Məhkəmə qərarları › İş №2(103)-6166/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6166/2020

20.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6166/2020 20.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu, 4 mkr, 20 Yanvar küçəsi, ev 3, X4 (mənzil 91) və Cavabdeh2 (mənzil 61) ümumi sahəsi 70 kv.m olan zirzəmisinin cavabdeh X4 (mənzil 91) və Cavabdeh2 (mənzil 61) tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, X1 1430 manat və Cavabdeh2 510 manat icarə haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin iş № 2(006)-898/2020-ci il saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh X1 1430 (min dörd yüz otuz) manatməbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, Cavabdeh2 510 (beş yüz on) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh X4 apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X4 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı onunla əqdi bağlayarkən qanunla müəyyən edilmiş forma və tələblərə riayət etməmişdir, əmlakın mülkiyyət hüququ ilə bağlı sənədlərini təqdim etməmişdir. Müqavilə münasibətlərinin tənzimlənməsi üçün notariusa getməyi təklif etsə də iddiaçı bunu etməmişdir. Məhkəmə prosesinin gedişində əmlaka mülkiyyət hüququnun kimə məxsus olmasını müəyyən etmək məqsədi ilə müraciət etmiş olsa da, vəsatəti məhkəmə qəbul etməkdən imtina etmiş, ümumiyyətlə isə bu barədə xahişlərinə faktiki olaraq məhəl qoymamışlar. Həmin vəsatətlərin verilməsinə səbəb, iş üzrə məhkəmə baxışının tamlığı, hərtərəfliliyini və obyektivliyini təmin etmək olmuşdur. İş materiallarında olan sənədlərdən, işin faktiki hallarından və qanunvericiliyin tələblərindən göründüyü kimi birinci instansiya məhkəməsi qətnamə çıxarılarkən işi faktiki olaraq araşdırmamışdır. Bu səbəbdən məhkəmənin qətnaməsi tam qanunsuz və əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəməyə gəlməmişlər, səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X3 münasibətdə dəyişdirilməli, qalan hissədə isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apelyasiya baxışının hədlərini qətnamənin X3 aid hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, digər cavabdeh qətnaməni ona aid hissədə mübahisələndirməmişdir. İş materiallarında olan 11 №-li MTK-nın üzvlərinin ümumi iclasının xx.xx.2017-ci il tarixli, 1 №-li protokolundan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci ilə qədər 11 saylı MTK-nın sədri vəzifəsinə seçilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı - icarəyə verən ilə X4 - icarəçi arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli qeyri-yaşayış sahələrinin icarəsi müqaviləsinin surətinin məzmunundan görünür ki, İddiaçı MTK RBŞ-11 əsasında 4 MKR, 20 yanvar küçəsi, ev 3, mənzil 91-də yerləşən 40 kv.metr olan zirzəmi və yarımzirzəmini xx xxxxxx 2016-cı il tarixədək illik 292 manat məbləğində icarə haqqı ödəmək şərti ilə X2 icarəsinə vermişdir. İş materiallarında olan İddiaçı - icarəyə verən ilə X4 - icarəçi arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli qeyri-yaşayış sahələrinin icarəsi müqaviləsinin surətinin məzmunundan görünür ki, İddiaçı MTK RBŞ-11 əsasında 4 MKR, 20 yanvar küçəsi, ev 3, mənzil 91-də yerləşən 40 kv.metr olan zirzəmi və yarımzirzəmini xx xxxxxx 2017-ci il tarixədək illik 292 manat məbləğində icarə haqqı ödəmək şərti ilə X2 icarəsinə vermişdir. İş materiallarında olan İddiaçı - icarəyə verən ilə X4 - icarəçi arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli qeyri-yaşayış sahələrinin icarəsi müqaviləsinin surətinin məzmunundan görünür ki, İddiaçı MTK RBŞ-11 əsasında 4 MKR, 20 yanvar küçəsi, ev 3, mənzil 91-də yerləşən 40 kv.metr olan zirzəmi və yarımzirzəmini xx xxxxxx 2018-ci il tarixədək illik 292 manat məbləğində icarə haqqı ödəmək şərti ilə X2 icarəsinə vermişdir. İş materiallarında olan İddiaçı - icarəyə verən ilə X4-icarəçi arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli qeyri-yaşayış sahələrinin icarəsi müqaviləsinin surətinin məzmunundan görünür ki, İddiaçı MTK RBŞ-11 əsasında 4 MKR, 20 yanvar küçəsi, ev 3, mənzil 91-də yerləşən 40 kv.metr olan zirzəmi və yarımzirzəmini xx xxxxxx 2020-ci il tarixədək illik 292 manat məbləğində icarə haqqı ödəmək şərti ilə X2 icarəsinə vermişdir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlillərinə münasibətdə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia tələbinin məzmunundan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlərə məxsus müvafiq olaraq 91 və 61 saylı mənzillərin altında yerləşən zirzəmilərin onlar tərəfindən boşaldılmasını xahiş etmiş, sonradan məhkəmə prosesinin gedişində isə iddia tələbini dəyişərək cavabdehlərdən müvafiq olaraq 1430 manat və 510 manat olmaqla, cəmi 1940 manat zirzəmilərin icarəyə verilməsi ilə bağlı yaranmış borcun cavabdehlərdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İşin birinci instansiya məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə müqavilə münasibətləri cavabdehlərlə BŞİ-11 MTK arasında mövcud olmuşdur. İddiaçı tərəflər arasında bağlanmış və surəti iş materiallarına əlavə edilmiş icarə müqavilələrini şəxsən öz adından deyil, təmsil etdiyi BŞİ-11 MTK-nın vəzifəli şəxsi kimi imzalamış, həmin müqavilələr MTK-nın möhürü ilə təsdiq edilmişdir. Lakin iddia tələbinin və ona edilmiş dəyişikliyin məzmunundan görünür ki, İddiaçı həmin, iddianı təmsil etdiyi MTK-nın adından və onun mənafeyi üçün deyil, öz adından və öz mənafeyi üçün qaldırmış, cavabdehlərdən alınacaq pul məbləğinin MTK-ya deyil, ona ödənilməsini xahiş etmişdir. Öz iddia tələbinin faktiki əsası kimi isə İddiaçı cavabdehlərlə BŞİ-11 MTK arasında bağlanmış icarə müqavilələrinə istinad etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İddiaçı həmin MTK-nın sədri olmasını əsas gətirərək iddia qaldırmaq hüququnun olduğunu bildirsə də, məhkəmə onun bu dəlilini qanuni və əsaslı hesab etmir. İddiaçı hazırkı iddianı qaldirmağa subyektiv hüququnun olmadığı müəyyən edildiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin işin faktiki halları ilə bağlı dəlillərinin araşdırılmasına ehtiyac görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən maddi hüquq normalarını pozmuş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)- 898/2020 saylı qətnaməsi qismən - iddiaçı X3 aid hissədə ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar