Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6167/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə İddiaçının nümayəndəsi-vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "qeyri-yaşayış sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(006)- 108/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyri-yaşayış sahəsindən çıxarılma və ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 iyun 2018-ci ildə hərrac vasitəsilə ünvan 1 ünvanda yerləşən 13.0 kv.m qeyri-yaşayış sahəsini satın almışdır. Bunun üçün iddiaçı 06 iyun 2018-ci il tarixdə X5 filialında 2000 manat beh ödəyib 12 iyun keçirilən hərracda iştirak edərək qalib olmuşdur. Qeyri-yaşayış sahəsinə görə tam ödənişi 11 iyul 2018-ci ıl tarixdə etdikdən sonra 02 avqust 2018-ci ıl tarixdə həmin daşınmaz əmlakı üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrinin Bakı Şəhər Ərazi idarəsində qeydə alınıb və iddiaçı Seriya RX ******* saylı ********** nömrəli çıxarış almışdır. Lakin Cavabdeh qeyri-yaşayış sahəsini qanunsuz zəbt etməsi səbəbindən bu günə kimi iddiaçı mülkiyyətində olan həmin qeyri-yasayış sahəsinə daxil ola, ondan istifadə edə bilmir. Dəfələrlə cavabdehə qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı müraciət etsə də, iddiaçının müraciətlərinə cavabdeh heç bir məhəl qoymayıb. İddiaçının məqsədi qeyriyaşayış sahəsinin təmirini 2018-ci ilin avqust ayının axırına yekunlaşdırıb 300 manat icarə haqqı müqabilində icarəyə vermək idi. Lakin cavabdehin iddiaçının əmlakını zəbt etməsi səbəbindən iddiaçı onu icarəyə verə bilməmiş və bu vaxta kimi 2700 manat gəlirdən məhrum olmuşdur. İddiaçı icarə haqqının məbləğini aylıq 11 manat müəyyən etmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 13.0 kv.m qeyri-yaşayış sahəsindən çıxarılması və iddiaçının əldən çıxardığı 2700 manat gəlirin Cavabdeh alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edilərək Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 13.0 m qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(006) -108/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh həmin qətnaməni rəsmi qayadada 18 aprel 2021-ci il tarixdə almışdır. Bildirmək istəyir ki, ilkin mülkiyyətçi o olduğundan Hərrac Mərkəzi qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmlakı ilk öncə ona təklif etməli idi. Lakin müvafiq qurum qanunun tələblərini gözardı edərək əmlakın hissəsini qəsdən iddiaçının adına rəsmiləşdirmişdir. Onlar hərrac nəticəsinin ləğvi barədə məhkəməyə müstəqil iddia qaldırmışdır və hal-hazırda həmin işə rayon məhkəməsində baxılmaqadır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(006)- 108/2021 saylı qətnaməsini ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi-vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 02.08.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsində yerləşən 2 saylı evin İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 217 saylı reyestr kitabının 20408 nömrəli səhifəsində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportun notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, 2 ünvanında 1-ci mərtəbəsində yerləşən və X4 məxsus olan ümumi sahəsi 13,0 kv.m. qeyri-yaşayış sahəsi 8,9 kv.m boş sahədən və 4,1 kv.m boş sahədən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 10/2703 №-li məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən və iddiaçının mülkiyyətində olan, ölçüsü 13,0 kv.m olan qeyri-yaşayış sahəsi texniki pasportun məlumatlarına əsasən cavabdehin mülkiyyətində olan əraziyə daxil deyildir. İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanda yerləşən 13,0 kv.m. qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin araşdırılan hallarını və qanunvericiliyin sadalanan normalarını nəzərə alıb məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı mübahisədə iddiaçı cavabdehə qarşı ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılma tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, hazırda iddiaçının mülkiyyət hüququ pozulmuşdur, tələbin həllinə də bu aspektdən yanaşılmalıdır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin faktiki olaraq onun istifadəsində olması onun həmin əmlakı özündə saxlamaq və mülkiyyətçiyə geri qaytarmaqdan imtina etməsi üçün əsas deyildir. Cavabdeh onun tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçının adına özgəninkiləşdirilməsinə dair hərəkətlərlə bağlı məhkəmədə iddia qaldırdığını bildirmişdir, Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədə belə bir tələbə dair mülki işin mövcud olması faktı özlüyündə hazırkı iddianın əsaslılığını şübhə altına almır. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X2 Haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası izah edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrə əsaslanmaqla məhkəmə qətnaməsinin ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli, 2(006)-108/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6167/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6167/2021
25.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver