarın ləğv olunması qanuna zidd olmaqla, bütün səsvermədə iştirak edən cəmiyyət üzvlərinin hüququnun pozulması deməkdir. c) tərəflərin birinci instansiya məhkəməsində verdiyi izahatlar barədə məlumat
4. İddiaçının vəkili (nümayəndəsi) Nümayəndə məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etdi və Rayon Məhkəməsinə verdiyi izahatda əlavə olaraq bildirmişdir ki, cavabdeh MMMC-nin təqdim etdiyi etirazda da qeyd edilir ki, binada cəmi 144 mənzil mülkiyyətçisi mövcuddur. Qanunvericiliyin tələbinə görə ümumi yığıncağın keçirilməsi və müəyyən məsələlər 2/3 iştirakla həyata keçirilir. MMMC-nin sədri qanunsuz seçilməsinə baxmayaraq, iddiaçıdan kommunal haqlar tələb edir. Qanunvericiliyin tələbinə görə müvafiq müqavilə olmalıdır. Hər hansı bir müqavilə olmadan həmin haqlar tələb olunur. Sahə mülkiyyətçisi kimi iddiaçının da hüququdur ki, həmin yığıncaqda iştirak etsin, rəhbərliyin seçilməsinə münasibət bildirsin. İddiaçı və digər çoxsaylı şəxslər bu hüquqlarından məhrum olublar. Məhz 29 nəfər şəxsin yığışaraq yığıncaq keçirməsi və hansısa qərar qəbul etməsi, qalan 115 nəfər mənzil mülkiyyətçilərinin hüquqlarının kobud şəkildə pozulması hesab edilməlidir.
5. Cavabdeh MMMC-nin vəkili (nümayəndəsi) Vəkil2 və nümayəndə X3 məhkəmə iclasında iştirak edərək, iddiaya etiraz etmiş və Rayon Məhkəməsinə verdikləri izahatlarda əlavə olaraq bildirmişlər ki, MMMC kommunal borcla bağlı məhkəməyə müraciət etməmişdir. Bu preventiv tədbir kimi atılan addımdır. İddiaçının hər hansı hüququ pozulmayıb. İddiaçı ona məlumat verilmədiyini bildirir. Onun özü ərizə ilə müraciət etməli idi. Əgər narazılıq var idisə, birgə iddiaçılar formasında məhkəməyə müraciət etməli idilər. Sadəcə ərizə təqdim etmək kifayət deyil. Lakin onların elə bir fikirləri yoxdur. MMMC-nin fəaliyyətindən hər hansı narazılıq yoxdur. İdarə heyətinin sədri öz adına kredit götürüb və həmin vəsaiti MMMC-nin su xətlərinin dəyişdirilməsinə yönəldib. Bu ərizənin verilməsi işi yubatmaq məqsədi daşıyır. Buna görə də icraata qəbul edilməməli və iddiaçı və onun nümayəndəsi cərimə edilməlidir. İddiaçı tərəf hələ dəqiq bilmir ki, hansı qərarla onun hansı hüququ pozulub. İddiaçının anasının mənzil mülkiyyətçilərinə cavabdeh qurumun ləğvi ilə bağlı ərizələr təqdim edilsə də, onlar tərəfindən imza edilməmişdir. Həmçinin iddiaçı səsküy salaraq ətrafdakı insanlara hücum etmişdir. Bundan başqa MMMC-yə sədrin seçilməsi ilə bağlı mənzil mülkiyyətçilərinə məktublar və təkliflər göndərilmişdir. Oktyabr ayının 1-dən bütün edilən hərəkətlər hər biri qanunauyğun formada protokollaşdırılmışdır. MMMC təsis olunan müddətdə 144 nəfərdən 79 nəfəri səs vermişdir. İddiaçı MTK rəhbəri Aida Rəhimovanın qızıdır. İddiaçının hər hansı hüququ pozulmamışdır. d) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarlar qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən qərarların etibarsız hesab edilməsi üçün məhkəmə baxışında əsaslar müəyyən edilməmişdir. Habelə iddiaçının qərarların etibarsız hesab olunmasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli, 1122-MM9-0234 saylı qeydin ləğv edilməsinə dair istinad etdiyi sübutlar əsassızdır və qeyd edilən qərarların etibarsız hesab olunmasına və qeydin ləğv edilməsinə səbəb deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında məhz iddiaçı tərəfindən dəvət edilən şahidlər cəmiyyət və onun iclasları barədə məlumatlı olmadıqlarını qeyd etsələr belə, sonradan bəzilərinin cəmiyyətə üzv qəbul olunma haqqında ərizələrinin mövcud olması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı, həmin binanı tikən MTKnın sədri olmuş Aidə Rəhimovanın qızıdır. Uzun illər boyu bina sakinləri tərəfindən MMMC yaradılanadək iddiaçı ümumiyyətlə kommunal xidmətləri ödəməmişdir. Həmçinin müəyyən olunmuşdur ki, bina sakinləri tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradılandan sonra belə kommunal xidmətlərə görə heç bir ödəniş etməmişdir və hazırda böyük məbləğdə borcu vardır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız və qanunsuz olduğu üçün təmin olunmamalıdır. e) apellyasiya şikayəti barədə məlumat
8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, cavabdeh MMMC-nin özünün təqdim etdiyi sənədlərlə, eləcə də şahid ifadələri ilə müəyyən edilmişdir ki, binada ümumilikdə 201 sahə mülkiyyətçisinin olmasına baxmayaraq, təxminən 30 nəfər sahə mülkiyyətçisi digər sahə mülkiyyətçilərinə, eləcə də iddiaçıya hər hansı məlumat vermədən, müvafiq qaydada məlumatlandırmadan MMMC-ni təsis etmişlər. Təsis protokolunda cəmi 79 nəfərin imzası vardır ki, bu da ümumi sahə mülkiyyətçilərinin 50%-dən azdır. Cavabdeh MMMC bütün sahə mülkiyyətçilərinə məlumat verildiyini bildirsə də, bunu sübuta yetirə bilməmişdir. Həmin xüsusatlar şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin Rayon Məhkəməsi işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, əsassız olaraq iddianı rədd etmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. f) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
10. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdir və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. Cavabdeh MMMC-nin nümayəndəsi (vəkili) Vəkil2, habelə apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş nümayəndə Yeganə Zülfüqarlı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddiaya etirazın məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat vermilər. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2013-cü il tarixdə verilmiş ********** qeydiyyat nömrəli "xxxx" görünür ki, iddia ərizəsində göstərilən binada yerləşən 125 saylı mənzil xx.xx.2013-cü il tarixdə reyestrdə iddiaçının adına qeydiyyata alınmışdır.
14. “Daşınmaz əmlakın dövlət reyestrindən” xx.xx.2019-cu il tarixdə verilmiş ********** qeydiyyat nömrəli "xxxx" görünür ki, həmin binada yerləşən 47 saylı mənzil xx.xx.2019-cu il tarixdə reyestrdə iddiaçının adına qeydiyyata alınmışdır.
15. İşdə olan sənədlərdən MMMC-nin məhkəmələrə verdiyi məlumatlardan məlum olur ki, binada ümumilikdə 144 qeyri-yaşayış və yaşayış sahəsi mövcuddur.
16. Binada yerləşən 116 saylı mənzilin mülkiyyətçisi olan X11 tərəfindən MMMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, binanın idarə edilməsi üçün həmin Cəmiyyətə üzv qəbul olunmasını xahiş etmişdir.
18. Binada yerləşən 127 saylı mənzilin mülkiyyətçisi olan X17 tərəfindən MMMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, o, binanın idarə edilməsi üçün həmin Cəmiyyətə üzv qəbul olunmasını xahiş etmişdir.
19. Binada yerləşən sahələrin bir neçəsinin mülkiyyətçisi olan X12, X13 və X14 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, MMMC-nin xx.xx.2022ci il tarixli iclas protokolunda onların imzalarının qeyd edilməsinə etiraz edirlər. Belə ki, həmin iclasın keçirilməsinin vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Onlar iclasın keçirilməsindən məlumatsız olmaqla bərabər səsvermə prosesində də iştirak etməmişlər. Protokolda qeyd edilən imzalar həqiqəti əks etdirmir.
20. X4 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli akt ona mahiyyəti və nəticələri izah olunmadan imza etdirilmişdir. O, MMMC-nin səsvermə prosesində iştirak edərək xx.xx.2022-ci il tarixli protokolu imzalamışdır.
21. X5 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixli akt ona mahiyyəti və nəticələri izah olunmadan imza etdirilmişdir. O, MMMC-də keçirilmiş səsvermə prosesində iştirak edərək xx.xx.2022-ci il tarixli protokolu imzalamışdır.
22. X6 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2022-ci il tarixli protokolu imzalamamış, həmin tarixdə MMMC-də keçirilmiş iclasda iştirak etməmişdir.
23. X6 Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinə könüllü olaraq üzvü olmuş və Cəmiyyətin xx.xx.2022-ci il tarixli protokolu və səs vermə prosesi barədə məlumatlı olmuşdur. Sözügedən protokolu onun icazəsi ilə onun əvəzinə ona məxsus mənzildə yaşayan anası imza etmişdir.
24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, "xxxx" MMMC ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçi X3, hazırki qanuni təmsilçi X18r.
25. “Qeyri-kommersiya qurumlarının dövlət reyestrindən” verilmiş xx.xx.2022-ci il tarixli "xxxx" görünür ki, həmin MMMC ümumi yığıncağın xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçi X23, hazırki qanuni təmsilçi X19r.
26. MMMC-nin İdarə heyətinin cəmiyyət iştirakçısı Hüseynov İsmayıla ünvanladığı xx.xx.2022-ci il tarixli bildiriş məktubundan görünür ki, cəmiyyətin yeni sədrinin seçilməsi üçün sədr kimi görmək istədikləri hər hansı cəmiyyət üzvünün namizədliyinin irəli sürülməsi təklif olunmuşdur.
27. "xxxx" MTK-nın xx.xx.2023-cü il tarixli arayışından görünür ki, "xxxx" MMMC-nin təsis edildiyi Yasamal rayon, N.ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmiş, xx.xx.2011-ci il tarixli aktla istismara qəbul edilmişdir. Bina istismara qəbul edilərkən 3 ədəd 16 mərtəbəli, 2 ədəd 10 mərtəbəli, ümumilikdə 126 mənzil və qeyri-yaşayış sahələri istismara qəbul edilmişdir.
28. ünvan 4 ünvanında yerləşən bir qrup mənzil mülkiyyətçiləri tərəfindən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, onların "xxxx" MMMC-nin idarə heyəti tərəfindən xx.xx.2022-ci il tarixdə iclasın keçirilməsi barədə məlumatları yoxdur. Belə ki, mənzil mülkiyyətçiləri olaraq MMMC-nin idarə heyəti tərəfindən xx.xx.2022-ci il tarixli iclasın keçirilməsinin vaxtı və yeri barədə onlara məlumat verilməmişdir. Onlar iclasın keçirilməsindən məlumatsız olmaqla bərabər, səsvermə prosesində də iştirak etməmişlər.
29. MMMC tərəfindən mənzil mülkiyyətçisi olan iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli məktubdan görünür ki, yaşayış sahəsinin saxlanılma haqqına görə xx.xx.2023cü il tarixinə yaranmış 4.160 manat borcunun 3 gün ərzində ödənilməsi xahiş olunmuşdur.
30. İddia ərizəsində göstərilən ünvanında yerləşən çoxmənzilli binada idarəetmənin təşkilinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının qiyabi səsvermə formasında keçirilməsi, həmçinin müvafiq məlumatların çatdırılması üsulu kimi binanın girişlərindəki elanlar lövhəsi və “WhatsApp” qrupunun yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis olunmasına dair zəruri qərarların qəbul edilməsi məqsədilə üzvlərin növbəti ümumi yığıncağın keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və ümumi yığıncağın xx.xx.2021-ci il tarixində saat 19:00-a təyin edilməsi qərara alınmışdır.
31. Qeyd edilən binada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvlərinin keçirdikləri təsis yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən, "xxxx" MMMC-nin təsis edilməsi qərara alınmışdır.
32. MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, MMMC-nin İdarə Heyətinin sədri X2 istefasının qəbul olunması və idarə heyətinin yeni sədrinin X1 qərara alınmışdır.
33. MMMC-nin ümumi yığıncağının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, MMMC-nin İdarə Heyəti sədri Ramiz Abdinovun fəaliyyətinə xitam verilməsi qərara alınmışdır.
34. MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, MMMC-nin İdarə Heyətinin və Təftiş Komissiyasının tərkibində dəyişikliklərin edilməsi məqsədilə cəmiyyətin ümumi cəmiyyətin ümumi yığıncağının çağırılmasının məqsədəmüvafiq hesab edilməsi qərara alınmışdır.
35. MMMC-nin İdarə Heyətinin açıq iclasının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, İdarə Heyətinin tərkibinin Zabelin Mixail, Zülfüqarlı Yeganə, X41, Həsənov Hikmət, Qorçu Heyran, Təftiş Komissiyasının tərkibinin Paşa Daşqın, Nuriyev Firqət, Cahangirova Gülşən kimi müəyyən olunması qərara alınmışdır.
36. MMMC-nin ümumi yığıncağının qiyabi iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən, MMMC-nin İdarə Heyəti sədrliyə namizədlərin seçilməsi ilə əlaqədar keçirilmiş qiyabi səsvermənin nəticələrinə əsasən Hikmət Həsənovun namizədliyinin təsdiq olunması və ümumi yığıncağın səsverməsinə qoyulması qərara alınmışdır.
37. MMMC-nin İdarə Heyətinin iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən, MMMC-nin idarə orqanlarının tərkibində dəyişikliklərin edilməsi haqqında yekun protokolunun təsdiq edilməsi üçün cəmiyyət iştirakçılarına təqdim olunması qərara alınmışdır.
38. MMMC-nin ümumi yığıncağının iclasının xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, MMMC-nin idarə heyəti və nəzarət-təftiş komissiyasının aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır: 1. "xxxx" MMMC-nin idarə heyəti: X24, X31, Abduyeva Umu-Leyla Qafur qızı, X25, X26Lətif qızı; 2. Yasamal 57” MMMC-nin idarə heyətinin sədri X24; 3. Yasamal 57” MMMC-nin nəzarət-təftiş komissiyası (müfəttişi) X12, X32, X9. İclasda "xxxx" MMMC-nin 59 nəfər sahə (mənzil) mülkiyyətçiləri iştirak etmiş və gündəlikdə duran məsələlər üzrə hər biri lehinə səs verərək öz imzaları ilə təsdiqləmişlər.
39. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X11 öz ifadəsində bildirmişdir ki, o, N.Nərimanov prospektində qeydiyyatdadır, amma S.Rüstəm küçəsində yaşayır. "xxxx" MMMC-də olan evdə yaşamır. Hazırki iş üzrə iddiaçını tanıyır. İddiaçı ilə münasibəti yaxşıdır. Cəmiyyətlə bağlı iclasın keçirilməsi barədə məlumatı yoxdur. Hətta cəmiyyətin sədrini də tanımır. Mənzildə tanışları yaşayır. İcarəyə vermişlər. Mənzildə kommunal xərcləri yaşayan ailə özü ödəyir. Kommunal xərcləri Rəhim adlı şəxsə ödəyirlər. Bildiyi qədər Rəhim (iddiaçının anası) Aida xanımın işçisidir. Ev tikiləndən Aida xanımı tanıyırdı. O, Xarici İşlər Nazirliyinin əməkdaşıdır və daima ezamiyyətdə olur. N.ünvan 6 ünvanındakı ev onun mülkiyyətindədir. Orada "xxxx" MMMC-nin fəaliyyət göstərdiyi barədə yeni məlumatı olub. 2021-ci ilin oktyabr ayında ona belə bir cəmiyyətin yaradılması ilə bağlı məlumat verilməyib. Yığıncaq barədə məlumatı olmayıb, iştirak etməmişdir. Həmin ünvana məktub verilsə idi, orada yaşayan adam ona bu barədə məlumat verərdi. Cəmiyyət haqqında yeni eşitmişdir. Onlar imzanın olmağı barədə demək istəyirlərsə, ona Rəhim mağazada həmin imzanı çəkdirmişdir. Onun məlumatı yox idi. O düşünmüşdür ki, Aida xanıma lazım olduğu üçün imza tələb edir. Lakin cəmiyyətin yaradıldığını bilmirdi. MMMC-yə daxil olmaq haqqında ərizədəki imza ona məxsusdur. O, Meksikada və Polşada işləmişdir. Ona tələsik imza atdırmışlar. Həmin vaxt o ezamiyyətdən təzə qayıtmışdı. Ona izah olunsa idi, bu barədə maraqlanardı. Bu vaxta kimi Aida xanım olub və onun problemi olmayıb. Onun anası da arxitektordur. O vaxtı bu bina arxitektorlar birliyinin adına tikilirdi. Aida xanım da arxitektorlar birliyinin üzvü idi. Həmin evi də anası arxitektor kimi almışdı və ona bağışlamışdı. 15 sentyabr 2022-ci il tarixdə ümumi yığıncağın olması barədə hər hansı məlumat verilməyib. Sənədi oxumamışdır və bu onun səhvidir. Həmin ailə pulu yoldaşına verirdi və o da ödəyirdi. Yoldaşı hazırda ezamiyyətdədir. Yoldaşı pulu Rəhimə ödəyib. Bir dəfə Rəhimlə telefonda mübahisələri olmuşdur. Ondan sonra işığı blokdan ayırdılar. Daha sonra Rəhimə 1-2 adam zəng etdi, sonra işıq düzəldi. Ona orada problem yaradırdılar və o bildirmişdir ki, ona qəsdən hər hansı problem yaradılsa, polisə müraciət edəcək. Həmçinin bildirir ki, əgər onun adı cəmiyyətdə varsa, onu cəmiyyətdən çıxartsınlar. Fikrət Həsənov adlı şəxsi tanımır.
40. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, N.Nərimanov prospektində 61 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı onun qızıdır. Lakin o bura sakin kimi gəlmişdir. Özü də cəmiyyət yaradılmasını istəmişdir. Lakin onu dəvət etməyiblər, bildiriş göndərməyiblər. Kimlərin seçilməsi ilə bağlı da onun məlumatı yox idi. Sonradan bu barədə ona məlumat verilməsini istəmişdir və kimlərin seçildiyi ilə bağlı məlumat ona göndərildi. Heç yerdə iştirak etməmiş, bildiriş almamış, nə vaxt iclasın olacağı ilə bağlı məlumatı yoxdur. Qızı cəmiyyətin qurulmasını çox istəyirdi. Lakin onun 4 səsi ola-ola onu çağırmayıblar. Qızı kommunal xərcləri ödəməyə hazırdır, lakin cəmiyyəti tanımadığına görə ona ödəmək istəmir. Cəmiyyət onu dəvət etməyib. O, mülkiyyətçidir, cəmiyyət yarananda onun da kimi seçəcəyi ilə bağlı səsi olmalıdır. Cəmiyyət yaradılana qədər idarəetmə onda olub, ya da firma yaradılıb. Firma sakinlər tərəfindən yaradılıb, sahibkarlıq fəaliyyətini həyat keçirib. İdarəçilikdə sakinlərdən birinin firma açması da mümkündür. Rəhim komendantdır. O, onu gətirmiş, fiziki şəxs kimi VÖEN açdırmış və hamıya imza atdırmışdır. Onlar Rəhimi seçmişlər. 2021-ci il tarixli sahə mülkiyyətçilərinin iclası barədə ona hər hansı məlumat verilməyib. 3 noyabr 2021-ci il tarixli ümumi yığıncaq barədə də ümumiyyətlə xəbəri olmayıb. 15 sentyabr 2022-ci il tarixli ümumi yığıncaq barədə də məlumatı olmayıb. O, cəmiyyətin ləğv olunması ilə bağlı heç yerə müraciət etməmişdir. Cəmiyyət yaranan gündən idarə heyətində özlərinin aralarında mübahisə olduğu üçün üzv olmaq istəmir. Ona Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən zəng vurdular, dedilər ki, cəmiyyət yaradılıb, layihəsini istəyirlər. O da məktub yazmışdır ki, o cəmiyyəti tanımır. O, cəmiyyətin yaradılmasını istəyir. Amma bir neçə dəfə bildirmişdir ki, gəlin yenidən yaradaq. Rəhim komendantdır, sədrin kim olması bilinmir. Hazırda sədr Hikmətdir. O da özü dedi ki, istəmir. Orada hər şey səhvdir. Rəhim orada diversiya ilə məşğuldur. Onun cavabdehin nümayəndəsi ilə münasibəti yaxşı olub. Lakin cəmiyyət yaranandan sonra düşmənçilik yaratmaq lazım deyildi.
41. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, iddiaçı onun qonşusudur. Əvvəldən orada (MTK-da) sədr (iddiaçının anası) Aida xanım olub. İddiaçı onların binasında yaşayır, amma üzdən tanımır. Kommunal xərcləri Rəhimə ödəyir. Rəhim komendantdır. Nə iclas olub, nə də o kimisə seçmişdir. MMMC yaradılması ilə bağlı ona məlumat verilib. Lakin iclaslar barədə ona məlumat verilməyib. İmzası var. Kəmalə xanım üzv olmaq üçün imza atıb. Nəyi imzaladığını bilmir. İmzalasa belə, heç nə təşkil olunmayıb. Cəmiyyətin yaradılmasına etirazı olmayıb. Kimin seçilməsindən xəbəri yoxdur.
42. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, 2021-ci ildən həyətdə müəyyən problemlər var idi. Sakinlər özləri qərar verdilər ki, belə bir cəmiyyət yaratsınlar. 2021-ci ilin axırlarında artıq 30 nəfər sakin yığıldı və cəmiyyət yaratmaq qərarına gəldilər. 2022-ci ildə də iclas keçirildi. Cəmiyyət yaradılana kimi MTK-da komendant işləyirdi. Komendant olduğu zaman kommunalı o yığırdı. Texniki işləri görürdü. İdarəçiliklə (iddiaçının anası) Aida xanım məşğul olurdu. Hazırda MMMC-nin işçisi kimi kommunalı o yığır. MMMC-dən əvvəl fiziki şəxs kimi kommunalı yığırdı. MTK-nın sədrinə tabe idi. Aida xanıma hesabat verirdi. İddiaçı kommunal xərcləri ödəmir. Cəmiyyəti tanımadığını bildirir və ona görə də ödəməkdən imtina edir. İdarəetmə ilə Aida xanım məşğul olan vaxtda iddiaçı özü şəxsən ona kommunal xərcləri ödəməyib. İşçi kimi hər bir sakinə deyir ki, kommunal xərcləri ödəmək lazımdır. Aida xanım özü bilirdi, o qarışmırdı. Məhkəməyə ərizə ünvanlamışdır. Bəzi sakinlər tərəfindən fikirlər var idi ki, MMMC artıq ləğv olunub. Ona görə o məhkəməyə ərizə ünvanlamışdır. O, MMMC yaradılan gündən orada işçi kimi fəaliyyət göstərir. MMMC 2022-ci ilin fevral ayında yaradılıb. 2018-ci ildən Aida xanımla birlikdə işləmişdir. 2021-ci ildə iclas keçirildi. 2021-ci il noyabrın 3-də cəmiyyət təsis olunub. İclaslar barədə sakinlərə məlumat verilib, elan verilib. “Whatsapp” qrupu yaradılıb. Qrupda bütün sakinlər yoxdur. Cəmi 126 sahə mülkiyyətçisi var. Bütün sakinlərə məlumat verilib. Elanlar vurulmuşdu. MMMC yaradılandan sonra kommunalın məbləğində dəyişiklik oldu. Məbləğ xərclərlə iclas vasitəsi ilə müəyyən olundu. Həmin iclasda o, iştirak etmişdir. İclas 2022-ci ilin axırında olub. Hesabatda göstərildi ki, 50 manat illik xərcləri ödəmir. Sədr, idarə heyəti və aktiv sakinlər orada iştirak edirdilər. Ədalət bəyə iclas barədə məlumat verilmişdi. Ədalət bəy Kəmalə xanımın həyat yoldaşıdır. İclaslarla bağlı lövhələr quraşdırılır. Sakinlər bir-birilərinə həyətdə də məlumat verirlər. Onun iddiaçı ilə münasibəti yaxşıdır. O, kommunal ödənişindən qaçmır. Əvvəl ödəmədiyi pulları ondan tələb etməmişdir. Onunla anası məşğul olub. Həmin pul kassaya gəlməyib.
43. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, (iddiaçının anası) Aida xanım MTK-nın sədri idi. Onlar bilirdilər ki, prezidentin sərəncamı var ki, MTK-lar ləğv olunsun, cəmiyyətlər yaradılsın. Aida xanımın idarəçiliyi onları qane etmirdi, çox problemlər var idi və narazılıqlar yaranmışdı. Bundan sonra sakinlər qərara gəlmişlər ki, binanın idarəsini özləri həyata keçirsinlər. 2021-ci ilin yayından onlar bu barədə işləməyə başlamışlar. Lakin həmin vaxt pandemiya var idi və Aida xanım onlara maneə olmağa çalışırdı, polisə xəbər verirdi. Bilirdi ki, sonda onlar cəmiyyət yaradacaqlar və idarəçilik onun əlindən çıxacaq, ona görə də onlara maneə olmağa çalışırdı. Oktyabrda artıq qərara gəlmişlər ki, cəmiyyət yaratsınlar. Rəhim əvvəl Aida xanımla işləyirdi, lakin sonradan sakinlər də onu yaxşı tanıdığı üçün cəmiyyətlə işləməyə başladı. Onlar evlərə elanlar asmış, hər kəsə zəng edib məlumat vermişlər. İddiaçı Azərbaycanda az yaşayır. Xəbəri olmaması məsələsi də düzgün deyil, onlar onu dəvət etmişlər. Həyətdə birinci mərtəbədə ofislər var. Lakin Aida xanım onları zəbt etmişdi. Sonra onlar onu məcbur etmişlər ki, oranı boşaltsın, onlar orada iclaslarını keçirə bilər. İddiaçını da ora dəvət etmişlər, o da gəlmişdir. Ona da cəmiyyətə qoşulmağı, mənzilə dair pulu ödəməyi təklif etmişlər. İddiaçıdan başqa cəmiyyətin üzvü olmayan sakinlər də pulu veriblər. Hamı başa düşür ki, lift işləyir, mühafizə var və s. Kimindən nə qədər yığılması, nə qədər xərclənməsi ilə bağlı hesabatı Yeganə xanım hər ilin sonu təqdim edir. Onlar 50-60 nəfər həyətdə yığışanda iddiaçı da gəldi və çox pis sözlərlə təhqir etdi. Video da çəkmişlər. Evin fundamenti qurulandan o mülkiyyətçidir. 2005-ci ildən orada yaşayır. Əvvəl kommunal xərcləri ödəyirdi. Sonra düşünmüşdür ki, Aida xanım pulları mənimsəyir. Ona görə də ödəməmişdir. Onlar çox iclas keçirmişlər. Onlar əvvəllər müzakirə etmək məqsədilə toplaşmışlar. 126 mənzil var. 144 sahə mülkiyyətçisi var. Təşəbbüskarlardan biri də o olmuşdur. Onlar bir çox sakinlə telefon vasitəsi ilə əlaqə saxlayıb məlumat vermişlər. Həmçinin onların elanları var idi, hansi ki Aida xanım onları cırırdı. Ola bilsin ki, məktub da göndərmişlər. Onlarda çox toplantı olub. Onlar həmişə çalışmışlar ki, sakinlərin rəyini bilsinlər. Hətta onlar sədrin seçilməsi zamanı qutu da yerləşdirmişlər ki, səs versinlər. Hikmət bəy 2022-ci ildə seçilib. xx.xx.2021-ci il tarixli yığıncaq barədə sakinləri dəvət etməmişlər. Yəni məktub göndərməmişlər, sadəcə telefon vasitəsi ilə məlumat vermişlər. xx.xx.2021-ci il tarixli yığıncaq barədə də sakinlərə telefonla məlumat vermişlər. “Whatsapp” qrupunda, qapılara elan yapışdırmaqla da məlumat vermişlər.
44. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, eyni mərtəbədə iki mənzil var, biri yoldaşının, digəri isə onun adına idi, oğluna bağışlamışdır. Cəmiyyətin yaradılması ilə bağlı onun məlumatı olmayıb, xəbərdar olunmamışlar. İclas olubsa da, onları çağırmayıblar. Kommunal xidmətləri yanvara kimi ödəyirdi, sonra qiyməti qaldırdılar. Rəhimə zəng edib demişdir ki, yanvar və fevral aylarının kommunal xərcini götür, demişdir ki, götürə bilməz, çünki kommunal xərci 60 manat etmişlər. O bildirmişdir ki, qiyməti qaldıran zaman onlara sakin kimi məlumat verməmişlər. Ona görə də ödəməmişdir. Eşitmişdir ki, iddiaçı kommunal xərcləri ödəmir. Cəmiyyət yaradılıb, amma onlara məlumat verilməyib. MMMC-nin ümumi yığıncağı barədə məlumatlandırılmamışdır. xx.xx.2021-ci il tarixli iclasa dəvət olunmamışdır. xx.xx.2022-ci il tarixli iclasa dəvət olunmamışdır. Çağırsalar, cəmiyyətdə iştirak edərdi. Onlar məhkəmədən qabaq ərizə ilə müraciət etmək istəyirdi. O, bilirdi ki, cəmiyyət var. Həyətdən cəmiyyət barədə eşitmişdi, (iddiaçının anası) Aida xanım da danışırdı. Aida xanımın evində bir dəfə iclasda olmuşdur. Pulun artırılması ilə əlaqədar elanları görmüşdür, amma cəmiyyətin yaradılması ilə əlaqədar elanı görməmişdir.
45. Göstərilənlərə əsasən müəyyən edilir ki, yuxarıda göstərilən binada idarəetmənin təşkilinə dair sahə mülkiyyətçilərinin ümumi yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis edilməsi üçün sahə mülkiyyətçilərinin ümumi yığıncağının qiyabi səsvermə formasında keçirilməsi, həmçinin müvafiq məlumatların çatdırılması üsulu kimi binanın girişlərindəki elanlar lövhəsi və “WhatsApp” qrupunun yaradılması, qanunvericiliyin tələblərinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis olunmasına dair zəruri qərarların qəbul edilməsi məqsədilə üzvlərin növbəti ümumi yığıncağın keçirilməsi üçün zəruri tədbirlərin görülməsi və ümumi yığıncağın xx.xx.2021-ci il tarixində saat 19:00-a təyin edilməsi qərara alınmışdır. MMMC-nin təsis yığıncağının xx.xx.2021-ci il tarixli qərarına əsasən, MMMC-nin təsis edilməsi qərara alınmışdır. MMMC-nin ümumi yığıncağının iclasının xx.xx.2022-ci il tarixli protokoluna əsasən, MMMC-nin idarə heyəti və nəzarət-təftiş komissiyasının aşağıdakı kimi müəyyən edilməsi qərara alınmışdır: 1. MMMC-nin idarə heyəti: X24, X31, Abduyeva Umu-Leyla Qafur qızı, X25, X3; 2. MMMC-nin idarə heyətinin sədri X24; 3. MMMC-nin nəzrət-təftiş komissiyası (müfəttişi) X12, X32, X9. İclasda MMMC-nin 59 nəfər sahə (mənzil) mülkiyyətçiləri iştirak etmiş və gündəlikdə duran məsələlər üzrə hər biri lehinə səs verərək öz imzaları ilə təsdiqləmişlər.
46. İşin hallarını nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə görə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır (maddə 43.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir (maddə 44.3.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir (maddə 45.1.). Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir (maddə 45.5.). Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər (maddə 45.6.). Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir (maddə 119.1.). Binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır (maddə 121.1.). Cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir (maddə 122.1.3.). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır (maddə 125.1.). Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətinə aiddir (maddə 125.2.4.). Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur (maddə 140.1.).
47. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən MMMC-nin mübahisələndirilən qərarları qəbul edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Qeyd edilən qərarların etibarsız hesab edilməsi üçün məhkəmə araşdırması nəticəsində hər hansı əsas müəyyən edilməmişdir.
48. Məhkəmə həmçinin hesab edir ki, iddiaçının qərarların etibarsız hesab olunmasına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılmış xx.xx.2022ci il tarixli, 1122-MM9-0234 saylı qeydin ləğv edilməsinə dair istinad etdiyi sübutlar əsassızdır və qeyd edilən qərarların etibarsız hesab olunmasına və qeydin ləğv edilməsinə səbəb deyildir.
49. Məhkəmə iddiaçının təqdim etdiyi mənzil mülkiyyətçisi olan şahidlərin ifadələri ilə bağlı bildirir ki, həmin şəxslər tərəfindən ümumi yığıncağın qərarları mübahisələndirilməmiş, iddiaçı isə onların adından çıxış etmək üçün nə müvafiq səlahiyyətə, nə də ki subyektiv hüquqa malik deyil. Hazırki mübahisə üzrə iddiaçının digər mənzil mülkiyyətçilərinin hüquqlarının pozulmasına istinad edərək öz tələbinin təmin edilməsini tələb edə bilməz.
50. Bunu nəzərə alan Məhkəmə bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM; 77.1. və 14.2.). Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bu baxımdan hesab edilməlidir ki, Rayon Məhkəməsi də qeyd edilən əsasla eyni nəticəyə gəlməkdə haqlı olmuşdur.
51. Ona görə də Məhkəmə hesab edir ki, iddia tələbini əsassız olduğu üçün rədd etmiş Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. h) apellyasiyanın nəticəsi
52. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
53. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən idddiaçının özünə aid edilməlidir.
56. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd edildiyindən və qətnamə apellyasiya baxışının nəticəsi ilə dəyişdirilmədən saxlanıldığından, cavabdeh MMMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
57. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiymətləndirilməyən iddia növünə aid olduğundan cavabdeh MMMC MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
58. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 oktyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən kassasiya şikayəti verilə bilməz.