Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6167/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərinin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçı, Cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı maddi və mənəvi zərərinin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1297/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə xx.xx.1991-ci ildə X5 ilə nikaha daxil olmuş, nikah bağlanandan sonra arvada “Atayeva” soyadı verilmişdir.
2. X6 xx.xx.1995-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsi 23 saylı Şəhər Poliklinikasında “sahə həkimi terapevti” işləmişdir.
3. Suraxanı rayonu 23 saylı Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixdə keçirilmiş iclasında poliklinikanın baş həkimi tərəfindən “TƏBİB” PHŞ-nin əmri və BBSİ-nin telefonoqramları elan edilərək, “COVİD-19” xəstəliyi ilə mübarizə çərçivəsində bir nəfər sahə həkiminin “Atletlər kəndi”ndə yerləşən modul tipli klinikaya tələb olunduğu bildirilmiş, könüllülük prinsipi əsasında həkimlərə söz verildikdə sahə həkimi Verdiyeva Günel getmək istədiyini bildirmiş, lakin həmin vaxt digər sahə həkimi Atayeva Mətanət birinci özünün göndərilməsini xahiş edərək bildirmişdir ki, oğlu hərbi xidmətdən qayıdanadək bu vəzifəsini yerinə yetirib evdə olmaq istəyir. Xahişinə əsasən (bu hal iş yoldaşları tərəfindən verilmiş izahatlarla da öz təsdiqini tapır), iclasda Atayeva Mətanətin 1 həftəlik (xx.xx.2020xx.xx.2020) tələb olunan yerə ezam edilməsi qərara alınmışdır.
4. 23 nömrəli şəhər poliklinikası tərəfindən sahə həkimi-terapevti olan X4 verilən xx.xx.2020-ci il tarixli ezamiyyə vəsiqəsindən görünür ki, o, 38 №-li əmrə əsasən həmin tarixdən koronavirus (Covid-19) pandemiyasına qarşı işləmək üçün “Atletlər kəndi”nə ezam edilmişdir. Ezamiyyə vəsiqəsinin arxa tərəfində X3 xx.xx.2020-ci ildə “Atletlər kəndi”ndən çıxması qeyd edilmişdir.
5. X1 yoluxduğundan xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə ATU TTK-da stasionar müalicədə olmuş, xx.xx.2020-ci il tarixdə “Dig.rubrikalarda təsnif olunan virus xəstəlikləri zamanı müş.ed.pnevmoniya (COVİD-19)” olması səbəbindən ölmüşdür.
6. 23 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli, 88-K nömrəli əmrindən görünür ki, xx.xx.2020-ci il tarixli AZ-İİ N 089393 nömrəli “Ölüm haqqında şəhadətnamə”yə əsasən sahə həkimi-terapevti X6 ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndi ilə xx.xx.2020-ci il tarixindən xitam verilməsi, Məcəllənin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi, son haqq-hesabının, əmək kitabçasının, əmrin surətinin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq vərəsələrinə verilməsi barədə əmr verilmişdir.
7. X3 həyat yoldaşı İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə, Səhiyyə Nazirinə və TƏBİB-in idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, mərhum həkimin məhz ezamiyyə dövründə xəstələnərək, sonda ailə başçısının itirilməsini nəzərə alaraq, ailənin qalan üzvlərinə vurulan maddi və mənəvi ziyana görə bu hadisəni fərdi hal kimi araşdıraraq, qanun çərçivəsində bu itkiyə görə təzminat ödənilməsini ailəsi adından xahiş etmişdir.
8. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən İddiaçı göndərilmiş xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, 2 saylı Bakı “ASAN xidmət” mərkəzindən verilmiş xx.xx.2010- cu il tarixli, AZ-İİ № 089393 nömrəli “ölüm haqqında şəhadətnamə”də X3 ölümünə səbəb “Dig.rubrikalarada təsnif olunan virus xəstəlikləri zamanı müş.ed.pnevmoniya (COVİD-19)” olduğu göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 1.2-ci bəndində virusa yoluxma nəticəsində işçilərin səhhətinin pozulması halının təhqiq edilməsi isə nəzərdə tutulmamışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3549/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı (üçüncü şəxs “TƏBİB” PHŞ) “ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Qərardad yuxarı instansiyalar tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
10. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Bakı şəhər Baş Səhiyyə İdarəsi arasında **********69 nömrəli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və X6 xx.xx.2020-ci ildən xx.xx.2021 - ci il tarixinədək sığorta təminatında olmuşdur. Lakin qeyd edilən müqavilə üzrə X3 ailə üzvlərinə (vərəsələrinə) sığorta ödənişi edilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2 PHŞ-yə, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞyə və X12 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2 həkimi-terapevt olaraq ezamiyyət dövründə xəstələnməsi və sonda vəfat etməsi səbəbi ilə dərin psixoloji sarsıntı keçirən, ailə başçısını itirən ailəyə maddi zərərin əvəzi kimi 15.000 manat, mənəvi zərərin əvəzi kimi 70.000 manat pulun cavabdehlərdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Baş Səhiyyə İdarəsinin 31.32 saylı telefonoqramması və TƏBİB-in xx.xx.2020-ci il tarixli 01-07 əmrinə əsasən 23 №-li poliklinikanın rəhbərliyi – həkim-terapevt X6 başda olmaqla həkim briqadası COVİD-19-a yoluxmuş xəstələrin müalicəsi üçün 10-16 iyun 2020-ci il tarixlərində Atletlər kəndinə ezamiyyətə göndərilmişdir. İyun ayının 17-dən virusa yoluxmuş xəstələrlə təmasda olduğundan, Atayeva Mətanət işə çıxmamış, evdə karantində olmuşdur. İyun ayının 21-də həkimdə COVİD-19-un simptomları hiss edilməyə başladı. Evdəki müalicə yetərincə fayda vermədiyindən o, iyun ayının 24-ü axşamüstü, halı yüngül ağırlaşmış halda 103 xidmətinin köməyi ilə Tibb Universitetinin Terapiya Korpusuna yerləşdirildi. Həkimin yüksək peşəkarlıqla özünü, evdə olan böyük oğlu Məsimi və iddiaçını qoruması nəticəsində bu dövr ərizində iddiaçı və oğlu COVİD-19-a yoluxmamışdır. İyun ayının 25-dən isə 23 nömrəli poliklinikanın rəhbərliyi tərəfindən iddiaçının və oğlunun işə getməməsi və evdə karantində qalmalarına göstəriş verdilər. İddiaçıya məlum olmayan səbəblərdən yoldaşının halı müalicəsinin dördüncü günü qəflətən ağırlaşdığından onu koma vəziyyətinə salaraq, reanimasiya şöbəsinə yerləşdirirlər. Həkimlərin uzun-uzadı, qeyri-effektiv müalicəsinin, alınaraq vaxtında çatdırılan müalicə preparatların və s. heç bir köməyi olmadı və ömürboyu heç bir yanaşı xəstəliyi olmayan yoldaşı müalicəsinin 28-ci günü – 2020-ci il iyul ayının 22-də dünyasını dəyişdi. Onun vəfatı - bu faciə əsgəri xidmətdən yenicə qayıdan (xx.xx.2020), onunla uzun müddət görüşə bilməyən (hərbi hissələrdə karantin olduğundan) kiçik oğluna, hələ evləndirə bilmədikləri böyük oğluna və iddiaçıya çox pis təsir etmişdir. Bu itki ilə bağlı uzun sürən narahatlıq, həyəcan, üzücü məlumatsızlıq səbəbindən səhhətində yaranan kardioloji və nevroloji problemlərlə bağlı bu mövzuya gec müraciət edilmişdir. Bir tərəfdən də məmurların xx.xx.2021-ci il tarixli müraciət məktubuna laqeyd, məsuliyyətsiz münasibətləri səbəbindən bu məktuba ya heç cavab almayıb, ya da 4-5 aya cavab almışdır. Yaranmış gərgin psixoloji vəziyyətlə bağlı iddiaçı və kiçik oğlu Asim uzun müddət çoxsaylı tibb müəssisələrində müayinə, müalicə olunmuş və vəziyyəti düzəlmədiyindən tibbi əməliyyat olunmuşdur. Rəsmi qaydada əldə etdiyi sənədlər təsdiqləyir ki, ezamiyyətdə olan həkim briqadası dözülməz ağır iş qrafiki şəraitində istirahətsiz işlədilərək “istismar” ediliblər. Risk qrupuna yaxın 56 yaşlı xanımı ezamiyyətə göndərməmişdən, həm Səhiyyə Nazirliyi, həm də “TƏBİB” öz işçilərini insan sağlamlığı üçün zərərli və təhlükəli virus olan qapalı bir yerə ezam etməmişdən əvvəl onların həyatını ən yüksək risklərdən və ölümdən sığorta ilə təmin etməli, iş yerlərində qanunauyğun normal iş şəraiti yaratmağa borclu idilər. İşçilərin yerlərdə bütün növ sığorta təminatı, əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsinə dövlət nəzarəti məhz X12 Xidmətinin vəzifə borcudur. Bu baxımdan bu üç dövlət orqanı baş vermiş ölüm hadisəsinin təşkilatçıları və iştirakçılarıdırlar. Baş vermiş ölüm hadisəsinin əsas səbəbləri dövlət orqanlarının vəzifəli şəxslərinin aşağıdakı qanun pozuntularıdır: 1) Tabeçilik üzrə yuxarı təşkilatlara ezamiyyət (respublika ərazisi daxilində) müddəti yolda olduğu vaxt nəzərə alınmadan işçilər üçün 5 gündən artıq olmamalıdır. 23 nömrəli şəhər poliklinikasının 38 nömrəli əmrinə əsasən həkimi ezamiyyətə xx.xx.2020-ci il tarixdən ezamiyyətə göndərən rəhbərlik ezamiyyətin bitmə vaxtını heç müəyyən etməyib?! İş vaxtının istifadəsi cədvəlindən isə görünür ki, onları 7 gün ezamiyyətə göndəriblər. Qanun 5 gündən əlavə olaraq ezamiyyət vaxtının uzadılmasına yol verdiyi halı nəzərə alsaq, burada mütləq ikinci əmrlə ezamiyyətin vaxtı uzadılmalı idi. Belə bir əmr isə təəssüf ki, yoxdur. 2) Xüsusi xarakterli işlərdə çalışan işçilərin qısaldılmış iş vaxtı tələbi yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edir. Əmək Məcəlləsinin 89-cu maddəsi işçilər üçün gündəlik normal iş vaxtının müddətini 8 saatadək müəyyən edir. Həkim briqadasını isə 5 günə 60 saat, 7 günə 84 saatlıq iş qrafikinə məcbur ediblər. 3) Əmək Məcəlləsinin 99-cu maddəsinin 4-cü bəndində Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz yazılıb. Həkim briqadasını isə 8+2 əvəzinə 8+4 saatlıq iş qrafikinə məcbur ediliblər. 4) ƏM-nin 100-cü maddəsində Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox ola bilməz yazılıb. Həkim briqadasını isə 8+10 saat əvəzinə 12+12 saatlıq iş qrafikinə məcbur ediblər. Budur əsl istismar. 5) Əmək Məcəlləsinin 209-cu maddəsinə görə işçilərin iş yerlərində hər hansı təcili və təxirəsalınmaz iş görmələrindən aslı olmayaraq rəhbərlik qanunamüvafiq tədbirlər çərçivəsində işçinin sağlamlığının mühafizəsi üçün qanunauyğun iş qrafiki yaratmağa borcludur. Əmək Məcəlləsinin çoxsaylı tələb və normalarının kobud pozulması şəraitində ezamiyyətdə olan həkimin vaxtı uzadılmış dözülməz ağır iş şəraitində - 7 gün dalbadal hər gün 12 saat olmaqla, fasiləsiz, iş günləri arası istirahətin verilməməsi, 7 günə 84 saat işə cəlb edilməsi səbəbindən yeni növ ölümcül virusa yoluxmuş xəstələrlə qapalı şəraitdə, uzun-uzadı fasiləsiz, yüksək həssaslıqla, həyəcanlı, gərgin əsəbi vəziyyətdə istirahətsiz işlədilərək, sonda həkimin fiziki yorğunluğuna – tükənmişlik halına çatdırılması, zəifləmiş orqanizminin yüksək doza virus qəbul etməsi səbəbindən o, COVİD-19-a yoluxaraq, sonda uzun müalicədən sonra dünyasını dəyişmişdir. Hadisənin COVİD-19-la bağlı olması ona fərdi və xüsusi hal kimi yanaşma tələb edir. Respublikamızda pandemiyanın rəsmən 2020-ci ilin mart ayında elan edildiyindən sonrakı dövrdə: iyun ayının 10-na kimi öz iş yerində daima xəstələrlə təmasda olan həkimin özünü və ailəsini peşəkarlıqla qoruya bilməsi bir daha ezamiyyətdə olduğu müddətdə hansı ağır və dözülməz iş şəraitli mühitdə “istismar” edildiyini sübut edir. İyun ayının 17-dən evdə karantində olması, xəstəliyin simptomlarının sonradan biruzə verməsini: baş verənləri rəhbərliyin qanunsuz hərəkətləri (hərəkətsizlikləri) ucbatından işdə baş vermiş hadisə kimi və Əmək Məcəlləsinin çoxsaylı tələb və normalarının pozulması, Məcəllənin 313-cü maddəsinin Əmək qanunvericiliyini pozmağa görə cinayət məsuliyyəti tələbi ilə araşdırılması məhkəmədən xahiş edilmişdir. İndiyə qədər bu hadisə ilə əlaqədar 23 nömrəli poliklinikanın rəhbərliyinə, Səhiyyə Nazirliyinə, TƏBİB-ə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinə ünvanladığı xx.xx.2021-ci il tarixli şikayət məktubuna heç bir dövlət orqanından qanun pozuntularına və ailəyə dəymiş ziyana görə təzminat ödənilməsinə münasibət bildirilməyib. 1) iddiaçının xx.xx.2021-ci il tarixli məktubuna Səhiyyə Nazirliyi iddiaçının oktyabr ayının 11-də aldığı məktunbunda məsələni həll etmək üçün ərizəni İcbari Tibbi Sığorta Agentliyinə göndərdiyini bildirib. 2) TƏBİB-in uzunmüddətli susması səbəbindən iddiaçı onların daxili qaynar xətti ******* telefon nömrəsinə ən azı bir ay hər gün zəng vurmuş, lakin təəssüf ki, bu telefona cavab verən olmamışdır. Daima vacib zənglərlə məşğul olan 1542 qaynar xəttinə zəng isə yarım saatdan sonra baş tutmuşdur. Uzun-uzadı danışıqlardan sonra iddiaçıya vəd edilən nə telefon əlaqəsi olmamış, nə də rəsmi cavab. 3) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixli cavb məktubu ilə ərizəmi baxılmaq üçün İcbari Sığorta üzrə Dövlət Agentliyinə göndərdiyini bildirərək, öz işini bitmiş hesab edirdi. Çoxsaylı telefon zənglərindən sonra və onlara ünvanladığı xx.xx.2021-ci il tarixli teleqramdan sonra iddiaçıya yazdıqları məktubda məsuliyyətdən qaçaraq, qanun pozuntularına münasibət bildirmədən məntiqsiz bir cavab vermişlər. Vəzifə borcu olaraq X12 Xidmətinin işçiləri bu iki dövlət qurumunun ucbatından baş vermiş qanun pozuntuları və ölüm hadisəsinin baş verməsində onların hər birinin ayrı-ayrılıqda qanuna zidd hərəkətlərini (hərəkətsizlikləri) araşdıraraq ortaya qoymalı idilər. İşçilərin yerlərdə bütün növ sığorta təminatı, əməyin mühafizəsi üzrə vəzifələrin yerinə yetirilməsinə dövlət nəzarəti məhz DƏMX-nin vəzifə borcudur – bu, onların nizamnaməsində yazılmışdır. Adı çəkilən bu 3 dövlət qurumunun vətəndaş müraciətlərinə qanunazidd, qeyri-etik münasibətləri, səhlənkar məsuliyyətsiz yanaşmaları, ötür-ötür oyunu, bir-birini “ələ verməmək”, susmaq oyunları sonda məsələni daha vacib işlərlə məşğul olmalı olan məhkəməyə süni yük olaraq gətirib çıxarır. Öz gündəlik işində daima vicdanlı, fəal çalışması, Yeni Azərbaycan Partiyasının faəl üzvü kimi, peşəkar həkim kimi, X16 fəal ictimaiyyətçi kimi respublika səviyyəsində keçirilən bütün növ tədbirlərdə, bütün növ seçkilərdə məntəqə seçki komissiyasının sədr müavini, məntəqə seçki komissiyası sədri olan, Formula 1 yarışlarında, ilk Avropa İdman oyunlarında, İslam idman oyunlarında həkim-nəzarətçi kimi iştirak edərək, təşkilat komitəsinin sədri Mehriban Əliyevanın və Respublika Prezidentinin təşəkkürnaməsini alan, Prezidentin pandemiyaya qarşı tədbirlərini həyata keçirməyə könüllü qoşulan bir şəhidhəkimin taleyinə və ailəsinə görəsən niyə belə laqeyd münasibət bəslənilir? Bu qədər insafsızlıq olarmı? Məsələnin araşdırılması, günahkar şəxslərin müəyyən edilməsi, sığorta təminatı və ailəyə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi məqsədilə iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. Bir il davam edən məhkəmə boş-boşuna 5-6 iclas keçirərək, yeganə bir faktı – mərhumun "xxxx" ASC tərəfindən icbari sığortalandığını ortaya çıxardı. Səhiyyə Nazirliyi, Bakı Baş Səhiyyə idarəsi, 23 nömrəli poliklinikanın rəhbərliyi, onların həmkarlar ittifaqı sədri düz 19 ay ərzində bu müqavilənin olması barədə rəsmi müraciətə susdular, heç kimdə bu barədə məlumat yoxdur deyə iddiaçıya yalan söyləyirdilər. Məhkəmənin adı gələn kimi tələm-tələsik müqavilə ortaya çıxdı. Həm də müəmmalı cəhət odur ki, müqavilə niyə görə isə ilkin əvvəlindən deyil, xx.xx.2019-cu il tarixindən, özü də bu müqavilədən heç xəbəri olmayan 23 nömrəli poliklinikanın Baş Həkimi tərəfindən imzalanmışdır. Göründüyü kimi, bu işlə bağlı olan “məmur əmilərin” qaranlıq, dolaşıq və fırıldaq əməlləri çoxdur. Birinci instansiya məhkəməsi iddianın mülki məhkəmə icraatı qaydasında araşdırılmasının mümkünlüyü qərarını çıxarmışdır. Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati Kollegiyası da birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərarını veriblər. Qeyd olunanlara əsasən Əmək Məcəlləsində və digər hüquqi normativ sənədlərdə nəzərdə tutulan əməyin mühafizəsinin norma və tələblərinin kobud surətdə pozulması səbəbindən tükənmişlik səviyyəsinə çatdırılaraq virusa yoluxdurulan həkim-terapevt X3 məhz işdə (ezamiyyətdə olduğu zaman) xəstələnərək sonradan dünyasını dəyişməsində günahkarların müyyən edilməsi fərdi hal kimi araşdırılmalıdır. Bu hadisənin günahkarları “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ, TƏBİB və DƏMX-nin birbaşa səhvi ucbatından baş vermiş bu itkiyə görə insani ədalət hisslərini və qanunun aliliyini rəhbər tuturaq, işçilərin istehsalatda əsas iş yerindən kənarda əmək şəraiti insan sağlamlığı üçün zərərli və təhlükəli olan yerlərdə yüksək fərdi sığorta təminatı tələblərini əsas götürərək, mərhumun məhz ezamiyyət dövründə xəstələnərək, sonda vəfatı səbəbindən dərin psixoloji sarsıntı keçirən, ailə başçısını itirən ailəyə vurulan 15000 AZN maddi və 70000 AZN mənəvi ziyana görə təzminat ödənilməsini təmin etmək üçün cavabdehlər qarşısında tələb qərarı çıxarılmalıdır.
13. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi kimi 202.912 manat, mənəvi zərərin əvəzi kimi 70.000 manat pulun cavabdehlərdən tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Atletlər kəndində ezamiyyətdə olduğu zaman heç bir insanlığa sığmayan, dözülməz əmək şəraiti səbəbindən uzunmüddətli, yüksək həssas, həyəcanlı, əsəbi, gərgin vəziyyətdə 7 gün fasiləsiz və istirahətsiz hər gün 12 saat olmaqla işlədilərək sonda həkimin tükənmişlik halına çatdırılması, zəifləmiş orqanizminin ağır doza virus qəbul etməsi səbəbindən o, COVİD-19-a yoluxaraq, xəstəxanada 28 gün müalicə olunmuşdur. Vəziyyətinin ağır olması səbəbindən onu müalicə edən həkim-reanimatoloq Qasımov Emilin təyin etdiyi yüksək təsirli xarici müalicə preparatlarının alınması və s. ilə bağlı ailə büdcəsindən aşağıda göstərilən müalicə və digər maliyyə vəsaiti xərclənmişdir. İddiaçı və ailə üzvləri bu vaxt evdə karantində olduqlarından həkimin müalicəsi üçün alınan və vaxtında çatdırılan preparatlar qaynının həyat yoldaşı Hacıyeva Solmaz və digər qaynının oğlu Hacıyev Elçin Z. oğlu tərəfindən çatdırılmışdır. Aktemra – 950 manat, Favirapir – 900 manat, Nəfəs aparatı – 1.200 manat, İtaliya istehsalı iynə - 1.000 manat, Ağ ciyərlərin təmizlənməsi üçün kənardan həkim dəvəti – 300 manat, Qanın təmizlənməsi üçün ləvazimatlar – 450 manat, COVİD-19- a yoluxmuş pasiyentin qanı (plazma qan+İİİ rezuslu) – 1.500 manat, nəqliyyat, çatdırılma və tibbi ləvazimatlar – 150 manat, dəfn mərasimi və qəbirüstü abidənin düzəldilməsi – 3.500 manat olmaqla, cəmi 9.950 manat. Heç bir yanaşı xəstəliyi olmayan həkimin vəziyyətinin birdən-birə ağırlaşması, koma vəziyyətində uzunmüddətli, qeyri-effektiv müalicəsi, məlumatsızlıq, ailə üzvlərini yalandan da olsa sakitləşdirməyə cəhd, həkimin dünyasını dəyişməsi, dövlət orqanlarının həmin ailəyə qeyri-etik münasibətləri səbəbindən keçirdiyi dərin sarsıntı və psixoloji gərginlik səhhətində çox ciddi problemlər yaratmışdır. Bu səbəblərdən də iddiaçı və kiçik oğlu aşağıda göstərilən tibb müəssisələrində müayinə, müalicə olunmuşdur. Müalicə prosedurlarının bütün təsdiqləyici sənədləri var. Vəziyyətinin indi qismən düzəlməsinə baxmayaraq, gündəlik təyin edilmiş dərmanları qəbul etməkdə davam edir (təzyiq, narahatlıq, qulaqlarda küy və s.) Mərkəzi Respublika Klinik Xəstəxanası – kardioloq Oktay Musayev xx.xx.2020 – 160 manat, Elmitədqiqat kordiologiya institutu - Fərəcova Nailə xx.xx.2020, xx.xx.2020 – 250 manat, “Yeni Tibbi Texnologiyalar“ MMC Nevrologiya Klinikası (panik ataklardan müalicə) - Rövşən Həsənov xx.xx.2020 – 280 manat, Bakı Sağlamlıq Mərkəzi (bir sutkalıq kardioloji nəzarət aparatı X15) xx.xx.2020 – 95 manat, X17 Mərkəzi - həkim Babayeva Gülüstan xx.xx.2020, xx.xx.2020 daxili orqanların, qanın, sidiyin, hormonların və s. tam analizi – 93 manat, X17 X10 –müalicə resepti xx.xx.2020 + göndəriş – 480 manat, Modern Hospital xx.xx.2021 – kolonoskopiya (polip biopsiya), videoezofaqoqastrodueduodenoskopiya, analizlərin yoxlanılması: Bakı Patologiya Mərkəzi + İstanbul NS Klinikası, X17 Mərkəzi – xx.xx.2021, biokimya, müalicə resepti: dərmanlar (Rusiyadan gətirilməklə), həkim – bacı xidməti xx.xx.2020, Respublika Diaqnostika Mərkəzi – 1.900 manat -xx.xx.2021, cərrahiyyə əməliyyatı – Məlikov Nemət, qastroentrologiya – Pol, Reanimasiya və intensiv terapiya – 1.108 manat, X22 Hospital – xx.xx.2023, həkim qastroentroloq Gülnar Vəliyeva, kardioloq Məmməd Məmmədov, tam kardioloji müayinə (təzyiqlə əlaqəli) + daxili orqanların və qanın tam analizi -26 parametr üzrə + dərman resepti – 1.250 manat, gündəlik qəbul etdiyi dərmanlar – 3 il ərzində - 1.350 manat olmaqla, cəmi 7.446 manat. Uzun zaman ailədən uzaq düşən kiçik oğlu Asimin (Türkiyədə Ali Təhsil, həqiqi hərbi xidmət) ailəyə, xüsusilə anasına bağlılığı onu bu ölüm hadisəsi səbəbindən çox sarsıtmışdı. Daima narahat, gərgin, əsəbi və kədərli olmasına görə onu da aşağıda göstərilən tibb müəssisələrində müalicə etdirmişdir. Bakı Estetik Klinikası, həkim Bədirov C. Dərmanlar + həkim – bacı xidməti - xx.xx.2021 – 200 manat, X20 – xx.xx.2021, qəbul + daxili orqanların doppler US müayinəsi, həkim Abdulov Ramil – 150 manat, X18 Mərkəzi: xx.xx.2021 həkim Babayeva Gülüstan, allergik, infeksiya, biokimya, immunoloji, makroskopik, mikroskopik, həzm sistemi analizləri+resept – 375 manat, resept – 85 manat, Momerial Klinik T.M: xx.xx.2021, həkim Babayeva Gülüstan, allergik analizlər+resept -195 manat, Momerial Klinik T.M. xx.xx.2022 həkim Babayeva Gülüstan, müxtəlif növ tibbi analizlər+resept – 466 manat, 55 manat, Momerial Klinik T.M. xx.xx.2022 həkim Babayeva Gülüstan, allergik analizlər, tam abdominal USM+resept – 225 manat, X19 xx.xx.2023 həkim Gülnar Vəliyeva resept + qəbul – 215 manat, təkrar Liv Bonadea xx.xx.2023 kolonoskopiya əm., Funda Klinikası xx.xx.2023, xx.xx.2023 həkim Fərrux Nağıyev, qəbul, müayinə analizlər və müalicə resepti – 650 manat olmaqla, cəmi 2.616 manat. Sağlam həyat tərzi sürən ailəsinin sağlamlıqla bağlı heç bir problemi olmayıb. Daim yanlarında olan peşəkar həkim-həyat yoldaşı sayəsində sağlam, mehriban ailə olaraq həyat sürmüşlər. Ailə başçısının ölümü ilə iddiaçı və uşaqlarının da “qara” günləri başlamışdır. Bu bədbəxt hadisə talelərinə çox ağır zərbə vurdu. Yuxarıdakı müalicə müəssisələrinin sayəsində bu itki ilə bağlı iddiaçı və kiçik oğlu narahatlıq, gərgin, əsəbi və psixoloji sarsıntı, stres üzündən xəstəlik “qazanmış” uzunuzadı əziyyətli və üzücü həyatda səhhətini normal hala gətirməyə çalışır. Mənəvi sarsıntı, stress, narahatlıq, gündəlik yarımçıq həyat, həyatda sağlam tarazlığın pozulması, ailəni həm maddi, həm də mənəvi cəhətdən “boğur”. Deyilənləri nəzərə alaraq, həm həkimin müalicəsi üçün, həm də oğlu ilə onun müalicəsinə çəkilən xərclər ailəyə vurulmuş maddi ziyan kimi qəbul edilməlidir. Mərhumun orta illik maaşı 7.524manat olmuşdur. 1) pensiyaya çıxanadək 9 il x 7.524 = 67.716 manat, 2) pensiyadan gəlirlər 13 il x (450 x 12 ay) = 70.200 manat, (orta yaş - 78 il, pensiya – 450 manat) 3) Xidmətçiyə ayrılan vəsait 15 il x 3.000 – 45 000m, (ayda – 250 manat) cəmi – 182.900 manat. Baş vermiş ölüm hadisəsinin baş vermə səbəblərindən xəbərdar olan cavabdehlərin heç biri bu günə kimi hadisəyə öz münasibətlərini bildirməyiblər. Dözülməz və ağır iş qrafikinə cəlb edilən mərhum həkimin ölüm səbəbini araşdırmağı lazım bilməyən X12 Xidməti unudub ki, yerlərdə əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə Dövlət Nəzarəti məhz onların vəzifə borcudur. İddia ərizəsində ailəyə dəymiş maddi 15.000 manat və 70.000 manat mənəvi ziyan tələbinin dəyişdirilərək 202.912 manat maddi və 70.000 manat mənəvi ziyana görə təzminat ödənilməsi tələbi ilə cavabdehlər qarşısında tələb qərarı çıxarılması məhkəmədən xahiş edilmişdir.
15. İddiaçı ərizə təqdim edərək bildirmişdir ki, Bakı Baş Səhiyyə Mərkəzinin nümayəndəsi heç bir sübut təqdim etmədən iddianın bəzi təsdiq edilməyən səbəblərdən düzgün olmadığı ehtimalını irəli sürmüşdür: Guya iddiaçının mərhum həyat yoldaşı COVİD-19 virusuna yoluxarkən ailə üzvləri də covid xəstəsi olmuşlar. Bununla o təsdiq etmək istəyir ki, ailənin digər üzvlərinin xəstə olması səbəbindən mərhum həkim X6 da COVİD-19 virusuna məhz evdə yoluxub. İddiaçı və böyük oğlu bu dövrdə Covid-19 virusuna yoluxmamışdır. Bu barədə iddia ərizəsində ətraflı yazmışdır. Həkim iyun ayının 24-də xəstəxanaya yerləşdirdikdən sonra iyun ayının 25-i 23 №-li Poliklinikanın baş həkiminin müavini Vahid Əliyev zəng edərək, həkim iddiaçı və oğlu xəstə ilə təmasda olduğundan, onların evdə karantində qalmalarını tələb etmişdir. İddiaçı və oğlu işə getmədiyinə görə onlara xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək qabiliyyətinin olmaması vərəqəsi vermişlər. Ailə üzvləri Covid-19 virusuna noyabr ayının sonunda yoluxmuşdur. Xəstəliyin müalicəsinin istiqamətini və keyfiyyətini müəyyənləşdirmək üçün iddiaçı və kiçik oğlu “Döş qəfəsi kompyuter tomoqrafiyası” etdirmişdir. Guya ki, mərhum həkimin ölümünə səbəb heç Covid-19 xəstəliyi olmayıb və mentaliteti “gözləyən” “kişi” məmur onun məhz yanaşı (yəni tamamilə başqa) xəstəlik səbəbindən ağır xəstəliyə düçar olduğu “variantını” söyləyirdi. Tabeçiliyində olan TƏBİBdən xəstəliyin tarixçəsini ala bilməyən BBS mərkəzinin nümayəndəsi fantaziya qürur, ehtimallar uydurur. Baş verənlərlə onların heç bir əlaqəsinin olmadığını sübut etməyə cəhd edirdi. Xəstəxanadan verilən ölüm haqqında tibbi şəhadətnamənin mətninə fikir verdikdə görünür ki, ölümün səbəbi “Bilavasitə ölümə səbəb olmuş xəstəlik və ya hal”, “kəskin respirator çatışmamazlıq” göstərilib. Sonrakı sətrində isə “əvvəlcə mövcud olan səbəblərin “Koronaviruslar başqa rubrikalarda təsnif edilən xəstəliklərin törədicisi kimi” “Digər rubrikalarda təsnif edilən virus xəstəlikləri zamanı rast gəlinən pnevmoniya” göstərilib. Hər şey gün kimi aydın yazılıb. Üç il yarımdan artıq vaxt keçməsinə baxmayaraq, bu faciə ilə bağlı “məlumatsızlıq” ən azı səhiyyə sistemi strukturunun fəaliyyətsizliyini və bu sistemin məmur özbaşnalıqlarını açıq-aşkar göstərir. Ümid vardır ki, bundan sonra məhkəmə iddiaya mahiyyətcə sonuncu yerlərdə sayıla bilən “dəlil və sübutların” araşdırılmasına və süni əngəllər yaradanlara qanunun sərt üzünü göstərəcəkdir.
16. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1297/2024 nömrəli qərardadı ilə iddia ərizəsinin “cavabdeh X12 Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair” hissəsində iş üzrə icraata xitam verilmiş, iddiaçıya qeyd olunan tələblə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququna malik olması, həmçinin, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində ümumi məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah edilmişdir.
17. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1297/2024 nömrəli qətnaməsi ilə (hakim G.Ç.Abidova) iddia təmin edilməmişdir.
18. Məhkəmə tərəfindən iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, iddiaçı cavabdehlərin təqsiri ucbatından həyat yoldaşının ölümü nəticəsində maddi və mənəvi zərərə məruz qaldığını bildirərək, vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasını tələb etsə də, məhkəmə araşdırmaları zamanı onun dəlillərini təsdiq edən mötəbər sübutlar müəyyən edilməmiş, yəni iddiaçının həyat yoldaşının ölümündə, həmçinin, onun ölümü nəticəsində iddiaçının bu və ya digər maddi və mənəvi zərərə məruz qalmasında cavabdehlərin təqsiri aşkar edilməmişdir. İş materiallarında olan sübutlardan görünür ki, iddiaçının həyat yoldaşı “COVİD-19” xəstəliyinə yoluxmuş xəstələrlə işləmək üçün könüllü olmuş və öz xahişi ilə “Atletlər kəndi”nə ezam edilmiş, 1 həftə gücləndirilmiş iş rejimi ilə işlədikdən sonra ezamiyyəsi bitdiyindən oranı tərk etmişdir. Sübuta ehtiyacı olmayan faktdır ki, pandemiya dövründə virusa yoluxmuş xəstələrlə işləyən tibb işçiləri işlədikləri vaxt həmin virusa yoluxmamaq üçün bütün tibbi geyimlər, avadanlıqlar və ləvazimatlar ilə təchiz olunmuş, tam izolyasiya edilmiş formada işləmələri, işlərini bitirdikdən sonra özlərini dezinfeksiya etmələri üçün onlara hər cür şərait yaradılmışdır. Həkimlərə və tibb işçilərinə tələbatın bu qədər yüksək olduğu həssas dövrdə hər hansı qurumun və ya xəstəxanın (istər cavabdehlər olsun, istər qeyrisi) isə həkimin məhz həmin xəstəliyə yoluxmasına və ya yoluxduqdan sonra ölümünə yol verməsi ehtimalı qətiyyən ağlabatan hesab edilmir. İddiaçının həyat yoldaşının ezamiyyəsi bitdikdən qısa müddət sonra xəstəliyə yoluxması və həmin xəstəlik səbəbindən ölməsi hələ o demək deyil ki, bütün bunlar cavabdehlərin təqsirli hərəkətləri (və ya hərəkətsizlikləri) nəticəsində olmuşdur. Belə ki, onun virusa yoluxması aşkar edildikdən sonra bir müddət klinika şəraitində müalicə alması, lakin görülmüş tədbirlərə baxmayaraq, vəfat etməsi faktı da iş materialları əsasında öz təsdiqini tapır. Qeyd olunanlara istinadən məhkəmə hesab etmişdir ki, hazırki işin faktiki halları iddia tələbinin qanuni əsasının dispozisiyası ilə uzlaşmadığından, yəni tələb əsassız olduğundan təmin edilməməlidir.
19. Atayeva Mətanətin insanın səhhətinə mənfi təsir göstərən əmək şəraitli iş yerində 1 həftə ərzində qanunla müəyyən edilmiş müddətdən artıq işləməsi məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin göründüyü kimi, onun özü könüllü olaraq ezam edilmiş, hazırda mübahisələndirilən müddət məsələləri ilə bağlı hər hansı narazılığı olmamış, belə ki, aidiyyəti quruma bu barədə şikayət etməmiş və onun ezam edildiyi yer barəsində hər hansı hüquqi məsuliyyət tədbiri görülməmişdir. Beləliklə, iddiaçının mərhum həyat yoldaşını ezam edən müəssisə tərəfindən qanunvericiliyin ezam müddəti və iş vaxtı ilə bağlı tələblərinin pozulmasının məhkəmə tərəfindən müəyyən edilməsi onun ölümü ilə cavabdehlərin bu hərəkətləri arasında səbəbli əlaqənin olması qənaətinə gəlmək üçün tutarlı əsas hesab edilmir.
20. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı mübahisənin faktiki hallarından görünür ki, iddiaçının mərhum arvadı öz xahişi ilə ezam olunmuşdur. Ezam olunduqdan sonra iş saatı və ya əmək şəraiti ilə əlaqədar heç bir şikayəti olmamışdır. Həmçinin, cavabdehlərin təqsirli hərəkət və ya hərəkətsizliyinə görə hüquqi məsuliyyətə cəlb edilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Əgər hüquq pozuntusunun əsas elementlərindən olan təqsirli hərəkət və ya hərəkətsizliklə zərər arasında səbəbli əlaqə müəyyən edilmirsə, bu zaman əlavə dəlillərin araşdırılmasına zərurət qalmır. Göründüyü kimi, iddiaçının mərhum arvadının iş vaxtından artıq işləməsi nəticəsində COVİD-19 virusuna yoluxması faktı da iddiaçı tərəfindən sübut edilməmişdir. Buna görə də cavabdehlərdən maddi və mənəvi zərərin tutulması barədə iddianın təmin edilməsi üçün əsas müəyyən edilmir.
21. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının maddi ziyan kimi qiymətləndirdiyi arvadının uzun müddət yaşasaydı alacağı əmək haqqı və pensiyası ağlabatan hesab edilmir, arvadı öldüyünə görə hazırda ona baxan xidmətçiyə ödədiyi ödənişlər isə onun öz iradəsi əsasında üçüncü şəxslə daxil olduğu müqavilə münasibətlərindən yaranmış xərc olduğundan, cavabdehlərə bu və ya digər şəkildə aidiyyəti müəyyən edilmir.
22. İddiaçı arvadının ölümünü həm də ailə başçısını itirmək kimi qiymətləndirsə də, işin faktiki halları Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə də uyğun gəlmir. Belə ki, həmin maddədə nəzərdə tutulmuşdur ki, zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; - şəxsin ölümündən sonra doğulmuş uşağı; - ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; - ölənin himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Maddədə həmçinin, qeyd edilir ki, işləməyən və ölənin uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və qulluq etdiyi dövrdə əmək qabiliyyətini itirən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü zərərin əvəzinin ödənilməsi hüququnu həmin şəxslərə qulluq qurtardıqdan sonra da saxlayır. Zərərin əvəzi aşağıdakılara ödənilir: - yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; - on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; - əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə ömürlük;- əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; - ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək. Göründüyü kimi, iddia tələbi bu maddənin əhatə dairəsinə də düşmür.
23. Mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.
24. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı cavabdehlər “TƏBİB” PHŞ-yə və “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə iddia ərizəsində müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1112, 1117, 1121-ci maddələrinə, xx.xx.2012-ci il tarixdən qüvvədə olan “X7”na, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 8-ci bəndinə, Mülki-Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 76.1-76.2, 77.1, 80, 88, 106.1, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
26. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla həmçinin göstərilmişdir ki, baş vermiş ölüm hadisəsinin əsas səbəbi məhz ezamiyyət dövründə məmurların özbaşınalığı və vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni dözülməz iş rejimi və iş şəraiti tətbiq etməkləri səbəbindən fizki yorğunluq və tükənmişlik halına çatdırılaraq, mərhum həkim çox yüksək doza virus qəbul etdiyindən zəifləmiş orqanizmi virusa qarşı mübarizə apara bilməmişdir. Ona görə də, xəstəxanaya yerləşdirdikdən qısa vaxt sonra halı pisləşmiş və koma vəziyyətinə düşərək dünyasını dəyişmişdir. Hakim mərhumun iş vaxtından artıq işləməsi nəticəsində Covid - 19 virusuna yoluxması faktının iddiaçı tərəfindən sübut edilmədiyinə istinad etmişdir. X13 Covid-19 virusunun yoluxma səbəblərini göstərərək qeyd edir ki, istənilən halda ağzında maska (tənzif) olmaqla bu kontakt məsafəsi, kontakt müddəti və kontakt mühiti şəraitidir. Bu sübuta ehtiyacı olmayan haldır Mərhumun insanın səhhətinə mənfi təsir göstərən əmək şəraitli iş yerində bir həftə (7 gün) ərzində qanunla müəyyən edilmiş müddətdən artıq işləməsi məhkəmə tərəfindən müəyyən edilsə də, nədənsə bunlar qanun pozuntusu hesab edilməyib. İş üzrə araşdırma aparılarkən lazım olan zəruri sübutlar məhkəmə tərəfindən tələb edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi və orada göstərilənlərə uyğun izahat verdi.
30. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-in nümayəndəsi və vəkili apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
31. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Maddə 1121. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər.
33. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 93. Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində (həkimlərə, müəllimlərə, elektrotexniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlərə) həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilir. Həmin iş yerləri üzrə peşələrin, vəzifələrin siyahısı iş vaxtının konkret müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
35. “X7”nın “Respublika ərazisi daxilində ezamiyyələr” adlanan İİ hissəsinin 1-ci bəndi: İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən artıq olmamalıdır. Ezamiyyət müddətinin işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına əsasən iddiaçının həyat yoldaşı - Bakı Baş Səhiyyə İdarəsi 23 saylı Şəhər Poliklinikasında “sahə həkimi terapevti” işləyən X6 COVİD-19 virusu ilə mübarizə çərçivəsində öz xahişinə əsasən “Atletlər kəndi”ndə yerləşən modul tipli tibb müəssisəsinə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək ezam edilmiş, xx.xx.2020-ci il tarixdə “Atletlər kəndi”ni tərk etmişdir. Daha sonra o, virusa yoluxduğu üçün xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə stasionar müalicədə olmuş, aparılan müalicə tədbirlərinə baxmayaraq xx.xx.2020-ci il tarixində vəfat etmişdir.
41. 23 nömrəli Şəhər Poliklinikası tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş əmr əsasında Mətanət Atayeva ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixindən “işçi vəfat etdikdə” (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi) əsası ilə xitam verilmiş, orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin vərəsələrinə ödənilməsi, son haqq-hesabının, əmək kitabçasının, əmrin surətinin də vərəsələrinə təqdim edilməsi göstərilmişdir.
42. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarına əsasən Mətanət Atayevanın koronavirusa yoluxması və nəticədə vəfat etməsinin cavabdehlərin hər hansı təqsirli hərəkət, yaxud hərəkətsizliyi ilə bağlı olması müəyyən edilmir.
43. Hamıya bəlli olan haldır ki, COVİD-19 virusunun yayılması beynəlxalq narahatlıq yaradan ictimai səhiyyə təcili vəziyyəti kimi qəbul edilmiş, virus qısa zamanda insanlar arasında kütləvi şəkildə yayılmış, dövlət tərəfindən COVİD-19 pandemiyası ilə mübarizə tədbirlərinə dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçiləri və könüllülər cəlb edilmişlər.
44. Eyni zamanda, dövlət qurumları tərəfindən pandemiya dövründə virusa yoluxmuş xəstələrin müalicəsinə cəlb edilmiş tibb işçiləri virusa yoluxmamaq üçün bütün tibbi geyimlər, zəruri avadanlıq və ləvazimatlar ilə təchiz olunmuş, tam izolyasiya edilmiş formada işləmələri, işlərini bitirdikdən sonra özlərini dezinfeksiya etmələri üçün onlara hər cür şərait yaradılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tibb işçilərinə tələbatın bu qədər yüksək olduğu həssas dövrdə hər hansı qurumun və ya tibb müəssisəsinin tibb işçilərinin həmin virusa yoluxmasına və ya yoluxduqdan sonra ölümünə yol verməsi ehtimalı qətiyyən ağlabatan hesab edilmir.
45. İddiaçının iddiasına görə, onun həyat yoldaşının ölümünə səbəb məhz cavabdehlər tərəfindən qanunvericiliyin ezam müddəti və iş vaxtı ilə bağlı tələblərinin pozulması, bunun nəticəsi olaraq mərhumun fiziki yorğunluq və tükənmişlik halına çatdırılması, yüksək doza virus qəbul etdiyindən zəifləmiş orqanizmin virusa qarşı mübarizə apara bilməməsi olmuşdur.
46. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının həyat yoldaşının virusa məhz ezamiyyət müddətində yoluxması iş materialları ilə təsdiq olunmur.
47. İşdən həmçinin görünür ki, 23 saylı Şəhər Poliklinikasının Baş həkimi tərəfindən COVİD-19 ilə mübarizə çərçivəsində xəstələrə kömək məqsədilə həkimlərin tələb olunduğu bildirildikdə, sahə həkimi Günel Verdiyeva ilə yanaşı, sahə həkimi Mətanət Atayeva da könüllü olaraq getmək istədiyini bildirmiş, ezamiyyət müddəti ilə bağlı narazılığını ifadə etməmiş, ezamiyyət müddəti ərzində də iş şəraiti ilə bağlı aidiyyəti qurumlara şikayət etməmişdir.
48. O da nəzərə alınmalıdır ki, dövlət tibb müəssisələrində çalışan işçilərin COVİD-19 virusu ilə əlaqəli ağır əmək şəraiti nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1947 nömrəli sərəncamı ilə əmək haqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilmişdir. Yəni, həmin dövrdə tibb işçilərinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş normadan artıq işləməsi dövlətin diqqətindən kənar qalmamışdır.
49. Kollegiya həmçinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının maddi ziyan tələbi ilə bağlı dəlilləri ağlabatan hesab edilmir, həyat yoldaşı öldüyünə görə hazırda ona baxan xidmətçiyə ödədiyi ödənişlər isə onun öz iradəsi əsasında üçüncü şəxslə daxil olduğu müqavilə münasibətlərindən yaranmış xərc olduğundan, cavabdehlərə bu və ya digər şəkildə aidiyyəti müəyyən edilmir.
50. Bundan başqa, yuxarıda qeyd olunanlardan əlavə olaraq iddiaçının Mülki Məcəllənin 1121-ci maddəsində göstərilən şəxslər sırasına aid olduğu da iş materialları ilə təsdiq edilmir.
51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1297/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: