Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6161/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Astara rayon Hamoşam kənd Sovetliyi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş VЖГ seriyalı, 392471 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X2 arasında həmin tarixdə bu barədə nikah haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilməklə nikah bağlanmışdır. Tərəflərin nikahından xx.xx.1995-ci il təvəllüdlü X4 və xx.xx.1992-ci il təvəllüdlü X5 doğulmuşdur.
2. Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq İşləri İdarəsinin NV02-ATW8-5F89-5V02 nömrəli arayışının surətindən görünür ki, X1 şəhəri, M.Akif məhəlləsi, Lütfi Köker bulvarı, ev 15, mənzil 18 ünvanında qeydiyyatdadır. Ülvi Məmmədzadə və “Koru Park” şadlıq sarayı arasında bağlanan müqavilədən görünür ki, xx.xx.2023-cü il tarix üçün həmin şadlıq sarayının “Hayal Ormanı” salonu kirayələnmişdir. Elektron biletlərin surətlərindən aydın olur ki, İddiaçı, Qəribova Səbirə, Babazadə Amilə, Babazadə Asya, Babazadə Zərin, Babazadə Səid, X14 Hava Yolları şirkətinin xx.xx.2023-cü il tarixdə həyata keçirəcəyi Bakı-İstanbul-Bakı aviareysinə gediş-gəliş biletlərini əldə etmişlər. Biletlərin dəyəri 4-ü 385,45 manat, 2-si 375,44 manat və 1-i isə 44,51 manat təşkil etmişdir.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X16 X13 Sözleşmesi Şirkətinin Azərbaycan Respublikasındakı X16 nümayəndəliyinə qarşı (Azeeturizm MMC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməmişdir.
4. İddiaçı əlyazma qəbzlərindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 6 böyük biletdən 1 nəfər üçün 139,7 manat və 1 uşaq üçün 5,51 manat olmaqla cəmi 844 manat, xx.xx.2023-cü il tarixdə 75 manat ödənişi almışdır. X16 şirkətinin əməkdaşı Aysel Məmmədovanın Cavabdeh şirkətinə yazdığı elektron poçt məktubundan aydın olur ki, İddiaçı və digərlərinin uçuş biletlərinin dəyərindən cəmi 843,71 manatın ona xx.xx.2023-cü il tarixdə qaytarılması müəyyən edilmişdir. Tərəflər arasında “Whatsapp” mobil tətbiqi üzərindən aparılmış yazışmaların ekran görüntüsündən aydın olur ki, iddiaçıya biletlərin qaytarılmayan biletlər olması və yalnız hər bir biletdən 110 manat pul qaytarılması barədə xx.xx.2023-cü il tarixdə məlumat verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən təyyarə biletinin tutulan məbləğinin, yəni 1400 manat pulun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tək oğlu X9 Respublikasının Qəhrəmanmaraş bölgəsində yaşamış, işləyirmiş. Ali təhsil aldığı dövrdə sevib sevdiyi Qəhrəmanmaraş sakininə keçən il nişan apardıqdan sonra qərara almışlar ki, 2023-ci il iyunun 3-də Qəhrəmanmaraş şəhərindəki “Koru Park” şadlıq sarayında toyunu keçirsinlər. Quru sərhədlər bağlı olduğuna görə toyun keçiriləcəyi vaxta və yerinə uyğun təyyarə bileti almaq məcburiyyətində qalmışlar. Buna görə də bilet satışı elanlarını izləməyə başlamışdır. "xxxx" MMC-nin elanlarında X15 məxsus nisbətən aşağı qiymətə bilet gördükdə ofisinə yaxınlaşıb Qəhrəmanmaraşa gedəcəyini bildirmişdir. Birbaşa uçuş olmadığı üçün iyunun 1nə gediş-iyunun 5-nə qayıdış olmaqla Bakı-İstanbul-Bakı reysinə özünə və ailə üzvləri (yoldaşı, qızı, kürəkəni və nəvələri) adına 4-ü 385 manat, 2-si 375 manat, 1-i 45 manat olmaqla ümumi dəyəri 2330 manata 7 bilet almışdır. Təyyarə İstanbula enməmiş Qəhrəmanmaraşa o biri təyyarə qalxdığı üçün 1 gün, qonşu Antep şəhərinə uçmaq üçün isə 12 saat gözləyəcəyini bildirdikdə həmin vaxta nisbətən ucuz yerüstü nəqliyyatla gedəcəyini qərara almışdır. 13 gündən sonra məlum 6 fevral təbii fəlakəti oğlu və qohumlarının psixi sarsıntı keçirməsinə, kirayələdikləri şadlıq sarayının dağılmasına, qohumlarından çoxlu sayda ölməsinə səbəb olmuş və nəticədə toy olmamışdır. Dərhal ondan asılı olmayan səbəblərdən getməyəcəyi barədə Cavabdeh MMC-yə məlumat vermiş və biletlərin məbləğinin tam şəkildə qaytarılmasını xahiş etmişdir. Uçuşa 4 ay qalmasına baxmayaraq, biletin kampaniyalı olduğuna görə qaytarılmayacağını söyləmişlər. 1 ay etdiyi müraciətin nəticəsində 844 manat, oktyabr ayının 3-də isə 75 manat qaytardı. Hesab edir ki, 50 mindən çox insan tələfatına səbəb olan təbii fəlakət nəticəsində yaranan Fors-Major halını 375 manat əmək haqqı alan ailə başçısının durumunu turizm şirkəti nəzərə almalı, ona dəyən mənəvi ziyanın üstünə maddi ziyan əlavə edilməli, istehlakçı hüquqlarını pozmamalı, şərait dəyişikliyini nəzərə almalı, birtərəfli qəbul etdiyi qərarın qurbanına onu çevirməməli, yəni istifadə etmədiyi, göstərmədiyi xidmətin haqqını ondan tutmamalıdır.
7. Cavabdeh MMC tərəfindən iddia ərizəsinə etiraz verilərək onunla əsaslandırılmışdır ki, İddiaçı, həqiqətən də, Cavabdeh MMC-nin ofisinə yaxınlaşaraq, 2023cü ilin iyun ayının 01-ə “Bakı-İstanbul” istiqamətində, həmin ayın 5-i isə geri, yəni “İstanbul- Bakı" istiqamətində özü və ailə üzvləri üçün (cəmi 7 nəfər) uçuş biletləri bron etmək istədiyini bildirmişdir. Cavabdeh MMC-nin əməkdaşı da “X16 X13 Sözleşmesi" Şirkətinin Azərbaycan Respublikasındakı “X16” Nümayəndəliyinin satışa çıxardığı biletlərdən ən optimal, ən ucuz uçuş biletləri barədə İddiaçı məlumat vermiş, həmçinin həmin biletlər ucuz olduğuna görə “geri qaytarılmayan” statuslu biletlərə aid olduğu, bu barədə məlumatın uçuşu həyata keçirəcək “X16”nın rəsmi internet səhifəsində dərc olunduğunu da iddiaçıya bildirmiş, hətta həmin məlumatı çap edərək iddiaçıya təqdim etmişdir. İddiaçı da MMC-nin əməkdaşının təklifini qəbul etmiş və xx.xx.2023-cü il tarixdə əvəzini ödəyərək 7 ədəd uçuş bileti əldə etmişdir. Həmin biletlərin 4-ü dəyəri 385 manat (365,45 manatı biletin dəyəri, 19,55 manatı xidmət haqqı), 2-nin dəyəri 375 manat (354,44 manatı biletin dəyəri, 20,56 manatı xidmət haqqı), 1-nin dəyəri isə 40 manat (5,51 manatı biletin dəyəri, 39,49 manatı xidmət haqqı) təşkil etmişdir. Biletlərin satışından iddiaçıya göstərilən xidmətə görə haqq olaraq Cavabdeh MMC cəmi 153,81 manat əldə etmiş, biletlərin dəyərini təşkil edən cəmi 1.083,84 manat isə sərnişinlərin daşımasını həyata keçirən “X16”nın hesabına köçürülmüşdür. Göründüyü kimi, Cavabdeh MMC, iddiaçı ilə münasibətlərində yalnız uçun biletlərinin bron edilərək əldə edilməsində iştirak etmişdir. Əldə olunan biletlər əsasında iddiaçı və onun ailə üzvlərinin Bakıdan İstanbula daşımağı öhdəsinə götürən, bununla bağlı məsuliyyəti daşıyan da “Azeturizm" MMC deyil, “X16” olmuşdur. Bu səbəbdən də hesab edir ki, Cavabdeh MMC hazırki iddiaya cavab verən şəxs ola bilməz. Qeyd olunan maddi hüquq normalarının tələblərindən hazırki mülki mübahisənin həllinə yanaşıldıqda müəyyən edilir ki, Cavabdeh MMC İddiaçı və (və ya) onun ailə üzvlərinin qarşısında mülki məsuliyyət daşımır. Çünki, Cavabdeh MMC iddiaçı ilə arasında yaranan münasibətlərdə turoperator və ya turagent qismində çıxış etməmiş, iddiaçıya turizm zərfi və ya turizm xidməti satmamış, bu barədə müqavilə bağlamamış, turizm zərfinə və ya turizm xidmətinə daxil olan xidmətlərin (məsələn: transfer, mehmanxanada, oteldə yerləşdirmə, qidalanma və sair) göstərilməsi barədə üzərinə öhdəlik götürməmişdir. İddiaçı Cavabdeh MMC-yə 7 nəfər üçün ucuz uçuş bileti bronlanması barədə sifariş vermiş, MMC də həmin sifarişi yerinə yetirərək, iddiaçı üçün ən optimal qiymətə uçuş biletlərinin tapılmasında və əldə olunmasında vasitəçi olmuşdur. İddiaçının və onun ailə üzvlərinin 2023-cü il iyunun 01-də Bakıdan İstanbula, 05də isə İstanbuldan Bakıya təyyarə ilə daşımanı və bu daşıma ilə bağlı bütün öhdəlikləri “X16" öz üzərinə götürmüşdür. Başqa sözlə, iddiaçı, özü və ailə üzvləri üçün aldığı uçuş biletləri ilə bağlı yaranmış pretenziyaları iddiaçı Cavabdeh MMCyə qarşı deyil, sərnişindaşıma Şirkəti olan və “Bakı- İstanbul” istiqaməti üzrə uçuş biletlərini satan “X16"na qarşı irəli sürməli idi. Hazırki etiraza əlavə olunmuş Xəzər Rayon Məhkəməsinin 2(003)- 2088/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı “X16” MMC-yə qarşı 1.486 manat məbləğində pulun tutulması barədə iddiası məhkəmə tərəfindən rədd edilmişdir. Lakin İddiaçı məhkəmə müdafiə hüququndan istifadə etməmiş, sözügedən qətnaməni apellyasiya qaydasında mübahisələndirməmişdir. Lakin iddiaçının hüququndan istifadə etməməsi, ona əsas vermir ki, iddiaçı qarşısında təqsiri olmayan, mülki məsuliyyət daşımayan Cavabdeh MMC üzərinə hər hansı məsuliyyət qoyulsun. Bunlardan başqa, onu da qeyd etməyi zəruri hesab edir ki, “X16” İddiaçı və onun ailə üzvlərinin “Bakı-İstanbul” və “İstanbul-Bakı" istiqamətində daşıması barədə üzərinə öhdəlik götürmüşdür. İddiaçının əldə etdiyi biletlər də göstərilən tarixdə də “X16" həmin uçuşu həyata keçirmiş, sərnişinləri təyinat şəhərinə, yəni İstanbula çatdırmışdır. Yuxarıda göstərilənlərə baxmayaraq, "Azeturizm” MMC, ona müraciət etmiş iddiaçını boş qaytarmamış, göstərdiyi xidmətə (biletin bronlanması və satışı) görə aldığı cəmi 153,81 manat məbləğində xidmət haqqı pulunu İddiaçı tam həcmdə qaytarmışdır. Bundan başqa, iddiaçının aldığı uçuş biletləri “geri qaytarılmayan” statusunda olsalar da, Cavabdeh MMC-nin müraciətlərini nəzərə alan “X16” da humanistlik göstərərək, həmin biletlərin dəyərindən 690,19 manatı İddiaçı qaytarmışdır. Ümumilikdə 844 manatın ona qaytarılmasını İddiaçı özü də təsdiq edir, bu halı mübahisələndirmir. Göründüyü kimi, Cavabdeh MMC tərəfindən iddiaçıya və ya onun ailə üzvlərinə qarşı mülki hüqüq pozuntusu törətməmiş, onun hesabına əsassız varlanmamış, zərər vurmamışdır. Göstərilənlərə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi barədə” iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir (hakim X6).
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, hazırki iş üzrə cavabdeh iddiaçıya biletlərin alınması xidmətini göstərmiş, iddiaçı və onun ailə üzvləri üçün “X16” Şirkətinin həyata keçirdiyi Bakı-İstanbul-Bakı reysinə biletləri almışdır. Biletlərin dəyərini təşkil edən məbləğ cavabdehin göstərdiyi xidmət haqqı da daxil olmaqla Cavabdeh MMC-nin hesabına ödənilmişdir. Sonradan isə həmin biletlərin dəyərinin müəyyən nisbətini təşkil edən məbləğ iddiaçıya qaytarılmışdır. Biletlərin dəyəri 4-ü 385,45 manat, 2-si 375,44 manat və 1-i isə 44,51 manat təşkil etmişdir. Məhkəmə bu qənaətə gəlir ki, iddiaçıya ödənilməli olan məbləğ müvafiq qaydada Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixdə ödənildiyi üçün hazırda iddiaçı bütövlükdə məbləğin qaytarılmamış hissəsini təşkil edən məbləğ olaraq hesab etdiyi 1400 manat pulun tutulması tələbini əsassız olaraq ona biletlərin alınmasında vasitəçilik edən şirkətdən tutulması tələbini irəli sürmüşdür. İddiaçı və cavabdeh arasında olan hüquqi münasibətlər iddiaçının sifarişi əsasında cavabdehin online şəkildə aviaşirkətin biletlərinin alınmasından ibarət olmuşdur. Cavabdeh hüquqi şəxs aviaşirkətdən biletləri alaraq üzərinə düşən vəzifəni icra etmiş və cavabdehin fəaliyyəti bu xidmətin həyata keçirilməsi ilə məhdudlaşmışdır. Bundan sonrakı mərhələdə baş vermiş hər hansı qarşısıalınmaz qüvvənin təsirinə görə iddiaçının həmin biletlərdən istifadə etməməsində cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir. Hazırda biletlərin alınmasını həyata keçirmiş və həyata keçirdiyi fəaliyyətə görə xidmət haqqı almış vasitəçidən aviaşirkətin hesabına ödənilmiş bütün bilet haqqının tələb edilməsi əsaslı hesab edilə bilməz. Məhkəmə bir daha nəzərə çatdırır ki, iddiaçı tərəfindən 2330 manat məbləğində pul cavabdehin hesabına ödənilsə də, cavabdeh həmin vəsait əsasında iddiaçının sifarişinə əsasən uçuş biletləri əldə etmişdir. Həmin uçuş biletlərinin qaytarılmayan biletlər olması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur.Hazırda qaytarılmayan biletlərə görə tam məbləğin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır və buna dair iddia təmin edilməməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci, 777-ci, 778-ci, 783-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci, 14.2-ci, 77.1-ci, 82-ci, 217.4-cü maddələrinə, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə qeyd etmişdir ki, hamıyabəlli olan hallar və ya faktlar mübahisələndirilə bilməz. Çünki, bəzi aviabiletlərin xeyli ucuz olmasının səbəbi həmin biletlərin baqajsız və geri qaytarılmayan biletlər olmasıdır ki, bu da hamıya məlum olan haldır. Belə ki, Cavabdeh ona biletlərin qaytarılmayan biletlər olduğunu əvvəlcədən izah etməli idi. Cavabdehndən biletləri alan zaman ona həmin biletlərin qaytarılmayan bilətlər olması izah edilməmişdir. Bundan əlavə məhkəmənin hamıya məlum olan hal kimi qeyd etdiyi bəzi aviabiletlərin xeyli ucuz olmasının səbəbi həmin biletlərin baqajsız və geri qaytarılmayan biletlər olması ona məlum olan bir hal deyil.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
“Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.9-cu maddəsinə əsasən turizm xidmətləri – səyahətin məqsədindən asılı olaraq turistlərə ödənişli əsaslarla göstərilən yerləşmə, nəqliyyat (nəqliyyat vasitələrinin turistlərə kirayəyə verilməsi daxil olmaqla), turagent, turoperator, turizm bələdçisi, ictimai iaşə (qidalanma), əyləncə, idmansağlamlıq, mədəni, işgüzar tədbirlərin təşkili xidmətləri və turistlərin tələb və ehtiyaclarının ödənilməsini təmin edən digər xidmətlərdir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1400 manat pulun biletlərin alışı ilə bağlı xidmət göstərmiş Cavabdeh MMC-dən tutularaq ona qaytarılmasını tələb edir. İddiaçı qeyd edir ki, məhz təklif olunan aviabiletlərin digərlərinə nəzərən qiyməti daha münasib olduğu üçün o, biletləri Cavabdeh MMC vasitəsilə əldə etmişdir. Lakin, məhkəmə qeyd edir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisələndirilə bilməz. Çünki, bəzi aviabiletlərin xeyli ucuz olmasının səbəbi həmin biletlərin baqajsız və geri qaytarılmayan biletlər olmasıdır ki, bu da hamıya məlum olan haldır. Məhkəmə araşdırması zamanı müəyyən edilən hallardan onu qeyd etmək lazımdır ki, iddiaçı bundan əvvəl də biletlərə görə pulun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş, iş üzrə Xəzər Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qətnamə qəbul edilmişdir.Qeyd edilən qətnamədən tərəflər şikayət verməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.Qətnamə ilə müəyyən edilən hallar ondan ibarətdir ki, iddiaçı tərəfindən Cavabdeh şirkəti vasitəsilə “X16”nın həyata keçirdiyi Bakı -İstanbul-Bakı reysinə uçuş biletləri əldə edilmişdir. Həmin biletlər bütovlükdə qaytarılmayan biletlər kateqoriyasına aid olmuş, iddiaçı həmin biletləri aldığı gündən qısa bir müddət ərzində turizm şirkətinə müraciət etsə də, ona dərhal biletlərin müəyyən nisbətində faizlər çıxılmaqla qaytarılmalı məbləğ ödənilməmişdir. Belə ki, iddiaçıya yalnız xx.xx.2023-cü il tarixdə biletlərin qaytarılması nəzərdə tutulan faiz nisbəti ödənilməsi müəyyən edilmiş və xx.xx.2023-cü il tarixdə həmin pul iddiaçıya ödənilmişdir. Belə ki, hazırki mübahisəyə məhkəmədə baxarkən də iddiaçı ona hər bir biletə görə ödənilməli məbləğin ödənilməsini bildirmişdir.
24. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində turizmin anlayışı verilmişdir. Həmin normaya görə turizm Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olacağı ölkədə (yerdə) ödənişli fəaliyyətlə məşğul olmamaq şərtilə istirahət, sağlamlaşdırma, tanış olma, idraki (tarix və mədəniyyət sərvətlərindən bəhrələnmə və sair), iş-peşə (vəzifə borclarının icra edilməsi istisna olmaqla), idman və dini məqsədlərlə daimi yaşayış yerlərindən müvəqqəti getmələri (səyahətləri) mənasını ifadə edir. “Turizm haqqında” Qanuna əsasən, turizm məhsulu dedikdə, turistlərə göstərilən xidmətlər kompleksi (turistlərin yerləşdirilməsi, daşınması, yeməyi üzrə xidmətlər kompleksi, ekskursiya, həmçinin bələdçi (bələdçitərcüməçi) xidmətləri və səfərin məqsədlərindən asılı olaraq göstərilən digər xidmətlər) başa düşülür. Göründüyü kimi, iddiaçı MMC tərəfindən turagent kimi iddiaçıya turistlərin yerləşdirilməsi və hava yolu ilə daşınması növündə turizm məhsullarının satışı üzrə vasitəçilik fəaliyyəti həyata keçirilmiş, iddiaçıya biletlərin alınması xidmətini göstərmiş, iddiaçı və onun ailə üzvləri üçün “X16” Şirkətinin həyata keçirdiyi Bakı-İstanbul-Bakı reysinə biletləri almışdır.
25. Başqa sözlə, iddiaçı və cavabdeh arasında olan hüquqi münasibətlər iddiaçının sifarişi əsasında cavabdehin online şəkildə aviaşirkətin biletlərinin alınmasından ibarət olmuşdur. Cavabdeh hüquqi şəxs aviaşirkətdən biletləri alaraq üzərinə düşən vəzifəni icra etmiş və cavabdehin fəaliyyəti bu xidmətin həyata keçirilməsi ilə məhdudlaşmışdır. Bundan sonrakı mərhələdə baş vermiş hər hansı qarşısıalınmaz qüvvənin təsirinə görə iddiaçının həmin biletlərdən istifadə etməməsində cavabdehin hər hansı təqsirli hərəkəti müəyyən edilməmişdir.
26. Hazırda isə biletlərin alınmasını həyata keçirmiş və həyata keçirdiyi fəaliyyətə görə xidmət haqqı almış vasitəçidən aviaşirkətin hesabına ödənilmiş bütün bilet haqqını tələb etməkdə iddiaçının iddia tələbi əsaslı olmamışdır.
27. Eyni zamanda həmin uçuş biletlərinin qaytarılmayan biletlər olması Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə də təsdiq olunmuşdur.
28. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2024 nömrəli, 03 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.