Məhkəmə qərarları › İş №2(103)-6163/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6163/2022

06.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6163/2022 06.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə Müvəqqəti təminat tədbirinin görülməsinə dair İddiaçı MMMC-nin ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, ünvan 1 ünvanında yerləşən 24 mərtəbəli yaşayış kompleksinin 2-ci, 3-cü və 4-cü binalarının kollektiv mülkiyyətə məxsus texniki zirzəmilərində heç bir hüquqi sənədi olmadan qeyri-qanuni fəaliyyət göstərən kommersiya obyektlərinin - 2 ədəd avtoyuma məntəqəsinin, 1 ədəd idman zalının (fıtnes klub), 1 ədəd çilingər sexinin, 1 ədəd avtokimyəvi təmizləmə sexinin, 1 ədəd avtosökuntü sexinin fəaliyyətlərinin dayandırılması və həmin qeyri-qanuni kommersiya obyektlərinin bağlanması, həmin binaların texniki zirzəmisinin kollektiv mülkiyyət hesab edilməklə onlara kollektiv mənzil mülkiyyətçilərinin hüquqlarının tanınması, “Sahil-D Kompani" MMC tərəfindən icazə verilmiş və qeyri-qanuni satılmış, texniki zirzəmidə fəaliyyət göstərən kommersiya obyektlərində quraşdırılmış bütün avadanlıqarın, aparılmış hörgü və tikintilərin (sanuzelərin) cavabdehin hesabına sökülməsi, zirzəminin əvvəlki vəziyyətə qaytarılmaqla orada yerləşən texniki avadanlıq və qurğuların akt əsasında MMMC-nin idarəçiliyinə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə icraat davam etdiyi dövrdə iddiaçının nümayəndəsi müvəqqəti təminat tədbirinin görülməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında yerləşən 24 mərtəbəli yaşayış kompleksinin 2-ci, 3-cü və 4-cü binalarında olan texniki zirzəmilərdə fəaliyyət göstərən “avtoyuma məntəqəsinin (“Carbeauty”), polirovka sexinin (“Carbeauty”), “avtoyuma məntəqəsinin (“Mastevroş”), fitnes klubun (“Fitness Lab”), çilingər sexinin və maşın söküntü sexinin fəaliyyətinin müvəqqəti dayandırılması və yaşayış kompleksinin 2ci, 3-cü və 4-cü binalarında olan texniki zirzəmilərdə hər hansı fəaliyyətin həyata keçirilməsinin cavabdeh "Sahil-D Kompani” MMC-yə və üçüncu şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin 25 iyul 2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. Həmin qərardaddan, qərardadın maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini, məhkəmənin müvəqqəti təminat tədbiri barədə ərizəyə ayrı icraatda baxmalı olduğu halda, prosessual qanunvericiliyin tələblərini pozmaqla mülki işlə eyni icraatda baxdığı, fəaliyyət göstərdiyi 772 m2 sahəni onun mülkiyyətçisi olan X1 10 il müddətinə icarəyə götürməklə orada “Fitness Lab” adı altında sağlamlıq mərkəzi yaratdığı və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, qanuni istifadəsində olan obyektinin fəaliyyətinə qadağa qoyulmasının heç bir hüquqi əsasının olmadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmənin 15 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və materialı araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək 25 iyul 2022-ci il tarixli qərardad ləğv edilməli və ərizəyə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunla MPM-ə geniş həcmdə mühüm əlavə və dəyişikliklər edilmiş, dəyişikliklərin əhəmiyyətli hissəsi bir sıra vacib məsələlərə yeni konseptual yanaşmanın qəbul edilməsi ilə əlaqədar olmuş, sözügedən yanaşma həm də müvəqqəti təminat tədbirləri ilə bağlı məsələləri əhatə etmiş, yeni yanaşmanın təməlində ədalət mühakiməsinin səmərəliliyini təmin etmək, mülki məhkəmə icraatının xüsusiyyətləri nəzərə alınmaqla tərəflərin hüquqlarının balanslaşdırılmış müdafiəsinə nail olmaq və müvəqqəti təminat tədbirlərinin tətbiqi əsaslarını aydın şəkildə tənzimləmək məqsədi durmuşdur. Sözügedən dəyişikliklə gətirilmiş mühüm yeniliklərdən biri də ondan ibarətdir ki, artıq müvəqqəti təminat tədbirləri ilə bağlı ərizəyə ayrıca icraatda baxılmalıdır – lakin məhkəmə prosessual qanunvericiliyin bu tələbini nəzərə almayaraq iddiaçının müvafiq ərizəsinə icraatında olan mülki işlə birlikdə baxmış, bununla həm də müvafiq dəyişikliklə nail olunmasına çalışılan məqsədin - müvəqqəti təminat tədbirlərinin tətbiqinə dair icraatın əsas iddia üzrə icraatdan asılılığının aradan qaldırılması prinsipinin - pozulmasına şərait yaratmışdır. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 157.2-ci maddəsi müvəqqəti təminat tədbirlərinin hansı məqsədlər naminə tətbiq edilməli olduğunu təsbit edir; buna görə, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məcəllənin 157.5-ci maddəsinə görə isə, müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə aşağıdakılar əsaslandırılmalıdır: müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı; iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu. Yeni normalara görə ərizəçinin sadə, əsaslandırılmamış ərizəsi əsasında müvəqqəti təminat tədbirləri tətbiq edilə bilməz. Ərizəçidən gözlənilən odur ki, o, hüquqlarının müdafiəsi üçün iddia icraatının nə üçün yetərli olmadığını, nəyə görə müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsinə təcili ehtiyac yarandığını əsaslandırsın. Belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalıdır ki, mövcud vəziyyətin dəyişəcəyi halda ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, ərizəçinin hüquqlarının qorunmasını mümkünsüz edə və ya əhəmiyyətli dərəcədə çətinləşdirə bilər - ona görə də, ərizəçinin hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Beləliklə qanunverici tələb edir ki, birincisi, ərizədə iddia tələbinin əsaslılığına dair ilkin sübutlara istinad olunmalıdır. Digər tərəfdən isə həmin ilkin sübutlar iddia tələbinin kifayət qədər əsaslılığına dəlalət etməlidir. Beləliklə, qanunverici “kifayət qədər” ifadəsindən istinad etməklə ilkin sübutlarla bağlı standartı da yüksək tutmuşdur. Bu isə onu tələb edir ki, məhkəmələr ilkin sübutların mövcudluğu ilə bağlı məsələyə qiymət verərkən həmin sübutların iddia tələbinin əsaslılığına adi deyil, kifayət qədər dəlalət etmiş olması nəticəsinə gəlməlidirlər. İşdən görünür ki, məhkəmə yuxarıda şərh olunan meyarları ümumiyyətlə araşdırmamış, heç bir əsaslandırma aparmadan müvafiq nəticəyə gəlmişdir. Halbuki, MPM-in 264.0.5-ci maddəsinə əsasən ayrıca akt şəklində qəbul edilən qərardadda məhkəmənin gəldiyi nəticələrin səbəbləri və məhkəmənin rəhbər tutduğu qanunlara istinad edilməsi göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, müvəqqəti təminat tədbirləri tətbiq edilərkən ümumi hüquqi prinsip kimi mütənasiblik prinsipinin tələbləri də nəzərə alınmalıdır. MPM-in 157.6cı maddəsindəki yeni tənzimləmələr tələb edir ki, müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Bu yeni tənzimləmələr ona işarə edir ki, hətta digər əsaslara görə müvəqqəti təminat tədbirlərinin tətbiqi mümkün olsa belə, mütənasiblik prinsipi baxımından yol verilən hesab edilməyə bilər. Ona görə də, məhkəmələr belə ərizələr üzrə müvəqqəti təminat tədbirinin hansı növünün tətbiqi ilə bağlı seçim edərkən həmişə mütənasiblik prinsipinin tələblərini nəzərə almaqla qiymətləndirmə aparmalıdırlar. Mütənasiblik prinsipinə görə isə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bununla bağlı olaraq onu da nəzərə almaq lazımdır ki, "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 14 mart tarixli qərarında da mütənasiblik prinsipinə xüsusi vurğu edilməklə belə bir hüquqi mövqe ifadə olunmuşdur ki, tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır və buna görə də, məhkəmələr belə ərizələrə baxarkən tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını yoxlamalı və müvafiq meyarlara istinadla qiymətləndirməlidirlər. Şikayətçinin şikayətə əlavə etdiyi sənədlərdən, onun fəaliyyət göstərdiyi sahənin X2 mülkiyyətində olduğu və şikayətçiyə uzun müddətli icarəyə verildiyi aydın olur; bu isə o deməkdir ki, görülməsi tələb olunan tədbirlərin MPM-nin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olub-olmadığına qiymət verilməli, şikayətçinin həmin ərazidə hansı əsasla fəaliyyət göstərdiyi, fəaliyyətinin qanunvericiliyə uyğun olub-olmadığı aydınlaşdrılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3040/2022 saylı iş üzrə 25 iyul 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş, müvəqqəti təminat tədbirinin görülməsinə dair İddiaçı MMMC-nin ərizəsinə bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla qanunvericiliklə müəyyənləşdirilmiş qaydada yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar